Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10022/2025 11.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 yanvar 2023-cü il tarixli 0691 saylı payçı müqaviləsi ilə üçüncü şəxs "xxxx" MTK-dan aldığı ünvan 1 ünvanında yerləşən “Avant Park" Yaşayış Kompleksinin 2-ci binasında, 2-ci blok, 11-ci mərtəbə, 1 saylı, 1 otaqlı mənzilə görə ona qaytarılacaq əlavə dəyər vergisinin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankının Şərifzadə filialı) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı 18 yanvar 2023-cü il tarixli 0691 saylı payçı müqaviləsi ilə "xxxx" MTK-dan mənzil almışdır. Həmin mənzil üçün ödənişləri tamamilə nağdsız qaydada ödəmişdir. Bundan sonra son ödəniş tarixindən 90 gün müddət keçmədən dərhal Cavabdehə yaradılmış elektron sistem üzərindən müraciət edərək, əlavə dəyər vergisinin müvafiq hissəsinin qaytarılmasını xahiş etmişdir. Müraciətinə cavab olaraq imtina məktubu göndərilmişdir. İmtina ilə bağlı qərarda Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış ve qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na dair Fərmanının 5.1.2-ci bəndi əsas gətirilmişdir. Cavabdehin yanaşmasına əsasən iddiaçı ödənişləri ayrı-ayrı bank hesablarına etməli idi. İddiaçının buna dair məlumatı olmamış və aldığı imtina ilə bağlı üçüncü şəxs "xxxx" MTK-ya bildirdiyində, oradan ona məktubla cavab vermişlər. Həmin məktubda iddiaçı tərəfindən ödənilmiş 77185 manat ödənişin ƏDV dəyəri olan 11773.98 manat vergi ödənişinin edildiyinə dair məlumat verilmişdir. İddiaçı yenidən vergi xidməti orqanına müraciət etsə də, yenidən ona 10 aprel 2025-ci il **********580500 nömrəli qərar ilə imtina verilmişdir. Qanunvericiliyin tələbinə görə ona ƏDV məbləğinin 30 faiz hissəsində ödəniş edilməlidir. Bu iddiaçının hüququdur, ancaq cavabdeh bundan imtina edir. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və bildirmişdir ki, iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeydi-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) əsas və ƏDV məbləği ayrılmadan və ödənişin təyinatı barədə məlumatlar dəqiq göstərilmədən satıcının bank hesabına ödənilmişdir. Alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və ödəniş qəbzlərinin araşdırılması zamanı 0691 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə əldə edilmiş yaşayış sahəsinə dair ödədiyi məbləğin ödənişi zamanı həmin məbləğlərin tam dəyərinin satıcının bank hesabına ödənildiyi müəyyən edilmiş bununla qeyd olunan Qaydaların 5.1.2-ci bəndinin tələbləri kobud şəkildə pozulmuşdur. İddiaçı tərəfindən müvafiq aylar üzrə ödənişlərin "xxxx" MTK-nın müvafiq ƏDV bəyannamələrində müəyyən olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan 0691 nömrəli, xx.xx.2023-cü il tarixli payçı müqaviləsindən görünür ki, "xxxx" MTK pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 2-ci binasında, 2-ci blok, 11-ci mərtəbə, 1 nömrəli, 1 otaqlı mənzili tikib və “Payçı” İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən onun ümumi dəyəri 77185 manat təşkil edir. "xxxx" MTK-nın xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 ünvanda yerləşən “AVANT PARK” layihəsinin 2-ci binasında, 2-ci blok, 11-ci mərtəbə, 1 saylı, 1 otaqlı, 45.27 kv.metr mənzil "xxxx" MTK-ya məxsusdur. 18 yanvar 2023 tarixli, 0691 saylı Payçı müqaviləsinə əsasən 2-ci bina, 2-ci blok, 11-ci mərtəbə, 1 saylı, 1 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir. Payçı İddiaçı MTK-ya hər hansı borcu yoxdur. xx.xx.2025-ci il tarixli, 076 nömrəli "xxxx" MTK-nın arayışdan görünür ki, "xxxx" MTKya ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəyə Kooperativdə baxılmışdır. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə tərəflərindən ödənilən ƏDV daxil 77185 (yetmiş yeddi min yüz səksən beş) manat məbləğin 11773.98 (on bir min yeddi yüz yetmiş üç manat doxsan səkkiz qəpik) ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. O səbəbdən ödənişinə uyğun təkrar elektron qaimə-fakturanın doldurularaq, təsdiq edilməsi mümkün deyildir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********580500nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı müraciət etmiş, İddiaçı xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ərizələri üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Qərar bununla əsaslandırılmışdır ki, alıcı İddiaçı tərəfindən elektron ərizələrə 0691 nömrəli alqı-satqı müqaviləsi, ödəniş sənədləri və digər sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-583305/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı portal hazırlanaraq 21 noyabr 2022-ci il tarixindən istifadəyə verilmiş və xx.xx.2022cü il tarixindən mətbuatda açıqlanmışdır. İddiaçı hazırda cavabdehin bu mövqeyi ilə razılaşmayaraq ödədiyi vəsait üzrə ƏDVnin geri qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsi fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. Bundan sonra həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Sözügedən Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövrə ərzindəyaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qüvvəyə minməsinin şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir. Keçid müddəalarına görə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir. Oxşar iş üzrə AR Ali Məhkəməsinin 2-1(102)-1347/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid normalarının təsiri altına düşüb-düşmədiyi ilə bağlı məsələdir. Keçid normalarını təsiri altına düşə bilməsi üçün yaşayış və qeyri-yaşayış sahələri Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək (əslində isə hamıya məlum olan faktdır ki, sözügedən elektron portal yalnız 2022-ci ilin noyabr ayında yaradılmışdır) əld edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il yanvarın 1-dən 2022-ci il mayı 25-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmi qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasınd müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Bundan fərqli olaraq, yaşayış və qeyri-yaşayış sahələrini Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən (faktiki noyabr 2022-ci il tarixdən) sonra müqavilə bağlamaqla əldə etmiş şəxslərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Yəni, həmin şəxslər alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədikləri halda, onların ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüquqları yaranır. Hazırki işdə iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinə dair müqaviləni xx.xx.2022-ci il tarixdən sonra, hətta portalın istifadədə verildiyi noyabr 2022-ci il tarixdən sonra, xx.xx.2023-cü il tarixə bağlamış və müqavilələr üzrə ödənişləri də həmin tarixdən sonra, xx.xx.2023-xx.xx.2025-ci il tarixlərdə etmişdir. Belə olan halda hazırkı iş üzrə mübahisə Qaydanın keçid normalarına görə deyil, ümumi qaydalara görə həll olunmalıdır. Buna görə, Qaydanın 5.1.2-ci bəndi iş üzrə tətbiq olunmalıdır, belə ki, iddiaçı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDVsiz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədiyi halda, onun ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüququ yaranardı. Hazırki iş üzrə isə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) yanvar 2023-yanvar 2025ci il tarixlərdə satıcının bank hesabına ayrı-ayrılıqda deyil, birlikdə ödənildiyi müəyyən edilmişdir. Bununla yanaşı, xüsusilə nəzərə alınmalıdır ki, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olmalıdır. Yalnız belə imkanın mövcudluğu halında ona riayət edilməmənin nəticələri tətbiq oluna bilər. Belə ki, ƏDV-nin qaytarılması Şərtləri və Qaydasının tələblərinə görə ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti operator vəzifəsini yerinə yetirir, Dövlət Vergi Xidməti bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal yaradır, operator olaraq bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini, alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturaların tərtib edilməsi və həmin elektron qaiməfakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsini təmin edir (2.0.4, 2.0.8 və 3.1-ci bəndlər). Hazırkı iş üzrə iddiaçı tərəfindən bildirilən əsas dəlillərdən biri Qaydanın qüvvəyə mindiyi tarixdən sonra sistemin işlək olmaması və texniki imkanın mövcud olmaması səbəbindən alıcının ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsinin qeyrimümkünlüyü ilə bağlı olmuşdur. Analoji mübahisə üzrə apellyasiya instansiyası məhkəməsinin icratında olan işlər üzrə (2-1(103)-145/2025; 2-1(103)-542/2025) müəyyən olunmuşdur ki: -Məhkəmə sorğularına cavab olaraq 2022 dekabr-2023-cü ilin yanvar-aprel ayları ərzində müraciətləri təsdiqlənmiş şəxslər barədə məlumatı əks etdirən cədvəl məhkəməyə təqdim edilmiş, həmin cədvələ əsasən də müəyyən edilir ki, sistemin işlək olmamasına, hətta 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar ayları üzrə müxtəlif şəxslərə ƏDV geri qaytarmaları həyata keçirilmişdir. -Həmçinin, sorğuya cavab olaraq təqdim edilmiş aid olan ödəniş tapşırıqlarından da göründüyü kimi, Qaydaların qüvvəyə mindiyi tarixlə Portalın rəsmi istifadəyə verildiyi tarixlər arasında mənzilin alışı ilə əlaqədar müvəkkil bank vasitəsilə ödənişlər etmiş və ödənişlərin edilməsi zamanı qanunvericiliyin tələbləri gözlənilərək ƏDV məbləği satıcının ƏDV depozit hesabına ödənilmişdir. Beləliklə, müəyyən olunur ki, yaşayış və qeyri-yaşayış sahələrinə görə iddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən iddiaçı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödəməli olduğundan, lakin iddiaçı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ayrıayrılıqda deyil, birlikdə ödənildiyi müəyyən edildiyindən, həmçinin iddiaçı tərəfindən ƏDV məbləğinin ayrıca olaraq ƏDV-nin depozit hesabına ödəmək üçün texniki imkanın mövcud olmaması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, iddiaçının hazırki tələbi əsaslı hesab edilə və təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-10022/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10022/2025
11.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver