Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10040/2021 21.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X2katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergilərin yenidən hesablanması barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergi borcunun yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23.08.2019-cu il tarixində vergi orqanına 2017-ci ilin sentyabr ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim etmiş, lakin, vergi orqanı kameral yoxlama ilə əsassız vergi hesablaması aparmışdır. Belə ki, fəaliyyət göstərdiyi obyektə vergi orqanı 2016-cı ilin dekabr ayında xronometraj metodu ilə müşahidə keçirmiş və obyektdə günlük dövriyyənin 618.5 manat olaraq müəyyən etmişdir. Xronometrajın nəticəsinə əsasən kameral vergi yoxlaması ilə 2016-cı ilin 4-cü rübü üzrə 92277.56 manat, 2017-ci ilin 1ci rübü üzrə 55665.35 manat, 2017-ci ilin 2-ci rübü üzrə 56283.86 manat və 2017-ci ilin 3-cü rübü üzrə 38347.27 manat dövriyyə müəyyən edilmişdir. Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən 2017-ci ilin sentyabr ayına ƏDV üzrə kameral vergi yoxlanması ilə 2453.05 manat vergi məbləği hesablanmışdır. Lakin, 2016-cı ilin sentyabr ayından 2017-ci ilin sentyabr ayına kimi müəyyən olunan 12 aylıq dövriyyə 159574.04 manat olduğundan vergi orqanının ƏDV üzrə hesablanması əsassızdır. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcələ ilə müəyyən edilən vegilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. O, ƏDV ödəyicisi kimi qeydiyyata alınmaq üçün ərizə versə də, bunun mahiyyətinə fikir verilməmişdir. Ona boş vərəqlər imzaladıb, bununla bağlı heç nə izah etməmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının iddia tələbi inzibati mübahisələrə dair işlər üzrə iddianın mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün hesab edilməməlidir. İlk öncə qeyd etmək istəyirlər ki, iddiaçı eyni iddia ilə 22.01.2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 13.03.2019-cu il tarixli, 2-1(82)-1141/2019 saylı iş üzrə iddia tələbi mümkünsüz hesab edilmişdir.Daha sonra iddiaçı tərəfindən eyni iddia növü ilə 11.10.2019-cu il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən 03.09.2020-ci il tarixli, 2-1(112)-1657/2020 saylı iş üzrə iddia tələbi mümkünsüz hesab edilmişdir.Hazırda isə iddiaçı hesablanmış vergi borcunun yenidən hesablanmasını xahiş edir. İşin mahiyyəti üzrə bildirirlər ki, vergi orqanının **********6021 nömrəli, 16.12.2016-cı il tarixli qərarı ilə iddiaçıya məxsus “Fidan" market adlı obyektdə xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə əsasən OVN/9095698 saylı, 21.12.2016-cı il tarixli yekun akt tərtib edilmişdir. Həmin akta əsasən vergi ödəyicisinin orta günlük dövriyyəsi 618.50 manat müəyyən edilmişdir. Eyni zamanda, bildirirlər ki, iddiaçı 26.09.2017-ci il tarixli, **********588700 nömrəli ərizə ilə xronometraj metodu ilə yeni müşahidənin aparılması barədə müraciət etmişdir. Vergi orqanında (Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamenti) müraciətə baxılaraq, 05.10.2017-ci il tarixli, **********485600 nömrəli məktubla təqdim edilmiş 26.09.2017-ci il tarixli müraciət məqbul hesab olunaraq, vergi orqanının istismarında olan proqram təminatına işlənilməklə nəzərə alındığı və 21.12.2016-cı il tarixli müşahidənin nəticəsi 26.09.2017-ci il tarixdən passivləşdirildiyi bildirilmişdir. Qeyd olunanlara əsasən vergi ödəyicisinin 2017-ci ilin sentyabr ayı üçün rəsmiləşdirilmiş sonuncu xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə əsasən 16081,10 (618.50x26) manat dövriyyəsinin müəyyən edilməsinə baxmayaraq, həmin dövr üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsinə əsasən 0,00 dövriyyənin göstərildiyi müəyyən edilmiş, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 20.10.2017-ci il tarixli **********151500 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və ətraflı izahat məktubu tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 2017-ci ilin sentyabr ayı üçün əlavə dəyər vergisi üziə 2453.05 manat (16081,10 /1.18 x 18%) əlavə vergi məbləği hesablanaraq 27.09.2019-cu il tarixli, **********405200 nömrəli "Vergilərin hesablanması barədə" Qərar göndərilmişdir. Vergi Məcələsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, vergi orqanları ödənilməli olan verginin məbləğini vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələrindən istifadə etməklə hesablamaq hüququ vardır. Göstərilənləri nəzərə alaraq, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. İş üzrə hazırlıq iclası 21.10.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 27 sentyabr 2019-cu il tarixli, **********160500 nömrəli Qərarının surətindən görünür ki, sentyabr 2017 hesabat dövrü üçün əlavə dəyər vergisi üzrə iddiaçıya 2453.05 manat vergi borcu hesablanmış və sözügedən inzibati aktda vergi ödəyicisinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada şikayət vermə hüququ və müddəti göstərilmişdir. İşdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1657/2020 saylı, 03.09.2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27.09.2019-cu il tarixli, **********4005200 nömrəli vergilərin hesablanması barədə qərarının ləğv ediməsini xahiş etmişdir. Həmin iş üzrə mübahisəli qərara (Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 27.09.2019-cu il tarixli, **********4005200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarına) əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində İddiaçı (VÖEN: **********) 2453.05 manat vergi hesablanmışdır (bəyannamə və hesabat növü – Əlavə dəyər vergisi, bəyannamə və hesabat dövrü – sentyabr 2017). ƏDV bəyannaməsinə əsasən dövriyyə 0 manat məbləğ, rəsmiləşdirilmiş son xronometraj müşahidənin nəticəsində müəyyən edilmiş dövriyyə (16081.1 manat) məbləğindən 16081.1 manat azdır. Bakı İnzibati Məhkəməsinin sözügedən qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlrə Baş İdarəsinə qarşı “vergilərin hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçıya məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48-ci maddələrinə müvafiq olaraq (Məhkəmənin yardım etmək vəzifəsi) hüquqi yardım göstərilərək, yalnış iddia növünün münasibi ilə əvəz olunması və iş üzrə əhəmiyyət kəsb edən sübutların təqdim olunması təklif edilməsinə baxmayaraq, iddia tələbinə olduğu kimi baxılması xahiş edilmiş və iş üzrə əhəmiyyət kəsb edən sübutların məhkəməyə təqdim edildiyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, iddianın tələb və mahiyyətindən görünür ki, iddiaçı iddia tələbində “ona hesablanmış vergi borcunun yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etsə də, əslində mahiyyət etibarı ilə sentyabr 2017 bəyannamə və hesabat dövrü, ƏDV dəyər vergisi bəyannamə və hesabat növü üzrə hesablanmış 2453.05 manat məbləğində vergi borcunu inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. Məhkəmənin qənaətinə görə, hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində nəzərdə tutulmuş şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara - mübahisələndirmə haqqında iddia növünə aid edilməli və həmin iddia növünün İPM-də nəzərdə tutulmuş xüsusi mümkünlük şərtlərinin hazırki iddia üzrə ödənilib-ödənilməməsi yoxlanılmalıdır. Mübahisələndirmə haqqında iddia növünün iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərti Azərbaycan Respublikası İnzibaati Prosessual Məcəlləsinin 38-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarına baxış keçirilərkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi vergi orqanının qərarı 27.09.2019-cu il tarixlidir. Göründüyü kimi, sözügedən qərarın mübahisələndirmə müddəti iddiaçıya təqdim olunduğu vaxtdan 30 gün müddətində olmasına baxmayaraq, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürərək, 02.09.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, həmin qərarı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. Məhkəməyə qədər iddiaçının sözügedən qərardan yuxarı inzibati orqana inzibati şikayət verməsi isə iş materialları ilə müəyyən edilmir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iş materiallarında Bakı İnzibati Məhkəməsinin mübahisəli vergi dövrü üzrə hesablanmış vergi borcunun əsaslı olmasına dair məhkəmə qərarı mövcuddur ki, həmin hal isə ona dəlalət edir ki, iddiaçı vergi orqanı tərəfindən ona mübahisəli vergi dövrü üçün hesablanmış borc məbləğindən məlumatlı olmuş və onu məhkəmə icraatı qaydasında mübahisələndirmişdir. Məhkəmə tərəfindən isə iddiaçının iddia tələbinə hüquqi qiymət verilərək, mübahisəli vergi borcunun əsaslı olması müəyyən edilmişdir. Göstərilən halları nəzərə alaraq, məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 24-cü maddələrinin tələblərinə əsasən iddiaçıya buraxılmış prosessual müddətin bərpası ilə bağlı hüquqi yardım göstərilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa ididaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Odur ki, iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı İddiaçı iddiası mümkün sayılmasın Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-10040/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10040/2021
21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver