Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergilərin hesablanması barədə qərarların ləğv edilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı «kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi, şəxsi vərəqədəki artıq ödəmə məbləğinin və depozit hesabdakı məbləğin bərpa olunması» tələbini irəli sürərək iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı X6 tərəfindən məhkəmədə cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldırılmış və iddiada cavabdehin Firma ilə bağlı kameral vergi yoxlaması ilə 2018-ci ilin may ayına 2.135.795,17 manat əlavə vergi hesablanmasının ləğv edilməsi, bunun nəticəsində şəxsi vərəqədəki artıq ödəmə məbləği olan 707.198,26 manat və depozit hesabdakı 82.628,26 manat məbləğlərin bərpa olunması tələbləri irəli sürülmüşdür. Məhkəmə icraatının gedişində cavabdeh tərəf iddiaçı ilə bağlı səyyar vergi yoxlamasının keçiriləcəyini şifahi qaydada vəd etdiyindən, iddiaçı həmin iddia ərizıəsini 14 avqust 2018-ci il tarixdə geri götürmüşdür. Lakin sonradan Firmanın fəaliyyəti üzrə kameral vergi yoxlamasının nəticələri ləğv edilməklə səyyar vergi yoxlaması keçirilməmişdir. İddiaçı X6 1992-ci ildə təsis olunmuşdur və və hal-hazıradək Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq fəaliyyət göstərir. Fəaliyyət dövrü ərzində bütün vergiləri vaxtında ödəmiş, vergi orqanları ilə qurumun arasında mübahisə olmamışdır. Lakin 2017-ci ildə hazırkı cavabdeh tərəfindən kameral vergi yoxlaması ilə Firmaya əlavə vergi hesablansa da, yuxarı instansiyalara verilən şikayət əsasında bu yoxlamanın nəticələri qismən ləğv edilmiş və şikayətiin əsaslı olması öz təsdiqini tapmışdır. Yəni, iddiaçı qanunla ödəməli olduğu vergi məbləğlərini dövlət büdcəsinə ödəmişdir. Hazırda kameral vergi yoxlaması ilə İddiaçı X4 2018-ci ilin may ayı üzrə 2.135.795,17 manat əlavə vergi hesablanmışdır. Hesablanma aparılan zaman müvafiq dövrə olan mal qalığı nəzərə alınmamışdır. Bu barədə Firma tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə 1 avqust 2018-ci il tarixdə rəsmi müraciət edilərək, nümayəndəsinin iştirakı ilə hesablanmış verginin araşdırılması və qanunsuz hesablanmış vergi məbləğinin ləğv edilməsi xahiş olunmuşdur. Lakin Nazirlikdən cavab alınmamışdır. Firmanın əsas fəaliyyəti idxal-ixrac əməliyyatlarından ibarətdir. Xarici ölkədən hər gətirilən malın gömrük orqanında rəsmiləşdirilməsi zamanı həmin malın 18% əlavə dəyər vergisi və gömrük rüsumu ödənilmişdir. Həmin ödənişlər 10 iyun 2018-ci il tarixə şəxsi vərəqədə 707.198,26 manat və depozit hesabda 82.628,26 manat olmuşdur. Lakin vergi orqanı həmin məbləğin dövlət büdcəsnə alınması üçün qanunsuz şəkildə kameral vergi yoxlaması aparmış, mal qalığı adı altında qeyd edilən məğləğdə əlavə vergi hesablamışdır. Cavabdeh tərəfindən bu məbləğ qanunsuz hesablanaraq iddiaçının şəxsi vərəqəsindəki artıq ödəmə və depozit hesabındakı şəxsi vəsaiti silinmişdir. Nəticədə 1.395.404,91 manat məbləğində süni borc yaranmışdır. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə, Vergi Məcəlləsinin 3, 37, 49, 53.3, 83, 130.1-ci maddələrinə,«İnzibati icraat haqqında» Qanunun 2, 15.1, 24, 58.1, 67-ci maddələrinə, İPM-in 14.1, 68, 70.1-ci maddələrinə əsaslanaraq, cavabdeh tərəfindən İddiaçı X2 fəaliyyəti üzrə kameral vergi yoxlaması ilə 2018-ci ilin may ayına 2.135.795,17 manat əlavə vergi hesablanmasının ləğv edilməsi, bunun nəticəsində iddiaçının şəxsi vərəqəsindəki artıq ödəmə məbləği olan 707.198,26 manat və depozit hesabındakı 82.628,26 manat məbləğlərin bərpa olunması barədə qərar çıxarılması xahiş olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54.1-ci maddəsinə əsasən cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «vergilərin hesablanması barədə 24 iyul 2018-ci il tarixli **********651100 nömrəli qərarın ləğv edilməsi, iddiaçının şəxsi vərəqəsindəki 707.198,26 manat artıq ödəmə məbləğinin və depozit hesabındakı 82.628,26 manat vəsaitin bərpa olunması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 29 noyabr 2018-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı həmçinin məhkəməyə 24 iyul 2018-ci il tarixli **********651100 nömrəli qərarın mübahisələndirilməsi üzrə buraxılmış prosessual müddətin (iddia müddətinin) bərpa olunması barədə ərizə təqdim etmişdir. Məhkəmənin 3 dekabr 2018-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddət bərpa olunmuşdur. Bundan sonra iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «vergilərin hesablanması barədə 17 iyul 2017-ci il tarixli **********136000 nömrəli, 10 avqust 2017-ci il tarixli **********080600 nömrəli və 24 iyul 2018-ci il tarixli **********651100 nömrəli qərarların ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 5 fevral 2019-cu il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İPM-in 7.1-ci maddəsinə əsasən mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti məhkəməyə vəsatət təqdim etmiş və iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Vəsatətdə bildirilmişdir ki, İddiaçı X6 ümumilikdə 1.776.993,93 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığına görə və əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətlərinin olmasını nəzərə alaraq, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 31 oktyabr 2018-ci il tarixli Q1801589 nömrəli "xxxx" qərarı ilə Firmanın direktoru X9 barəsində cinayət işi başlamışdır. Cinayət təqibi zamanı Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 11 fevral 2019cu il tarixli **********176162 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən İddiaçı X4 səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama dövrü 2015-ci ilin sentyabr ayından 2018-ci ilin avqust ayınadək müəyyən edilmişdir. Yəni, vergi ödəyicisinin faktiki olaraq hal-hazırda mübahisələndirdiyi kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərarların əhatə etdiyi dövrlər üzrə – 2017-ci ilin aprel, iyun və 2018-ci ilin may ayı üçün əlavə dəyər vergisi üzrə səyyar vergi yoxlaması aparılır. Halhazırda vergi orqanı tərəfindən vergi ödəyicisinin məhkəmədə mübahisələndirdiyi halın mövcudluğu, vergi ödəyicisinin mübahisələndirilən qərarlar üzrə vergidən yayındırılması vəziyyəti səyyar vergi yoxlaması ilə araşdırılır. Göstərilənlərə və İPM-in 7.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.1, 36-cı maddələrinə əsaslanaraq, İddiaçı X2 hazırkı iddiası üzrə məhkəmə icraatının vergi ödəyicisi kimi ona təyin edilmiş və mübahisə predmetini əhatə edən səyyar vergi yoxlaması başa çatana kimi dayandırılması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş olunur. İddiaçı məhkəməyə yenidən ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «vergilərin hesablanması barədə 17 iyul 2017-ci il tarixli **********136000 nömrəli, 19 oktyabr 2017-ci il tarixli **********911500 nömrəli və 24 iyul 2018-ci il tarixli **********651100 nömrəli qərarların ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 21 fevral 2019-cu il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 2019-cu il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilmiş və iş üzrə icraat Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 31 oktyabr 2018-ci il tarixli **********176162 nömrəli qərarına əsasən İddiaçı X3 aparılan səyyar vergi yoxlaması başa çatanadək dayandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Sərəncamının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”nda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin müvafiq sorğuya cavab olaraq Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 7 noyabr 2023-cü il tarixli məktubu ilə təqdim olunmuş sənədlərdən görünür ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin qərarına əsasən İddiaçı İKF-in 2015 – 2018-ci illər üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yoxlanılması məqsədilə keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticələri 7 noyabr 2019-cu il tarixli aktla rəsmiləşdirilmiş və həmin akt əsasında Baş İdarə tərəfindən 10 dekabr 2019-cu il tarixli **********194605 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunmuşdur. X10 Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin müstəntiqinin Q2101232 nömrəli 19 may 2021-ci il tarixli qərarı ilə İddiaçı İKF-in direktoru X7 1.789.693,72 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması faktı üzrə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata, cinayət nəticəsində vurulmuş ziyanın tamamilə ödıənilməsi ilə əlaqədar AR Cinayət Prosessual Məcəlləsinin 40.4-cü maddəsinə əsasən xitam verilmiş, X7, ona məsul saxlanmaya verilmiş 118.081,77 manat dəyərində müxtəlif adda və çeşiddə malların satılması xüsusatı üzrə cinayət hadisəsi olmadığına görə cinayət təqibi başlanması CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 257-ci maddəsinə əsasən işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir. Həmin Məcəllənin 258.1-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. Bakı İnzibati Məhkəməsinin 21 yanvar 2024-cü il tarixli qərardadı ilə İddiaçı İKF-in cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergilərin hesablanması barədə qərarların ləğv edilməsi» iddia tələbinə dair iş üzrə icraat təzələnmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı tərəf gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 bildirdi ki, iddiaçının mübahisələndirdiyi qərarlarla kameral vergi yoxlaması nəticəsində 2017-ci ilin aprel, iyun ayları, 2018-ci ilin may ayı üzrə əlavə dəyər vergisi hesablanmışdır. Sonradan Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən səyyar vergi yoxlaması keçirilmiş və həmn dövrlər üzrə yeni qərar qəbul edilmişdir, borc məbləğində dəyişiklik olmuşdur. Mübahisələndirilən qərarlar qüvvədə olmadığından, məhkəmədən iddianın mümkün sayılmaması xahiş olunur. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: (49.1.1) vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, (49.1.2) vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, (49.1.3) əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında, (49.1.4) əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması, (49.1.5) əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, (49.1.6) yeni qərarın qəbul edilməsi. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Məhkəmə icraatında məlum olur ki, iddiaçı “”Elvin” İKF ona kameral vergi yoxlaması üzrə əlavə vergi məbləğlərinin hesablanması barədə 17 iyul 2017-ci il tarixli **********136000 nömrəli, 19 oktyabr 2017-ci il tarixli **********911500 nömrəli və 24 iyul 2018-ci il tarixli **********651100 nömrəli qərarları mübahisələndirir. Məhkəmə icraatında iddiaçının hesablanmış vergilərin aid olduğu dövr üzrə fəaliyyətinə digər aidiyyəti inzibati orqan tərəfindən səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələri barədə həmin qurum tərəfindən 10 dekabr 2019-cu il tarixli ayrıca inzibati akt – “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Sözügedən 10 dekabr 2019-cu il tarixli qərarın qəbul edilməsi ilə iddiaçının mübahisələndirdiyi 17 iyul 2017-ci il tarixli **********136000 nömrəli, 19 oktyabr 2017-ci il tarixli **********911500 nömrəli və 24 iyul 2018-ci il tarixli **********651100 nömrəli qərarlar faktki olaraq geri çağırılmışdır. Bu qənaət ondan irəli gəlir ki, həmijn qərarlarla hesablanmış vergi məbləğləri səyyar vergi yoxlaması üzrə başqa bir qərarla – inzibati aktla dəyişdirilmişdir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı İKF ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi arasında inzibati mübahisə mövcud deyil. “Səyyar vergi yoxlamasının nəticələri üzrə “Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi haqqında” 10 dekabr 2019-cu il tarixli qərar başqa vergi orqanı tərəfindən qəbul olunduğundan, iddianın dəyişdiriməsinin iddiaçıya təklif edilməsini məhkəmə məqsədəuyğun qiymətləndirmir. Beləliklə, məhkəmənin qənaətinə görə tərəflər arasında inzibati mübahisə mövcud olmadığından, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35.1, 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-10/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10/2024
15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver