Məhkəmə qərarları › İş №2-1(108)-42/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-42/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-42/2025 31.07.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 21(122)-360/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı travma haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı c avabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək travma haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Tural Əliyev) 13 fevral 2025-ci il tarixli, 2-1(122)-360/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, 44 günlük Vətən Müharibəsi dövründə aldığı xəsarət ilə bağlı travmanın dərəcəsinin ağırlığı barədə İddiaçı travma haqqında arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2001-2022-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı qeyd edir ki, 2020-ci ilin 25-26 oktyabr tarixlərində Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan mərminin zərbə dalğasına düşdükdən sonra vəziyyəti pisləşmişdir. Görünüş baxımından xəsarət almasada möhkəm baş ağrıları yaranmışdır. İlk günlər baş ağrılarına baxmayaraq o, döyüşü davam etdirmişdir. Baş ağrısı, başgicəllənməsi, yaddaş zəifliyi kimi şikayətlərlə 30 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Əhmədbəyli kəndində yerləşən hospitala göndərilmişdir. Bundan sonra iddiaçı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında xx.xx.202 0-ci il tarixdə ambulator müayinədə, xx.xx.2020-xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə stasionar müayinə və müalicədə olmuş, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası iddiaçı barəsində “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı qəbul etmişdir. İddiaçı Mərkəzi Hərbi Həkim Komissiyasının bu qərarı ilə razılaşmamışdır. İddiaçı hesab edir ki, onun xəstəliyinin səbəbli əlaqəsi 44 günlük Vətən Müharibəsi dövründə döyüş əməliyyatları ilə bağlı olmuş və Mərkəzi Hərbi Həkim Komissiyası onun barəsində “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı qəbul etməli idi. Onun xəsarəti müharibə dövründə alması barədə həmin dövrdə xidmət etdiyi h ərbi hissənin kitablarında qeydiyyat aparılmamışdır. Füzuli rayonunun Əhmədbəyli kəndində yerləşən hospitalda və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında isə sadəcə ambulator müayinədə olması barədə məlumatlar mövcuddur. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə razılaşmayan iddiaçı 44 günlük Vətən Müharibəsi dövründə aldığı xəsarət ilə bağlı ona travma haqqında arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı hesab edir ki, onun xəstəliyi müharibə dövründə aldığı travma (atılan mərminin zərbə dalğası) nəticəsində yaranmışdır. Lakin xəsarət alması ilə əlaqədar hərbi hissədə müvafiq qeydiyyat aparılmaması səbəbindən ona travma haqqında arayış verilm əmiş, nəticədə Mərkəzi Hərbi Həkim Komissiyası onun xəstəliyi ilə bağlı səhv qənaətə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Vətən Müharibəsi və sonrakı dövrlərdə müayinə və müalicələrdə olmuş, hərbi həkim komissiyasında şəhadətləndirilmiş, onda aşkar olunmuş xəstəliyin döyüş əməliyyatları ilə səbəbli əlaqəsi müəyyən olunmamışdır. İddiaçının Vətən Müharibəsi dövründə xəsarət alması barədə hər hansı qeydlər olmadığı üçün ona travma haqqında arayışın verilməsi mümkün deyildir. Prosessual məsələlər İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyas ı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çə kinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növl ərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçının xəstəliyinin 44 günlük Vətən Müharibəsi dövründən əvvəl yaranması faktını təsdiq edən sübutlar təqdim edilməməsini, əksinə iddiaçının müayinə tarixləri və yekunda şəhadətləndirilməsinin müharibə dövrü ilə üst-üstə düşməsinin iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmasını nəzərə alaraq idd ianı təmin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.3-cü bəndinə əsasən, hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Həmin Əsasn amənin 7.4-cü bəndinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhad ətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı Mərkəzi Hərbi Həkim Komissiyasının onun barəsində “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı qəbul etməsindən ibarətdir. İddiaçıya travma haqqında arayış Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müvafiq qərarın qəbul edilməsi üçün lazımdır. Həmçinin qanunvericilik travma haqqında arayış olm adığı təqdirdə məsələnin həll edilməsi qaydasını da müəyyən etmişdir. Belə ki, Əsasnamənin 7.4-cü bəndinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Qanunvericiliyə əsasən xəsarətin səbəb əlaqəsi haqqında qərarı qəbul etmək səlahiyyəti Mərkəzi Hərbi Həkim Komissiyasına aiddir. Mərkəzi Hərbi Həkim Komissiyası isə xəsarətin səbəb əlaqəsi haqqında qərarı travma haqqında arayışa uyğun olaraq çıxarır, arayış olmadığı təqdirdə isə xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. Belə olan təqdirdə Az ərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı travma haqqında arayışın verilməsi tələbinə dair ayrıca iddia icraatına ehtiyac yoxdur. İddiaçı Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət edərək onun barəsində “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı qəbul etməsini xahiş edə bilər. Qanunvericiliyə əsasən Mərkəzi Hərbi Həkim Komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı travma haqqında arayışa uyğun olaraq, arayış olmadığı təqdirdə isə xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarmalıdır. İddiaçı Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından narazı olduğu təqdirdə həmin qərarı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mümkü n sayılmamalı, iddiaçıya Mərkəzi Hərbi Həkim Komissiyasının qərarının mübahisələndirilməsi istiqamətində hüquqi yardım göstərilməlidir. Bu istiqamətdə iddiaçı tərəfə hüquqi yardım göstərilsədə iddiaçının nümayəndəsi hazırkı tələb üzrə işə baxılmasını xahiş etmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün iddiaçının əsas hüquqi marağını düzgün müəyyən etməmiş və iddianın mümkünlüyünə düzgün qiymət verməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2-1(122)-360/2025 nömrəli qərarı ləğv edi lməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı travma haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 21(122)-360/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı travma haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gü ndən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar