Məhkəmə qərarları › İş №2-1(108)-34/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-34/2024

08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-34/2024 08.04.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qarayev Sənan Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X2 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “2016, 2017, 2021, 2022-ci illər üzrə ona ödənilməli olan kirayə pullarının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(122)-45/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Şəru r Rayon İcra Hakimiyyətinə qarşı 03 aprel 2023-cü il tarixdə iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək 2016, 2017, 2021, 2022-ci illər və 2023-cü ilin əvvəlindən hazırkı dövrədək olan müddət ərzində almadığı kirayə pullarının ona ödənilməsi öhdəliyinin Şərur Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 29 sentyabr 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən mənzillə təmin edildiyindən iddia tələbini dəqiqləşdirirərək iddia tələbinin “2016, 2017, 2021, 2022-ci illər üzrə ona ödənilməli olan kirayə pullarının ödənilməsi öhdəliyinin Şərur Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması”na dair olduğunu bildir ib, həmin tələb üzrə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 21(122)-454/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən təqdim edilmiş 29 sentyabr 2023cü il tarixli iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilmiş, iddia tələbinə “2016, 2017, 2021, 2022-ci illər üzrə ona ödənilməli olan kirayə pullarının ödənilməsi öhdəliyinin Şərur Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” çərçivəsində baxılması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 21(122)-45/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “2016, 2017, 2021, 2022-ci illər üzrə ona ödənilməli olan kirayə pullarının ödənilməsi öhdəliyinin cavabdehin ü zərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 21(122)-45/2024 nömrəli qərarından narazı qalan İddiaçı 27 fevral 2024-cü il tarixdə apellyasiya şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(122)-45/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticə üçün əsas olan iki hala ayrı-ayrılıqda diqqət yetirilməsini nəzərə çatdırmışdır: Birinci hal Azərbaycan Respublikası Nazir lər Kabinetinin qərarında göstərilir: “Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay... məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir”. Ancaq, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər” və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsində: “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ya şayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır” müddəaları öz əksini tapmışdır. Və ən əsası isə, “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikasi Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 saylı Fərmanı ilə Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi məqsədilə Komissiya yaradılmış və Komissiyanın tərtib etdiyi siyahıda 915-ci sırada onun adı da olmuşdur. İkinci hal. Konstitusiya Məhkəməsinin adıçəkilən Qərardadına istinadən, həmin sənədi rəhbər tutaraq məhkəmə qərar qəbul edə bilməzdi, çünki “Konstitusiya Məhkəməsi haqqında” Azərbayc an Respublikasının Qanununun mənasına görə Konstitusiya Məhkəməsinin qərardadları sorğuda, müraciətdə göstərilən məsələləri mahiyyəti üzrə həll etmədiyindən vəzifəli şəxslər, dövlət və bələdiyyə orqanları, həmçinin məhkəmələr üçün məcburi hüquqi qüvvəyə malik deyildir və presedent kimi tətbiq olunmamlıdır. Konstitusiya Məhkəməsinin Qərardadından da göründüyü kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69.4cü maddəsində də göstərilən qaydada işin konkret halları ətraflı araşdıraraq, insan və vətəndaş hüquq və azadlıqlarının təminatının konstitusiya prinsiplərinə uyğun olaraq “Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymət ləndirilməsini göstərməli idi. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə İddiaçı verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(122)-45/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə cavabdeh Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə verdiyi izahatında apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(122)-45/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tut ulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və inzibati məhkəmə icraatı iştirakçılarının izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərar ını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Həmin Qanunun 12.7-ci maddəsinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan h allarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsi. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının: 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay Bakı şəhərində – 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, başqa şəhər və rayon mərkəzlərində – 75 manat, digər yaşayış məntəqələrində –55 manat olmaqla yalnız nağdsız qaydada kompensasiya ödənilir. Kollegiya qeyd edir ki, hazırkı işdə iddiaçının əsas hüquqi marağı 2016, 2017, 2021, 2022-ci illər üzrə ona ödənilməli olan kirayə pullarının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. İş materiallarında olan EZ seriyalı, ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı xx.xx.2015-ci ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Hazırkı işin hallarına əsasən müəyyən olunur ki, iddiaçı ona kirayə pullarının ödənilməsi və mənzil növbəsinə alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə iddiaçıya öz arzusu ilə ehtiyata buraxıldığından yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsindən və mənzil növbəsinə alınmasından imtina etmişdir. Cavabdeh Şərur Rayon İcra Hakimiyyəti iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı 14 mart 2023-cü il tarixdə Şərur Rayon İcra Ha kimiyyətinə ərizə ilə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 16 noyabr 2012-ci il tarixli, 94 nömrəli qərarının 1-ci bəndinə əsasən muxtar respublikada yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş, zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq s ahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay qərarda nəzərdə tutulmuş müvafiq məbləğlərdə kompensasiya ödənilir. İddiaçı öz arzusu ilə ehtiyata buraxıldığından yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi və mənzil növbəsinə alınması mümkün olmamışdır. Kollegiya qeyd edir ki, bu məsələyə münasibətdə tətbiq edilməli olan qanunvericiliyin normalarının şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu tərəfindən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 18 iyul 2022-ci il tarixli Qərardad qəbul edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu mübahisəli hüquqi məsələyə münasibətdə özünün hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi ilə nəzərdə tutulan əsaslarla həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu statusuna malik olan hərbi qulluqçulardır. Lakin qeyd edilməlidir ki, hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmı ş bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan bir xidmətdən - həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna o lmaqla), yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddət li həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Qeyd edilməlidir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşa yış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yararlanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xid mət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədə n məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz.” Göründüyü kimi mübahisəyə tətbiq edilməli olan hüquq normalarını şərh edərkən Konstitusiya Məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən də, cavabdeh inzibati orqanın iddiaçıya 2016, 2017, 2021, 2022-ci illər üzrə ona ödənilməli olan kirayə pullarının ödənilməsindən imtinası əsaslı olmuşdur. Kollegiya iddiaçının apellyasiya şikayətində qeyd etdiklərinə münasibətdə isə qeyd edir ki, şikayətdə qeyd olunanlar dəlillər birinci instansiya məhkməsinin qərarının ləğvini təşkil edə bilməz. İşin araşdırılmış hallarından da göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, iş üçün əhəmiyyəti olan halların müəyyən edilməsi üçün zəruri olan bütün sübutları toplam ış, sübutlara maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş, qanuna və ya digər normativ hüquqi aktlara əsasən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq edilə bilməməsi halı nəzərə alınmaqla işdə olan sübutlara qanunun tələblərinə uyğun hüquqi qiymət vermiş və işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaş araq bildirir ki, iddiaçı öz arzusu ilə xidmətdən ehtiyata buraxıldığından, qanunvericilikdə nəzərdə tutulmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ olan şəxslərin dairəsinə düşmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Yuxarıda sadalanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(122)-45/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90, 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya qəraraaldı: İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “2016, 2017, 2021, 2022-ci illər üzrə ona ödənilməli olan kirayə pullarının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2-1(122)-45/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 21(122)-45/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar