Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10023/2021 29.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə qarşı “fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyatına alınma öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Həmid Sultanov küçəsi ünvanına şəxsiyyət vəsiqəsi üzrə qeydiyyata alınması üçün lazım olan hərəkətlərin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və X1 birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Həmid Sultanov küçəsində yerləşən fərdi yaşayış evində uzun müddətdir yaşayır. İddiaçılar şəxsiyyət vəsiqəsinin təqdim edilməsi üçün “1 saylı Asan Xidmət” mərkəzinə müraciət etmiş, lakin qeydiyyat yerinin olmaması səbəbilə Binəqədi rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata düşmək üçün müraciət olunmuş və Binəqədi rayon Polis İdarəsi 19.06.2021-ci il tarixli, 059-20432A nömrəli məktubla qeyd olunan ünvana qeydiyyata alınmaqları barədə 276 nömrəli rəy təqdim olunmuşdur. Sözügedən rəylə Binəqədi rayon Polis İdarəsinin inzibati binasının ünvanına qeydiyyata düşməklə İddiaçı2 şəxsiyyət vəsiqəsi ilə təmin olunmağı qərara alınmışdır. Binəqədi Rayon Polis İdarəsi tərəfindən qeydiyyatda olduqları Binəqədi Rayon Polis İdarəsinin inzibati binasından qeydiyyatdan çıxarıldıqdan sonra faktiki yaşadıqları ünvan olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Həmid Sultanov küçəsində yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmaqları üçün müraciət etmişlər. Binəqədi Rayon Polis İdarəsi 22.06.2021-ci il tarixli, 059-20431A nömrəli məktubu ilə iddiaçıları sözügedən ünvana qeydiyyata almaqdan imtina etmişdir. İmtina məktubunda qeydiyyata alınmaqları üçün müvafiq sənədlər təqdim edilmədiyi üçün məhkəməyə müraciət etməkləri bildirilmişdir. İddiaçılar bildirir ki, hal-hazırda heç bir ünvanda qeydiyyatda deyillər və bu dövlət xidmətlərindən istifadə etmək və dövlət orqanlarına müraciət etməkdə çətinliklər yaradır.
3. İddiaçılar məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırıldıqlarına baxmayaraq iclasda iştirak etmədilər.
4. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi məhkəməyə vəsatətlə (dəftərxana vasitəsilə) müraciət edərək məhkəmə baxışında iştirakı olmadan işə baxılmasını və şifahi dinləmələr keçirmədən qərar çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə iş üzrə materialları araşdıraraq hesab edir ki, iddiaçının iddiası formal tələblərə uyğunlaşdırılmamışdır.
II. İddianın mümkünlüyü
6. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
7. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
8. Bakı şəhəri Xocasən bələdiyyəsi tərəfindən verilmiş arayışına əsasən, Ağayeva X2 bələdiyyəsinin inzibati ərazisi olan Xocasən qəsəbəsində qeydiyyatsız yaşayır.
9. Məhkəmə qeyd edir ki, iddia tələbi aydın deyil. Belə ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Həmid Sultanov küçəsində ünvan göstərilməməklə qeydiyyata alınmanı tələb edir. İddia tələbinin dəqiqləşdirilməsi üçün məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş, lakin iddiaçı məhkəmədə iştirak etmir.
10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
12. Hazırki iddianın mümkün sayılmaması aydın və dəqiqləşdirilmiş iddia tələbi ilə iddiaçını məhkəməyə müraciət etmək hüququndan məhrum etmir.
13. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva