Məhkəmə qərarları › İş №2-1(112)-10035/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10035/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10035/2025 24.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X6 İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 541 “a” saylı qərarına əsasən Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə X4 550 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 541 “a” saylı qərarına əsasən Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 550 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə X1. X14 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Binəqədi rayonu 11 saylı notariat kontorunda miras əmlaka dair v-99/2022 saylı vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsinə dair bələdiyyə ilə alqı-satqı müqaviləsi bağlamış, alqı-satqı yolu ilə mülkiyyətə ayrılan torpaq sahəsinin sərhədləri və dönmə nöqtələri yerində müəyyənləşdirilərək naturaya və xəritəyə keçirilmiş, torpaq sahəsinin plan-cigisi X11 adına tərtib edilmişdir. Həmçinin, bələdiyyə ilə N.Əliyev arasında torpaqların alqı-satqısına dair akt tərtib edilişdir. Sözügedən bələdiyyə qərarının Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında arxiv nüsxəsi mövcuddur.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia təlbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********04 xaric olma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Eləcə də, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri qeyd olunmamışdır. Həmçiin, sahə yolkənarı yaşıllıq ərazinin bir hissəsidir. O cümlədən, faktiki sahə digər şəxsin (X5) müraciəti ilə üst-üstə düşür.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 550 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə X3 barədə Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 541 “a” saylı qərarı, alqı-satqı müqaviləsi, Torpaqların-alqı satqısına dair akt, yerləşmə cizgisi, kassa mədaxil orderi və sözügədən qərarın və ona əlavə edilmiş sənədlərin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında olan nüsxələri iş materiallarına əlavə edilmişdir.

8. Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli, XK- 500 nömrəli məktuba əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X8 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı onun qanun üzrə vərəsəsi X9 tərəfindən Bakı şəhəri 11 saylı notariat ofisinə müraciət daxil olmuşdur.

9. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 30 may 2025-ci il tarixli, 3-48-2F/2-1153/2025 nömrəli məktubla Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli, 541 a saylı qərarı və ona əlavə edilmiş digər sənədlər məhkəməyə təqdim edilmişdir.

10. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş 29 avqust 2025-ci il tarixli, 3-21-3-30/2-39608/2025 nömrəli məktubla bildirilmişdir ki, X11 adına Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsində yerləşən 550 kv.m torpaq sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, bitişik hasar qonşuluğunda özəl sahə aşkar edilməmişdir.

11. “X10” MMC tərəfindən 03 sentyabr 2025-ci il tarixli, 275 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyinə əsasən X2 fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılması barədə Binəqədi Bələdiyyəsinin 541 a saylı, 30 dekabr 2006-cı il tarixli qərarı əsasında Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsində ayrılmış 0.0550 ha torpaq sahəsinin natura üzrə coğrafi məkan göstəriciləri (koordinatları, sahəsi və ölçüləri) koordinatları və ölçüləri aşağıdakı kimi müəyyən edilmişdir: 1. Binəqədi Bələdiyyəsinin 541 a saylı, 30 dekabr 2006-cı il tarixli qərarı ilə X2 fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmlış 0.0550 ha torpaq sahəsinin natura üzrə döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: 1) X=402690.9197 Y= 4475644.5415 2) X=402678.7000 Y=4475645.0440 3) X=402681.7730 Y= 4475689.9820 4) X=402693.9930 Y= 4475689.4871. 2. X2 fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılması barədə Binəqədi Bələdiyyəsinin 541 a saylı, 30 dekabr 2006-cı il tarixli qərarı əsasında Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsində ayrılmış 0.0550 ha torpaq sahəsinin situasiya planına əsasən Binəqədi Bələdiyyəsinin hüdudları daxilində yerləşməsi müəyyən olunur. Həmçinin, tədqiqat nəticəsində müəyyən olunur ki, sözügedən 550 kv.m torpaq sahəsinin qonşu ərazisində yerləşən 2850 kv.m torpaq sahəsinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2024-cü il tarixdə, 3-16-16/2-10/7269 nömrəli ekspert rəyində Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşdiyi qeyd edilmişdir. 3. X2 fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılması barədə Binəqədi Bələdiyyəsinin 541 a saylı, 30 dekabr 2006-cı il tarixli qərarı əsasında Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsində ayrılmış 0.0550 ha torpaq sahəsinin natura üzrə müəyyən edilmiş faktiki koordinatları Binəqədi Bələdiyyəsinin müvafiq olaraq situasiya planında qeyd edilmiş 0.06 ha torpaq sahəsinin cizgisi ilə tam şəkildə üst-üstə düşür. Ekspert rəyi mütəxəssis rəyinə əlavə edilmişdir.

12. İş materiallarına hazırki işlə bağlı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş analoji çıxarış əlavə edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Belə ki, işin hallarından görünür ki, cavabdehin iddiaçının müraciətindən imtinasının və məhkəməyə təqdim edilmiş etirazının əsasları aşağıdakılardır:

1. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. 2.Təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri qeyd olunmamışdır.

3. Sahə yolkənarı yaşıllıq ərazinin bir hissəsidir.

4. Faktiki sahə digər şəxsin (X5) müraciəti ilə üst-üstə düşür.

5. O cümlədən, məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi tərəfindən bildirilmişdir ki, torpaq sahəsinin X7 adına olan **********3485 nömrəli torpaq sahəsinin plan və ölçüsü (kadastr planı) sənədinin baza məlumatları ilə üst-üstə düşür.

20. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

21. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır.

22. İddiaçı Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 541 “a” saylı qərarına istinad edərək, mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi tələbini irəli sürmüşdür.

23. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum əri X14 barəsində Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 541 “a” saylı qərarı və ona əlavə edilmiş sənədlər Dövlət Arxivinin Bakı Filialında mövcuddur.

24. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.

25. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə iddiaçı tərəfindən əldə edilmiş “X10” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, X2 fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılması barədə Binəqədi Bələdiyyəsinin 541 a saylı, 30 dekabr 2006-cı il tarixli qərarı əsasında Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsində ayrılmış 0.0550 ha torpaq sahəsinin natura üzrə coğrafi məkan göstəriciləri (koordinatları, sahəsi və ölçüləri) koordinatları və ölçüləri aşağıdakı kimidir: X=402690.9197 Y= 4475644.5415 2) X=402678.7000 Y=4475645.0440 3) X=402681.7730 Y= 4475689.9820 4) X=402693.9930 Y= 4475689.4871. Torpaq sahəsinin situasiya planına əsasən Binəqədi Bələdiyyəsinin hüdudları daxilində yerləşməsi müəyyən olunur. Həmçinin, tədqiqat nəticəsində müəyyən olunur ki, sözügedən 550 kv.m torpaq sahəsinin qonşu ərazisində yerləşən 2850 kv.m torpaq sahəsinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2024-cü il tarixdə, 3-16-16/2-10/7269 nömrəli ekspert rəyində (Ekspert rəyi mütəxəssis rəyinə əlavə edilmişdir). Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə ayrılması nəzərdə tutulan ərazinin hüdudları daxilində yerləşdiyi qeyd edilmişdir. Torpaq sahəsinin natura üzrə müəyyən edilmiş faktiki koordinatları Binəqədi Bələdiyyəsinin müvafiq olaraq situasiya planında qeyd edilmiş 0.06 ha torpaq sahəsinin cizgisi ilə tam şəkildə üst-üstə düşür.

26. Bundan başqa cavabdeh tərəfindən torpaq sahəsinin digər şəxsin (X5) müraciəti ilə üst-üstə düşməsi qeyd olunsa da, sözügedən şəxsin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçının iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut müəyyən edilməmişdir.

27. Həmçinin, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi torpaq sahəsinin X7 adına olan **********3485 nömrəli torpaq sahəsinin plan və ölçüsü (kadastr planı) sənədinin baza məlumatları ilə üst-üstə düşməsini qeyd etsə də, iş materiallarına əlavə edilmiş məhkəmə qərarına (Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3251/2025 nömrəli qərarı) əsasən müəyyən edilmişdir ki, X7 adına verilmiş plan-ölçü sənədi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ləğv edilmişdir.

28. O cümlədən, məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına olan məhkəmə qərarları və iddiaçı tərəfindən təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda iddiaçının sənədləri ilə eyni məzmunlu sənədlər əsasında digər torpaq sahələrinə mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmışdır.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; 12.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 18.1-ci maddəsinə əsasən, inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz.

30. Məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh inzibati orqanın iddiaçının müarciətindən imtinası Qanunun yuxarıda sadalanan inzibati icraatın prinsiplərinə zidd hesab edilməlidir. Əvvəla ona görə ki, işin sadalanan hallarından da müəyyən olunur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri eyni məzmunlu sənədlər əsasında qeydiyyata alınmışdır. Hazırkı iş üzrə əvvəlki praktikasına uyğun olmayaraq imtina ilə çıxış etmişdir ki, bununla da iddiaçıya münasibətdə Qanunun etimad və ya bərabər yanaşılma prinsipini tətbiq etməmişdir. Həmçinin, cavabdehin eyni ərazi üzrə digər torpaq sahələrinin qeydiyyatını nəzərə almadan iddiaçının hüququnu qeydiyyata almamaqla İİQ-18-ci maddəsində nəzərdə tutulan “çoxun azı ehtiva etməsi” prinsipini də pozmuşdur.

31. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

32. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.

33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

34. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və iddiaçı sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etməkdə haqlı olmuşdur.

35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).

37. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X11 vərəsəsi İddiaçı torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.

38. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

39. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

40. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.

42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 541 “a” saylı qərarına əsasən Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə X13 ayrılmış 550 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar