Məhkəmə qərarları › İş №2-1(108)-55/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-55/2024

24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-55/2024 24.06.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər İcra başçısının 01 avqust 2023-cü il tarixli, 109 nömrəli sərəncamının ləğv olunaraq ödənməyən aylarda məvacibə hesablanmaqla işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2-1(122)-829/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apell yasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər İcra başçısının 01 avqust 2023-cü il tarixli, 109 nömrəli sərəncamının ləğv olunaraq ödənməyən aylarda məvacibə hesablanmaqla işə bərpa olunmağı öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 21(122)-829/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər İcra başçısının 01 avqust 2023-cü il tarixli, 109 nömrəli sərəncamının ləğv olunaraq ödənməyən aylarda məvacibə hesablanmaqla işə bərpa olunmağı öhdəliyin in cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayət ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2-1(122)-829/2024 saylı qərardadının ləğv edilməsi və iddianın icraata qəbul edilərək mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. İddiaçı şikayətində göstərmişdir ki, o vaxtkı Naxçıvan şəhər İcra Hakimiyyəti başçısı M.Seyidov yeni vəzifəyə təyinat alacağı üçün iş otağını boşaltmağını və bir neçə gün gözləməyini istəmişdir ki, o da buna əməl etmişdir. Sonradan o, M.Seyidovun qəbuluna düşə bilməmiş və barəsində olan hər hansı sərəncam və ya əmrdən məlumatı olmamışdır. D aha sonra isə M.Seyidov da tutduğu vəzifədən azad edilmişdir ki, belə olan halda isə o, məcbur qalıb Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli numayəndəsinə dəlillərlə müraciət etmişdir ki, bu müraciətlərin sonunda tutduğu vəzifədən azad edilməsi bəlli olmuş, barəsində olan sərəncamla bağlı yalnız 2024cü ilin fevral ayında məlumatı olmuşdur. Bu faktı isə, iş materiallarında olan guya ki, onun tərəfindən yazılmış ərizə və əmək kitabçasına qeyd etməklə götürməyi təsdiq edir. Belə ki, qanunvericiliyə əsasən əmək kitabçası işdən çıxan gün işçiyə təqdim edilməli və son haqq-hesabı ödənilməlidir. Lakin göründüyü kimi, güya o, xx.xx.2023-cü il tarixdə öz ərizəsilə işdən azad edilmiş və xx.xx.2023-cü ildə isə tərəfindən qeyd aparılmaqla əmək kitabçası ona təqdim edilmişdir. Bundan sonra isə müddəti ötürmədən dərhal tərəfindən məhkəməyə müraciət edilmişdir ki, qanunvericiliyin tələbinin pozulması, eyni zamanda təqdim edilmiş sənədlərdəki imzanın ona məxsus olmamasını məhkəmənin diqqətinə çatdırmağına baxmayaraq qeyd edilən hallar məhkəmə tərəfindən araşdırılmamış, qarşı tərəfin təqdim etdiyi saxta sənədlər əsas tutulmaqla iddianın mümükünsüz sayılması barədə qərar qəbul edilmişdir. Hansı ki, məhkəmə qərar qəbul edərkən onun iddia ərizəsində göstərdiyi bir ilə yaxın müddətdə işsiz olması, öhdəsində ailəsi və azyaşlı uşaqlarının olması, ailəni dolandıran yeganə şəxs olması, eyni zamanda bank və kredit təşkilatları qarşısında öhdəlik daşıması kimi halları nəzərə almamışdır. İddiaçı şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 377.1ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1, 81.1, 83.1-ci maddələrinə və Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 aprel 2011-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun qərarına istinad etmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında Naxçıvan MR İnzibati Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2-1(122)-829/2024 saylı qərardadının ləğv edilməsi və iddianın icraata qəbul edilərək mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə bax ışı iclasında iş üzrə cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X5 şikayətin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2-1(122)-829/2024 nömrəli qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müd dəaları tətbiq oluna bilər. Həmin Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apel lyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati işin materiallarını araşdırıb inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. İnzibati işin materiallarına əlavə olunmuş: Naxçıvan şəhər İcra başçısının 01 avqust 2023-cü il tarixli, 109 nömrəli sərəncamının surətindən aydın olur ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - Sosialiqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İddiaçı 01 avqust 2023-cü il tarixli ərizəsi əsasında əmək müqaviləsinə xitam verilməklə tutduğu vəzifədən azad edilmişdir. 01 avqust 2023-cü il tarixli ərizədən aydın olur ki, İddiaçı 01 avqust 2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin 04 aprel 2024-cü il tarixli, 5-5/2-454/2024 nömrəli məktubuna əlavə edilmiş əmək kitabçalarının qeydiyyat kitabından çıxarışdan aydın olur ki, İddiaçı əmək kitabçasını xx.xx.2023-cü il tarixdə imzalayaraq götürmüşdür. İddiaçıya məxsus, notarial qaydada təsdiq olunmuş ИТ-1 seriyalı,2314848 nömrəli əmək kitabçasının surətində (29-cu səhifəsində) Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısının 01 avqust 2023-cü il tarixli, 109 nömrəli sərəncamı ilə İddiaçı həmin tarixdən “Dövlət q ulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən öz ərizəsi əsasında Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini-sosialiqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən azad edilməsi barədə qeyd aparılmışdır. Kollegiya qeyd edir ki,iddiaçının Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər İcra başçısının 01 avqust 2023-cü il tarixli, 109 nömrəli sərəncamının ləğv olunaraq ödənməyən aylarda məvacibə hesablanmaqla işə bərpa olunmağı öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qaldırdığı iddia mübahisələndirilmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edi lmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etmə kdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nə zərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd); Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müə yyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Azərbaycan Respubl ikasının “İnzibati icraat haqqında” Qanununun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Kollegiya qeyd edir ki, həmin maddədə mübahisələndirilən inzibati aktın yalnız təqdim olunması deyil, həm də elan olunması nəzərdə tutulur. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” is ə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Həmin Məcəllənin 24.1ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Qanunvericiliyin sadalanan müddəalarından da göründüyü kimi müddət şəxsin təqsiri olmadan buraxıldığı hallarda məhkəmə tərəfindən bərpa edilir. Lakin iddiaçı birinci instansiya məhkəməsində müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi ilə əlaqədar ümumiyyətlə məhkəməyə hər hansı vəsatət və sübut təqdim etməmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətində göstərdiyi “o vaxtkı Naxçıvan şəhər İcra Hakimiyyəti başçısı M.Seyidovun yeni vəzifəyə təyinat alacağı üçün iş ota ğını boşaltmasını və bir neçə gün gözləməsi ilə bağlı tapşırığına uyğun olaraq buna əməl etməsi, sonradan M.Seyidovun qəbuluna düşə bilməməsi və barəsində olan hər hansı sərəncam və ya əmrdən məlumatının olmaması, daha sonra isə M.Seyidovun da tutduğu vəzifədən azad edilməsi, bundan sonra məcbur qalıb Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli numayəndəsinə müraciət etməsi və bu müraciətlərin sonunda tutduğu vəzifədən azad edilməsi barədə sərəncamla bağlı yalnız 2024-cü ilin fevral ayında məlumatının olması, işdən azad edilməsi barədə ərizə yazmadığına və əmək kitabçasını iş yerindən götürmədiyinə görə işdən azad edilməsi haqqında sərəncamdan məlumatının olmaması” barədə dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçı iddia ərizəsində 2023-cü ilin s onlarında icra başçısı onu yeni işə təyin edəcəyini bildirib xidməti otağını boşaltmasını dediyinə görə xidməti otağını boşaltmaqla şəxsi əşyalarını götürüb yeni bir işə təyin olunacağını gözləməsini göstərsə də kollegiyadakı izahatında icra başçısının tapşırığına uyğun olaraq 2023-cü ilin avqust ayının əvvəlində xidmət otağını boşaltdığını, o vaxtdan işə getmədiyini və əmək haqqı almadığını göstərmişdir. Kollegiya qeyd edir ki, iddiaçının 2023-cü ilin avqust ayının əvvəlində şəxsi əşyalarını götürərək xidməti otağını boşaltmaqla iş yerini tərk etməsinə, vəzifəsi üzrə heç bir əmək funksiyasını yerinə yetirməməsinə, eyni zamanda həmin vaxtdan uzun müddət ərzində əmək haqqı almamasına baxmayaraq onun vəzifədən azad edilməsi barədə 01 avqust 2023-cü il tarixli sərəncamdan xəbərinin olmaması inandırıcı olmamaqla iş materiallarında olan sənədlərlə təkzib edilir. Göstərilənlər iddiaçının subyektiv mülahizəsi olmaqla onların heç bir hüquqi əsası yoxdur. Göründüyü kimi iddiaçı onun işdən azad edilməsi barədə olan 01 avqust 2023-cü il tarixli sərəncamdan vaxtında xəbərdar olmuş, lakin qanunla müəyyən edilmiş 30 günlük müddətdə hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmiş, müvafiq sərəncamın mübahisələndirilməsi ilə bağlı 21 fevral 2024-cü il tarixdə məhkəməyə müraciət etməklə qanunla müəyyən edilmiş iddia müddətini buraxmış və məhkəməyə müraciət etməməsinin üzrlü səbəbdən baş verməsinə dair hər hansı sübutu təqdim etməmişdir. Bu halın mövcudluğu isə iddianın mümkünlük şərtlərini istisna edir. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onl arın mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istina d etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin s abitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət dairəsinə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların t amamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmiş, lakin iddiaçı qanunla müəyyən edilmiş iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kollegiya iş üzrə müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2-1(122)-829/2024 qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər İcra başçısının 01 avqust 2023-cü il tarixli, 109 nömrəli sərəncamının ləğv olunaraq ödənməyən aylarda məvacibə hesablanmaqla işə bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2-1(122)-829/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Na xçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 21(122)-829/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar