Məhkəmə qərarları › İş №2-1(112)-10/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10/2023 02.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “pensiyanın təyin edilməsi üçün tərtib edilmiş məlumat vərəqəsinin göndərilməsi və pensiya təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “pensiyanın təyin edilməsi üçün tərtib edilmiş məlumat vərəqəsinin göndərilməsi və pensiya təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə və Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək İddiaçı pensiyanın təyin olunması üçün tərtib edilmiş “Məlumat vərəqəsi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamentinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilməsi və İddiaçı verilməli olan pensiya məbləğinin hesablanaraq müəyyənləşdirilməsi və pensiya plastik kartın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı 1974-cü il tarixdən 2015-ci il tarixə qədər bir çox vəzifələrdə çalışmış, 2004-cü il tarixdən 2015-ci ilin 14 noyabr tarixə kimi hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və X1 baş idarəsi rəisi vəzifəsində xidmət etmiş, general-mayor rütbəsinə qədər yüksəlmiş, milli təhlükəsizlik nazirinin 11 noyabr 2015-ci il tarixli, 2407şh saylı əmrinə sasən, “Hərbi xidmətkeçmə haddında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə xidməti uyğunsuzluğa görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyata buraxılmışdır. General-mayor İddiaçı 08 noyabr 2015-ci il tarixə olan xidmət illəri, cəmi 47 (qırx yeddi) il, 11 (on bir) ay, 16 (on altı) günə bərabərdir. O, Azərbaycan Respublikasının Müharibə veteranı və Silahlı Qüvvələrinin veteranıdır. İddiaçı əvvəllər işlədiyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin bir çox fəxri fərman və medalları ilə təltif edilmiş, hal-hazırda ləğv olunmuş Aərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 25 mart 2005-ci il tarixli, 0179 saylı əmri ilə “qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin müvafiq saylı əmri ilə “qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 27 mart 2010- u il tarixli, 075 saylı əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” medalın 3-cü dərəcəsi ilə və bir çox digər medal, fəxri fərmanlarla təltif edilmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 art tarixli 672 saylı Sərəncamı ilə Azərbaycan Respublikasının “Vətən uğrunda” medalı ilə əltif edilmişdir. Ehtiyata buraxıldıqdan sonra İddiaçı etibarnamə əsasında nümayəndəsi X4 xx.xx.2016-cı il tarixdə ərizə ilə AR Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edərək, general-mayor İddiaçı milli təhlükəsizlik orqanlarından ehtiyata buraxılması ilə əlaqədar ona AR Silahlı Qüvvələrin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda birdəfəlik və işdənçıxarma müavinətinin ödənilməsini xahiş etmişdir. AR Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həmin ərizə təmin edilmiş və İddiaçı ehtiyata buraxıldığı günə qədər yekun maliyyə hesabatları qanunamüvafıq qaydada tam şəkildə hesablanaraq nümayəndəsi Rəşad Əmircanova ödənilmişdir. Eyni zamanda, Rəşad Əmircanov 2016-cı ilin may ayında ərizə ilə AR DTX-nə müraciət edərək, İddiaçı milli təhlükəsizlik orqanlarından ehtiyata buraxıldıqdan sonra onun pensiya təminatı ilə bağlı sənədlərin hazırlanması və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə təqdim edilməsini xahiş etmişdir. Rəşad Əmircanovun təqdim etdiyi həmin ərizə də DTXnin rəhbərliyi tərəfindən baxılmış AR DTX-nin Maliyyə İdarəsinin pensiya şöbəsinin əməkdaşı Emin müəllimə müvafiq göstəriş verilmişdir. Emin müəllim həmin məsələnin qısa zamanda müsbət həlli üçün müvafiq təxirəsalınmaz tədbirlər həyata keçirmiş və İddiaçı aid bütün sənədlər toplanılmış, onun xidmət illəri hesablanaraq “Məlumat vərəqəsi” tərtib edilmiş və qanunvericilikdə müəyyən edilmiş müddətdə və qaydada 2016-cı ilin iyul ayının əvvəlində DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamentinə göndərilmişdir. DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamenti də öz növbəsində İddiaçı aid “Məlumat vərəqəsi”ni aldıqdan sonra müvafiq qaydada yoxlanılmış və hesabatlar aparmışdır. Rəşad Əmircanov bir müddət sonra, 2016-cı ilin iyul ayının ortalarında Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamentinin inzibati binasına gələrək pensiya-təyinat sektorunun baş məsləhətçisi Çingiz Əliyevlə görüşmüş, sonuncu da İddiaçı sənədlərinin artıq yoxlanıldığı, tam hazır olduğunu R.Əmircanovun nəzərinə çatdırmış və 01 avqust 2016-cı il tarixdə “Kapital Bank”ın İçərişəhər filialına gedərək bank plastik kartını götürməli olduğunu bildirmişlər. xx.xx.2016cı il tarixdə R. Əmircanov “Kapital Bank”ın İçərişəhər filialına yaxınlaşaraq İddiaçı pensiya bank plastik kartını tələb etdikdə, bank əməkdaşları adı qeyd olunan şəxs barədə banka hər hansı bir sənədin daxil olmadığını bildirmişlər. Məsələnin aydınlaşdırılması üçün, R.Əmircanov təkrar DSMF-nin Hərbi Qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamentinin əməkdaşı Ç.Əliyevə müraciət edərək, “Kapital Bank”da İddiaçı bank plastik kartının hansı səbəbdən mövcud olmadığını soruşduqda o, bizə aid olan bütün sənədlərin yoxlanıldığı lakin, sonradan icrası dayandırıldığı, plastik kartın verilməsi üçün banka sorğu göndərilmədiyini təsdiq etmiş və məsələ ilə bağlı idarənin direktoru Ağalar Xasayevlə görüşməyi məsləhət görmüşdür. Rəşad Əmircanov idarənin direktoru A.Xasayevə müraciət etdikdə, idarə rəisi bank plastik kartının “KapitalBank”da mövcud olmaması səbəbini DTX-dən öyrənməsini ona tövsiyə etmiş, Maliyyə İdarəsinin pensiya şöbəsinin əməkdaşı Emin müəllimdən soruşmağı məsləhət görmüşdür. Bildirmişdir ki, DTX-dən idarəyə daxil olmuş rəsmi məktuba əsasən, İddiaçı pensiya təyin edilməsinə dair tərtib edilmiş “Məlumat vərəqəsi”ndə bəzi hesabatların dəqiqləşdirilməsinə zərurət yarandığını əsas gətirərək, sənədləri geri göndərilməsi xahiş edildiyi bildirmişdir. Həmin rəsmi məktub əsasında İddiaçı pensiya təminatı ilə bağlı “Məlumat vərəqəsi” dəqiqləşdirilməsi üçün geri göndərildiyindən DSMF tərəfindən icra olunmadan, yenidən DTX-nə göndərilmişdir. Rəşad Əmircanov DSMF-nin inzibati binasından çıxdıqdan dərhal sonra DTX-nin Maliyyə idarəsinin işçisi Zərifə xanıma (+992 12) *** **** nömrəli telefona zəng edərə, məsələyə aydınlıq gətirilməsini xahiş etmişdir. Zərifə xanım baş verənlərdən məlumaısız olduğunu, bunun bir-başa rəhbərliyin göstərişi olduğunu və pensiya şöbəsinin əməkdaşı Emin müəllimlə əlaqə saxlamaq, ondan məlumat almaq lazım olduğunu bildirmişdir. Daha sonra R.Əmircanov problemin araşdırılması, İddiaçı pensiya təminatı ilə bağlı sənədlərin hansı səbəbdən geri tələb edilməsinin səbəblərini öyrənmək üçün xx.xx.2016-cı il tarixdə, saat 15:03-də 050 ******* nömrəli mobil telefon vasitəsi ilə pensiya şöbəsinin əməkdaşı Emin m. (+992 12)405 8078 nömrəli xidməti telefona zəng edərək, hansı səbəbdən belə bir göstəriş verildiyini soruşduqda o, bu göstərişin şəxsən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev tərəfindən yerildiyini bildirmişdir. İddiaçı vəkili olaraq xx.xx.2016-cı il tarixdə, 58/M saylı sorğu məktubu ilə DTX-nin rəisi general-leytenant Mədət Quliyevə müraciət edərək, İddiaçı milli təhlükəsizlik orqanlarından SQ-in ehtiyatına buraxıldıqdan sonra pensiya hüququ əldə etdiyi üçün onun pensiya təminatı ilə bağlı Maliyyə İdarəsi tərəfindən tərtib edilmiş “Məlumat vərəqəsi”nin hansı səbəbdən və hansı qanuni əsaslarla DSMF-dan geri tələb edilməsi, eləcə də, İddiaçı pensiya təminatından ümumiyyətlə imtina edilibedilməməsi ilə bağlı rəsmi məlumat verilməsini xahiş etmişdir. AR DTX-dən sorğu məktubu xx.xx.2016-cı il tarixdə, 20/819 saylı məktubla cavablandırılaraq, “Məsələ ilə bağlı nəzərinizə çatdırırıq ki, törədilmiş cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi, habelə tətbiq oluna biləcək əmlak müsadirəsinin təmin edilməsi üçün İddiaçı məxsus əmlak, aktivlər, həmçinin hesablaşma, valyuta və digər bank hesablarına həbs qoyulması istiqamətində istintaq orqanı tərəfindən cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada görülmüş tədbirlərlə əlaqədar pensiya təyin olunması üzrə plastik kart hesabının açılması da daxil olmaqla bütün bank əməliyyatları həmin tədbirlərin qüvvədə olduğu müddətdə dayandırılmışdır” qeyd edildi. Eyni zamanda, iddiaçının vəkili tərəfindən xx.xx.2016-cı çil tarixdə, 59/M saylı sorğu məktubu ilə Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinin direktoru Ağalar Xasayevə müraciət edərək, İddiaçı milli təhlükəsizlik orqanlarından SQ-in ehtiyatına buraxıldıqdan sonra pensiya hüququ əldə etdiyi üçün onun pensiya təminatı ilə bağlı DTX-i tərəfindən göndərilmiş “Məlumat vərəqəsi”nin hansı səbəbdən və hansı qanuni əsaslarla geriyə, DTX-nə göndərildiyi, İddiaçı pensiya təminatından ümumiyyətlə imtina edilib-edilmədiyi barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. Hərbi Qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamentindən sorğu məktubu xx.xx.2016-cı il tarixdə, 03/89/02-566 saylı məktubla cavablandırılaraq, “İddiaçı qulluq etdiyi orqan tərəfindən onun hərbi xidmət etdiyi müddəti və təminat xərcliyi barəsində tərtib olunmuş məlumat vərəqəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə 2016-cı il 17 iyun ayında daxil olmuş, lakin məlumat vərəqəsindəki məlumatların dəqiqləşdirilməsi zərurəti səbəbindən İddiaçı qulluq etdiyi orqan məlumat vərəqəsinin geri göndərilməsini xahiş etmişdir’’ qeyd edildi. Həmin məsələnin araşdırılması üçün vəkil tərəfindən xx.xx.2016-cı çil tarixdə, 175/s saylı sorğu məktubu ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı milli təhlükəsizlik orqanlarından ehtiyata buraxılması ilə əlaqədar ona hesablanacaq pensiya məbləğinin alınması üçün “KapitalBank”dan verilməli olan plastik kartın verilməsinin həmin tədbirlərin qüvvədə olduğu müddətdə dayandırılması ilə bağlı müstəntiqin əsaslandırılmış vəsatətinin və yaxud da ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatının olub-olmaması, əgər vəsatət və yaxud da Təqdimatla məhkəməyə təqdim olunmuşdursa, bununla bağlı qəbul edilmiş qərarın surətinin verilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsi tərəfindən sorğu məktubu xx.xx.2016-cı il tarixdə, DO 11705 saylı məktubla cavablandırılaraq, “Səbail Rayon Məhkəməsində İddiaçı məxsus aktivlər, həmçinin hesablaşma, valyuta və digər bank hesablarına həbs qoyulması, bank əməliyyatlarının dayandırılması ilə bağlı vəsatət və təqdimat ilə müraciət olunmamışdır” qeyd olunmuşdur. Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, DO 11705 saylı məktubuna əsaslanaraq vəkil tərəfindən bir daha xx.xx.2016-cı çil tarixdə, 181/S saylı sorğu məktubu ilə DTX-nin rəisinə müraciət edərək, qüvvədə olan mövcud qanunvericiliyin tələblərini nəzərə alıb, milli təhlükəsizlik orqanlarından ehtiyata buraxılmış İddiaçı pensiya təminatı ilə bağlı tərtib edilmiş “Məlumat vərəqəsi”nin qısa müddət ərzində DSMF-yə göndərilməsini və bununla bağlı rəsmi məlumat verilməsini xahiş etmişdir. AR DTX tərəfindən sorğumuz xx.xx.2016-cı il tarixdə, 20/876 saylı məktubla cavablandırılaraq, “həmin cinayət işi üzrə Səbail Rayon Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli, 5(009)-l 1/2016 nömrəli, Nəsimi Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli, 5(006)-08/2016 nömrəli “Bank hesablarının vəziyyəti barədə məlumatların ələ keçirilməsi, sənədlərin götürülməsi və həbs qoyulması barədə” qərara əsasən İddiaçı məxsus hesablaşma, valyuta və digər bank hesablarına cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmuş, plastik kartlar üzrə əməliyyatlar dayandırıldığından onun adına pensiya təyin olunması üzrə plastik kart hesabının açılması mümkün olmamış və bu səbəbdən “Məlumat vərəqəsi” müvafiq qaydada geri götürülmüşdür” qeyd olunmuşdur. Qeyd edilir ki, keçmiş milli təhlükəsizlik orqanlarından ehtiyata buraxılmış İddiaçı pensiyanın təyin olunubolunmaması, DTX-nin tərtib etdiyi “Məlumat vərəqəsi”nin DSMF-dən geri tələb etməsi, DSMF tərəfindən pensiya məbləğinin təyin olunması və “Kapital Bank”da plastik kartın açılmasının dayandırılması, verilməməsi, qadağan edilməsi ilə bağlı nə Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 5(009)-11/2016 nömrəli “Bank hesablarının vəziyyəti barədə məlumatların ələ keçirilməsi, sənədlərin götürülməsi və həbs qoyulması barədə” qərarında, nədəki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 5(006)-08/2016 nömrəli “Məlumatların ələ keçirilməsi, sənədlərin götürülməsi və həbs qoyulması” barədə qərarında, eləcə də, qərarların giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrində heç bir qeyd yoxdur, mövcud deyil, heç bir tələb yoxdur və məhkəmələr tərəfindən həmin qərarların icrası ilə bağlı DTX qarşısında heç bir öhdəlik və vəzifə qoyulmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-820/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Hərbi Məhkəməsində X5 barəsində cinayət işi üzrə icraat başa çatdırılanadək dayandırılmışdır. Həmin qərardaddan iddiaçının vəkili tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-931/17 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-820/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı qüvvədə saxlanılmışdır. Həmin qərardaddan iddiaçının vəkili tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1226/2017 saylı xx.xx.2017-ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-931/17 saylı xx.xx.2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixli ərizə ilə iddiaçının vəkili Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-820/2017 saylı inzibati iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iş üzrə icraat təzələnmişdir. Məhkəmə tərəfindən İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, iddia tələbi birgə cavabdeh kimi yalnız İPM-in 30-cu maddəsində nəzərdə tutulmuş halda yönələ bildiyi qeyd edilmiş və məhkəməyə cavabdehin və həmin cavabdehə qarşı yönəldilən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin təqdim edilməsi təklif edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının “İddiaçı pensiyanın təyin olunması üçün tərtib edilmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilməsi; xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçıya xüsusi ali hərbi rütbəyə əsasən verilməli olan pensiya məbləğinin hesablanaraq müəyyənləşdirilməsi və hüququ yarandığı tarixdən xx.xx.2020-ci il tarixədək ödənilməmiş pensiyanın ödənilməsi və pensiya plastik kartın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçıya xüsusi ali hərbi rütbəyə əsasən verilməli olan pensiya məbləğinin hesablanaraq müəyyənləşdirilməsi və hüququ yarandığı tarixdən xx.xx.2020-ci il tarixədək ödənilməmiş pensiyanın ödənilməsi və pensiya plastik kartın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi” hissədə mümkün sayılmamışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının vəkili məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi tərəfindən iddiaya dair yazılı münasibət məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 11 noyabr 2015-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən, Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Eləcə də, iddiaçı ağır və xüsusilə ağır cinayətlərin törədilməsi ilə təqsirləndirilərək barəsində cinayət işi qaldırılmışdır. Cinayət işi aparılan dövrdə İddiaçı tərəfindən 22 noyabr 2016-cı il tarixdə “pensiyanın təyin olunması üçün tərtib edilmiş məlumat vərəqəsinin göndərilməsi və pensiyanın verilməsi” tələbinə dair Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi verilmişdir. Tərəfimizdən 22 fevral 2017-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət olunaraq iş üzrə icraatın İddiaçı barəsində cinayət işi başa çatana kimi dayandırılması xahiş olunmuşdur. Məhkəmə tərəfindən vəsatət əsaslı hesab olunaraq təmin edilmiş və 22 fevral 2017-ci il tarixli 2-1 (81 )-820/2017 nömrəli qərardadla iş üzrə icraat dayandırılmışdır. Sözügedən qərardaddan iddiaçı tərəfindən müvafiq qaydada şikayətlər verilmiş olsa da apelyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən qərardad dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə aktlarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin tələbi nəzərə alınaraq iddiaçının pensiya təminatı ilə bağlı məsələnin həllinə onun barəsində aparılan cinayət işinin nəticəsinin bilavasitə təsir göstərəcəyi vurğulanmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin xarakterini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə, bu barədə müvafiq qərar qəbul edir.Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ istisna edilir. Məhz qanunvericiliyin bu tələbi, eyni zamanda məhkəmənin iş üzrə gəlmiş olduğu mövqe nəzərə alınaraq, iddiaçının məlumat vərəqəsi aidiyyəti orqana göndərilməmişdir. Hazırkı iş üzrə icraatın dayandırılmasına əsas hesab edilən cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli 1 (093)-10/2017 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 228.4, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən ali hərbi rütbədən və digər dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimatın göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 12 mart 2020-ci il tarixli Sərəncamı ilə İddiaçı general- mayor ali hərbi rütbəsindən, eləcə də digər orden və medallardan məhrum edilmişdir. Beləliklə, müəyyən olunur ki, İddiaçı general-mayor ali hərbi rütbəsindən məhrum edilərək əsgər rütbəsinə endirildiyindən yuxarıda qeyd olunan normanın tələbinə görə onun hərbi qulluqçu kimi pensiya almaq hüququ yoxdur. Həmçinin, nəzərinizə çatdırmağı zəruri hesab edirik ki, iddiaçının ali hərbi rütbədən 12 mart 2020-ci il tarixdən etibarən məhrum olunmasına baxmayaraq, buna səbəb olan cinayətlərin törədilməsi nərbi xidmətdən ehtiyata buraxılmamışdan əvvəlki dövrə təsadüf etdiyindən onun hərbi qulluqçu kimi pensiya almaq hüququnun ümumiyyətlə yaranmadığını göstərir. Hərbi qulluqçu kimi pensiya almaq hüququnu istisna edən halın hərbi xidmətdən ehtiyata buraxıldığı günlə eyni vaxtda olmaması cinayət təqibin həyata keçirilməsi ilə əlaqədar olmuşdur.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - xx.xx.2016-cı il tarixli Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular Və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin iddiaçının vəkilinin sorğusuna cavab məktubu; - Bakı Şəhər Səbail Rayon Məhkəməmsinin 5(009)-11/2016 saylı xx.xx.2016-cı il tarixli Qərarı; - Bakı Şəhər Nəsimi Rayon Məhkəməmsinin 5(006)-08/2016 saylı xx.xx.2016-cı il tarixli Qərarı; - Cavabdehin xx.xx.2016-cı il tarixli etiraz məktubu; - Bakı Hərbi Məhkəməsinin 1(093)-183/2016 saylı xx.xx.2016-cı il tarixli Qərarı; - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2020-ci il tarixli 067 nömrəli Əmrindən çıxarışın surəti; - Cavabdehin xx.xx.2022-ci il tarixli etiraz məktubu;

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olmadığından təmin edilməməlidir. İddia tələbindən görünür ki, “İddiaçı pensiyanın təyin olunması üçün tərtib edilmiş “Məlumat vərəqəsi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsidir. İş materiallarına əsasən iddiaçı 1974-cü il tarixdən 2015-ci il tarixədək bir çox vəzifələrdə işləmiş, 2004-cü il tarixdən 2015-ci il tarixədək Milli Təhlükəsizlik Nazirliyinin (ləğv olunmuş) Energetika və X1 Baş İdarəsi rəisi vəzifəsində xidmət etmişdir. Generalmayor rütbəsində olmuşdur. İddiaçı Milli Təhlükəsizlik Nazirinin 11 noyabr 2015-ci il tarixli, 2407şh saylı əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə xidməti uyğunsuzluğa görə Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyata buraxılmışdır. xx.xx.2015-ci il tarixədək iddiaçının təqvim üzrə 47 il 11 ay 16 gün iş xidmət illəri olmuşdur. İddiaçının vəkilinin sorğusuna cavab olaraq cavabdeh inzibati orqanın xx.xx.2016cı il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində cinayət işi üzrə məhkəmə baxışı yekunlaşdıqdan və hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin pensiya təminatı üzrə icraatın davam etdirilməsi məqsədəuyğun sayılır. İddiaçının vəkilinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə xx.xx.2016-cı il tarixli məktubunda qeyd edilmişdir ki, X2 qulluq etdiyi orqan tərəfindən onun hərbi xidmət müddəti və təminat xərcliyi barəsində tərtib edilmiş məlumat vərəqəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə 2016-cı il 17 iyun aylarında daxil olmuş, lakin məlumat vərəqəsindəki məlumatların dəqiqləşdirilməsi zərurəti səbəbindən İddiaçı qulluq etdiyi orqan məlumat vərəqəsinin geri göndərilməsini xahiş etmişdir. İş materiallarında olan, Bakı Hərbi Məhkəməsinin 1(093)-183/2016 saylı xx.xx.2016cı il tarixli Qərarı ilə iddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. İddiaçı barəsində cinayət işi üzrə icraat başa çatanadək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin icraatında olan (2-1(81)-820/2017 sayl, xx.xx.2017-ci il tarixli qərardad) iş dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinə iddiaçının vəkili tərəfindən xx.xx.2022-ci il tarixli iş üzrə icraatın təzələnməsi barədə ərizə ilə müraciət edilmiş və 2-1(112)-16/2022 saylı xx.xx.2022-ci il tarixli məhkəmənin qərardadı ilə ərizə təmin edilərək, iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2020-ci il tarixli 067 saylı Əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 33.1-ci maddəsinə müvafiq olaraq İddiaçı general-mayor ali hərbi rütbəsindən məhrum edilməklə əsgər rütbəsinə endirilmiş hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı, məhkəmə cinayətin xarakterini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə, bu barədə xüsusi və ya hərbi rütbəni, fəxri adı və dövlət təltifini vermiş orqana müvafiq təqdimat göndərir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 33.1-ci maddəsində hərbi qulluqçuların və hərbi vəzifəlilərin (əsgər, matros hərbi rütbəsinə malik olanlar istisna olmaqla) ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqları halda məhkəmənin qərarı ilə onlara verilmiş hərbi rütbələrdən məhrum edilərək əsgər (matros) rütbəsinə endirilməsi nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun preambulası bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanun: - 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: - 1.0.1. əmək pensiyası-bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; - 1.0.3. hərbi qulluqçular-Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. - 1.0.5 təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. -9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: -9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; -9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; -9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; -9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Həmin “Qaydalar”a əsasən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq məlumat vərəqini (2 nömrəli əlavə) və 4-cü hissəsinə uyğun olaraq dəyişikliklər barədə məlumatları məxfi doldurmaqla kağız daşıyıcıda Fonda təqdim edirlər. Məhkəmə iddia dəlillərinə münasibətdə qeyd edir ki, Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli 1 (093)-10/2017 saylı hökmü ilə İddiaçı cəza təyin edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən ali hərbi rütbədən və digər dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimatın göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 12 mart 2020-ci il tarixli Sərəncamı ilə İddiaçı general-mayor ali hərbi rütbəsindən, eləcə də digər orden və medallardan məhrum edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində əvvəlki dövlər üzrə məlumat vərəqəsinin müvafiq qaydada tərtib olunaraq təqdim edilməməsi hərbi rütbədən məhrum etməyə səbəb olan cinayət əməlinin sübuta yetirilməsi ilə əlaqədar aparılan cinayət təqibi ilə bağlı olduğundan və onun ali hərbi rütbədən xx.xx.2020-ci il tarixdə məhrum edilməsinə baxmayaraq, qeyd edilən hala səbəb olan cinayətin törədilməsi vaxtı iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasından əvvəlki dövrə təsadüf etdiyindən və bu məhkəmə qaydasında sübuta yetirildiyindən cavabdeh inzibati orqan məlumat vərəqəsini aidiyyəti üzrə təqdim etməməkdə haqlı olmuşdur. Belə ki, 2015-ci ildə məlumat vərəqi cavabdeh inzibati orqan tərəfindən müvafiq qaydada tərtib edilərək aidiyyəti üzrə təqdim edilsəydi hazırkı halda qüvvədə olan məhkəmə hökmünə əsasən onun barəsində vaxtı ilə tərtib edilmiş məlumat vərəqəsi öz əhəmiyyətini itirmiş olacaqdı. Qeyd edilən hal isə daha sonradan pensiya məbləğinin geri qaytarılması barədə əlavə və lüzumsuz məhkəmə mübahisənin və əsassız maliyyə itkilərinin yaranmasına səbəb olacaqdı. Göründüyü kimi, İddiaçı general-mayor ali hərbi rütbəsindən məhrum edilərək əsgər rütbəsinə endirildiyindən, qanunvericiliyin tələblərinə görə onun hərbi qulluqçu kimi pensiya almaq hüququ da qalmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı pensiyanın təyin olunması üçün tərtib edilmiş “Məlumat vərəqəsi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi barədə iddia tələbi təmin edilə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı pensiyanın təyin olunması üçün tərtib edilmiş “Məlumat vərəqəsi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilməsi barədə iddia təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar