Məhkəmə qərarları › İş №2-1(112)-10010/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10010/2025

04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10010/2025 04.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil X1, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “qeyri-yaşayış sahəsinin öz adına özəlləşdirilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 19 ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 5,9 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin iddiaçının adına özəlləşdirilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh (icarəyə verən) ilə iddiaçı (icarəçi) arasında xx.xx.2024-cü il tarixli, 4625 saylı dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən, cavabdehin xx.xx.2024-cü il tarixli, 28 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 19 ünvanında, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 5,9 kv.m təşkil edən Nəsimi rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin balansında olan qeyri-yaşayış sahəsinin xidmət məqsədilə iddiaçının müddətli istifadəsinə verilmişdir. Həmin icarə müqaviləsinə əsasən, icarə haqqının məbləği bir ay üçün 100 manat müəyyən edilmiş və icarə müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək müəyyən edilmiş, daha sonra müqavilə tələbləri çərçivəsində, yəni müqavilənin 3.1-ci maddəsi üzrə yenidən müddəti 1 il müddətinə uzadılmışdır. Bütün müddətlər üzrə hazırki iddiaçı tərəfindən müqavilə şərtləri qeyd-şərtsiz, qüsursuz icra edilmişdir. Eyni zamanda müqavilə öhdəlikləri pozulduğu təqdirdə cavabdeh orqan əsla müqavilə müddətinin uzadılmasını təmin etməz, əksinə müqaviləyə xitamın əsasları ilə çıxış etmiş olardı. İcarə müqaviləsi üzrə bu günədək icarə haqları gecikdirilmədən ödənilmiş, bütün müqavilə öhdəlikləri düzgün olaraq yerinə yetirilmişdir. İcarəyə verilmiş həmin “pilləkənaltı” sayılan qeyri-yaşayış sahəsinin heç bir tikinti yerinə aidiyyatı yoxdur. O, ayrıca bir tikili formasındadır və müqavilədə qeyd edilməsinə baxmayaraq, orada yaşayanların ümumi istifadəsində olan sahə deyildir. Eyni zamanda əgər belə hal olsaydı dövlət tərəfindən onun ixtiyarına icarəyə verilməsi qeyrimümkün olardı. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2022-ci il 21 fevral tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi müsadirə edilmiş əmlakın hərraca çıxarılması və hərracda satılması barədə” Təlimata əsasən sözügedən qeyri-yaşayış sahəsi hərraca çıxarılaraq, tərəfindən satın alınaraq “hərrac protokolu” əsasında rəsmiləşdirilməsi və özəlləşdirilməsi zərurəti mövcuddur. Cavabdehin imtinası əsassızdır. Daşınmaz əmlakın balansaxlayıcısı olan Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi həmin əmlakın iddiaçının adına özəlləşdirilməsinə razılıq məktubu vermişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19 fevral 2024-cü il tarixli, 4625 nömrəli icarə müqaviləsinin 7.1-ci bəndinə əsasən həmin müqavilə icarəçiyə icarəyə götürdüyü sahəni özəlləşdirmək hüququ yaratmır. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 19 ünvanında yerləşən 5,9 kv.m qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının icarəsindədir. İddiaçının icarəsində olan qeyri-yaşayış sahəsi pilləkanaltı sahə olması səbəbindən həmin sahənin yalnız icarə əsasında istifadəyə verilməsinin mümkünlüyü iddiaçıya bildirilmişdir. Qanunvericiliyin müvafiq tələblərinə əsasən mülki hüququn subyektləri müqavilələr, o cümlədən özlərinə məxsus əmlaklar barədə müqavilələr bağlamaqda sərbəstdirlər və onlar müqavilə bağlamağa məcbur edilə bilməzlər. Bu səbəbdən, iddiaçının onunla torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanılmasına cavabdehin məcbur edilməsi barədə tələbi əsassızdır. Bundan əlavə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 7.1-ci bəndindən görünür ki, icarəçi mübahisə predmeti olan sahəni özəlləşdirmək hüququnun olmaması ilə bağlı üzərinə öhdəlik götürmüş və qeyd olunan şərt əsas götürülməklə həmin sahə onun icarəsinə verilmişdir. Nəzərə alınmalıdır ki, müqavilədə cavabdehin üzərinə həmin sahənin gələcəkdə özəlləşdirilməsi ilə bağlı hər hansı vəzifə qoyulmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya yazılı etirazın məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh tərəfindən məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 19 ünvanında yerləşən Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan 2 mərtəbəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 5,9 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 4625 nömrəli icarə müqaviləsi və bununla bağlı sənədlər məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2024cü il tarixli, 4625 nömrəli icarə müqaviləsinə əsasən icarəyəverən (cavabdeh) Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 19 (registr № ***-*******0-008) ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən,ümumi sahəsi 5.9 kv.m təşkil edən Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təssərrüfatı Departamenti, Nəsimi rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin balansında olan qeyri-yaşayış sahəsinin xidmət məqsədilə icarəçinin (iddiaçının) müddətli istifadəsinə vermişdir. Həmin icarə müqaviləsinin 2.1-ci bəndində əsasən bir aylıq icarə haqqı 100 manatdır. Həmin icarə müqaviləsinin 3.1-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müəyyən edilir. Həmin icarə müqaviləsinin 7.1-ci bəndinə əsasən bu müqavilə icarəçiyə icarəyə götürdüyü sahəni özəlləşdirmək hüququ yaratmır. Cavabdeh tərəfindən məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə cavabdehin arxivində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 19 ünvanında binanın birinci mərtəbəsində yerləşən özəlləşdirilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsinə əsas olan sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində qeyri-yaşayış sahəsinin öz adına özəlləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanuna əsasən dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir (1.0.1.); özəlləşdirmənin obyekti - özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir (1.0.3); özəlləşdirmə əqdi bu Qanuna uyğun olaraq dövlət əmlakının satıcısı ilə alıcısı arasında bağlanılan alqı-satqı müqaviləsidir (1.0.7. ). Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir (8.1). Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir (15.1.). Dövlət əmlakının özəlləşdirilməsi aşağıdakı üsullarla həyata keçirilir: 16.1.1. özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı; 16.1.2. dövlət müəssisələrinin fərdi layihələr üzrə özəlləşdirilməsi; 16.1.3. dövlət əmlakının ixtisaslaşdırılmış çek və pul hərraclarında satışı; 16.1.4. dövlət əmlakının hərraclar vasitəsilə satışı; 16.1.5. dövlət əmlakının investisiya müsabiqəsi vasitəsilə satışı; 16.1.6. icarəyə verilmiş dövlət əmlakının satışı; 16.1.7. dövlət müəssisələrinin müflis elan olunması yolu ilə satışı (16.1.). Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir (22.1.). Dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır (29.1.). Qanunun qeyd edilən müəddalarından görünür ki, dövlət əmlakının özəlləşdirilməsinin üsullarından biri də “icarəyə verilmiş dövlət əmlakının satışı” üsuludur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 19 ünvanında, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 5,9 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin öz adına özəlləşdirilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçı öz tələbinin əsası kimi onunla cavabdeh arasında həmin qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin bağlanmasına əsaslanır. Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (700.1). İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (700.2). Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (700.3). Həmin Məcəllənin əmlak kirayəsi ilə bağlı məsələləri tənzimləyən normalarında qeyd olunmuşdur ki, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir (689.1.). Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər (689.2.). Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər (697.1.). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, daşınmaz əmlakın (qeyriyaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2024-cü il tarixli, 4625 nömrəli icarə müqaviləsinə əsasən icarəyəverən (cavabdeh) Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 19 ünvanında, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 5,9 kv.m təşkil edən Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təssərrüfatı Departamenti, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında olan qeyriyaşayış sahəsinin xidmət məqsədilə icarəçinin (iddiaçının) müddətli istifadəsinə vermişdir. İddiaçı həmin müqaviləyə əsaslanaraq həmin qeyri-yaşayış sahəsinin onun adına özəlləşdirilməsini istəyir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 22.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4625 nömrəli icarə müqaviləsinin 7.1-ci bəndində nəzərdə tutulmuşdur ki, bu müqavilə icarəçiyə icarəyə götürdüyü sahəni özəlləşdirmək hüququ yaratmır. Yəni, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 19 ünvanında yerləşən qeyri-yaşayış sahəsi özəlləşdirilmək şərti ilə iddiaçıya icarəyə verilməmişdir. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (324.1). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (389.1). Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (389.2). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (390.1.). Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (390.2.). Göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4625 nömrəli icarə müqaviləsi iddiaçıya mübahisə predmeti olan sahəni özəlləşdirmək hüququ vermir. Müqavilənin 7.1-ci bəndindən də müəyyən edilir ki, icarəçi həmin sahənin özəlləşdirilməsi ilə bağlı hər hansı hüquqa malik deyil. Eyni zamanda, mülki qanunvericiliyin müvafiq tələblərinə əsasən dövlət əmlakının özəlləşdirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında və xüsusi qaydada həyata keçirilir. İcarə faktı öz-özlüyündə özəlləşdirmə hüququ yaratmır. Qanunvericiliyin tələblərinə əsasən də müqavilə azadlığı prinsipinə uyğun olaraq, heç bir şəxs qanunda nəzərdə tutulmayan hallarda müqavilə bağlamağa məcbur edilə bilməz. Göründüyü kimi tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən cavabdehin üzərinə mübahisə predmeti olan sahənin iddiaçının adına özəlləşdirilməsi barədə öhdəlik qoyulmamışdır. Yəni, cavabdeh qeyd edilən əmlakın iddiaçının adına özəlləşdirilməsi üçün hər hansı öhdəlik daşımır və belə bir müqavilə bağlamaq öhdəliyi cavabdehə həvalə edilə bilməz. İddiaçının “bərabərlik” prinsipinə əsaslanmasıilə bağlı qeyd edilməlidir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 19 ünvanında, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən digər qeyri-yaşayış sahələrinin müxtəlif fiziki və hüquqi şəxslərin adına özəlləşdirilməsi iddiaçı qarşısında cavabdehin belə bir öhdəliyinin yaranması üçün əsas deyildir. Çünki, iddiaçı “bərabərlik” prinsipinə o zaman əsaslana bilərdi ki, tərəflər arasında bağlanmış icraə müqaviləsində qeyri-yaşayış sahəsinin gələcəkdə iddiaçının adına özəlləşdirilməsi məsələsi təsbi tedilmiş olsun. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “qeyri-yaşayış sahəsinin öz adına özəlləşdirilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar