Məhkəmə qərarları › İş №2-1(112)-100/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-100/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-100/2024 28.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Səbail rayonun Səbail Bələdiyyəsi) qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) xx.xx.2021-ci il tarixində ərizə ilə müraciət edərək, 2006-cı ildən sahiblik və istifadə etdiyi Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə aid plan-ölçünün tərtib edilməsi və torpaq sahəsinin ilkin hüquqi qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********19 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, sözügedən torpaq sahəsi ilə bağlı Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi sənədlər toplusuna əlavə edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail Bələdiyyəsinin 424 saylı, xx.xx.2006-cı il tarixli qərarı, torpaqların alqısatqısına dair akt və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A 440113 nömrəli Kadastr şəhadətnaməsi əsasında ona alqı-satqı qaydasında ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 1000 kv.metr torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və elektron çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayonunun Səbail Bələdiyyəsi hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 29 dekabr 2006-cı il tarixdən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 1000 kv.metr torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Belə ki, 2006-cı ildə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə torpaq sahəsinin ayrılması üçün ərizə ilə Bakı şəhəri Səbail rayon Bələdiyyəsinə müraciət etmişdir. Səbail rayon Bələdiyyəsinin 424 saylı xx.xx.2006-cı il tarixli qərarı ilə Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 1000 kv metr bələdiyyəyə məxsus torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi haqqında qərar qəbul edilmişdir. Səbail rayon Bələdiyyəsinin yuxarıda qeyd edilən qərarına müvafiq olaraq mülkiyyətinə verilməsi nəzərdə tutulan torpaq sahəsinin alqısatqısı üçün xx.xx.2006-cı il tarixdə bələdiyyənin hesabına 36458 saylı kassa mədaxil qəbzi ilə 4160 manat pul ödəmişdir və bundan sonra Səbail rayon Bələdiyyəsinin onunla aralarında torpaqların alqı-satqısına dair xx.xx.2006-cı il tarixli akt tərtib edilmiş, eyni zamanda Səbail rayon Bələdiyyəsi tərəfindən ərazinin planı tərtib edilmişdir. Bundan sonra, torpaqların alqı-satqısına dair akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər torpaq şöbəsində 13 iyul 2013-cü il tarixdə 6081 nömrə ilə qeydiyyata alınmış və həmin şöbənin rəisinin imzası və gerbli möhürlə təsdiqlənmişdir. Həmin aktın əsasında 30 iyul 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər torpaq şöbəsi tərəfindən ona məxsus Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 1000 kv.metr torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək X6 kitabında xx.xx.2013-cü il tarixdə 35161 nömrə ilə uçota alınmış və bu barədə ona A 440113 nömrəli Kadastr şəhadətnaməsi verilmişdir. Beləliklə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsi rəsmi olaraq Səbail rayon Bələdiyyəsi tərəfindən ona alqı-satqı aktı əsasında həmin bələdiyyəyə məxsus torpaq sahəsinin satılmasının qanuni olmasını təsdiqləyərək həmin aktı qeydiyyata almışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən əsaslara istinad etmiş və bildirmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi təqdim edilməmişdir. Əlavə olaraq, düzgün hasarlanma işləri aparılmadığından sahənin 65 kv.m hissəsi faktiki ərazidən kənarda yerləşir, həmçinin sözügedən ərazinin bələdiyyə torpaqların aid olması barədə elektron bazada məlumat aşkar olunmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********19 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasında ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Səbail Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 424 saylı qərarından görünür ki, Səbail rayonu, Salyan şossesi, 32 ünvanda yerləşən 1000 kv.m. torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında X2 adına sənədləşdirilməsi qərara alınmışdır. - xx.xx.2006-cı il tarixli 36458 nömrəli kassa mədxil orderindən görünür ki, iddiaçı torpaq alqı-satqısı üçün 4160 manat pulu Səbail bələdiyyəsinin kassasına mədaxil etmişdir. - Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, X1 rayon bələdiyyə orqanına torpaq sahəsin almaq barədə müraciət etmiş, əraziyə bələdiyyə iclasında baxılmış və müvafiq rəy verilməklə bələdiyyə ərazisində 1000 kv.m torpaq sahəsi satılması barədə xx.xx.2006-cı il tarixli 424 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X4 tərəfindən 4160 manat haqq ödənilmişdir. Akt bakı şəhər torpaq şöbəsində xx.xx.2013-cü il tarixdə 6081 nömrə ilə qeydiyyata alınmışdır. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2inz(81)-723/2013 saylı qərarından görünür ki, iş üzrə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmn edilmiş və Bakı şəhəri Səbail Bələdiyyəsinin 424 saylı xx.xx.2006-cı il tarixli qərarı əsasında X3 ayrıılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1000 kv.metr torpaq sahəsinə dair “torpaq sahəsinin plan və ölçüsü”nün verməsi cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmişdir. - A №440113 nömrəli torpaq sahəsinin plan-ölçüsündən görünür ki, Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2 inz (81)-723/2013 saylı qərarına əsasən Səbail rayonu, Salyan Şossesi 32 ünvanında yerləşən 1000 kv.m torpaq sahəsinə dair X2 adına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, plan və ölçü X6 kitabında xx.xx.2013-cü il tarixdə 35161 nömrə ilə uçota alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü hüquq müəyyənedici sənəd üzrə təqdim edilməmiş, faktiki 1000 kv.m təşkil edir. Faktiki göstərilən sahə üç tərəfdən daş hasar və qonşu hasarla, bir tərəfdən isə şərti göstərilir. Üzərində tikili yoxdur. Göstərilən sahə daxilində 12.0 metrlik daş hasar çəkilib (yarımçıq vəziyyətdə, digər tərəfə bitişməyən). Torpaq sahəsi ümumilikdə giriş-çıxışı sərbəst olan sərhədlənmiş 1600.0 kv.m sahənin bir hissəsini təşkil edir. İddiaçı hazırda Səbail bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarına istinad edərək, həmin torpaq sahəsinə hüququ yarandığından mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Göründüyü kimi, qanunverici bələdiyyəyə məxsus əmlakın özgəninkiləşdirilməsinə dair aktı, daşınmaz əmlaka hüququn dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən etmişdir. Torpaq sahəsinin iddiaçıya ayrıldığı vaxt qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər) alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. - maddə 6.7. Bələdiyyələr on gün müddətində ərizəyə baxır və Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada (torpaqayırma sənədləri hazır olduqdan sonra) torpaq sahəsinin verilməsi barədə qərar qəbul edirlər. Həmin qərar torpaq sahəsinin naturada (yerdə) ayrılması və torpaq üzərində hüquqlara dair sənədlərin verilməsi üçün əsasdır. - maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə (iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan redaksiyası) əsasən: - bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - bənd 4. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. -bənd 7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - bənd 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - bənd 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. -bənd 21. Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. - 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. İstinad olunan normalardan müəyyən olunur ki, xx.xx.2006-cı il tarixdə bələdiyyə şəxsə torpaq sahəsi ayırmaq üçün: 1.torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlarının və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) rəyini əldə edir;

2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu həmin torpaq sahəsinin planını (cizgisini) təsdiq edir və torpaq sahəsinin normativ qiymətini müəyyən edir və həmin sənədləri bələdiyyəyə təqdim edir;

3. həmin sənədlər bələdiyyəyə daxil olduqdan sonra torpaq sahəsinin şəxsin icarəsinə verilməsi ilə bağlı qərar qəbul edir.

4. şəxslə bələdiyyə arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanır. İşin yuxarıda sadalanan hallarından görünür ki, iddiaçı mübahisəli torpaq sahəsinin ona ayrılması üçün Səbail bələdiyyəsinə müraciət etmiş, bələdiyyə torpaq sahəsinin iddiaçıya ayrılması barədə qərar qəbul etmiş, həmin qərar əsasında iddiaçı torpağın dəərini bələdiyyəyə ödəmiş, tərəflər arasında torpağın alqı-satqısına dair akt tərib edilmiş, daha sonra isə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu həmin torpaq sahəsinin planı və ölçüsünü tərtib etmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi yuxarıda istinad olunan normaların tələblərinə uyğun olaraq iddiaçıya ayrılmışdır. Cavabdeh imtinasında torpaq sahəsinə dair Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin təqdim edilmədiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, “İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.” Məhkəmə qeyd edir ki, istinad olunan mövqe nəzərə alındıqda aydın olur ki, müvafiq rəylər olmasa belə, iddiaçıya torpaq sahəsinin ayrılması barədə inzibati akt səlahiyyətli orqan tərəfindən qəbul olunduqda, onun həmin inzibati akta etimadı qorunur. Çünki həmin rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. Yəni torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Hazırkı halda cavabdeh Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin alınmadığını bildirsə də, həmin rəyin alınmamasının hansı əsasla inzibati aktın qanunauyğunluğuna xələl gətirdiyini əsaslandıra bilməmişdir. Cavabdeh məhkəməyə ünvanladığı **********71 saylı, xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, vahid elektron kadastr bazasında qeyd olunan torpaq sahəsi dövlət mülkiyyəti torpaqları kimi qeyd olunmuşdur. Bələdiyyə ərazisi olması barədə məlumat yoxdur. Lakin iş materiallarına əlavə edilmiş iddiaçının istifadəsində olan torpaq sahəsinin qonşuluğunda yerləşən və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərdən görünür ki, həmin torpaq sahələri də Səbail bələdiyyəsi tərəfindən ayrılmış, cavabdeh isə bələdiyyənin torpaq sahəsini ayırmaq səlahiyyətini qəbul edərək həmin şəxslərin hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almışdır. Məhkəmə hesab edir ki, eyni ərazidə, qonşuluqda yerləşən torpaq sahələrinin bir hissəsinin dövlət, onun sağ və sol tərəfində yerləşən sahələrinin isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması ağlabatan olmamaqla yanaşı, cavabdeh də bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Göründüyü kimi, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən bərabərlik prinsipini pozmaqla öz inzibati praktikasına zidd qərar qəbul etmiş və bu zaman tam inzibati icraat aparmaqla zəruri araşdırmanı həyata keçirməmiş və fərqli qərar qəbul etməsini əsaslandırmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1000 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar