Məhkəmə qərarları › İş №2-1(112)-10021/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10021/2022

14.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10021/2022 14.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının daxili işlər orqanlarında işlədiyi müddət ərzində istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə (1991-ci il üçün 10 gün, 1992-ci il üçün 30 gün, 1993-cü il üçün 30 gün, 1994-cü il üçün 15 gün, cəmi 85 gün üçün) pul kompensasiyasının Azərbaycan Respublikasının daxili işlər orqanlarında Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət edərkən sonuncu tutduğu polis nəfəri vəzifəsinin və malik olduğu xüsusi rütbənin bu günə mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək Azərbaycan Respublikasının daxili işlər orqanlarında Xüsusi Təyinatlı Polis Dəstəsində polis nəfəri kimi xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmişdir, müharibə veteranıdır. Xidmət dövrü əsas məzuniyyətlərdən istifadə etməmişdir. Onun Azərbaycan Respublikasının daxili işlər orqanlarında işlədiyi müddət ərzində istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə (1991-ci il üçün 10 gün, 1992-ci il üçün 30 gün, 1993-cü il üçün 30 gün, 1994-cü il üçün 15 gün, cəmi 85 gün üçün) pul kompensasiyasının Azərbaycan Respublikasının daxili işlər orqanlarında Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət edərkən sonuncu tutduğu polis nəfəri vəzifəsinin və malik olduğu xüsusi rütbənin bu günə mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla hesablanaraq ona ödənilməsinə göstəriş verilməsi xahişi ilə o, cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçının DİN-in keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət etdiyi müddətdə əsas məzuniyyətlərindən istifadə edib-etməməsi barədə məlumat mövcud deyildir. İddiaçı uzun müddət keçdikdən sonra müraciət etmişdir, iddiaçının xidmət etdiyi illərə aid maliyyə sənədləri isə müvafiq qaydalara uyğun olaraq məhv edilmişdir. İddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2015-ci il tarixli 012-12101M-3215 nömrəli arxiv arayışından görünür ki, həqiqətən 1965-ci il təvəllüdlü İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək Azərbaycan Respublikası daxili işlər orqanlarında polis nəfəri xidmət etmişdir. Əsas: arxiv şəxsi işin № Siyahı-19, Arx.396. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının qeyd etdiyi illərə aid maliyyə sənədlərinin müvafiq qaydalara uyğun olaraq məhv edildiyi, habelə müraciətində qeyd olunan məsələnin mövcud qanunvericilikdə nəzərdə tutulmuş bütün iddia müddətlərini keçdiyi nəzərə alınaraq qaldırılan məsələyə baxılmasının mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 027-3159-1222 nömrəli məktubda qeyd olunur: Daxili İşlər Nazirliyinə ünvanlanmış məktubunuza baxılmışdır. Bildiririk ki, İddiaçı DİN-in keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət etdiyi müddətdə əsas məzuniyyətlərindən istifadə edib-etməməsi barədə məlumat mövcud deyildir. Əlavə olaraq bildiririk ki, İddiaçı xidmət etdiyi illərə aid maliyyə sənədlərinin müvafiq qaydalara uyğun olaraq məhv edildiyi baxımından məlumat və sənədlərin verilməsi mümkün deyildir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin: 76-cı bəndinə əsasən daxili işlər orqanları əməkdaşları üçün əmək haqqı və digər təminatlar saxlanılmaqla aşağıdakı məzuniyyət növləri müəyyən edilir: hər il verilən əsas məzuniyyət (bundan sonra əsas məzuniyyət); qısamüddətli; xəstəliyə görə; tətilə çıxmaqla əlaqədar (müdavimlər üçün); Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrini bitirməklə əlaqədar; əlavə (xidmət illərinə, xüsusi şəraitdə vəzifələrin icrasına, əlahiddə xidmətə görə). 78-ci bəndinə əsasən əsas məzuniyyət daxili işlər orqanları əməkdaşlarına 30 təqvim günü müddətində verilir. Əsas məzuniyyət təqvim ili ərzində müvafiq cədvələ uyğun olaraq verilir. 88-ci bəndinə əsasən əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir. Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək Azərbaycan Respublikası daxili işlər orqanlarında polis nəfəri kimi xidmət etmiş, xx.xx.1994-cü ildə attestasiya qaydasında daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçdiyi müddət ərzində istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə (1991-ci il üçün 10 gün, 1992-ci il üçün 30 gün, 1993-cü il üçün 30 gün, 1994-cü il üçün 15 gün üçün) pul kompensasiyasının xidmət edərkən sonuncu tutduğu polis nəfəri vəzifəsinin və malik olduğu xüsusi rütbənin bu günə mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla hesablanaraq ona ödənilməsini tələb edir. Lakin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, iddiaçının DİN-in keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət etdiyi müddətdə əsas məzuniyyətlərindən istifadə edib-etməməsi barədə məlumat mövcud deyildir, həmçinin iddiaçının xidmət etdiyi illərə aid maliyyə sənədləri müvafiq qaydalara uyğun olaraq məhv edilmişdir. Göründüyü kimi, iddiaçının xidmət etdiyi müddətdə əsas məzuniyyətlərindən istifadə etməməsi məhkəmə tərəfindən araşdırılan sübutlarla öz təsdiqini tapmadı. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar