Məhkəmə qərarları › İş №2-1(112)-10006/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10006/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10006/2025 03.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın yenidən yazılması və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona mənzil ayrılmasına dair sərəncamın yenidən yazılması və mənzilə çıxarış alması üçün qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-1998-ci illərdə Nəsimi rayon 17 nömrəli MİS-də süpürgəçi və dalandar vəzifələrində çalışaraq, 1993-cü ildə xidməti mənzillə təmin olunmuşdur və həmin mənzildə 33 ildir ki, ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. Bu illər ərzində mənzilin nömrəsi ilə bağlı hər hansı problemi olmayıb, lakin orderdə mənzilin nömrəsi 29 qeyd edildiyi halda, arxivdən gələn sərəncamın yuxarı hissəsində mənzilin nömrəsi 39 kimi göstərilmişdir. Bu səbəbdən iddiaçı çıxarış ala bilmir. Məsələ ilə bağlı cavabdehə müraciət etsə də, imtina cavabı almışdır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibət (etiraz) təqdim etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsini zəruri saymış və tərəflərin fikri dinlənilmiş, iddiaçıya zəruri hüquqi təkliflər verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini olduğu kimi müdafiə etdiyini qeyd edərək məqsədinin ona ayırlmış mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması olduğunu və buna görə də orderin verilməsi üçün əsas olmuş sərəncamda düzəliş edilməsi üçün hazırkı iddia ilə məhkəməyə müraciət etdiyini bildirmiş, tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarında olan: -Cavabdeh xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçıya xidməti mənzil verilməsi barədə Nəsimi Rayon İcra Hakimiyyəi başçısının 569/9 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamında mənzilin nömrəsinin 29-a düzəldilməsi barədə rayon icra hakimiyyətinə daxil olmuş ərizəsinə baxılmış və sözügedən sərəncamın verilməsinə əsas olmuş ilkin sənədlərin rayon icra hakimiyyətində saxlanılmadığı bildirilərək təmin edilməsindən imtina edilmişdir. -Bakı şəhəri Cavabdeh başçısının 569/9 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamının arxiv surətində göstərilmişdir ki, Nəsimi RİH-in 1132 nömrəli, 9.12.92-ci il tarixli sərəncamı ilə 17 nömrəli MİS-nə xidməti istifadə etmək üçün Azadlıq prospekti 41 nömrəli evdə, 2 otqadan ibarət yaşayış sahəsi 30,82 kv.m olan 29 nömrəli mənzil verilmişdir. Yuxarıda göstərilən mənzil 17 nömrəli MİS-in rəhbərliyi və həmkarlar ittifaqının 1 nömrəli xx.xx.1993-cü ildə keçirilmiş birgə iclasının qərarı ilə 4 nəfərdən ibarət ailə üzvü olan İddiaçı verilmişdir. Göstərilənləri nəzərə alaraq İddiaçı iki otaq yaşayış sahəsi olan 30,82 kv.m olan Azadlıq prospekti 41 nömrəli evin 39 nömrəli mənzilinə xidməti order verilməsi qərara alınmışdır. -Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş orderin surətindən görünür ki, həmin mənzilin dörd nəfər ailə üzvü ilə İddiaçı verilməsinə dair Cavabdeh başçısının 569/9 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamı əsasında xx.xx.1993-cü il tarixli order tərtib və təsdiq edilmişdir. Orderin yuxarı hissəsində “969 nömrəli sərəncam ilə mənzil 30-un 29-a düzəliş edilməsi etibarlıdır” qeydi aparılmış və Cavabdeh möhürü ilə təsdiq edilmişdir. -Müvafiq sorğuya cavab olaraq Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh başçısının 969 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamından görünür ki, 1. Cavabdeh başçısının 569/9 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamında qismən dəyişiklik edilməklə, Azadlıq prospekti 41 nömrəli evin 30 nömrəli mənzilinin əvəzinə 29 nömrəli mənzil və X3 və X1 familiyaları səhvən yazıldığına görə X4 və X5 yazılsın. 2. Xidməti orderdə qeyd edilsin. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd olunur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Ali Məhkəmənin qeyd olunan Plenum Qərarında həmçinin vurğulanır ki, İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (4.1, 5.1, 5.2, 6.1 və 6.2-ci bəndlər). İşin halları və iddiaçının məhkəmə iclasında verdiyi izahatla müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı və məqsədi mahiyyət etibarilə Nəsimi Rayon İcra Hakimiyyəi başçısının 569/9 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamı əsasında verilmiş xx.xx.1993cü il tarixli order üzrə isitfadəsinə ayrılan Bakı şəhəri, Azadlıq prospekti 41 saylı evin ev, 2 nömrəli mənzili üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına yönəlmişdir. Bu niyyətini həyata keçirmək üçün orderin verilməsi üçün hüquqi baza rolunu oynayan Cavabdeh başçısının 569/9 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamına mənzilin nömrəsinə (39-dan 29-a) düzəliş edilməsi üçün ecavabdehə müraciət etmiş, müraciəti təmin edilmədikdən sonra hazırkı iddia ilə məhkəmədə iddia irəli sürmüşdür. Məhkəmə ilk növbədə hesab edir ki, iddiaçının konkret halda hüquqi marağına uyğun olaraq hüquqi müdafiəyə ehtiyacı yaranmamışdır. Halbuki, iddianın mümkün sayılması baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Belə ki, iş materiallarında olan Cavabdeh başçısının 969 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamından göründüyü kimi, Cavabdeh başçısının 569/9 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamında mənzilin nömrəsi səhv yazıldığı nəzərə alınaraq iddiaçıya ayrılmış mənzilin nömrəsi 29 kimi düzəliş edilmiş, bu barədə mənzilin orderində həmin düzəlişə istinad edilərək müvafiq dəyişiklik aparılmışdır. Bundan başqa iddiaçı hazırkı tələbi irəli sürərkən qanunvericilikdə təsbit edilmiş və onun qoruma sferası ilə bağlı hədləri nəzərə almamış, hüquqi marağına nail olmaq üçün əlverişli iddia növündən istifadə etməmişdir. Belə ki, hazırkı tələbin iddiaçı üçün uğurlu olması belə, ona istədiyi məqsədə çatması ilə nəticələnmir. Hazırkı iddia bu məqsədin həyata keçirilməsi üçün sadəcə sübut toplama vasitəsi kimi çıxış edir. Belə olan halda iddiaçının istinad etdiyi inzibati aktla ona ayrıldığını bildirdiyi mənzil üzərində üzərində hüquqlarının qeydiyyata alınması üçün hüquqi marağını təsdiq edən sənədləri əlavə etməklə aidiyyəti üzrə daşınmaz əmlakın dövlət qeydiyyatını həyata keçirən orqana müraciət etmək, arzuladığı məqsədə nail ola bilmədiyi halda isə həmin orqana qarşı inzibati məhkəmə icraatı qaydasında müvafiq tələbə uyğun iddia irəli sürməklə düzgün hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququ vardır. İPM-in 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, aparılmış araşdırma ilə iddiaçı hüquqi marağına uyğun olmayan əlverişsiz iddia növündən istifadə etdiyindən və iş üzrə cavabdeh tərəfindən hansı hüquqlarının pozulduğu və ya hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi əsaslandırılmadığından hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar