Məhkəmə qərarları › İş №2-1(112)-10026/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10026/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10026/2023 20.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi ilə, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə qarşı “icra şöbəsinin hərəkətsizliyinə son qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon Məhkəməsinin 2(010)-3677/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh X3 tərəfindən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyimizin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında texniki pasportda nəzərdə tutulmayan 4.4 metr enində, 6 metr uzunluğunda aparılan özbaşına tikililərin həmin cavabdehin hesabına sökülməsinin təmin olunması məqsədi ilə Suraxanı rayon İcra şöbəsinin hərəkətsizliklərinə son qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Suraxanı rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli, 2(010)-3677/2019 saylı qətnamə qəbul etmişdir. Qətnaməyə əsasən iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyimizin 20 illiyi küçəsi, ev 9 B; yeni qaydalarla ünvan 1 ünvanından, yəni həmin evin yerləşdiyi dalandan küçəyə giriş-çıxışa yaradılan qismən maneənin aradan qaldırılması üçün ünvan 2 ünvanına aid tikililər istisna olmaqla, cabadeh X4 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsində yerləşən 9 saylı evin qarşısında texniki pasportda nəzərdə tutulmayan 4.4 m enində, 6.0 m uzunluğunda apardığı özbaşına tikili həmin cavabdehin hesabına sökülməsi qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra sənədi xx.xx.2022-ci il tarixdə Suraxanı rayon İcra şöbəsinin icraatına daxil olmuşdur. İcraata başlamaq haqqında Suraxanı rayon İcra şöbəsi 31 yanvar 2022-ci il tarixdə qərar qəbul etmişdir. İcra şöbəsinin icra məmuru Teymur Bayramov qəbul edilən qətnamənin (2(010)-3677/2019) “Qət etdi” hissəsini cavabdeh tərəfin xeyrinə icra etmək istəyir. Halbuki, qətnamədə açıq-aydın qeyd olunmuşdur ki, texniki pasportda nəzərdə tutulmayan 4.4 m enində, 6 m uzunluğunda apardığı özbaşına tikililər cavabdehin hesabına sökülsün. Həmçinin 9 №-li evin qarşısında texniki pasportda nəzərdə tutulmayan tualet və hamam da mövcuddur ki, həmin bu özbaşına qanunsuz tikililər də məhz qətnamədə qeyd edilən eni 4.4 m, uzunluğu 6 m olan ölçünün içərisindədir. Sahəsi 26.4 kv.m olan texniki pasporta nəzərdə tutulmayan özbaşına tikilidən söhbət gedir. İcra məmuru Teymur Bayramov eni 4.4 m, uzunluğu 6 m olan yalnız hasarın sökülməsini başa düşdüyünü deyir. Lakin bu hasar sözü qətnamədə yerini almamışdır. Məhkəməyə təqdim etdiyi 9 saylı evin texniki pasportunda boş torpaq sahəsi qeydiyyatdadır. Lakin həmin boş torpaqda Səlimov Nizaminin ailəsi ilə yaşadığı özbaşına tikililər olan evləri mövcuddur. Ona görə də qətnamədə qeyd olunur ki, 9 saylı ünvanda olan tikililər (həmin özbaşına tikili olan evlərdən söhbət gedir) istisna olmaqla tikintiyə heç bir sənədi olmadan qanunsuz olaraq dövlətin balansında olan torpaq sahəsini, həmçinin ümumi avtomobil yolunu zəbt edərək Səlimov Nizaminin texniki pasportda nəzərdə tutulmayan eni 4.4 m, uzunluğu 6 m olan qanunsuz tikilidən söhbət gedir. Əgər həmin qətnamədə hasarın sökülməsi nəzərdə tutulsaydı, həmin hasarın uzunluğunu 10.4 (4.4+6) m olması qeyd olunardı. Qətnamədə isə 9 saylı evin qarşısında texniki pasportda nəzərdə tutulmayan 4.4 m enində, 6 m uzunluğunda özbaşına tikilinin cavabdeh X1 hesabına sökülməsi qeyd olunmuşdur. Belə olan halda söhbət sahəsi 26.4 kv.m (4.4 m x 6 m) olan tikilidən gedir və həmin tikili tam sökülməlidir. Məhkəmə xx.xx.2019-cu il tarixli, 2(010)-3677/2019 saylı qətnaməsində Mülki Məcəllənin 151.1 və 180.1 maddələrinə istinad edilərək özbaşına tikilinin sökülməsini qət etmişdir. X2 Ofelya Nizami qızı 2(010)-3677/2019 saylı qətnamə icraata veriləndən sonra 2022-ci ildə Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək eni 4.4 m, uzunu 6 m olan texniki pasportda nəzərdə tutulmayan özbaşına tikilinin içərisində ona aid olan tualet və hamamın mövcudluğunu qeyd etmiş və bu özbaşına tikililərin sökülməməsini xahiş etmişdir. Məhkəmə ərizəni rədd etmişdir. X9 ərizə ilə Apellyasiya Məhkəməsinə və sonra Ali Məhkəməyə müraciət etmişdir. Həm Apellyasiya məhkəməsi, həm də Ali Məhkəmə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Yuxarı instansiyalara müraciətindən sonra icra məmuru cavabdeh X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib etmiş, Suraxanı rayon Məhkəməsinin 2(010)-1291/2023 saylı qərarı ilə X3 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir.

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməmişdir.

II. Məhkəmə aidiyyatı ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarından

5. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən: - Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatiiqtisadi məhkəmələr tərəfindən baxılır; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin; - Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir.

6. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən: - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. - İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.

7. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ... icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir...

III. İddianın mümkünlüyü

8. Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.

9. X12 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X12 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).

10. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər)

11. İddiaçı faktiki olaraq icra məmurunun hərəkətlərindən şikayət edərək Suraxanı rayon Məhkəməsinin 2(010)-3677/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə icra məmurunun hərəkətlərini mübahisələndirir. Həmin icra sənədi icra olunması üçün aidiyyəti üzrə Suraxanı rayon İcra şöbəsinə göndərilmişdir.

12. İcra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra sənədi üzrə icraatı zamanı məcburi hərəkəti etmədikdə və ya qanuna zidd hərəkətləri etdikdə, həmin hərəkətləri məhkəmə qərarının icrası ilə bağlı olduğundan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamıdır. Odur ki, məhkəmə hesab edir ki, icra məmurunun hərəkətlərindən şikayətə aidiyyəti üzrə icra sənədini vermiş məhkəmə, yəni Suraxanı rayon Məhkəməsi tərəfindən baxılmalıdır.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

14. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

15. İddiaçıya müvafiq şikayətlə səlahiyyətli məhkəməyə (Suraxanı rayon Məhkəməsinə) müraciət etmək hüququ izah olunsun.

16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar