Məhkəmə qərarları › İş №2-1(112)-10037/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10037/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10037/2023 07.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdeh nümayəndəsi oğlunun X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə hüquqların qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3123-cü məhəllə ünvanında yerləşən ticarət pavlionuna dair mərhum həyat yoldaşı X4 adına dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3123-cü məhəllə ünvanında yerləşən ticarət pavlionuna dair mərhum həyat yoldaşı X6 məxsusluğu barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X3 Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3123-cü məhəllə ünvanında yerləşən ticarət pavlionu miras əmlak kimi qalmışdır. O, mərhum həyat yoldaşının vərəsəsi kimi tanınmış və bununla əlaqədar 1 saylı Bakı Asan xidmət mərkəzində vərəsəlik işi də açılmışdır. Həmin vərəsəllik işinin gedişi zamanı 1 saylı Bakı ASAN Xidmətində fəaliyyət göstərən Notariat Ofisi tərəfindən həmin pavliona dair mərhum X4 adına hüquqmüəyyənedici sənədlərin verilməsi barədə məktub göndərilmişdir. Eyni zamanda o, özü də mərhum həyat yoldaşının adına Dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdeh orqana müraciət etmişdim. Lakin cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmiş və imtinanın əsası kimi də onun tərəfimdən qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikintinin icra edilməsinə icazə haqqında qərarı, istismara qəbul aktının təqdim edilmədiyi üçün ərizənin təmin edilməsinin mümkün olmadığı göstərilmişdir. Rəsmi müraciətdən də əvvəl dəfələrlə cavabdeh orqana şifahi şəkildə də müraciət etmişdir. Həmin müraciətlər zamanı da ondan bu sənədlər tələb olunmuşdur. Buna görə də AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmuş və AR İN yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə xx.xx.2022-ci il tarixli, 4144 saylı torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Yəni bu pavlionun yerləşdiyi torpaq sahəsinin rəsmi qaydada onlara ayrılmasına dair müvafiq sənəd əldə olunmuşdur. Cavabdeh tərəfindən ondan tələb olunan digər sənədlərin, yəni müvafiq icra hakimiyyəti orqanının tikintinin icra edilməsinə icazə haqqında qərarı, istismara qəbul aktı və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihənin əldə olunması ilə əlaqədar onun tərəfindən həm Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə, həm də AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciətlər olunmuşdur. Lakin hər iki dövlət qurumu mərhum ərinin adına olan bu pavlionun 2000-ci ildən əvvəl tikildiyini nəzərə alaraq və həmçinin bununla əlaqədar Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 122 saylı sərəncamının olmasını nəzərə alaraq, cavabdeh orqanın tələb etdiyi sənədlərin hal-hazırda verilməsinin qeyrimümkün olduğunu və həmin sənədlərin ümumiyyətlə qanunla ondan tələb olunmadığını bildirmişlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsinə görə daşınmaz əmlaka dair hüquqların qeydiyyatı üçün vətəndaşlardan qanunla nəzərdə tutulmuş sənədlərdən əlavə sənədlərin tələb edilməsi qadağandır. Ona görə də hesab edirəm ki.cavabdeh orqanın imtinası tamamilə əsasız və qanunsuzdur.

4. İddiaçının hüquqlarının qeydə alınmasından imtina onunla əsaslandırılmışdır ki, “göstərilən qeyri-yaşayış binasının qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun" 8.0.9.2-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər - qeyri-yaşayış binasının tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyata alınmasından imtina sayılmır.”

5. Cavabdehin idddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, göstərilən qeyri-yaşayış binasının qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər – müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bununla bağlı İddiaçı **********20 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır.

6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubu ilə X8 barəsində Binəqədi rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 122 saylı sərəncamı və ona əlavə edilmiş digər sənədlər məhkəməyə göndərilmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 122 saylı sərəncamına əsasən 1.7-ci m-n, 3123-cü məhəllədə yerləşən 23.1 kv.m sahəsi olan ticarət zalından və 7.3 kv.m köməkçi sahəsindən ibarət ticarət pavilyonu vət. X4 adına qanuniləşdirilmişdir.

8. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən pavilyonun texniki-iqtisadi göstərişlərinin əks etdirən texniki pasport verilmişdir.

9. Cavabdeh xx.xx.2023-cü il tarixli vəsatətlə müraciət edərək iş üzrə üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətini cəlb edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, sözügedən qeyri-yaşayış binasına dair müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikintiyə icazə və istismara icazə sənədləri əlavə edilməmişdir. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi” ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli fərmanının birinci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin fərmanın ikinci bəndinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X9 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.

10. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti iş üzrə üçüncü şəxs (adı cəlbetmə) qismində cəl edilmişdir.

11. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı X4 vərəsəsidir.

12. Hüquqi və fiziki şəxslərlə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 4144 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır.

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək edən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünküyü

15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

16. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

17. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

19. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

20. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

21. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3123-cü məhəllə ünvanında yerləşən 23.1 kv.m sahəsi olan ticarət zalından və 7.3 kv.m köməkçi sahəsindən ibarət ticarət pavlionu Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 122 saylı sərəncamı əsasında mərhum X6 məxsus olmuşdur, həmin şəxs xx.xx.2021-ci il tarixdə vəfat etmişdir, 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin cavabdehə ünvanlanmış 27 may 2022-ci il tarixli məktubuna əsasən iddiaçı vəfat etmiş şəxsin varisidir. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş adamın adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

22. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsindən: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

25. Cavabdeh qurumun imtinası qeyri-yaşayış obyektinin istismarına icazə sənədinin təqdim edilməməsi ilə bağlıdır.

26. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

27. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: - 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; - 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; - 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; - 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanuna qeyd edilən yeni məzmunda 8.0.9-cu, 8.0.10-cu, 8.0.11-ci maddələr 24 fevral 2015-ci il tarixli 1198-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir.

30. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə pavilyonun texniki-iqtisadi göstərişlərinin əks etdirən texniki pasport verilmişdir. Qeyd edilən qeyri-yaşayış binası (pavilyon) texniki pasport əsasında Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 122 saylı sərəncamı ilə iddiaçının mərhum əri X4 adına rəsmiləşdirilmişdir. Bina özbaşına inşa edilməmişdir. Məhkəmə eyni zamanda nəzərə alır ki, hazırda pavilyonun müvafiq tikinti norma və qaydalarına əsasən inşa olunmaması və ya istismara icazə sənədi mövcud olmadığına görə sökülməsi ilə bağlı hər hansı inzibati icraat aparılmır və ya aidiyyəti dövlət orqanı tərəfindən qaldırılmış iddia yoxdur. Hüquqi və fiziki şəxslərlə torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 4144 saylı müqaviləyə əsasən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır.

31. Bu səbəbdən də məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 122 saylı sərəncamı mübahisələndırılən pavilyon üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsində göstərilən əsaslardan (2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri) biridir.

32. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1.-ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

33. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;

34. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia təmin edilməlidir.

35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 3123-cü məhəllə ünvanında yerləşən ticarət pavlionunu İddiaçı mərhum həyat yoldaşı X6 məxsusluğu barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar