Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10020/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “ödənilmiş təhsil haqqı məbləğinin kompensasiya edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qarşı məhkəməyə müraciət edərək, iddiaçıya kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmasini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iş üzrə Azərbaycan Dövlət Pedaqoji Universiteti cavabdehlər sırasından çıxarılmışdır.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2005-ci il təvəllüdlüdür. Məcburi köçkündür (məcburi köçkün vəsiqəsinin seriyası, nömrəsi və tarixi: AA 509986, xx.xx.2024-cü il). Anası - X8 da məcburi köçkündür. Ağdam rayonundan məcburi köçkün düşmüşdür, (məcburi köçkün vəsiqəsinin seriyası, nömrəsi: AA 471026). Anası ilə birlikdə dövlətimiz tərəfindən verilmiş “Qobu Park 3” yaşayış kompleksindəki mənzildə yaşayır. İddiaçı hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində “tarix müəllimliyi” ixtisası üzrə təhsil alır. Məcburi köçkün vəsiqəsinin alınması ilə bağlı uzun müddət süründürməçiliyə məruz qaldığı üçün məsələni məhkəmə müstəvisinə daşımalı olmuşdur. Məhkəmə qaydasında hüququnu təsdiqlətdirdikdən sonra məcburi köçkün vəsiqəsini ala bilmişdir. Vəsiqəni gec aldığı üçün 1-ci kursun bütün təhsil haqqı məbləğini və 2-ci kursun 1-ci semestrinin təhsil haqqı məbləğini ödəməli olmuşdur. İddiaçıdan asılı olmayan səbəblərdən vəsiqəni gec aldığı üçün borc götürərək təhsil haqqı məbləğlərini ödəməli olmuşdur. Həmin məbləğlərin kompensasiyası üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etmişdir. Müraciəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinə yönləndirilmişdir. Etdiyi müraciətə Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən formal bəhanələrlə imtina cavabı verilmişdir. Aşağıdakı əsaslara görə, kompensasiyanı qanuni və əsaslı hesab edir: “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Maddə 10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Maddə 12. Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması qaydası. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Beləliklə, kompensasiyanın ödənilməsi şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Həmçinin məcburi köçkün vəsiqəsinin gec verilməsi iddiaçının həmin hüquqa malik olmamağı mənasını vermir. Əgər hüququ olmasaydı, bu məsələ məhkəmə tərəfindən təsdiq edilməzdi..
4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, “ödənilmiş təhsil haqqı məbləğinin kompensasiya edilməsi barədə” öhdəliyin Nazrliyin üzərinə qoyulmasına dair iddia tələbi əsassız olduğudan tələbin mümkünlük məsələsinə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin dövrdə qüvvədə olan, Azərbaycan Respublikasının Prezidentinin 14 sentyabr 2011- ci il tarixli, 1722 nömrəli sərəncamına əsasən: 1. 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat və magistratura təhsil səviyyələrinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Bu Sərəncamın icrası məqsədilə “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi ilə bağlı bəzi məsələlər barədə” xx.xx.2010-cu il tarixli, 12 nömrəli qərar qəbul etmişdir. Qərarın 3-cü hissəsində qeyd edilir ki: 3. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və dövlət ali təhsil müəssisələrinin rəhbərləri ilə birlikdə: 3.1. müvafiq tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə ödənişli əsaslarla qəbul olunmuş məcburi köçkünlərin adlı siyahısını hər il oktyabrın 1- dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəsinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə dövlət ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası arasında “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan və ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında təhsil alan şəxslərə göstərilən təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə” X4 3.2-ci hissəsinə əsasən: 3.2 dövlət ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası aşağıdakı öhdəlikləri öz üzərinə götürür: 3.2.1. ödənişli əsaslarla təhsil alan hər bir məcburi köçkünə düşən təhsil xərclərinin məbləğinin ödənilməsi üçün zəruri olan sənədləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tələbi ilə ona təqdim etmək. Müqavilənin 4.2-ci hissəsində qeyd edilir ki, nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi tərəflər arasında bağlanmış müqavilələr, adlı siyahı və ödəniş sənədləri (ödəmə hesabları/invoys, qəbzlər, çeklər və s.) əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən vəsaitin birbaşa dövlət ali təhsil müəssisəsinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının xəzinədəki (bankdakı) müvafiq hesabına köçürülməsi yolu ilə semestrlər üzrə həyata keçirilir. Müqavilənin bu bəndlərindən göründüyü kimi, məcburi köçkün olan təhsilalanların təhsil xərclərinin məbləğinin ödənilməsi üçün zəruri olan sənədlər təhsil müəssisəsi tərəfindən Nazirliyə təqdim edilməli və tələbənin adı siyahıya salınaraq Maliyyə Nazirliyinə göndərilməlidir. Lakin, iş materiallarından göründüyü kimi, iddiaçıya xx.xx.2024cü il tarixdə Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən “məçburi köçkün” statusunu təsdiq edən vəsiqə verilmişdir. Qeyd edilən sərəncamın məzmunundan görünür ki, “məcburi köçkün” statusu olan şəxslərə imtiyazlar yalnız, təhsil müddətinə şamil olunur. Qeyd edilən normativ aktların müddəalarından görünür ki, “ödənilmiş təhsil xərclərinin geri qaytarılması, habelə kompensasiyanın ödənilməsi barədə” iddia tələbinə görə Nazirliyin hər hansı bir məsuliyyəti mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bu maddənin tələbindən göründüyü kimi, inzibati icraat qaydasında baxılan iddia –inzibatı icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüquq olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddia məhkəmə icraatında mümkün sayılsın. Hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilmiş zəruri şərtlərin mövcud olması müəyyən edilmir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Təhsil qanunvericiliyinin tələbinə əsasən, iddiaçının cavabdehlə hər hansı bir hüquqi münasibətlər zəminində nazirlik tərəfindən iddiaçının publik hüququnun pozulması və bununla da iddiaçının iddia ərizəsində göstərilmiş tələbi irəli sürmək üçün subyektiv hüququnun yaranması birmənalı olaraq istisna olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi qiymətləndirmədir. Mümükünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-nin 12.1ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, habelə cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını yoxlamalıdırlar. Yuxarıda şərh olunalara əsaslanaraq, iddiaçının cavabdehlə hər hansı hüquq münasibətində olmaması, cavabdeh tərəfindən iddiaçının publik hüququnun pozulmasına dair faktın mövcud olmaması, habelə iddiaçının Elm və Təhsil Nazirliyinə qarşı iddia tələbi irəli sürmək üçün subyektiv hüququnun olmaması iddianı mümkünsüz hesab etmək üçün əsasdır. Qeyd olunanları və AR İPM-nin 35-ci və 47-ci maddəsini rəhbər tutaraq, İddiaçı AR Elm və Təhsil Nazirliyinə və ADPU-ya qarşı “ödənilmiş təhsil haqqı məbləğinin kompensasiya edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və ADPU-nun üzərinə qoyulması barədə” iddia tələbinin mümkünsüz hesab edilməsi xahiş edilmişdir.
5. İş materiallarında olan iddiaçının nümayəndəsinin müraciətinə əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, ADPU-nun Tarix və Coğrafiya fakültəsinin ikinci tədris ilinin tələbəsi, övladınız İddiaçı xx.xx.2025-ci il tarixli 2/5 nömrəli əmrlə xx.xx.2024-cü il tarixdən “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-1.6 maddəsinə əsasən “məcburi köçkün” vəsiqəsi təqdim etdiyi üçün onun təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməyə başlanmışdır. İddiaçı ADPU-nun Tarix və Coğrafiya fakültəsinə ödənişli əsaslarla qəbul olunmuş və “məcburi köçkün” vəsiqəsini təqdim etdikdən sonra “məcburi köçkün” kimi qeydə alınmışdır. Məlumat üçün bildiririk ki, ADPU dövlət büdcəsindən maliyyələşmir, yalnız ödənişli əsaslarla və dövlət sifarişi ilə təhsil alanlardan ödənilən vəsait hesabına öz büdcəsini formalaşdırır. Təhsil haqqı olaraq xx.xx.2024-cü il tarixə kimi ödənilən məbləğ geri qaytarıla bilməz, çünki, həmin təhsil haqqı övladınıza dərs demiş professor-müəllim heyətinin əmək haqqına xərclənmişdir. “Məcburi köçkün” vəsiqəsi sənəd övladınız ali məktəbə qəbul olunduğu ildə təqdim olunsaydı mövcud vəziyyət yaranmazdı və ADPU bu məsələdə təqsirli sayıla bilməz.
6. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AA seriyalı 509986 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı (2005-ci il təvəllüdlü) məcburi köçkün statusuna malikdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etriazın məzmununa uyğun izahat verməklə onun təmin olunmamasını xahiş etdi.
II. İddianın mümkünlüyü
9. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
10. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
12. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5).
15. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
16. “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli, 1308 nömrəli Sərəncamına əsasən: Məcburi köçkün ailələrinin sosial iqtisadi vəziyyətini nəzərə alaraq və onların uşaqlarının ali və orta ixtisas təhsil müəssisələrində təhsillərinin davam etdirilməsinə dövlət köməyi göstərmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları 2002/2003-cü tədris ilindən etibarən təhsillərini başa çatdıranadək təhsil haqqını ödəməkdən azad edilsinlər.
17. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli Sərəncamına əsasən: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.
18. Məhkəmə iş materiallarının araşdıraraq müəyyən edir ki, İddiaçı X5 xx.xx.2023-cü il tarixli əmrinə əsasən ödənişli əsaslarla ADPU-nun Tarix Coğrafiya fakültəsinə qəbul edilmişdir.
19. İddiaçı X6 ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında bağlanmış ikitərəfli müqavilə əsasında iddiaçı 3000 manat təhsil haqqını ADPU-nun hesabına ödəmək öhdəliyini öz üzərinə götürərək həmin vəsaiti müvafiq bank hesabına ödəmişdir. Yalnız xx.xx.2025-ci il tarixli 2/5 nömrəli əmrlə xx.xx.2024-cü il tarixdən “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 14.8-1.6 maddəsinə əsasən “məcburi köçkün” vəsiqəsi təqdim etdiyi ücün İddiaçı təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməyə başlanmışdır.
20. İddiaçı nümayəndəsi iddia tələbinin təmin edilməsi üçün əsas olaraq məcburi köçkün statusuna malik olduğunu bildirmişdir. Qeyd edilənə əsasən 1-ci kursun bütün təhsil haqqı məbləğini və 2-ci kursun 1-ci semestrinin təhsil haqqı məbləğinin kompensasiya olaraq ona qaytarılmasını xahiş etmişdir.
21. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən iddiaçı məcburi köçkün statusunu təsdiq edən AA seriyalı 509986 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir.
22. Məhkəmə müəyyən edir ki, iddiaçının hazırda məcburi köçkün vəsiqəsinə və statusuna malik olması işin mübahisəsiz halıdır. Buna baxmayaraq, iddiaçı 2023-2024-cü illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil aldığı dövrdə məcburi köçkün statusuna malik olmamışdır.
23. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 yanvar tarixli 12 nömrəli qərarının 1 nömrəli əlavəsi ilə Dövlət ali təhsil müəssisəsi və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası ilə ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşı arasında nümunəvi fərdi müqavilə təsdiq edilmiş (həmin Qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2024-cü il tarixli 395 nömrəli Qərarı ilə qüvvədən düşmüşdür), yəni təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi məhz həmin müqaviləni bağlamış tələbələrə aid olması müəyyən edilmişdir. İddiaçı ilə Universitet arasında vaxtilə bağlanmış müqavilə isə həmin müqavilə nümuməsinə uyğun olmamaqla təhsil alanla bağlanmış təhsilin ödənişli əsaslarla həyata keçirilməsinə dair müqavilə olmuşdur (müvafiq güzəştlər olmadan). Bu səbəbdən Universitetlə arasında həmin dövrdə qeyd edilən müqavilə olmadan iddiaçı təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsini tələb edə bilməz.
24. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericiliyə əsasən dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan şəxslər məcburi köçkün olması ilə əlaqədar məhz ona məcburi köçkün statusunun verildiyi tarixdən təhsil haqqı ödənişindən azad edilirlər və iddiaçı hazırda həmin güzəştin əvvəlki dövrə şamil edilməsini xahiş edir.
25. Məhkəmə nəzərə alır ki, qanunvericilikdə dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkün statusuna malik olan şəxslərin təhsil haqqı ödəməkdən azad olması ilə əlaqədar güzəştin əvvəlki dövrə şamil edilməsi ilə bağlı aşkar norma yoxdur. Məhz bu səbəbdən iddia tələbinin hüquqi əsası yoxdur.
26. Belə olan təqdirdə məhkəmə hesab edir ki, tələbin hüquqi əsası olmadığından iddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur.
27. Odur ki, iddiaçı cavabdeh qurumun hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır.
28. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkün sayılmaması onun məhkəməyə çatımlılıq hüququnu pozmur və iddianın mümkün sayılmaması qarşıya qoyulan məqsədə (bərabərlik hüququnun təmin edilməsinə) uyğundur.
29. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
30. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva