Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10037/2022 17.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 10 iyun 2022-ci il tarixli **********425500 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 10 iyun 2022-ci il tarixli **********425500 nömrəli qərarının əlavə hesablanmış verginin 895,2 (səkkiz yüz doxsan beş manat iki qəpik) manat məbləğ hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdehin qərarından görünür ki, onun qəbul edilməsinə əsas kimi xx.xx.2022-ci il tarixli **********802400 nömrəli xidməti məktubda adları qeyd edilən vergi ödəyicilərinin araşdırılma zamanı vergi ödəyicisi tərəfindən (İddiaçı MMC) 2021-ci il ərzində riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərindən riskli əməliyyat üzrə 17903,91 manat dəyərində elektron qaimə-fakturaların əldə edildiyi və həmin məbləğin müvafiq dövr üzrə təqdim edilmiş gəlir (mənfəət) vergisi bəyannaməsində xərc məbləği kimi bəyan edilməsinin vergidən yayınma halı kimi (kənarlaşma) qiymətləndirilməsi olmuşdur. İddiaçı MMC tərəfindən 2021-ci il ərzində əməliyyatlar aparılarkən hər hansı riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicisi kimi qeydiyyata alınmış təşkilatla əməliyyat aparılmamışdır. Vergi orqanı həmin şirkətlə bağlı qərarı xx.xx.2022-ci il tarixdə qəbul etmiş və həmin tarixdə həmin şirkəti riskli vergi ödəyicisi kimi qeydə almışdır. Vergi orqanının qərarında qeyd edilmiş təşkilatın adının riskli vergi ödəyicisi siyahısına daxil edilməsi İddiaçı MMC-nin müqavilə üzrə aparılmış əməliyyatlarından sonrakı dövrə təsadüf edir. Vergi ödəyicisi müqavilə üzrə əməkdaşlıq etdiyi təşkilatın riskli vergi ödəyicisi olub-olmadığını vergi orqanı tərəfindən X2 müvafiq məlumatlar daxil edildiyi andan görür. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və göstərmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərindən riskli əməliyyat üzrə 17903,91 manat dəyərində elektron qaimə-fakturaların əldə edildiyi və həmin məbləğin müvafiq dövr üzrə təqdim edilmiş gəlir (mənfəət) vergisi bəyannaməsində xərc məbləği kimi bəyan edilməsinin vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2022-ci il tarixli **********756500 nömrəli məktub göndərilərək 5 (beş) gün müddətində müvafiq təsdiqedici sənədlərini, ətraflı izahat məktubunun və 2021-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci il mənfəət vergi bəyannaməsi üzrə 895,2 manat olmaqla (17903,91*5%) əlavə vergi məbləği hesablanmışdır. Daha sonra vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilərək bəyannamənin xərc hissəsində 221.15-ci maddəsində əlavə 4460 manat xərc məbləği bəyan edərək göstəricilərinin azaldılmaqla təqdim edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bu səbəbdən vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********407500 nömrəli uyğunsuzluq məktubu göndərilmiş və müvafiq təsdiqedici sənədlərini, ətraflı izahat məktubunu və 2021-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən yenə də kənarlaşmalar aradan qaldırılmamış, müvafiq təsdiqedici sənədlər təqdim edilməmiş və nəticədə 2021-ci il mənfəət vergi bəyannaməsi üzrə 1118,20 manat olmaqla əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə 10 iyun 2022-ci il tarixli **********425500 saylı “Vergilərin, sosial sığorta və işsizlikdən sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, “LİBRA-E" MMC tərəfindən 2021-ci il ərzində əməliyyatlar aparılarkən hər hansı riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicisi kimi qeydiyyata alınmış təşkilatla əməliyyat aparılmamışdır. xx.xx.2021-ci il tarixli müqavilə ilə "xxxx" MMC-dən mallar alınmış və müvafiq ödəniş edilmişdir. "BASİLİCA” MMC tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində cəmi 76,9 min manat dəyərində təqdim edilmiş qaimə faktura üzrə satışda “Kitab-kateqoriya-2(A5/RQ/AQS/130/300), rəngli, 300 səhifəlik, 3 nəşr, 130 qramlıq, Broşürlar (A4 formatında, rəngli, 50 səhifəlik, 15-nəşr, 120 qramlıq), Avtoklav torbası, Katric Toner HP1005 üçün, Paraşok 9kq Universal, Döşəmə bezi 80/100 və s.” qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron-qaimə faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarının 2.1.1-ci, 3.1.1-ci, 2.1.3-cü yarımbəndlərinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın qismən ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2022-ci il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2022-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: - 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. - 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. - 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. - 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - 96.1-ci maddəsinə görə rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. - 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. -108.1-ci maddəsinə əsasən həmin fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. İşdə olan xx.xx.2021-ci il tarixli 24-12-21 BACLİB nömrəli müqavilədən görünür ki, «Sifarişçi» (“Alıcı”) adlanacaq İddiaçı və «İcraçı» (“Satıcı”) adlanacaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən «Sifarişçi» (“Alıcı”) bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymət razılaşma protokollarında, hesabfakturalarda, təhvil-qəbul aktlarında və elektron qaimə fakturalarda qeyd olunan işlərin görülməsini, xidmətlərin göstərilməsini və ya malların alınmasını sifariş verməyi, «İcraçı» (“Satıcı”) isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən qiymət razılaşma protokollarında, hesab-fakturalarda, təhvil-qəbul aktlarında və elektron qaimə fakturalarda sadalanan işlərin görülməsini, xidmətlərin göstərilməsini və ya malların alınmasını təmin etməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 755698 nömrəli elektron qaimədən görünür ki, həmin müqaviləyə əsasən satıcı "xxxx" MMC 17903.91 manat dəyərində malı alıcı İddiaçı MMCyə təqdim etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsindən görünür ki, iddiaçı 2021-ci il vergi dovrü üzrə mənfəət vergisini 3628,32 manat məbləğində bəyan etmişdir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********425500 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.2022-ci il tarixli **********802400 nömrəli xidməti məktubda adları qeyd edilən vergi ödəyicilərinin araşdırılması zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərindən riskli əməliyyat üzrə 17903,91 manat dəyərində elektron qaimə-fakturaların əldə edildiyi və həmin məbləğin müvafiq dövr üzrə təqdim edilmiş gəlir (mənfəət) vergisi bəyannaməsində xərc məbləği kimi bəyan edilməsi vergidən yayınma halı kimi qıymatləndirilərək iddiaçıya 1118,2 manat məbləğində əlavə vergi hesablanmış, bununla da 2021-ci il vergi dövrü üzrə mənfəət vergisi cəmi 4746,52 manat müəyyən edilmişdir. İddiaçı hazırda cavabdehin ona əlavə vergi hesablama əsasının qanunsuz olduğunu iddia edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********425500 saylı xx.xx.2022-ci il tarixli qərarın 895,2 manat əlavə vergi məbləği hissəsində ləğv edilməsini xahiş edir. Məhkəmə iddiaçının bu tələbi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). - bənd 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. - bənd 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İddiaçı tərəfindən mübahisələndirilən qərardan görünür ki, "xxxx" MMC riskli vergi ödəyicisi hesab edildiyindən cavabdeh iddiaçının onunla bağladığı müqaviləyə əsasən ödənilən 17903,91 manat pulun xərcə daxil edilməsini qəbul etməyərək həmin məbləğin 5 faizi məbləğində ( 895,2 manat) iddiaçıya əlavə vergi hesablamışdır. Lakin işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin risklə vergi ödəyicisi hesab edilməsi barədə” **********643800 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2021-xx.xx.2021 -ci il tarixlərində cəmi 76,9 min manat dəyərində təqdim edilmiş qaimə faktura üzrə satışda "Kitab-kateqoriya-2 (A5/RQ/AQS/130/300), rəngli, 300 səhifəlik, 3 nəşr, 130 qramlıq, Broşürlar (A4 formatında, rəngli, 50 səhifəlik, 15-nəşr, 120 qramlıq), Avtoklav torbası, Katric Toner HP 1005 üçün, Paraşok 9kq Universal, Döşəmə bezi 80x100, və s." qeyd olunduğu, elektron qaimə faktura üzrə cəmiyyətin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilmədiyi, eyni zamanda cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edildiyindən Azərbaycan Respub ikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları’’nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Göründüyü kimi, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə riskli vergi ödəyicisi hesab olunsa da, iddiaçının həmin cəmiyyətlə apardığı əməliyyat xx.xx.2021-ci il tarixə aid olmuş, həmin dövrdə "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Belə olan halda aydındır ki, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olan hal, o cümlədən 17903,91 manatın iddiaçının xərcinə aid edilməməsi üçün əsas mövcud olmamış, bununla da cavabdeh qanunsuz qərar qəbul etmişdir. Digər tərəfdən, cavabdeh iddiaçının əmtəəsiz, yaxid riskli əməliyyat aparması ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, iddiaçının riskli əməliyyat apardığına görə riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul etməmişdir. Halbuki VM-in 36.2-ci maddəsinə görə vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: - 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləlikə, göstərilənlərə əsasən cavabdehin qəbul etdiyi qərarın əsaslandığı hallar iş materialları ilə təkzib olunduğundan məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmir. Buna görə də iddia təmin edilməli və cavabdehin 10 iyun 2022-ci il tarixli qərarı mübahisələndirilən hissədə ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 iyun 2022-ci il tarixli **********425500 saylı qərarı 895,2 manat əlavə vergi hesablanması hissəsində ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-10037/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10037/2022
17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver