Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1002/2025 05.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 05 mart 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən İddiaçı əmək pensiyasının, qulluq stajına görə əmək pensiyalarına əlavələrin məbləği azaldılmamaqla yeni qanunun qüvvəyə mindiyi 01 yanvar 2023-cü il tarixdən yenidən hesablanıb ödənilməsi, bu əməliyyatla bağlı 29 dekabr 2023-cü il tarixdən hesabladığı aylıq 896,16 manat artımın əmək pensiyasından tutulmasının dayandırılması və tutulmuş pul vəsaitinin geri ödənilməsi, maddi yardım üzrə 2022-ci il üçün 436,07 manat artıq ödənməsi hesab edilən vəsaitin 2023-cü ilin sentyabr və oktyabr aylarında əmək pensiyasımdan hissə-hissə çıxılmasının qanunsuz hesab edilməsi və geri ödənilməsi, əvəzləşdirilən məbləğlərin geri ödənilməsi, əmək pensiyasından tutulmaların dayandırılması və tutulmuş bütün pul vəsaitlərinin geri ödənilməsi,azaldılmanı qanunsuz hesab edilməklə pensiyamın qulluq stajına uyğun yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması” barədə xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 02 avqust 2009-cu il tarixdən dövlət qulluqçusu kimi yaşa görə pensiya alır. Eyni zamanda işlədiyindən aldığı əmək haqqından sosial sığorta tutulmuşdur. Cavabdeh tərəfin saytlarında yerləşmiş məlumatlardan bəlli olur ki, bugünə kimi onun sığorta kapitalı 70164,95 manatdır. Bununla belə, yığıma görə onun pensiyası artırılmamışdır. Bundan əlavə, gözlənilmədən ötən ildən pensiya azalmış, hansısa məbləğ pensiyasından çıxılmışdır. Bütün bunların səbəbi barədə ona məlumat verilməmişdir. Bəllidir ki, onun razılığı olmasa məhkəmə qərarı olmadan pensiyadan pul tutula bilməzdi. Onun pensiyası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 dekabr 2016-cı il tarixli, 2-1(81)-5366/2016 saylı qərarı ilə yenidən hesablanmış, pensiya artmışdır. Pensiyanın azalmasının bu qərarın əhatə etdiyi əlavələrlə əlaqəli olub-olmaması da ona bəlli deyildir. Əgər var idisə onda yenə cavabdehin əməkdaşları qanunsuzluğa yol vermişdirlər. Çünki qərar ləğv edilməmişdir. Qüvvədə olan qərarın icra edilməməsi və ya şübhə altına alınması yol verilməzdir. Odur ki, sığorta kapitalına yığılan 70164,95 manata görə pensiyanın yenidən hesablanıb artırılması ilə yanaşı pensiyanın azalmasının səbəbləri, məhkəmə qərarında göstərilənlərlə əlaqəli olub-olmaması, artıq ödəmə varsa onun təqsirinin nədən ibarət olması, pensiyadan pul tutulub-tutulmaması barədə ona geniş, izahedici məlumat verilməsi, pensiyanın məbləğini azalmadan əvvəlki vəziyyətə qaytarılması, tutulma olubsa geri qaytarmasının təmin edilməsi xahişi ilə cavabdehə 2023cü ilin dekabr ayında müraciət etmişdir. Cavabdehin ona ünvanladığı 26 yanvar 2024-cü il tarixli cavab məktubunda göstərilir ki, “Əmək Pensiyaları haqda Qanunun” 01 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən qulluq stajı 13 il 10 ay 26 gün olduğundan yenidən hesablama aparılaraq pensiyası azaldılmış, 15 il qulluq stajı olmadığından cəmi artım faizi 46,11 faiz təşkil etmişdir. 01 santyabr 2019-cu il tarixədək hesablanmış pensiya 1549,29 manat məbləğində hesablanmalı olduğu halda xx.xx.2020ci il tarixdən 31 yanvar 2022-ci il tarixə kimi olan dövr ərzində kart hesabına hər ay 1970,87 manat məbləğində pul köçürülməklə cəmi 7207,66 manat artıq vəsait ödənmişdir. 01 fevral 2022-ci il tarixdən sonra isə əmək pensuyası 1612,84 manat məbləğində hesablanmalı olduğu halda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövrdə kart hesabına hər ay 1970,87 manat məbləğində köçürüldüyündən həmin dövrdə 3938,33 manat artıq pul vəsaiti ödənmişdir. Bundan əlavə maddi yardımın pensiya tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 01 yanvar 2023-cü il tarixdən əmək pensiyası 2034,92 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-cü il tarixdən 31 avqust 2023-cü il tarixədək olan dövrdə kart hesabına hər ay 2486,65 manat pul köçürülmüş, bu səbəbdən də həmin dövr ərzində 3613,84 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanlar nəzərə alınaraq son 3 il ərzində ümumilikdə 14759,83 ( 7207,66+3938,33+3613,84) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Əlavə olaraq oda bildirilir ki, maddi yardım üzrə 2022-ci il üçün 436,07 manat artıq vəsait ödənmiş, həmin vəsait 2023-cü ilin sentyabr və oktyabr aylarında əmək pensiyasından hissə-hissə çıxılmaqla büdcəyə bərpa edilmişdir. Bundan əlavə pensiyada əvəzləşdirmələrdə olmuşdur. Sığorta kapitalına görə isə 29 dekabr 2023-cü il tarixdə müraciət etdiyindən işlədiyi müddətdə toplanan 58830,74 manata görə hesablanaraq cari ay üçün 896,16 manat müəyyən edilmiş,həmin məbləğ artıq ödənmiş 14759,83 manata görə tutularaq büdcəyə bərpa edilmiş, qalan 13863,67 manatın tutulması üçün Mərkəzi Filala rəsmi ərizə verilməsi təklif edilmişdir. Həmçinin oda vurğulanır ki, müraciət 29 dekabr tarixdə edildiyindən ötən il üçün cəmi 3 günə artım verilir. Cavab məktubu ona poçtla göndərilmiş, 27 fevral 2024-cü il tarixdə daxil olmuş, bundan sonra ona təqdim edilmişdir. Hesab edir ki, cavabdehin imtinası dövlətin sosial siyasəti və qanunların dürüst tətbiqi ilə bağlı təminatı ilə üst-üstə düşmür. Belə ki, yuxarıda göstərildiyi kimi sığorta kapitalına yığılan məbləğ 70164,95 manat olduğu halda cavabdeh 58830,74 manata görə hesablama aparması qanuni və əsaslı hesab edilə bilməz. Digər tərəfdən cavabdeh, “Əmək Pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş maddəsinə istinad edir. Əgər bu tarixə müraciət edirsə, o zaman sığorta kapitalına yığılan məbləği hələ 2017-ci ildə hesablayıb pensiyası artırmalı idi. Çünki Qanunun 29.2-ci maddəsi 01 iyul 2017-ci il tarixdən əvvəl pensiya çıxanlara şamil edilə bilməzdi. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən 2 avqust 2009-cu il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunduğu qeyd edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıqödəmə məbləği yalnız son üç il üçün müəyyən edilib. Nəticədə məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşını orta aylıq məbləği 916,67 manat, qulluq stajına görə əlavə 183,33 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 74,21 manat, ixtisas dərəcəsinə görə əlavə 100 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 305,56 manat olmaqla orta aylıq əmək haqqı 1579,77 manat təşkil edib. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 13 il 10 ay 26 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (1579,77 manat) 70 faizi-1105,84 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasfnm 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 13 il 10 ay 26 gün qulluq stajına görə əmək pensiyanın hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqını artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 46,11 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1007,71 manat, qulluq stajına görə əlavə 201,54 manat, ixtisas dərəcəsinə görə əlavə 100 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 81,64 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 335,90 manat olmaqla orta aylıq əmək haqqı 1726,79 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (1579,77 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1726,79 manat) arasındakı fərq məbləğinin (147,02 manat) 46,11 faizi-67,79 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (1105,84 manat) üzərinə əlavə olunmaqla onun əmək pensiyası 1173,63 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1512,29 manat, qulluq stajına görə əlavə 302,46 manat, ixtisas dərəcəsinə görə əlavə 100 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə 122,64 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 504,10 manat olmaqla orta aylıq əmək haqqı 2541,49 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (1726,79 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (2541,49 manat) arasındakı fərq məbləğinin (814,70 manat) 46,11 faizi-375,66 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (1173,63 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1549,29 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022ci il tarixləri arasındakı dövr ərzində onun müvafiq kart hesabına hər ay 1970,87 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 7207,66 manat artıq pul vəsaiti ödənilib. Bəzi kateqoriyalı dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 fevral 2022-ci il tarixindən vaxtilə iddiaçıya qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1589,58 manat, qulluq stajına görə əlavə 317,92 manat, ixtisas dərəcəsinə görə əlavə 100,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 141,96 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 529,86 manat olmaqla orta aylıq əmək haqqı 2679,32 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 fevral 2022-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (2541,49 manat) ilə 1 fevral 2022-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (2679,32 manat) arasındakı fərq məbləğinin (137,83 manat) 46,11 faizi-63,55 manat 1 fevral 2022-ci il tarixinədək hesablanmış pensiyanın (1549,29 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1612,84 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1970,87 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 3938,33 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 2034,92 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2486,65 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 3613,84 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya ümumilikdə 14759,83 (7207,66+3938,33+3613,84) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Əlavə olaraq bildirilir ki, maddi yardım üzrə 2022-ci il üçün iddaçıya 436,07 manat artıq pul vəsaiti ödənilib. Həmin pul vəsaiti 2023-cü ilin sentyabr və oktyabr aylarında iddiaçının əmək pensiyasından hissə-hissə çıxılmaqla büdcəyə bərpa edilib. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçıya vaxtilə təyin edilmiş dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün onu 29 avqust 2023-cü il tarixində məktub göndərilməklə 13 sentyabr 2023-cü il tarixinədək Mərkəzi Filiala dəvət olunmuşdur. Lakin iddiaçı mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. Eyni zamanda bildirilir ki, yuxarıda göstərilənlər haqqında iddiaçıya 13 oktyabr 2023-cü il tarixli 3-17-1/2-H-239872/2023 nömrəli məktubla ətraflı məlumat verilib. Həmçinin iddiaçının müraciətində göstərdiyi Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 16 dekabr 2016-cı il tarixli 2-1(81)-5366/2016 nömrəli qərarı onun əmək pensiyasının hesablanması zamanı nəzərə alınıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasının 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. İddiaçı Mərkəzi Filiala əmək pensiyasının pensiya sığorta kapitalına əsasən yenidən hesablanması ilə bağlı 29 dekabr 2023-cü il tarixində müraciət etmişdir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə topladığı 58830,74 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1 -ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya bölünməklə (58830,74:72=817,09 manat) onun əmək pensiyasının (2034,92 manat) üzərinə əlavə edilərək pensiya məbləği 2852,01 (2034,92+817,09) manat müəyyən edilib, həmçinin iddiaçıya 2023-cü ilin dekabr ayı (3 gün üçün) və cari ay üzrə ödənilməli olan 896,16 manat pul vəsaiti hesablanıb. Həmin pul vəsaiti iddiaçıya artıq ödənilmiş 14759,83 manatdan çıxılmaqla büdcəyə bərpa edilib. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia üzrə tələb mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-7-14320/2023 nömrəli, “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, artıq ödəmə ilə əlaqədar iddiaçının pensiya məbləği 2486,76 manatdan 1612,84 manata azaldılmışdır; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-7-5723/2024 nömrəli, “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, pensiya məbləği 3171,43 manatdan 1358,78 manata azaldılmışdır; “Pensiya təyinatı” altsistemindın çıxarışlardan görünür ki, iddiaçının pensiyasından tutulmalar aparılmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-xx.xx.2009-cu il tarixləri arasındakı dövr üzrə 4074,69 manat, xx.xx.2009-cu il tarixindən sonrakı dövr üzrə isə 65949,31 manat təşkil edir; Sabirabad Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubu ilə Sabirabad rayon xalq deputatlar sovetinin xx.xx.1991-ci il tarixli qərarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin qərara əsasən Həmidov X1 Rayon İcra Hakimiyyətinin başçısı təyin edildiyi üçün rayon xalq deputatlar sovetinin sədri vəzifəsindən azad edilmişdir. X5 xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1990-1991-ci illərdə Sabirabad rayon X3 sədri vəzifəsində iş müddətilə bağlı bildirilmişdir ki, yuxarıda qeyd edilən Siyahıda şəhər (rayon) X4 və həmin Sovetlərdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən 1990-1991-ci illərdə Sabirabad rayon X3 sədri vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları. 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.(xx.xx.2017-dək qüvvədə olan redaksiya) 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. 2.2. Bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katiblərinə və digər üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Azərbaycan Respublikasının Audiovizual Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbərinə və hərbi qulluqçulara şamil olunmur. 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 32-1.1-ci madəsinə əsasən, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Hazırkı iddia tələbi ilə iddiaçı onun pensiyasının yenidən hesablanaması və artıq ödəmənin müəyyən edilməsi ilə bağlı qərarların qanunsuz olduğunu qeyd edir. Məhkəmə pensiyanın yenidən hesablanması ilə bağlı hissəyə münasibətdə cavabdehin mövqeyini haqlı hesab edir. Belə ki, iddiaçıya ilkin pensiya təyinatı zamanı qulluq stajı 15 il 1 ay 3 gün götürülmüşdür. Daha sonra xx.xx.2023-cü il tarixli qərarla 12 il 6 ay 27 gün (ilkin təyinat zamanı nəzərə alınan qulluq stajından 21.07.90-24.10.91 (Sabirabad rayon X3 sədri), 11.04.94- 11.08.95 (Milli Məclis) dövrləri çıxılmışdır) müəyyən edilmişdir. Daha sonra isə iddiaçının barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli pensiyasının yenidən hesablanmasına dair qərardan sonra onun pensiyası 13 il 10 ay 26 gün (20.07.78-25.06.86; 26.06.86-01.03.89; 01.03.89-08.12.89; 08.12.89-21.07.90; 24.10.91-20.05.92; 11.04.94-11.08.95) qulluq stajına əsasən hesablanmışdır. Yenidən hesablanmanın səbəbi ilkin təyinat zamanı Sabirabad rayon X3 sədri vəzifəsində işlədiyi dövrün qulluq stajına daxil edilməsi və nəticədə qulluq əlavəsi və mükafatın səhv hesablanması olmuşdur. Bu səbəbdən həmin dövr çıxılmışdır. Başqa sözlə, iddiaçının hazırkı pensiyası hesablanarkən nəzərə alınan qulluq stajı ilkin təyinat zamanı nəzərə alınan qulluq stajından (hansı ki hazırda iddiaçının tələbidir) Sabirabad rayon X3 sədri vəzifəsində işlədiyi 21.07.90-24.10.91 dövrü ilə fərqlənir. Məhkəmə icraatı zamanı 1990-1991-ci illərdə Sabirabad rayon X3 sədri vəzifəsində iş müddəti araşdırılmış və sorğuya cavab olaraq X5 xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, qeyd edilən Siyahıda şəhər (rayon) X4 və həmin Sovetlərdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən 1990-1991-ci illərdə Sabirabad rayon X3 sədri vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. İddiaçının məhkəmə iclasında bildirdiyi 1976-1978-ci il dövrünün qulluq stajında nəzərə alınması barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, həmin dövr iddiaçının ilkin pensiya təyinatı zamanı da qulluq stajında nəzərdə tutulmamışdır. Belə ki, iddia təmin edilsə və iddiaçının pensiyası əvvəlki vəziyyətə qayıtsa belə həmin dövr ona daxil edilməyəcəkdir. Bunun üçün iddiaçı müvafiq sənədlərlə cavabdeh inzibati orqana müraciət etməli, təmin olunmadığı halda məhkəmədə iddia qaldırmalıdır. Bu baxımdan, məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının pensiyasının yenidən hesablanması zamanı yol verilmiş səhv davam etdirilə bilməzdi və cavabdeh məbləğin yenidən hesablanaraq azaldılmasında haqlı olmuşdur. Qeyd edilənlərə əsasən mübahisələndirilən qərarlarla iddiaçının pensiyasının 1358,78 manat müəyyən edilməsi qanuni və əsaslıdır. Bununla belə, Məhkəmə qeyd edir ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Beləliklə, göründüyü kimi cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılması barədə nə iddiaçının razılığını almadan, nə də məhkəmədə müvafiq iddia qaldırmadan iddiaçının pensiyasından faktiki olaraq tutulma həyata keçirilmişdir. Belə olan halda aydın olur ki, cavabdehin qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı qəbul etdiyi qərar qanunsuz olmuşdur. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə qeyd edir ki, doğrudur, “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində müəyyən edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, nə qədər ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasında tutulması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, onda cavabdehin məhkəmənin səlahiyyətinə aid məsələ ilə bağlı qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-7-14320/2023 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-5723/2024 nömrəli qərarları artıq ödəmənin müəyyən edilməsi hissəsində qanunsuzdur və ləğv olunmalıdır. Beləliklə cavabdehin tutulma aparılmasına dair hərəkəti qanunsuz hesab olunduğundan onun nəticələri də aradan qaldırılmalı iddiaçıya ödənilən pensiyasından tutulan məbləğ geri qaytarılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-14320/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı və DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-5723/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı qismən-artıq ödəmənin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin qərarlar əsasında tutulan pensiya məbləğinin hesablanaraq İddiaçı qaytarılması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-7-14320/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı və DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-7-5723/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı qismən-artıq ödəmənin müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin qərarlar əsasında tutulan pensiya məbləğinin hesablanaraq İddiaçı qaytarılması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1002/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1002/2025
05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver