Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10024/2025 25.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə (üçüncü şəxs X4 və qeyrilərinin) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X4, X2, X5, X6, X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə). İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, üçüncü şəxslər iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatdadır ki, onların həmin yaşayış sahəsində qeydiyyatda qalması mülkiyyət hüququnun pozuntusuna səbəb olur. Odur ki, həmin şəxslər yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 iddia tələbinin təmin edilməməsini xahiş etdi. O, əlavə olaraq öz izahatında bildirdi ki, həqiqətən də onun ailə üzvləri ilə birlikdə yaşadığı ev iddiaçının evindən məsafədə yerləşir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Asan 1 tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, üçüncü şəxslər ünvan 1 ünvanında qeydiyyatdadırlar. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. 59 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, X4 xx.xx.1999-cu ildə ünvan 1 ünvanına qeydiyyata alınıb. Ailə üzvləri ilə birlikdə həmin ünvanda qeydiyyatdadırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, qeyd olunan fərdi yaşayış evi üzərində üçüncü şəxslərin mülkiyyət və ya istifadə hüququnun qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur ki, məhkəmə hesab edir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə də münasibət bildirilə bilər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. AR MM-nin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının Vİİİ hissəsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin öz səlahiyyətlərinə aid edilən məsələlərə dair Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə qərarları inzibati münasibətlərdə mülki hüquq normalarının tətbiqinə səlahiyyət yaradır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarından göründüyü kimi müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qərarın məzmunundan da göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında məhkəmə şəxs və ya şəxslərin yaşayış sahəsinə əmlak hüquqları, eləcə də istifadə hüquqlarının olmadığını müəyyən edərsə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi inzibati orqana həvalə etmək səlahiyyətinə malikdir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin şəxsin əmlak hüququna malik olubolmadığını müəyyən etmək imkanı nəzərdə tutulmuşdur ki, məhkəmə hesab edir ki, müəyyən edilmiş bu səlahiyyətin icrası da müvafiq mülki hüquq normalarının tətbiqini zəruri edir. Məhkəmə yuxarıda adıçəkilən maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını da nəzərə alaraq hesab edir ki, üçüncü şəxslər yaşayış sahəsinə istifadə hüququ olmayan şəxsdirlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubu ilə də həmin şəxslərin istifadə hüququna malik olması müəyyən edilməmişdir. Belə ki, AR MM-nin 139.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin yaşayış sahəsi ilə bağlı istifadə hüququ qeydiyyata alınmalıdır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin məzmunu baxımından da qiymətləndirmə aparıldıqda hazırkı iddia tələbinin təmin edilməsi üçün əsas yaranır. Belə ki, yuxarıda adıçəkilən Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. İş materiallarında olan çıxarışın surətindən görünür ki, yaşayış sahəsi iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə qeydiyyat aparılmışdır. Eləcə də, əmlak orqanının məktubundan görünür ki, üçüncü şəxslərin həmin yaşayış sahəsinə hər hansı hüquqlarının qeydə alındığı aşkar edilməmişdir. Bununla yanaşı, qeyd edilənlər nəzərə alınmaqla, iddiaçı ilə üçüncü şəxslər arasında heç bir qohumluq münasibətinin olmadığı və məhkəmə araşdırmalarının nəticəsi olaraq, üçüncü şəxsilərin polis orqanı tərəfindən qeydiyyatının həyata keçirildiyi müəyyən olunmuşdur. Lakin, üçüncü şəxslər müvafiq yaşayış ünvanına dair hər hansı ya hüquqlarının mövcudluğuna dair qanuni əsasların mövcudluğu aşkar edilməmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, üçüncü şəxs Ç.Xanməmmədov məhkəmə iclasında 1998-ci ildə qəbul edilmiş məhkəmə qətnaməsini təqdim edərək,onun atasının həmin ünvana yaşayış yeri üzrə qeydiyyata alındığını bildirmişdir. Bununla bağlı bildirilir ki, şəxslərin qeydiyyata alınması icazə xarakteri daşımayıb və qanunvericiliklə müəyyən edilmiş hallar istisna etməklə heç bir hüquqi nəticə də yaratmır. Üçüncü şəxsin atasının həmin ünvana qeydiyyata düşməsi isə hər hansı hüquq yaratmamış, sadecə şəxsin özü ilə bağlı olan bir nəticə olmuşdur. İndiki halda üçüncü şəxsin həmin qətnaməyə istinad etməklə yaşayış yeri üzrə qeydiyyatının saxlanılmasını tələb etməsinin isə hər hansı hüquqi əsası yoxdur. Üçüncü şəxsin özü də məhkəmə iclasında iddiaçının onun qonşusu olduğu, faktiki olaraq onların yaşadıqları evlərin fərqli olmasını təsdiq etmişdir. Azyaşlı kateqoriyasına aid digər üçüncü şəxs X3 yaşayış sahəsinə hazırkı vəziyyətdə istifadə hüquqlarının olmaması ilə bağlı isə qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 2 və 4-cü bəndlərinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxsin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Göründüyü kimi istər, üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də şəxslərin yaşayış yerini dəyişməsi, başqa sözlə şəxslərin həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddia tələbinin təmin edilməsini, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını qanuni və əsaslı edir. Odur ki, adıçəkilən üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması təmin edilməklə yanaşı, onlara hüquqmüəyyənedici sənədlərin olduğu təqdirdə yeni ünvanla aidiyyəti orqana müraciət etmələri izah olunur. Qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən yaşayış yeri üzrə X4, X2, X5, X6 və X3 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-10024/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10024/2025
25.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver