Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10018/2023 29.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi, iddiaçıya əvvəllər təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya əvvəllər təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxxxxxx 1953-cü il tarixdə doğulmuşdur. Ona xx.xx.2008-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 1 yanvar 1993-cü il tarixdə qüvvəyə minmiş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 17-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının məbləği orta əmək haqqının 85%-i məbləğində hesablanmışdır. Ona pensiya təyin olunan tarixdən, yəni 28 oktyabr 2008-ci il tarixdən 2023-cü il yanvar ayınadək pensiya həmin məbləğdə ödənilmişdir. Son 13 ayda ödənilən aylıq məbləğ isə 2.267 manat olmuşdur. 1 fevral 2023cü il tarixdən isə, aylıq pensiya ödənişi 790,26 manat olmuşdur. Pensiyamın məbləğində kəskin azalma ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Müraciətə cavab məktubunda bildirilmişdir ki, sığorta kapitalına uyğun olaraq 28 oktyabr 2010-cu il tarixdən 31 yanvar 2023-cü il tarixədək olan dövr ərzində ona ödənilməli olan pensiya məbləği qanunazidd olaraq orta aylıq əmək haqqı əsas götürülməklə 28 oktyabr 2008-ci il tarixdən 31 yanvar 2023-cü il tarixədək olan dövr ərzində ödənilən pensiya məbləğindən çıxılaraq «Əmək pensiyaları haqqında» Qanunun tələbləri nəzərə alınmaqla artıq ödənilmiş 55.832,97 manat pul vəsaiti hər ay pensiya məbləğindən hissə-hissə tutularaq büdcəyə bərpa edilir. Cavabdeh orqan həmçinin imtinanın əsası kimi qeyd edir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 55 yaşı tamam olduğu 28 oktyabr 2008-ci il tarixdən deyil, 57 yaşı tamam olduğu 28 oktyabr 2010cu il tarixdən təyin edilməli idi. 1 yanvar 2010-cu il tarixdə «Əmək pensiyaları haqqında» Qanunun yeni redaksiyasına əsasən isə əmək pensiyası orta əmək haqqı məbləğinə yox, sığorta kapitalına əsasən hesablanmalı idi. İddiaçı göstərilən mövqe ilə razılaşmır. Belə ki, 1 avqust 1997-ci il tarixədək 25 il sığorta stajı toplanmışdır və bu müddətin 12 il 06 ayından çoxunu güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə çalışmışdır. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “b” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıya əsasən 55 yaşına çatmış kişilər azı 25 il sığorta stajı olduqda bu müddətin 12 il 06 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, o (iddiaçı), 1997-ci ilədək 25 il sığorta stajı toplamış və 12 il 06 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə çalışmışdır. Buna görə də 28 oktyabr 2008-ci il tarixdən 55 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bunu nəzərə alaraq pensiya məbləğinin hesablanması 1 yanvar 2010-cu il tarixdən «Əmək pensiyaları haqqında» Qanuna edilmiş dəyişikliyə uyğun hesablanmamalıdır. Yəni pensiya məbləği sığorta kapitalına uyğun yox, orta əmək haqqına uyğun hesablanmalı idi. «İnzibati icraat haqqında» Qanunun 62.1, 64.1-ci maddələrinə əsasən inzibati orqan pensiya məbləğindən tutulmaların həyata keçirilməsi ilə bağlı inzibati akt qəbul etməli və ona (iddiaçıya) rəsmi qaydada məlumat verməli idi. Lakin heç bir məlumat olmadan pensiyadan tutulmaların həyata keçirilməsi, habelə bununla bağlı inzibati orqan tərəfindən heç bir inzibati aktın qəbul edilməməsi qanunsuzdur və onun hüquqlarının kobud pozulması ilə nəticələnmişdir. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 20, 24-cü maddələrinə, İPM-in 12, 14-cü maddələrinə əsaslanaraq, İddiaçı 28 oktyabr 2008-ci il tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının orta əmək haqqının 85% uyğun olaraq hesablanıb ödənilməsi və 1 fevral 2023-cü il tarixdən məhkəmə qərarı qanuni qüvvəsini aldığı günədək pensiya ödənişlərdə yaranmış və ödənilməyən fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 24 iyun 2023-cü il tarixli məktubunda iddiaya etiraz olaraq qeyd olunur ki, İddiaçı iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-lllQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13cü maddəsinin “b” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 55 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şertlərlə pensiya yaşı kişilər üçün 57 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını toplamamış, dəyişiklikdən sonra kişilər 57 yaş həddinə çatmadıqda onlara həmin yaşdan güzəştlə şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (57 yaş) uyğun təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi apanlmaqla) əsasən hesablanılmasına başlanılıb. Araşdırma zamanı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu 28 oktyabr 2010-cu il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu 28 oktyabr 2008-ci il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. «Əmək pensiyaları haqqında» Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 1 yanvar 2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə 1 yanvar 2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası DSMF tərəfindən aşağıdakı qaydada hesablanıb. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 36 il 7 ay 11 gün təşkil edir. Bununla əlaqədar 1 yanvar 2006-cı il tarixədək iş stajına uyğun olaraq, «Əmək pensiyaları haqqında» Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə iddiaçının pensiyasının sığorta hissəsi 43,22 manat (36,61 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 66,98 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5525,28 manat sığorta kapitalına uyğun 38,37 (5525,28:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2010-cu il tarixinə 190,36 (66,98+38,37+85,00) manat məbləğində əmək pensiyası müəyyən edilib (xx.xx.2017-ci il tarixinədək indeksləşdirilməklə 257,45 manat). «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçının 30 iyul 2017-ci il tarixində işdən azad olmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 14.568,48 manat sığorta kapitalına görə əmək pensiyası «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (14.568,48 : 72 ay (144 ay - 72 ay) = 202,34 manat) yenidən hesablanaraq 459,79 (257,45 + 202,34) manat müəyyən edilib. «Əmək pensiyaları haqqında» Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanları nəzərə alaraq, iddiaçının pensiya sığorta kapitalına uyğun olaraq 28 oktyabr 2010-cu il tarixdən 31 yanvar 2023-cü il tarixədək olan dövr ərzində ona ödənilməli olan pensiya məbləği qanuna zidd olaraq orta aylıq əmək haqqı əsas götürülməklə 28 oktyabr 2008-ci il tarixdən 31 yanvar 2023-cü il tarixədək olan dövr ərzində ödənilən pensiya məbləğindən çıxılaraq, «Əmək pensiyaları haqqında» Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan tələbləri də nəzərə alınaraq, nəticədə ona 55.832,97 manat artıq pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 79,03 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. «Əmək pensiyaları haqqında» Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası 1 yanvar 2023-cü il tarixdən hesablanmaqla 790,26 manat məbləğində müvafiq kart hesabına köçürülür. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi, iddiaçıya əvvəllər təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının orta əmək haqqına uyğun hesablanıb ödənilməsi və ödənilməyən fərqin ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinin 1 iyul 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Həmin Qanunun 9.8-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, DSMF orqanı tərəfindən İddiaçı 55 yaşdan, yəni 28 oktyabr 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 27 yanvar 2023-cü il tarixdə 3-17-1/3-3-1169/2023 nömrəli qərarı ilə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını yenidən hesablamışdır. Yenidən hesablanma zamanı cavabdeh inzibati orqan belə qənaətə gəlmişdir ki, iddiaçıya əmək pensiyası təyin olunarkən «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin tələbləri düzgün tətbiq edilməmiş, ona qanunsuz olaraq 55 yaşdan əmək pensiyası təyin edilmişdir, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 57 yaşdan yaranmışdır, bu isə 27 oktyabr 2010-cu il tarixə təsadüf etdiyindən, pensiya məbləği əmək haqqının orta aylıq məbləğinə görə deyil, sığorta kapitalına əsasən hesablanmalıdır. Cavabdeh 27 yanvar 2023-cü il tarixli qərarla iddiaçıya 57 yaşdan, yəni 27 oktyabr 2010-cu il tarixdən “sığorta kapitalı” əsasında güzətli şərtlərlə yaşa görə əmək pensiyasını yenədən hesablamışdır və 2008 – 2023-cü illər üzrə artıq ödənilmiş məbləğin qaytarılması üçün tutulmalar edir. İddiaçı hazırda cavabdehin sözügedən 27 yanvar 2023-cü il tarixli qərarını mübahisələndirir, onun ləğv olunmasını və ona 55 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınn ödənişinin orta aylıq əmək haqqının 85% əsas götürülməklə hesablanıb davam etdirilməsini, eləcə də 1 fevral 2023-cü il tarixdən sonra pensiya məbləğindəki fərq məbləğinin ödənilməsini tələb edir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 21.1 və 21.2-ci maddələrinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 21.3-cü maddəsinə görə inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: (21.3.1) maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.2) ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda, (21.3.3) dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda, (21.3.4) ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.5) barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.6) inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Qaçqın və məcburi köçkünlərin yaşa görə pensiyaları onların orta aylıq əmək haqqı barədə sənədləri təqdim etmək mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər ilin əvvəlində onların işlədikləri sahələr üzrə təsdiq olunan orta aylıq əmək haqqına görə hesablanır. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. «Əmək pensiyaları haqqında» Qanunun 10.2-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə tələblərinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PS+(PSK/T), burada SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir, PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir, PSK- sığortaolunannın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu barədə qeydə alınmış pensiya kapitalıdır, T - göslənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 27.1-ci maddəsinin 1 yanvar 2010-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu Qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu Qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı 1 avqust 1997-ci il tarixədək 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 ay Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajı toplaması hazırkı işin mübahisələndirilməyən hallarına aiddir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmənin mövqeyi aşağıdakı kimidir: 1) Qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. «İnzibati icraat haqqında» Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. İcraat nəticəsində qəbul edilən yeni inzibati akt da qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Hazırkı iş üzrə iddia ərizəsindən və cavabdehin iddiaya qarşı yazılı etirazında əks olunan mövqeyindən aydın olur ki, mübahisə predmeti olan 27 yanvar 2023-cü il tarixli 3- 17-1/3-3-1169/2023 nömrəli (əmək pensiyasının yenidən hesablanması barədə) qərarı qəbul edərkən inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən «İnzibati icraat haqqında» Qanunun tələbləri nəzərə alınmamış, iddiaçının qərarların qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır, sonda əmək pensiyasının məbləğinin artırılmamaqla hesablanması barədə 27 yanvar 2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən inzibati icraat zamanı tam hərtərəfli və obyektiv araşdırma aparılmalıdır ki, qəbul edilmiş 27 yanvar 2023-cü il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsindən isə görünür ki, qərarın qəbulu ilə bağlı heç bir araşdırma aparılmamış, onun qəbul edilməsi üçün əsas olan məlumatların nədən ibarət olduğu müəyyən edilməmiş, sübutların hansı qaydada qiymətləndirildiyi barədə heç bir xüsusat qərarda əks olunmamışdır. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh inzibati orqanın 27 yanvar 2023-cü il tarixli 3-17- 1/3-3-1169/2023 nömrəli qərarı «İnzibati icraat haqqında» Qanunun 21, 24, 58-ci maddələrinin tələbləri pozulmaqla qəbul olunmuşdur. 2) İddiaçı əmək pensiyası hüququnun yaranması vaxtına gəldikdə isə, məhkəmə diqqətə çəkir ki, iddiaçı xx xxxxxxx 1953-cü il tarixdə doğulduğundan və 1 avqust 1997-ci il tarixədək 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 ay Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajı topladığından, «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə (“b” bəndinə) əsasən onun 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. 3) Hazırkı İddiaçı 57 yaşı tamam olduğu 28 oktyabr 2010-cu il tarixdə «Əmək pensiyaları haqqında» Qanunun 27.1-ci maddəsinin qüvvədə olan tələblərinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Məhkəmənin qənaəti belədir ki, «Əmək pensiyaları haqqında» Qanunun 10 və 27-ci maddələrinin 1 yanvar 2010-cu il tarixdən sonra qüvvədə olmuş tələbləri deyil, «Vətəndaşların pensiya təminatı haqqında» Qaтunun 17-ci maddəsi (orta aylıq əmək haqqının 85%-i əsas götürülməklə) hazırkı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanarkən tətbiq edilməlidir. Bu qənaət ondan irəli gəlir ki, iddiaçı 27 oktyabr 1953-cü il tarixdə doğulduğundan, onun 55 yaşı 27 noyabr 2008-ci il tarixdə, yəni «Əmək pensiyaları haqqında» Qanuna edilmiş müvafiq dəyişiliklər qüvvəyə minməmişdən əvvəl tamam olmuşdur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ da elə həmin gün yaranmışdır. Diqqət yetirilməlidir ki, pensiya qanunvericiliyinin müddəaları, o cümlədən «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsi əvvəlki dövrdə bu Qanunda göstərilən müvafiq işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaların “yaşa” və “staja” görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun təyin edilməsini müəyyən etsə də, “pensiyanın hesablanma qaydası”nın da əvvəlki qanunvericiliyə uyğun aparılmasını nəzərdə tutmur. Ona görə də pensiyanın hesablanması qanunvericiliyin pensiya hüququnun yarandığı vaxt qüvvədə olan tələblərinə uyğun qaydada həyata keçirilməlidir. Hazırkı iddiaçının əmək pensiyası hüququ isə, 2008-ci ilin oktyabr ayının 27-də, yəni «Əmək pensiyaları haqqında» Qanunun 10 və 27-ci maddələrinə edilmiş müvafiq dəyişikliklər qüvvəyə minməmişdən əvvəl yaranmışdır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığından, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 27 yanvar 2023-cü il tarixli 3-17-1/3-3-1169/2023 nömrəli qərarı qanunsuz sayılaraq ləğv edilməli və cavabdeh tərəfindən iddiaçıya əvvəlki qaydada 55 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası orta aylıq əmək haqqının 85%-nə uyğun olaraq ödənilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması barədə” 27 yanvar 2023-cü il tarixli 3-17-1/3-3-1169/2023 nömrəli qərarı ləğv edilməli, İddiaçı əvvəllər təyin edilmiş 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının orta əmək haqqının 85%-i əsas götürülməklə hesablanıb ödənilməsi və 1 fevral 2023-cü il tarixdən pensiya ödənişində yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması barədə” 27 yanvar 2023-cü il tarixli 3-17-1/3-3- 1169/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı əvvəllər təyin edilmiş 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının orta əmək haqqının 85%-i əsas götürülməklə hesablanıb ödənilməsi və 1 fevral 2023-cü il tarixdən pensiya ödənişində yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-10018/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10018/2023
29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver