Məhkəmə qərarları › İş №2-1(112)-10017/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10017/2021

20.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10017/2021 20.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “məlumatın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, 01 sentyabr 1995-ci il tarixdən 04 yanvar 1999-cu il tarixinədək “Rüfət-İZ” firmasında tərcüməçi vəzifəsində işləməyi nəzərə alınaraq, həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi, eləcə də bu barədə iddiaçıya, həmçinin X4 Güvenlik Kurumu Başkanlığı X5 X2 və Emeklilik Daire Başkanlığına müvafiq məlumat verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 01 sentyabr 1995-ci il tarixdən 04 yanvar 1999-cu il tarixinədək “Rüfət- İZ” firmasında tərcüməçi vəzifəsində işləmişdir. İddiaçı 22 iyul 2005-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşı ilə ailə qurmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X3 X8 Başkanlığı X5 Müdürlüğü Yurtdışı Sözleşmələr və Emeklilik Daire Başkanlığına ünvanladığı 05 sentyabr 2020-ci il tarixli məktubda İddiaçı 01.09.1995-04.01.1999-cu illər ərzində Azərbaycan Respublikasında işləmiş olduğu müəssisənin sənədlərinin dövlət arxivinə təqdim olunmadığı üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Halbuki, iddiaçı göstərilən müddətlərdə “Rüfət- İZ” firmasında işləmişdir və bu barədə iddiaçıya məxsus əmək Kitabçasında da müvafiq qeyd vardır. İddiaçı tərəfindən 26 iyul 2021-ci il tarixli müvafiq ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyinə müraciət edərək, 01 sentyabr 1995-ci il tarixdən 04 yanvar 1999-cu il tarixinədək “Rüfət-İZ” firmasında tərcüməçi vəzifəsində işləməyi nəzərə alınaraq, həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsini, eləcə də bu barədə iddiaçıya, həmçinin X4 Güvenlik Kurumu Başkanlığı X5 Hizmetlerinə müvafiq məlumatın verilməsinin təmin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinin 28 iyul 2021-ci il tarixdə cavabdeh quruma çatdırılmasına baxmayaraq, müraciətinə hər hansı bir cavab verilməmiş, beləliklə də əsassız olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir.

3. Məhkəmənin 19.11.2021-ci il tarixli mümkünlük iclasında tərəflər iştirak etmişdir, məhkəmə iş materiallarını araşdıraraq iddia tələbinin dəqiqləşdirilməsini təklif etmişdir. İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi üçün məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmişdir.

4. İşin hazırlıq icraatı üzrə 20.12.2021-ci il tarixli mümkünlük iclasında iştirak edən cavabdehin nümayəndəsi qaldırılmış tələb üzrə iddiaçının hüquqi marağına dair sübutlar təqdim edilmədiyindən iddianın mümkün sayılmamasını xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

17. Məhkəmə qeyd edir ki, konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı müəyyən etmək üçün iddiaçının hüquqi marağını təsdiq edən sübutlar təqdim edilməyib.

18. Qeyd edilənlərə müvafiq olaraq iddiaçıya məhkəmə tərəfindən hüquqi yardım göstərilmiş, iddia tələbi dəqiqləşdirilməmişdir.

19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar