Məhkəmə qərarları › İş №2-1(112)-100/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-100/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-100/2022 25.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Avşalumova (Baazova) Anara İsaakovnanın cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və X5 üçüncü şəxs qismində cəlb edilməklə “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Avşalumova (Baazova) Anara İsaakovna cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 10A nömrəli evə görə 307.500 manat və məhv edilmiş daşınar əmlaklara görə 15.000 mana kompensasiyanın tutulmlasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 10 A saylı ev iddiaçıya məxsus olmuşdur. İddiaçı İsrail vətəndaşı olduğundan, Bakı şəhərində yaşamadığından, iddiaçının xəbəri olmadan cavabdeh Bakı şəhəri Cavabdeh təşkil etdiyi Komissiyanın əməkdaşları tərəfindən hər hansı bir razılıq əldə etmədən Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 10 A saylı ünvanda yerləşən evi sökmüşlər, hətta evin əşyaları barədə hər hansı bir məlumat yoxdur. Cavabdehə evin sökülməsi nəticəsində dəymiş ziyanın ödənilməsi və ev əşyalarının məhv edilməsi ilə bağlı müraciət edilmiş, lakin ərizə qəbuldan imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 avqust 2019-cu il tarixli qərardadı ilə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qərardadı ilə, X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh etirazında göstərmişdir ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 mart 2006-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 ünvan 1 ünvanında ikimərtəbəli 4 otaqdan ibarət olan yaşayış sahəsi 132 kv.m, köməkçi sahəsi 73 kv.m olan fərdi yaşayış evinə hüququ tanınmış, həmin mənzil üzrə icarə müqaviləsinin bağlanması və orderin verilməsi Cavabdehnə həvalə edilmişdir. Lakin, həmin ünvanda tikili mövcud olmadığından sənədləşmə aparılmamış, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və müvafiq çıxarış verilməmişdir. Beləliklə aparılmış araşdırmaların nəticəsində müəyyən olunmuşdur ki. iddiaçı X1 ünvan 3 ünvanında ikimərtəbəli 205 kv.m yaşayış və köməkçi sahədən ibarət tikilisi inventarizasiya işləri zamanı mövcud olmamış, cavabdeh tərəfindən həmin ünvanda söküntü işləri aparılmamışdır. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2019-cu il tarixdə iddia ərizəsinə əlavə təqdim edərək, tikiliyə görə 307.500 manat, məhv edilmiş daşınar əşyalara görə 15.000 manat, torpaq sahəsinin istifadəsinə görə 195.000 manat, çətinliyə görə 50.250 manat, Azərbaycan Respublikası Prezidentinin Fərmanına görə 110.250 manat, hüquqi yardıma görə 210 manatın cavabdehdən tutulmasına dair qərar qəbul edilməsinin xahiş etmişdir. Məhkəmənin 12 fevral 2020-ci il tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə əlavəyə etirazında qeyd etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 mart 2006-cı il tarixli 2-406/2006 nömrəli qətnaməsinə əsasən iddiaçı X4 Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 10 A saylı ünvanda yerləşən yaşayış sahəsi 132 kv.metr olan, köməkçi sahəsi 73 kv.metr olan fərdi yaşayış evinə hüququ tanınsa da, qeyd olunan ünvan üzrə daşınmaz əmlak və həmin daşınmaz əmlaka dair iddiaçının hüququ dövlət reyestrində qeydiyyata alınmamışdır. Belə ki, inzibati işin obyektiv araşdırılması üçün ünvan 4 ünvanladığı sorğusuna əsasən ünvan 5nsı bir tikilinin müvcud olub-olmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Məhkəmənin sözügedən sorğusuna cavab olaraq, 1 saylı Bakı Ərazi İdarəsinin 11 mart 2020-ci il tarixli, **********45 nömrəli cavab məktubu ilə həmin ünvanda dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlakın aşkar edilməməsi bildirilmişdir. Qətnamənin əsaslandırıcı hissəsinə nəzər yetirildiyi zaman müəyyən edilir ki, məhkəmə yalnız qonşuların aktına əsaslanaraq, hesab etmişdir ki, X4 Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 10 A evə dair və X2 Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 10 B evə dair hüquqları tanınmalıdır. Qətnamədən görünür ki, hər hansı mötəbər sübut olmadan və əlavə araşdırılmaya zərurət olduğu zaman, məhkəmə tərəfindən əlavə araşdırılma aparılmadan (daşınmaz əmlaka yerində baxış, ekspertizanın keçirilməsi və sair) məhkəmə tərəfindən vətəndaşların hüquqları tanınmışdır. Göründüyü kimi, məhkəmə tərəfindən sözügedən daşınmaz əmlak üzrə iddiaçının hüquqları tanınsa da, həmin daşınmaz əmlak mövcud olmadığı səbəbindən qətnamə icra olunmamışdır. İş materiallarında olan "xxxx" ASC-nin Yasamal rayon Enerji Təchizatı və Satışı İdarəsinə, Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzinə və "xxxx" ASC Yasamal rayon Sukanal İdarəsinə Cavabdeh tərəfindən ünvanladığı məktublara əsasən həmin qurumlardan daxil olan cavab məktublarında sözügedən ünvanla bağlı ümumiyyətlə abonent kodunun mövcud olmadığı bildirilmişdir. İddiaçı kompensasiya ödənilməsini tələb etdiyi torpaq üzərində mülkiyyət, istifadə, icarə hüququnun qeydə alınmasına həmin torpağın ona ayrılmasına dair sərəncam və ya digər hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etmədiyi və qeyd edilən torpaq iddiaçının mülkiyyətində olmadığı üçün iddiaçının torpaqla bağlı kompensasiya tələb etmək hüququ mövcud deyildir. Bundan başqa, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 20.3-cü maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Mövcud qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən torpaq sahəsinə görə iddia tələbi əsassızdır. Məhv edilmiş daşınar əmlaklara görə iddiaçı tərəfindən kompensasiya tələb etməsi tam əsassızdır. Belə ki, iddiaçı ona məxsus daşınar əmlakların cavabdeh tərəfdən məhv edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın hərəkətləri nəticəsində ona ziyan vurulduğunu irəli sürür və kompensasiyanın ödənilməsini tələb edir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Məhkəmə ilk növbədə qeyd edir ki, araşdırma zamanı ünvan 7 ünvanda iddiaçıya məxsus fərdi yaşayış evinin mövcud olması öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 7 ünvanda dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir (iş/v 164); Bakı şəhəri Cavabdeh Mənzil Kommunal Təsərrüfat Birliyi 64 saylı Mənzil Kommunal İstismar Sahəsinin 52 nömrəli, xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, 64 saylı Mənzil Kommunal İstismar Sahəsinin inzibati ərazisində M.A.Əliyev küçəsi, dalan 2, ev 10A ünvanı mövcud olmamışdır. Vətəndaş Avşalumova (Baazova) Anara İsaakovnanın göstərilən ünvanda yaşayış yeri və qeydiyyatı olmadığı üçün, nə ev əşyası, nə də orada yaşayışı olmamışdır. M.A.Əliyev küçəsində mövcud olan evlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı xx.xx.2018-ci il tarixli Sərəncamına əsasən sökülmüşdür (iş/v 61); “Azərişıq" ASC-nin Yasamal rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən, M.A.Əliyev küçəsi, dalan 2 ev 10A və 10 B ünvanlarında abonent olub-olmaması və abonentlərin ödənişləri barədə sorğuya cavab olaraq bildirilmişdir ki, Yasamal Rayonu Enerji Təchizatı və Satışı idarəsinin əməkdaşları tərəfindən araşdırma aparılmış və kompüter məlumat bazasında qeyd olunan ünvanlar aşkar olunmamışdır (iş/v 187); Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzinin məktubunda göstərilmişdir ki, ünvan 9 ünvanlarının Bakı Regional Qazın Satışı Departamentinin abonent bazasında qeydiyyatı yoxdur (iş/v 185); "xxxx" ASC Yasamal rayon Sukanal İdarəsinin məktubunda göstərilmişdir ki, ünvan 11 ünvanlarında yaşayan, xidmət göstərdikləri abonent bazada qeydiyyatda yoxdur (iş/v 186); Bakı şəhəri Cavabdeh Mənzil Kommunal Təsərrüfat Birliyi 64 saylı Mənzil Kommunal İstismar Sahəsinin məktubunda qeyd edilmişdir ki, M.A.Əliyev küçəsi 10A və 10B saylı ünvan 64 saylı MKİS-in inzibati ərazisində mövcud olmamışdır. 64 saylı MKİS-in ərazisində M.A.Əliyev 10 saylı ev olmuşdur. Göstərilən ünvana 1958-ci ildə 2818 №-li ev dəftəri (domovoya kniqa) verilmişdir. Həmin ərazidə mövcud olan evləri 1975-1980-cı illərdə leysan yağışların yağması nəticəsində su basmışdır. Dövlət tərəfindən həmin ərazidə qeydiyyatda olan və yaşayan vətəndaşlar ev alıb köçüb, getmişlər və qeydiyyatdan çıxmışlar. 2016-cı ilin may ayından M.A. Əliyev 10A və 10B saylı ev olmamışdır və söküntü işlərinin başladığı vaxta qədər hər hansı bir şəxsin göstərilən ünvanda yaşaması və evi olması haqqında müraciəti olmamışdır (iş/v 184); "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" ASC-nin elektron abonent bazasında ünvan 12 ünvanında X6 məxsus heç bir müqavilə və abonent kodu aşkarlanmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi 040002900T2002Q nömrəli abonent koduna dair məlumatlarla bağlı qeyd edilməlidir ki, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, həmin abonent kodu M.Ə.Əliyev küçəsi T2, ev 2Q-yə aiddir və X3 adında olmuşdur. Daha sonra "xxxx" ASC-nin əməkdaşı tərəfindən qətnamədə göstərilən ünvan fərqi nəzərə alınmadan X4 adına dəyişdirilmişdir. Sistemdə aparılan dürüstləşmə ilə xətalı ad dəyişmə əməliyyatı keçərsiz sayılmış və nəticə etibarilə daha əvvəllər olduğu kimi hal-hazırda da X4 adına hər hansı abonent kodu mövcud olmamışdır. İddiaçının istinad etdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Doğrudur, həmin qətnamə ilə X4 ünvan 13 ünvanda yerləşən fərdi yaşayış evinə hüququ tanınmış, həmin mənzil üzrə icarə müqaviləsinin bağlanması və orderin verilməsi Cavabdehnə həvalə edilmişdir. Lakin həmin qətnamənin icrasız qalması işin mübahisəsiz halıdır və qətnamənnin təsviri hissəsinə də nəzər yetirdikdə, sözügedən evin mövcudluğuna dair hər hansı sənədə istinad olunmamış, evin mövcudluğuna dair hər hansı qeyd aparılmamışdır. Yalnız qonşular tərəfindən tərtib edilmş akta istinad vardır. Belə olan halda, sözügedən qətnamə özlüyündə həmin fərdi yaşayış evinin mövcud olmasını təsdiq edən sübut kimi çıxış edə bilməz. Bir halda ki, həmin faktın əksini (evin mövcud olmamasını) təsdiq edən kifayət sübut vardır. Məhkəmə qeyd edir ki, iddiaçı sözgedən tikilinin mövcud olmasını və cavabdeh tərəfindən söküldüyünü iddia etsə də, sözügedən əmlakın mövcudluğu və cavabdeh tərəfindən sökülməsinə dair biri digərini tamamlayan mötəbər dəlillərə istinad etməmiş, bu hallar məhkəmə araşdırması zamanı da təsdiqini tapmamış və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən iddianın əsaslı olması qənaətinə gəlmək mümkün deyildir. Beləliklə, işdə olan sənədlərlə iddia olunan tikilinin mövcud olması və cavabdeh tərəfindən sökülməsi təsdiq olunmur. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi, söküntünün həyata keçirilməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Avşalumova (Baazova) Anara İsaakovnanın cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və X5 üçüncü şəxs qismində cəlb edilməklə “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar