Məhkəmə qərarları › İş №2-1(112)-1000/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1000/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1000/2021 16.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, iddiaçının vəkili X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xidmətdən xaric olmasına səbəb olmuş əmrin ləğv edilməsi və işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Ə255-001-19 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 izahatında bildirdi ki, iddiaçı 2012-ci ildə daxili işlər orqanlarında xidmətə daxil olmuşdur. xx.xx.2018-ci il tarixdə leytenant rütbəsi verilməklə Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Bölməsi tərəfindən iddiaçı əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən müəmmalı və kriminal həyat tərzi keçirən şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaradaraq şəxsi münasibətlər qurduğu, tanımadığı şəxsin sağlamlığına ağır xəsarət yetirilməsi faktı üzrə ziddiyyətli izahatlar verməklə vaxtında, tam və hərtərəfli araşdırma aparılmasına, obyektivliyin təmin olunmasına köməklik göstərməməsi barədə Daxili İşlər Nazirliyinə xüsusi məlumat verilmişdir. Göstərilənlərlə bağlı araşdırma Azərbaycan Respublikası Daxili X10 Təhqiqatlar İdarəsində çox səthi aparılmış və əsassız olaraq iddiaçının əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən müəmmalı və kriminal həyat tərzi keçirən R.Mədədov və S.Həsənovla xidməti zərurətlə bağlı olmayan əlaqələr yaradaraq şəxsi münasibətlər qurduğuna, R.Abbasovun sağlamlığına ağır xəsarəti yetirilməsi faktı üzrə ziddiyyətli izahatlar verməklə, vaxtında tam və hərtərəfli araşdırma aparılmasına, obyektivliyin təmin olunmasına köməklik göstərməməsinə, tapşırılan sahənin işini təmin etməməklə, iddiaçının xidməti fəaliyyəti qeyri-qənaətbəxş olduğuna, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyini səbəb gətirərək Azərbaycan Respublikası Daxili İşlər Naziryinin müvafiq əmri ilə daxili işlər orqanlarından xaric edilmişdir. İddiaçı barəsində qəbul olunmuş qərarın ədalətsiz olduğundan o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəmədən kənar qaydada həll olunması üçün rəhbərliyə müraciət etmişdir. Lakin nəticəsiz qalmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə yazılı müraciət etmişdir. Cavab olaraq bildirilmişdir ki, iddiaçı "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Lakin həmin Əsasnamənin 135-ci maddəsinin 10cu bəndinə əsasən intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda xidmətdən xaric edilə bilər. İddiaçının xidmət etdiyi müddətdə ona qarşı töhmət və iradlar tətbiq edilməmişdir. Daxili işlər orqanlarından xaric edilmə barədə əmrinin iddiaçıya verilməsi və barəsində aparılmış araşdırmanın nəticələri ilə tanış olmaq istəyi isə müsbət həllini tapmamışdır. İddiaçının hərəkətlərində (heç bir xidməti uyğunsuzluq əməlinin mövcud olmadığı halda) hansı əməlin xidməti uyğunsuzluq hesab olunması ona məlum deyil və bu barədə ona heç bir məlumat verilməmişdir. İddiaçının Rusiya Federasiyası X3 təhsil aldığı 5 (beş) il ərzində və xidmət etdiyi Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Polis Bölməsi tərəfindən ona qarşı heç bir intizam tənbehləri tətbiq edilməmişdir. Əksinə, təhsil aldığı Rusiya Federasiyası X4 rəisi tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif edilmişdir. Əgər iddiaçı hər hansı bir xidməti intizam qaydalarını pozsaydı belə daxili işlər orqanlarının əməkdaşı kimi barəsində məzəmmət, töhmət və ya şiddətli töhmət intizam tənbehləri tətbiq edilə bilərdi. Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnamənin 109-cu maddəsinə əsasən daxili işlər orqanlarının vəzifəli şəxsləri (rəislər) öz tabeliyində olan əməkdaşların xidməti intizamının vəziyyətinə görə məsuliyyət daşıyırlar. Onlar əməkdaşlara qarşı yüksək tələbkarlıq göstərməklə yanaşı, tabeliyində olan əməkdaşların xidməti fəaliyyəti, istirahəti və onların peşə hazırlığının artırılması üçün lazımi şərait yaratmalı; tabeliyində olan əməkdaşların vəzifələrinin icrasına yüksək məsuliyyət hissi aşılamalı; tabeliyində olan əməkdaşların xidməti fəaliyyətini qiymətləndirərkən aşkarlığı və obyektivliyi təmin etməli; tabeliyində olan əməkdaşların şərəf və ləyaqətinə hörmət etməli; şəxsi heyətlə işdə şəxsi münasibətlər zəminində himayəçiliyə, həmçinin fəaliyyətindəki nöqsanların tənqidinə görə əməkdaşların təqib olunmasına yol verməməlidirlər. Lakin iddiaçının gənc əməkdaş olmasına baxmayaraq, rəislər tabeliyində olan əməkdaş kimi xidməti fəaliyyətini və peşə hazırlığının artırılması üçün lazımi şərait yaratmamaqla yanaşı, xidməti fəaliyyətini qiymətləndirərkən aşkarlığı və obyektivliyi təmin etməmiş, əsassız olaraq xidməti fəaliyyətini qeyri-qənaətbəxş qiymətləndirmişlər ki, bununda əsasında iddiaçını xidmətdən xaric etmişlər. Rusiya Federasiyası X3 iddiaçının 5 il ərzində aldığı ixtisas üzrə təhsilini təcrübədə tətbiq etməsi üçün heç bir şərait yaradılmamışdır. Belə ki, iddiaçı Rusiya Federasiyası Volqoqrad Polis Akademiyasına "Məhkəmə Eksperti, Ekspert- Kriminalist” ixtisası üzrə təhsil almağı üçün DİN-nin xüsusi təyinatı ilə göndərilmişdir və həmin təhsil müəssisəsini müvəffəqiyyətlə bitirmişdir. İddiaçı Rusiya Federasiyası X4 rəisi tərəfindən dəfələrlə fəxri fərmanla təltif edilmişdir. Xidmətdən xaric edilmə ən sərt və sonuncudur. İddiaçıya əvvəllər hər hansı intizam tənbehi tədbiri tətbiq edilməmişdir. İddiaçının xidmətdən xaric edilməsi qanuna ziddir və onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Xüsusi ilə qeyd olunmalıdır ki, iddiaçı işdən azad olunması barədə əmri almamış və mövcud qanunvericiliyə uyğun olaraq hansı səbəbə görə işdən azad olması məlum deyil. Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnamənin 116-ci maddəsinə əsasən həvəsləndirmə tədbirləri və intizam tənbehləri, daxili işlər orqanlarının vəzifəli şəxsləri tərəfindən onlara verilən səlahiyyətlər hüdudunda tətbiq edilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən daxili işlər orqanları əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Əsasnamənin 114-cü maddəsinin 1, 2 və 3-cü bəndlərində göstərilən intizam tənbehləri tətbiq edilə bilər. Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnamənin 117-ci maddəsinə əsasən Daxili işlər orqanları əməkdaşlarının xidmət üzrə tabe olduqları rəis, tabelikdə olan əməkdaş üçün vəzifəyə ən yaxın rəhbər işçidir. Xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına məzəmmət, töhmət, şiddətli töhmət kimi intizam tənbehləri tətbiq edilə bilər. Daxili təhqiqatın əsas prinsplərindən biri “barəsində araşdırma aparılan şəxsin nədə təqsirli bilinməsini bilməsidir”, lakin bu barədə iddiaçıya heç nə deyilməmiş, məhz bu hüquq pozuntusu kimi qiymətləndirilməlidir. İddiaçının müəmmalı və kriminal həyat tərzi keçirən şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaratmaqla şəxsi münasibətlər qurması barədə olan məlumatlar tam əsassızdır. İddiaçı Azərbaycan Respublikasında təhsili ilə bağlı uzun müddət yaşamamışdır. Əməliyyat müvəkkili vəzifəsində isə cəmi 1 il 2 aya yaxın müddət ərzində xidmət etmişdir. R.Abasovun sağlamlığına ağır xəsarət yetirilməsi faktı üzrə ziddiyyətli izahatlar verilməsi ilə bağlı qeyd olunanlarla əlaqədar bildirir ki, iddiaçı polis bölməsinə daxil olarkən oranın rəhbərliyi tərəfindən şərəf və ləyaqətinə hörmət etmədən onun üzərinə səsini ucaldaraq sanki cinayətkar kimi ona “sən cinayətkarsan” və başqa nalayiq ifadələrə yol vermişlər. Bu azmış kimi iddiaçını Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə hədələmişlər. Əlbəttə, bu cür münasibətdən sonra əsəbləşdiyinə görə izahatında iddiaçı bildirmişdir ki, o heç nə bilmir, heç kimi tanımır və istintaq dövründə ifadə verəcəkdir. İddiaçı evə getdikdən sonra onunla məsləhətləşmişdir, o da iddiaçıya səbirli olmasını və onlar barəsində olan məlumatları verməsini tövsiyə etmişdir. İddiaçı da bildiyi məlumatları istintaqa təqdim etmiş, işin tam və hər tərəfli araşdırma aparılmasına, obyektivliyin təmin olunmasına bacardığı köməkliyi göstərmişdir. Tapşırılan sahənin işini təmin etməməsi barədə məlumatla bağlı bildirilir ki, bu tamamilə həqiqəti əks etdirmir. Belə ki, iddiaçı əməliyyat işinə qısa müddətdir ki, təyin olunmuşdur. Bu sahədə hər hansı nöqsanı olmayıb və işini hami-tərbiyəçinin nəzarəti ilə qurmuşdur. Sürücülük vəsiqəsi olmadan iddiaçının nəqliyyat vasitəsini idarə etməsi barədə deyilənlər də qərəzlidir. Dəfələrlə onun və nəqliyyat vasitəsinin ərazidə tanınmadığını əsas gətirərək bölmə rəhbərliyinin tapşırığı ilə iddiaçıya məxsus nəqliyyat vasitəsinin xidməti zərurətlə əlaqədar istifadə edilməsinə heç bir irad tutmadığı halda, bu məsələ bu gün qərəzli olaraq şişirdilir. Azərbaycan Repııblikasının Konstitusiyasının 35-ci maddəsinə görə hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ təsbit edilsə də, iddiaçı bu hüququndan məhrum edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən “heç kəs törətmədiyi əmələ görə cazalandırıla bilməz”, lakin iddiaçı təqsirsiz olaraq cəzalandırılmışdır, həm də ən sərt formada. “Vətəndaşların müraciətlərinə baxılması” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların şikayətlərini baxmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır. İddiaçı xidmətə qəbul olunduğu vaxtdan xaric olunduğu vaxtadək hər hansı intizam pozuntusu törətməmiş, cəza almamış, həmişə özünü nümunəvi aparmışdır. DİN-nin DTİ-nin iddiaçı barəsində apardığı yoxlama öz obyektivliyini əks etdirmir. İddiaçının cinayət aləminin ünsürləri ilə əlaqələrinin möcudluğunu təsdiq edən heç bir sübutları olmadan barəsində qeyri-obyektiv və qərəzli rəy çıxarmışlar və onun əsasında iddiaçını daxili işlər orqanlarından ədalətsiz olaraq xaric etmişlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X9 iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasnda cavabdehin nümayəndəsi və vəkili X6 izahatında bildirdi ki, Bakı Şəhər BPİ-nin rəisi polis general-mayoru M.Seyidovun raportu əsasında 2019-cu ilin aprel ayında aparılmış xidməti təhqiqatla müəyyən olunmuşdur ki, Suraxanı RPİ 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili İddiaçı müəmmalı həyat tərzi keçirən Ramil Mədədov, eləcə də əvvəllər CM-nin 126.1-ci maddəsi ilə məhkum olunmuş, Səbail RPİ İŞdə istintaqı tamamlanmış ********* nömrəli cinayət işi üzrə CM-nin 221.3, 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Saleh Həsənovla 2018-ci ildən xidməti zərurətlə bağlı olmayan əlaqələr yaradaraq şəxsi münasibətlər qurmuşdur. xx.xx.2019-cu il tarixdə saat 22:00 radələrində Yasamal rayonu ərazisində taksi sürücüsü Rafiq Abasova bıçaqla ağır xəsarət yetirilməsi faktı ilə bağlı xx.xx.2019-cu il tarixdə Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi E.Vəliyev tərəfindən CM-nin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Keçirilmiş istintaq-əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, Ramil Mədədov və Saleh Həsənov hadisə baş verməmişdən bir qədər əvvəl polis leytenantı İddiaçı idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə Yasamal rayonu, Şərifzadə küçəsindən Bakı Dəniz Vağzalının qarşısına gəldikdən sonra zərərçəkmiş Rafiq Abasovun idarə etdiyi “Daewoo" markalı avtomobilə əyləşib Suraxanı rayonu istiqamətinə getmiş, həmçinin hadisədən sonra CA üzrə əməliyyat müvəkkili İddiaçı S.Həsənovu Suraxanı, R.Mədətovu isə Yasamal rayonları ərazisindən öz avtomobili ilə yaşadıqları ünvanlara aparmışdır. Polis leytenantı İddiaçı göstərilən xüsusatlara aydınlıq gətirilməsi üçün istintaqa dəvət edilsə də həmin şəxslər barədə məlumat verməkdən yayınmış, xx.xx.2019cu il tarixdən müstəntiq Elnur Vəliyevin zənglərinə cavab verməmiş, xx.xx.2019-cu il tarixdə isə şahid qismində verdiyi ifadəsində göstərilən şəxsləri tanımadığını bildirsə də, növbəti gün həqiqəti etiraf etmiş, bununla da R.Abasovun ağır xəsarət alması faktı üzrə vaxtında, tam və hərtərəfli araşdırma aparılmasına köməklik göstərməmişdir. Göstərilən faktla bağlı Bakı Şəhər BPİ-də xidməti təhqiqat aparılaraq polis leytenantı İddiaçı DİO-da xidmətdən xaric olunmasına dair DİN rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. Həmçinin CA üzrə əməliyyat müvəkkili İddiaçı xidməti fəaliyyətində də ciddi nöqsanlara yol vermiş, əlaqəsindəki məxfi əməkdaşlarla işi zəif təşkil etmiş, bağlı qalmış cinayətlərin açılmasına səy göstərməmiş, istintaq təcridxanalarına və cəzaçəkmə müəssisələrinə sorğular göndərməmiş, axtarışda olanların tutulması, itkin düşmüş şəxslərin tapılması, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində heç bir iş görməmiş, eləcə də sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etmişdir. Xidməti təhqiqat zamanı Suraxanı RPİ 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili İddiaçı kriminalla əlaqəli, həmyaşıdı olmayan müəmmalı həyat tərzi keçirən şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaratmasının səbəbini aydınlaşdırmamış, yaşadığı Nardaran qəsəbəsindən uzaq yol qət edərək Yasamal rayonu, Şərifzadə küçəsinə gəlməsi, əvvəllər məhkum olunmuş Saleh Həsənovun tapşırığına əsasən hərəkət etməsi, cinayət başa çatdıqdan sonra isə Ramin və Salehi sifariş olunan ünvanlara çatdırması kimi xüsusatların motivini izah edə bilməmişdir. Bundan əlavə polis leytenantı İddiaçı cinayət hadisəsi ilə bağlı Yasamal RPİ 27-ci PB və İstintaq şöbəsində aparılan araşdırmalarda qeyri-səmimi mövqe tutmasını, həmkarlarına köməklik etməməsini, baş vermiş hadisə barədə məlumatsız olması, eləcə də işinə görə qorxması ilə əlaqələndirmiş, halbuki sərbəst izahatında Saleh və Raminin həmin gün tanışı ilə mübahisə etməsi barədə ona məlumat verməsini qeyd etmişdir. Qeyd olunan hal onun xx.xx.2019-cu il tarixdə baş vermiş hadisə barədə məlumatlı olmasını təsdiqləyir və hadisədə iştirak edənlərin şəxsiyyəti barədə məlumatları həmkarlarından qərəzli olaraq gizlətməsinə dəlalət edir. DİN-in xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin 18-ci maddəsində göstərilmişdir ki, polis əməkdaşı kriminal və müəmmalı həyat tərzi keçirən, o cümlədən cinayətkar aləmdə tanınmış və nüfuza malik şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaratmamalı, şəxsi münasibətlər qurmamalı, onlarla hər hansı bir sövdələşmələrə getməməlidir. Kodeksin 2-ci maddəsində isə təsbit olunmuşdur ki, əməkdaş anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Azərbaycan Respublikası CPM-nin 95.4.1-ci maddəsində cinayət prosesim həyata keçirən orqanın çağırışı ilə istintaq hərəkətlərində iştirak etmək üçün gəlmək və dindirmədə ona məlum olan bütün hallar üzrə suallara tam və düzgün cavab vermək şahidin vəzifəsi kimi təsbit olunmuşdur. “Polis haqqında” Qanunun 3-cü maddəsində isə cinayətin qarşısını almaq, törədilmiş cinayətləri açmaq, cinayətkarları aşkara çıxarmaq və tutmaq polis əməkdaşının əsas vəzifələri kimi qeyd olunur. Qeyd olunan qəbahətlərə yol verdiyinə görə polis leytenantı İddiaçı DİN-in xx.xx.2019-cu il tarixli Ə255-001-19 nömrəli əmri ilə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ə255-001-19 saylı xx.xx.2019-cu il tarixli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Suraxanı RPİ 30cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili İddiaçı müəmmalı həyat tərzi keçirən Ramil Mədədov, eləcə də əvvəllər CM-nin 126.1-ci maddəsi ilə məhkum olunmuş, hazırda Səbail RPİ İŞ-də istintaqı tamamlanmış ********* nömrəli cinayət işi üzrə CM-nin 221.3, 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Saleh Həsənovla 2018-ci ildən xidməti zərurətlə bağlı olmayan əlaqələr yaradaraq şəxsi münasibətlər qurmuşdur. xx.xx.2019-cu il tarixdə saat 22.00 radələrində Yasamal rayonu ərazisində taksi sürücüsü Rafiq Abasova bıçaqla ağır xəsarət yetirilməsi faktı ilə bağlı xx.xx.2019-cu il tarixdə Yasamal RPİ-nin istintaq şöbəsinin müstəntiqi Elnur Vəliyev tərəfindən CM-nin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaq aparılır. Keçirilmiş istintaq-əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, vət. Ramil Mədədov və Saleh Həsənov hadisə baş verməmişdən bir qədər əvvəl polis leytenantı İddiaçı idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə Yasamal rayonu, Şərifzadə küçəsindən Bakı Dəniz Vağzalının qarşısına gəldikdən sonra zərərçəkmiş Rafiq Abasovun idarə etdiyi “Daewoo" markalı avtomobilə əyləşib Suraxanı rayonu istiqamətinə getmiş, həmçinin hadisədən sonra CA üzrə əməliyyat müvəkkili İddiaçı vət. S. Həsənovu Suraxanı, vət.R.Mədətovu isə Yasamal rayonlan ərazisindən öz avtomobili ilə yaşadıqlan ünvanlara aparmışdır. Polis leytenantı İddiaçı göstərilən xüsusatlara aydınlıq gətirilməsi üçün istintaqa dəvət edilsə də həmin şəxslər barədə məlumat verməkdən yayınmış, xx.xx.2019-cu il tarixdən müstəntiq Elnur Vəliyevin zənglərinə cavab verməmiş, xx.xx.2019-cu il tarixdə isə şahid qismində verdiyi ifadəsində göstərilən şəxsləri tanımadığını bildirsə də növbəti gün həqiqəti etiraf etmiş, bununla da vət. R.Abasovun ağır xəsarət alması faktı üzrə vaxtında, tam və hərtərəfli araşdırma aparılmasına köməklik göstərməmişdir. Göstərilən faktla bağlı Bakı şəhər BPl-də xidməti təhqiqat apanlaraq polis leytenantı İddiaçı DİO-da xidmətdən xaric olunmasına dair DİN rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. Göstərilənlərə əsasən “Polis haqqında” Qanunun 3, 13, 15 və 29-cu, "Yol hərəkəti haqqında” Qanunun 36-cı, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi"nin 1, 2, 3, 4, 17, 18, 20 və 22-ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin, DİN-in xx.xx.2017-ci il tarixli Q001-17 qərarı ilə təsdiq olunmuş Təlimatın, xx.xx.2013-cü il tarixli KQ-2/1 və xx.xx.2017-ci il tarixli KQ-4/1 nömrəli Kollegiya qərarlarının, DİN-in xx.xx.2014-cü il tarixli G53-001-14 nömrəli göstərişinin tələblərini pozaraq müəmmalı və kriminal həyat tərzi keçirən R.Mədədov və S.Həsənovla xidməti zərurətlə bağlı olmayan əlaqələr yaradaraq şəxsi münasibətlər qurduğuna, vət. R.Abasovun sağlamlığına ağır xəsarət yetirilməsi faktı üzrə ziddiyyətli izahatlar verməklə vaxtında, tam və hərtərəfli araşdırma aparılmasına, obyektivliyin təmin olunmasına köməklik göstərmədiyinə, tapşırılan sahənin işini təmin etməməklə xidməti fəaliyyəti qeyri-qənaətbəxş olduğuna, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyinə, xidməti təhqiqat zamanı qeyri-səmimi mövqe tutduğuna, habelə rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Suraxanı RPİ 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsi tərəfindən X2 ünvanlanmış xx.xx.2020-ci il tarixli və xx.xx.2019-cu il tarixli məktublarda qeyd olunur: Oğlunuz İddiaçı Suraxanı RPİ 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən müəmmalı və kriminal həyat tərzi keçirən R.Mədədov və S.Həsənovla xidməti zərurətlə bağlı olmayan əlaqələr yaradaraq şəxsi münasibətlər qurduğuna, vət. R.Abasovun sağlamlığına ağır xəsarət yetirilməsi faktı üzrə ziddiyyətli izahatlar verməklə vaxtında, tam və hərtərəfli araşdırma aparılmasına, obyektivliyin təmin olunmasına köməklik göstərmədiyinə, tapşırılan sahənin işini təmin etməməklə xidməti fəaliyyəti qeyri-qənaətbəxş olduğuna, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə DİN-in müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Oğlunuz İddiaçı barəsində qəbul edilmiş qərar əsaslıdır və onun dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmir. Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin: 1-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmət keçmə - bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür; 2-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmət keçmə haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və "Polis haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu Əsasnamədən, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarından ibarətdir; 108-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidməti intizam - əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir; 135-ci maddəsinə əsasən daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı - Suraxanı RPİ 30-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili İddiaçı daxili işlər orqanlarında xidmət etmişdir. İddiaçı müəmmalı həyat tərzi keçirən, eləcə də əvvəllər məhkum olunmuş şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaradaraq şəxsi münasibətlər qurmuş, onları idarə etdiyi avtomobillə yaşadıqları ünvanlara aparmış, iddiaçı göstərilən xüsusatlara aydınlıq gətirilməsi üçün istintaqa dəvət edilsə də həmin şəxslər barədə məlumat verməkdən yayınmış, müstəntiqin zənglərinə cavab verməmiş, şahid qismində verdiyi ifadəsində həmin şəxsləri tanımadığını bildirsə də növbəti gün həqiqəti etiraf etmiş, bununla da faktı üzrə vaxtında, tam və hərtərəfli araşdırma aparılmasına köməklik göstərməmiş, eyni zamanda sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etmişdir. Göstərilənlərlə əlaqədar onun barəsində xidməti təhqiqat aparılmış və rəy tərtib edilmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ə255-001-19 saylı xx.xx.2019-cu il tarixli əmri ilə müəmmalı və kriminal həyat tərzi keçirən şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaradaraq şəxsi münasibətlər qurduğuna, vət. R.Abasovun sağlamlığına ağır xəsarət yetirilməsi faktı üzrə ziddiyyətli izahatlar verməklə vaxtında, tam və hərtərəfli araşdırma aparılmasına, obyektivliyin təmin olunmasına köməklik göstərmədiyinə, tapşırılan sahənin işini təmin etməməklə xidməti fəaliyyəti qeyri-qənaətbəxş olduğuna, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyinə, xidməti təhqiqat zamanı qeyri-səmimi mövqe tutduğuna, habelə rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı daxili işlər orqanlarında xidmətdən qanunvericiliyin tələblərinə əməl olunmaqla xaric edilmişdir. Bu səbəbdən iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar