Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1001/2020 03.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X21 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X5, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı – soyadın dəyişdirilməsi barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı onun xx.xx.1986-cı il təvəllüdlü İddiaçı soyadının dəyişdirilərək “Ələsgərova” qeyd edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun birgə nikahdan olmayan 23 yanvar 2013-ci il təvəllüdlü X13 adlı övladı var. Övladı dünyaya gələndə ilkin olaraq adı, soyadı və ata adı X1 qeyd edilmişdir. Birgə nikahda olmadığı lakin faktiki ailə münasibətində olduğu X8, oğlunu qəbul etmişdir və övladının doğum haqqında şəhadətnaməsində ata qrafasında X9 qeyd etməsini xahiş etmişdir. Bununla bağlı onlar qeydiyyat şöbəsinə müraciət edərək övladının doğum haqqında şəhadətnaməsini dəyişdirmişlər və ata qrafasında X8 qeyd edilərək övladının tam adı X3 qeydiyyata alınmışdır və bununla bağlı 10 iyul 2018-ci il tarixli, AZ-İ 341499 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Oğlunun soyadı Qurbanov olması və onun soyadı Ələsgərova qalması onların sənədləşdirilmə işlərində müəyyən problemlərə gətirib çıxardırdı. Bununla bağlı qərara gəlmişdir ki, oda oğlunun soyadını götürsün. Bununla bağlı qeydiyyat şöbəsinə müraciət edərək, Ələsgərova soyadını dəyişdirərək Qurbanova soyadı götürmüşdür.Bir müddətdən sonra birgə yaşadığı X8 ilə münasibətlər kəskin şəkildə pisləşmişdir. Həmin zaman X8 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək övladının atası olmadığını və övladının doğum haqqında şəhadətnaməni ləğv edilməsi ilə bağlı iddia qaldırmışdır. Qaradağ Rayon Məhkəməsi öz növbəsində 01,05.2019-cu il tarixli, 2(002)-888/2019 nömrəli qətnaməsi ilə X4 iddiasını qismən təmin edərək, 10 iyul 2018-ci il tarixli, AZ-İ 341499 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməni ləğv etmişdir. Qaradağ Rayon Məhkəməsi 10 iyul 2018-ci il tarixli AZ-İ 341499 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin ləğv edəndən sonra, övladına yeni doğum haqqında şəhadətnamə verilmiş və onun göstərişi əsasında ata adı qrafasında X10 qeyd olunmuşdur. Beləliklə, onun övladının ata adı və soyadı yenə dəyişdirilərək tam adı X7 qeydiyyata alınmışdır. Qeyd edir ki, o, oğlunun ata adı qrafasında öz atasının adını qeyd etmiş, soyadını isə əvvəl onun qız soyadını qoymuş yəni “Ələsgərov”. Övladının yenidən Ələsgərov soyadına keçməsi və onun Qurbanova soyadında qalması onlara yenidən hər hansı bir sənədləşmə işində müəyyən problemlər yaradır. Bununla bağlı o, Bakı şəhəri Cavabdehnə müraciət edərək xahiş etmişdir ki, onun soyadı dəyişdirilərək keçmiş eyni zamanda indiki övladının soyadı yani Ələsgərova olaraq qeyd edilsin. Həmin müraciətinə Bakı şəhəri Cavabdeh xx.xx.2019-cu il tarixli. 05/Q-12/55 nömrəli məktubu ilə cavab verərək soyadının dəyişdirilməsindən imtina etmişlər. O, qeyd edir ki, o, Qurbanova soyadını əvvəllər qeydiyyat aktlarında və digər sənədlərdə qeyd olunan və onun öz soyadına yəni "Ələsgərova"ya qayıtmasını Bakı şəhəri Cavabdehndən xahiş etmişdir. Qurbanova soyadını o, oğlunun atalığı müəyyən ediləndən sonra, oğlunun soyadını götümüşdür və hal-hazırda həmən sənəd məhkəmə qərarı ilə ləğv edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən hər hansı bir münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan iddiaçıya dair inzibati icraat materiallarından müəyyən edilir ki, iddiaçı barəsində onun xx.xx.1986-ciı il tarixdə Gədəbəy rayonu, Maarif kəndində anadan olmasına dair akt qeydi tərtib edilmişdir. Həmin akt qeydinə xx.xx.2018-ci il tarixdə düzəliş edilərək, soyadı “Ələsgərova”-dan “Qurbanova”-ya dəyişiklik edilmişdir. Bu barədə Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli “Adın, ata adının, soyadın dəyişdirilməsi haqqında” akt qeydinə əsasən xx.xx.2018-ci il tarixli, AZ-İ seriyalı, 021482 nömrəli yeni doğum haqqında şəhadətnamə verilmişdir. İşdə olan iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının soyadı “Qurbanova” qeyd edilmişdir. İşdə olan cavabdeh tərəfindən ididaçıya verilmiş 05/Q-12/55 nömrəli, xx.xx.2019-cu il tarixli imtina məktubunun surətindən görünür ki, ididaçının soyadının “Ələsgərova”-dən “Qurbanova”ya dəyişiklik edilməsi barədə müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli Qərarının 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən ona, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İşdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçı öz soyadını (soyad sonluğunu) artıq xx.xx.2018-ci il tarixdə dəyişdirmiş, buna dair qeydiyyat orqanı tərəfindən yeni doğum haqqında şəhadətnamə də verilmişdir. Göründüyü kimi, faktiki olaraq iddiaçının soyadı artıq bir dəfə dəyişdirilmiş, onun soyadının “Ələsgərova” dan, “Qurbanova”ya dəyişdirilməsi, onun soyadının yenidən, növbəti dəfə dəyişdirilməsi deməkdir ki, qanunvericiliyin normaları isə buna imkan vermir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”nın təsdiq edilməsi barədə 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarının 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-6.28-ci bəndlərində isə qeyd edilir ki, Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Həmin Qərarın 5.10-cu bəndinə əsasən Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Qanunvericiliyin normalarından göründüyü kimi, qanunverici yalnız soyadın növbəti dəfə dəyişdirilməsinə yuxarıda göstərilən hallarda mümkün hesab etmişdir ki, iddiaçıda həmin hallar mövcud olmamış, o, soyadını götürdüyü şəxslə rəsmi nikahda olmamışdır, bu səbəbdən də həmin qaydalar iddiaçıya münasibətdə şamil edilə bilməz. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən soyadın dəyişdiriməsinə növbəti dəfə yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”nın təsdiq edilməsi barədə 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarının 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verildiyindən, eləcə də, həmin Qərarın 5.10-cu bəndinə əsasən soyadın sonluğunun yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmədiyindən, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Odur ki, iddiaçının hazırki tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60.2-ci maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraqməhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1001/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1001/2020
03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver