Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10029/2025 09.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “övladlığa götürmə barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 15 aprel 2025-ci il tarixli rəyinin ləğv edilməsi və nəvəsi xx.xx.2020-ci il təvəllüdlü X5 tərəfindən övladlığa götürülməsinin uşağın mənafeyinə uyğun olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq, məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “xx.xx.2020-ci il tarixdə anadan olan X5 övladlığa götürülməsinin uşağın mənafeyinə uyğunluğu barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1953-cü il təvəllüdlüdür, ali təhsillidir, Qarabağ müharibəsi veteranıdır, ailəlidir, 1 (bir) qız övladı var, uzun illər ədliyyə orqanlarında qulluq etmişdir, hazırda pensiyaçıdır. Həyat yoldaşı X6 fəlsəfə elmləri doktoru, Prezident təqaüdçüsüdür. Qızı X1 Fərhad Elxan oğlu ilə rəsmi nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X12 dünyaya gəlmişdir. X14 ailəyə münasibəti yaxşı olsa da, sonradan onun ailəyə münasibəti son dərəcədə pisləşmiş, istər həyat yoldaşına, istərsə də azyaşlı övladına qarşı laqeyd və səhlənkar yanaşmış, uşaq 3 aylıq olan zamandan ailəsindən uzaqlaşmışdır və artıq 5 (beş) ilə yaxındır ki azyaşlı uşağının necə, hansı şəraitdə yaşaması ilə maraqlanmamışdır. Nəticədə X4 ilə X11 arasında olan rəsmi nikah məhkəmə qaydasında pozulmuşdur. Hazırda qızı və azyaşlı nəvəsi onların himayəsindədir. Uşağın qayğısını bioloji atasının çəkmədiyini və bioloji anasının xəstəliyi səbəbindən uşağı lazımi səviyyədə himayə edə bilməyəcəyini görüb, iddiaçı həyat yoldaşı X6 ilə xx.xx.2020-ci il təvəllüdlü nəvələri X5 övladlığa götürülməsi ilə əlaqədar Azərbaycan Respublikası Ailə Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş ’’Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”na uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.2025-ci il tarixli 8İ-1243 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət etmişlər. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Ağentliyi 15 aprel 2025-ci il tarixli rəyi ilə müraciətləri azyaşlı nəvələri X5 mənafeyinə uyğun hesab edilməyərək, imtina edilmişdir (həmin rəy rəsmi məktub ilə iddiaçıya 26 aprel 2025-ci il tarixdə verilmişdir). Hesab edir ki, cavabdehin azyaşlı nəvəsi X5 tərəfindən övladlığa götürülməsindən imtina etməsi rəyi mülahizələrə əsaslanaraq tərtib edilmiş, qanunsuz və əsassızdır. Belə ki, rəsmi ərizə ilə müraciətindən sonra ƏƏSMN-nin Sosial Xidmətlər Agentliyinin 1 (bir) nəfər əməkdaşı iddiaçı və ailəsinin yaşadığı ünvana gəlib bildirilmişdir ki, Agentlikdə təşkil edilmiş komissiyanın üzvləri gəlib uşağın ümumi vəziyyəti, saxlanma şəraiti ilə maraqlanacaqlar və aparılan müşahidələrdən sonra rəy tərtib olunacaqdır. Lakin dedikləri kimi azyaşlı uşaqla və onun saxlanma şəraiti ilə Agentliyin komissiya üzvləri tərəfindən maraqlanan da olmadı. Bir müddət sonra məlum olmuşdur ki, belə bir ədalətsiz, əsassız rəy tərtib edilərək, ərizə təmin edilməmişdir. İddiaçı qızının - X7 xəstəliyi barədə Sosial Xidmətlər Agentliyinə rəsmi arayış təqdim etsə də, lakin tərtib edilmiş rəydə xəstəlik arayışının mövcud olması və onun xəstəliyi barədə heç bir cümlə qeyd edilməmişdir. Buna görə də, hesab edir ki, həmin rəy ləğv olunmalı və nəvəsi X5 tərəfindən övladlığa götürülməsinin, uşağın mənafeyinə uyğun hesab edilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalı və bu barədə qərar qəbul edilməlidir. Rəydə qeyd edilmişdir ki, valideyn-namizədlərin övladlığa uşaq götürmək üçün müraciəti zamanı təqdim etdikləri sənədlər əsasında onların Ailə Məcəlləsinin 120 və 121-ci maddələrinin tələblərinə əsasən övladlığa götürmə hüququnu məhdudlaşdıran və ya övladlığa götürməyə imkan verməyən, onun qanunvericiliyin tələbinə əsasən növbəti mərhələyə keçməsinə mane olan və qanunvericilikdə övladlığagötürməyə icazə verməyən hər hansı hal aşkar edilməmişdir. Qeyd edilir ki, xx.xx.2020-ci il təvəllüdlü X8 övladlığa götürmək istəyi heçdə formal xarakter daşımır və heç də müəyyən maddi (məsələn, təqaüd yaşma çatmış şəxs öldükdən sonra övladlığa götürülmüş nəvənin ailə başçısını itirməyə görə pensiya alması) və sair maraqlar naminə deyil. Məqsəd uşağın sağlam böyüməsi, gələcək həyatının daha sabit, təhlükəsiz və sevgi dolu bir mühitdə davam etməsini təmin etməkdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X15 və X11 zəruri cəlbetmə qaydasında iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh (nümayəndəsi) üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmiş, üçüncü şəxs X11 isə məhkəməyə ərizə ünvanlayaraq iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmən iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin dəqiqləşdirilmiş formada təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs tələbin təmin edilməsinə etiraz etmədi. Məhkəmə ilk növbədə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçının hüquqi marağı azyaşlı Murad İsmayılovun övladlığa götürülməsindən ibarətdir. Bu məqsədin həyata keçirilməsi üçün iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl uşağın övladlığa götürülməsinin onun mənafeyinə uyğunluğu barədə müvafiq rəy verilməsi üçün cavabdeh quruma müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Cavabdehin imtinası iddiaçıya hüquqi marağına nail olmaq üçün ümumi məhkəməyə müraciət etməyə mane olduğundan iddiaçı hazırkı iddia ilə inzibati məhkəməyə müraciət edərək arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, tərəflər arasındakı bu münasibət və yaranmış hazırkı mübahisə publik xarakterlidir və tələb olunan mümkünlük şərtlərinə cavab verir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının övladlığagötürmə ilə bağlı müraciətinə baxılmış, nəticədə övladlığagötürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğun olmadığı haqqında rəy və digər təsdiqedici sənədlər iddiaçıya təqdim edilmişdir. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyin təsdiq edilmiş surətindən görünür ki, uşağın bioloji valideynlərinin olduğunu və onlarla birlikdə yaşadığını, ümumilikdə müraciətin formal xarakater daşıdığını nəzərə alaraq, valideyn-namizədlər İddiaçı və X6 tərəfindən nəvələri X5 övladlığa götürülməsi uşağında mənafeyinə uyğun hesab edilməmişdir. -Cavabdeh tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixdə məktubdan görünür ki, İddiaçı övladlığagötürmə ilə bağlı Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə müraciət etmiş və xx.xx.2025-ci il tarixində uçota alınmışdır. xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118-ci maddəsinə uyğun olaraq valideyn-namizədlər İddiaçı və X6 ilə müsahibə keçirilmişdir. Övladlığagötürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı səbəbindən valideyn-namizədlər Ailə Məcəlləsinin 119.10.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixində uçotdan çıxarılmışlar. İddiaçı və X3 övladlığagötürmə ilə bağlı qiymətləndirmə mərhələsini əhatə edən sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -Valideyn–namizədlər İddiaçı və X6 ilə xx.xx.2025-ci il tarixdə cavabdeh qurumun müvafiq əməkdaşı tərəfindən valideyn-namizədlərin yaşadıqları ünvan 1 ünvanında əsaslı qiymətləndirilmə (müsahibə) keçirilmişdir. -Qiymətləndirmə üzrə sosial işçinin xülasəsindən görünür ki, valideyn-namizədlər nəvələrini övladlığa götürmək istəyirlər. Yaxın qohum üzrə övladlığagötürməyə müraciət etmələrinin səbəbi uşağa sağlam, əlverişli, maddi ehtiyaclarını rahat formada ödəyə biləcəyi gələcək bəxş etməyi qeyd etdilər. Valideyn-namizədlərinin istəyi uşağın emosional rifahına, inkişafına və marağına uyğun həyat qurmaqdır. Uşağın gələcək həyatının daha sabit, təhlükəsiz və sevgi dolu biı mühitdə davam etməsi üçün övladlığugötürmə qərarı aldıqlarını bildirdilər. Xarici ölkələrə səfər zamanı uşağı da özləri ilə apararaq, dünyagörüşünün artmasını istəyirlər. Xaricə səfərləri olduqda uşağı övladlığa götürdükdən sonra bioloji valideynlərdən notarial formada icazə alınmayacaq. Uşağın sənədlərinin hazırlanmasında bəzən bioloji ataya ehtiyac olur. Lakin bioloji atanın uşağa qarşı səhlənkar yanaşdığı, uşağı ilə maraqlanmadığını qeyd etdilər. Valideyn-namizədlər uşağın atasını tanımadıqlarını, 5 il ərzində 3 dəfə gördüklərini bildirdilər. Uşağa nə maddi, nə mənəvi dəstək vermədiyi və heç bir maraq göstərmədiyini qeyd etdilər. Həmçinin müsahibə zamanı uşağın ataya yanaşmadığı, ondan çəkindiyi də müşahidə edilmişdir. Namizədlər bioloji ananın uşağı lazımi səviyyə də himayə edə bilməyəcəyini düşünürlər. Uşağın təhsili, bilik və bacarıqlarının inkişafı, sənədlərinin əldə edilməsi kimi məsələləri bioloji ananın tam şəkildə icra edə bilməyəcəyini qeyd etdilər... Valideyn-namizədlərinin uşaq üçün uyğun və əlverişli mühit yaratdığı müşahidə edilmişdir. Bioloji ata X2 Neft şirkətində 08:00-18:00-a qədər işləyir. Bioloji ata əmək haqqının 1200 AZN olduğunu bildirdi. Bakı şəhərində tək yaşadığını qeyd etdi. Uşaqla 3 ay əvvəl görüşdüyünü bildirdi. Uşağı övladlığa vermə səbəbi kimi rəsmi olaraq subay, övladı olmayan şəxs kimi yaşamaq istədiyini qeyd etdi. Uşağı valideynnamizədlərinə övladlığa verərək azad, sərbəst olacağını bildirdi. Bioloji ana X16 valideynnamizədlərlə birgə yaşayır. Uşağı valideyn-namizədlərinə övladlığa verdikdən sonra da onlarla birgə yaşayacaq. Bioloji ana işləmir, orta təhsillidir. Əlilliyi olmadığını qeyd etsə də, fikrini ifadə etmək də çətinlik çəkdiyi müşahidə edilmişdir. Valideyn-namizədlərinin uşağının bütün maddi və mənəvi ehtiyaclarını qarşıladığını bildirdi... Valideyn-namizədlər işləmir. Valideyn-namizəd ata 2450 azn təqaüd alır, valideyn-namizəd ana fəlsəfə Elmlər Doktorudur. Hazırda evdar xanım olduğunu və təqaüdçü olduğunu bildirmişdir. O, 893 azn yaşa görə təqaüd və 80 azn Prezident təqaüdü alır. Hər hansı kredit borcları olmadıqlarını qeyd etdilər. Maddi olaraq çətinlik çəkmədiklərini, uşağın və özlərinin ehtiyaclarını rahatlıqla ödədiklərini bildirdilər. Valideyn-namizədlər oxşar cəhətləri kimi hər ikisinin ailəcanlı və ədalətli olduğunu bildirdilər...Valideyn-namizədlər ətrafındakı olan şəxslərdən uşağı etibar edəcək şəxs olaraq qohumları və dayələrini qeyd etmişlər. Valideyn-namizədlər yaşadıqları icmada mövcud olan inkişaf resursları ilə bağlı məlumatları olduqlarını bildirdilər. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il təvəllüdlü nəvəsi X5 övladlığa götürülməsinin uşağın mənafeyinə uyğun olması barədə rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçının əsaslandığı hallar ondan ibarətdir ki, uşağın valideynləri arasında nikaha xitam verilmişdir, anası xəstəliyi səbəbindən uşağı lazımi qaydada himayə edə bilmir, atası isə övladına qarşı laqeyd və səhlənkar yanaşır, onun necə və hansı şəraitdə yaşaması ilə maraqlanmır, sərbəst yaşamaq istəyir. Uşaq 3 aylıq olan zamandan iddiaçı və arvadı ilə birlikdə yaşayır və onlar nəvələrini hər cür qayğı ilə əhatə etmişlər. Uşağın anası da övladlığa götürülmə məsələsinə etiraz etmir (bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir). İddiaçının uşağı böyütmək üçün maddi, mənzil, məişət şəraiti və yüksək pensiyası var. Qanunvericilikdə uşağın babası tərəfindən övladlığa götürülməsi barədə qadağanedici norma yoxdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. -117.1-ci maddəsinə əsasən, övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. -118.1-ci maddəsinə əsasən, övladlığa götürmə üç mərhələdə həyata keçirilir: 118.1.1. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması; 118.1.2. övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi; 118.1.3. övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi. -118.3-cü maddəsinə əsasən, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 (bir) ildən çox olmayan müddətdə aşağıdakı qaydada müəyyən edilir: 118.3.1. övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması; 118.3.2. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi; 118.3.3. övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi; 118.3.4. övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili; 118.3.5. övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi. -118.4-cü maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -118.12-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı uşağın övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində sınaq müddətində yerləşdirilməsinin nəticələrinə əsasən övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə rəy verir. -118.13-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının uşağın övladlığa götürülməsi ilə bağlı rəyi müsbət olduqda, uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) həmin rəylə birlikdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmənin müvafiq qərarı qəbul edilənədək, habelə məhkəmə tərəfindən uşağın övladlığa verilməsi barədə müsbət qərar qəbul edildikdə, bu Məcəllənin 118.9-cu maddəsi ilə müəyyən edilmiş sınaq müddəti həmin qərarın qanuni qüvvəyə mindiyi günədək uzadılır. Müvafiq icra hakimiyyəti orqanının uşağın övladlığa verilməsi ilə bağlı rəyi mənfi olduqda və ya məhkəmə uşağın övladlığa verilməsindən imtina olunması barədə qərar qəbul etdikdə uşaq yerləşdiyi müəssisəyə qaytarılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq reabilitasiya tədbirləri görülür. -118.14-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəyi mənfi olduqda, uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) bu Məcəllənin 118.3-cü (bu Məcəllənin 118.3.1-ci maddəsi istisna olmaqla) maddəsi ilə müəyyən edilmiş prosedurları təkrar keçməlidirlər. -118.15-ci maddəsinə əsasən, uşaq qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürüldükdə, bu Məcəllənin 118.3.2–118.3.5-ci maddələrinin tələbləri həmin şəxslərə şamil edilmir. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli, 297 №-li Fərmanının 2.11-ci bəndinə əsasən, həmin Məcəllənin 63.3-cü maddəsində, 65.2-ci maddəsinin birinci cümləsində, 66.5, 69.4, 114.1, 114.2, 114.3, 115.1, 115.3 115.4 (ikinci halda), 118.3, 118.5–118.8, 118.9 (hər iki halda), 118.11, 118.12, 118.13 (hər üç halda), 118.14, 118.18, 118.22, 118.23, 119.1, 119.3, 119.5 (hər iki halda), 119.7, 119.8, 119.10, 119- 1.1, 122.1, 124.4, 130.2, 130.4 (hər iki halda), 130.5, 131.2, 133, 134.13, 145.7, 155.5-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli, 693-İQ №-li Azərbaycan Respublikası Qanununa əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlar – hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən, Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə himayədar ailə və övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Əsasnamənin 3.1-ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.22. Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin), habelə himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) və himayədar ailəyə verilmiş uşaqların vahid uçotunun elektron qaydada aparılmasını təmin etmək; 3.1.23. Övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini təmin etmək. “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 29 oktyabr 2009-cu il tarixli, 1 №-li Qərarının 24-cü bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinə müvafiq olaraq övladlığa götürməyə yalnız uşağın mənafeyi üçün yol verilir. Övladlığa götürülmə zamanı uşaqların mənafeyi dedikdə, onların tərbiyəsi və hərtərəfli inkişafı üçün əlverişli şəraitin (həm maddi, həm də mənəvi xarakterli) yaradılması başa düşülür. Övladlığa götürülən uşağın mənafeyinin daha tam təmini özündə mühüm sosial problemi ifadə edir. Övladlığa götürənin, uşağın verildiyi ailənin düzgün seçilməsi uşağın gələcək taleyində mühüm rol oynayır. Övladlığa götürmə zamanı yol verilən səhvlər övladlığa verilən uşaqların, onların valideynlərinin və övladlığa götürənlərin hüquqlarının pozulmasına səbəb ola bilər. Hər bir uşaq təkrarolunmaz varlıqdır. Vəzifə ondan ibarət olmalıdır ki, uşaq üçün onun maraqlarını maksimum təmin edən ailə seçilsin; onun xarakterinin, psixoloji yönümünün səciyyəvi cəhətləri nəzərə alınsın; uşağın ailədə yerləşdirilməsinin məqsədəmüvafiqliyi müəyyən edilsin. Məhz bu amillərdən çıxış edərək övladlığa götürmənin yolverilənlik məsələsi həll olunmalıdır. Uşağın maraqlarını (mənafeyini) dar mənada, məsələn, maddi və mənzil şəraiti ilə təmin olunması ilə məhdudlaşdırmaq olmaz. Əsas məqsəd uşağın daimi olaraq ailənin xeyirxah təsirini, valideyn sevgisi, qayğısı, nəvazişini hiss etməsi, hər bir uşağın mədəni, hərtərəfli inkişaf etmiş, təhsilli, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır. Valideyn qayğısı ilə əhatə olunmuş, valideynlərin, qardaş və bacılarının, doğmalarının əhatəsində olan uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlərə baxılarkən ərizəçinin və uşağın valideynlərinin əsl məqsədinin aşkar edilməsinə xüsusi diqqət yetirilməlidir. Təqaüd yaşına çatmış və ya sağlamlıq vəziyyəti azyaşlı uşağın qayğısına qalmağı qeyrimümkün edən və ya çətinləşdirən, həmçinin övladlığa götürənlə övladlığa götürülən arasında münasibətlər Ailə Məcəlləsi ilə tənzimlənildiyi (məsələn, baba və nənələrin nəvələrlə qarşılıqlı münasibətləri) və övladlığa götürülən valideyn qayğısı ilə əhatə olunduğu hallarda müraciətləri təmin edərkən övladlığa götürmənin formal xarakter daşımadığı, müəyyən maddi (məsələn, təqaüd yaşına çatmış şəxs öldükdən sonra övladlığa götürülmüş nəvənin ailə başçısını itirməyə görə pensiya alması) və sair maraqlar naminə həyata keçirilmədiyinə əmin olmalı, məhkəmə qətnaməsində məhkəmənin gəldiyi nəticə əsaslandırılmalıdır. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. İnzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. İnzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Həmin Məcəllənin 74-cü maddəsinə görə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinə əsasən uşağın övladlığa götürülməsi üç mərhələdə həyata keçirilən prosedur olmaqla övladlığa götürülmənin uşağın mənafeyinə uyğunluğu məsələlərinin müəyyən edilməsi ilə bağlı qanunla müəyyən edilən şərtlər daxilində icraat aparılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlə Agentliyinə həvalə edilmişdir. Övladlığa götürülmənin uşağın mənafeyinə uyğunluğu barədə müsbət, yaxud mənfi rəyin verilməsi isə bu prosedurun inzibati orqanda aparılan yekunu olaraq bir qiymətləndirməni ehtiva edən institutu əks etdirir. Başqa sözlə, övladlığa götürülmənin uşağın mənafeyinə uyğun olması barədə rəyin verilməli olub-olmamasını qiymətləndirmək inzibati orqana verilmiş səlahiyyətdir. Bu baxımdan, məhkəmənin qənaəti belədir ki, iddiaçının qaldırdığı məsələ cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərində olduğundan, İPM-in 73.3.1 və 73.3.2-ci maddələrinin tələbləriə görə iddiaçının arzuladığı kimi övladlığa götürülmənin uşağın mənafeyinə uyğunluğu barədə müvafiq rəyin verilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə vəzifə kimi qoyula bilməz. Məhkəmə həmçinin vurğulayır ki, hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuzluğu üzrə xüsusatlar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-10029/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10029/2025
09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver