Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10040/2022 06.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı əmək haqqından tutulmuş məbləğin geri qaytarılması tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh təşkilat tərəfindən onun əmək haqqından tutulmuş məbləğin hesablanaraq ona geri qaytarılmasına məcbur etmə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2008-ci ildən 2012-ci ilədək Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Xəzər Hövzə Qəza-xilasetmə xidmətində "Svetlomor-2" qəza-xilasetmə gəmisində aşpaz vəzifəsində işləmişdir. Eyni zamanda həmin müəssisədə digər əmək fəaliyyəti ilə də uzun müddət məşğul olmuşdur. İşlədiyi müddətdə atası Nəcəfqulu Rzaqulu oğlunun böyük Vətən müharibəsinin iştirakçısı olması barədə cavabdeh təşkilata müvafiq arayış təqdim etmişdir. Lakin buna baxmayaraq böyük Vətən müharibəsi iştirakçılarının və əlillərinin övladlarına dövlət tərəfindən verilən imtiyazı cavabdeh ona şamil etməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon idarəsi tərəfindən verilmiş 115 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, onun atası 1922-ci il təvəllüdlü, X1 1941ci ildən 1945-ci ilədək böyük Vətən müharibəsində iştirak etmişdir. O, 25 noyabr 1945-ci il tarixdən 27 avqust 1956-cı ilədək “zabit” qismində SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. “Hərbi ximətkeçmə haqqında” Əsasnamənin 59-cu maddəsinin “b” bəndinə əsasən (ştatı ixtisara düşdüyünə görə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. X1 10 sentyabr 1956-cı ildən SHXÇDX-nin Xəzər rayon İdarəsində arxiv qeydiyyatındadır. Göründüyü kimi onun atası keçmiş SSRİ adlanan və Vətəni hesab olunan diyarın torpaqlarının faşist Almaniyasından qorunmasının iştirakçısı olmuşdur. Yəni, onun övladlarından və dul qalmış arvadına qanunla nəzərdə tutulmuş imtiyazlar şamil edilməli olduğu halda həmin qanun ona münasibətdə şamil olunmamışdır. Ona görə də hesab edir ki, onun hüquqları pozulmuşdur. Cavabdeh iddianın mümkün sayılmaması barədə vəsatət təqdim etmiş və vəsatəti onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı "əmək haqqından tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, qanunvericiliyin tələbi və işin faktiki halları nəzərə alınmaqla, hazırki iş üzrə iddia mümkün sayılmamalıdır. Belə ki, İnzibati Prosessual Məcəllənin (bundan sonra - İPM) 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı iddia ərizəsində Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən 400 manat məbləğində güzəşt hüququnun olduğunu bildirmişdir. Lakin iddiaçının belə bir güzəşt hüququ əgər var idisə bununla bağlı məsələlər iddiaçının iş yerində işəgötürən tərəfindən həll edilməli idi. Belə bir güzəşt hüququnun onun barəsində tətbiq edilməməsinə, pozulmuş hesab etdiyi hüquqlarının bərpa edilməsinə görə işəgötürən barəsində məhkəməyə müraciət edilməli idi. Lakin qeyd edilən iş üzrə iddiaçı barədə vergi orqanın hansı inzibati aktı qəbul etdiyi və nəticədə onun hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu iddiaçı tərəfindən əsaslandırılmamışdır. İşçi ilə işə götürən arasında yaranan əmək münasibətlərdə, işçiyə verilən əmək haqqına güzəştlərin tətbiq edilməsində isə vergi orqanı hər hansı bir formada iştirak etmədiyi üçün belə bir iddianın vergi orqanına qarşı qaldırılması tamamilə əsassızdır. Hesab edirlər ki, belə olan halda iddia aydın olmadığı, həmçinin iddiaçı barədə vergi qanunvericiliyinin tətbiqi ilə bağlı vergi orqanının hansı öhdəliyinin olması barədə hər hansı sübut iddiaçı tərəfindən təqdim edilmədiyi üçün iddia mümkün sayılmamalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 vəsatəti müdafiə edərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3-cü maddəsinin tələbinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri müəyyən edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının: - 1-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. - 2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. - 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İlkin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2008-ci ildən 2012-ci ilədək Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Xəzər Hövzə Qəzaxilasetmə xidmətində "Svetlomor-2" qəza-xilasetmə gəmisində aşpaz vəzifəsində, eyni zamanda həmin müəssisədə digər əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı işlədiyi müddətdə Böyük Vətən müharibəsi iştirakçılarının və əlillərin övladlarına verilən imtiyazdan istifadə etmədiyindən onun əmək haqqısından tutulmuş vergilərin hesablanaraq cavabdeh inzibati orqan tərəfindən ona ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 01 yanvar 2019-cu il tarixdən qüvvədə olan 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. İddiaçının işlədiyi müddətdə qeyd olunan qanunvericilik norması qüvvədə olmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 13.2.34-cü maddəsinə əsasən muzdlu iş - əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs bu Məcəllənin məqsədləri üçün «işçi», bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs «işəgötürən», bu cür haqq isə «əmək haqqı» adlandırılır. - 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. - 98.2-ci maddəsinə əsasən bu Məcəllənin 98.1-ci maddəsinin məqsədləri üçün gəlirin məbləği, aşağıda göstərilən məbləğdən işçinin əldə etdiyi gəlirə görə ödədiyi hər hansı xərc çıxıldıqdan sonra qalan məbləğə bərabərdir: 98.2.1. fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda - bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq; 98.2.2. işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda - bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri; 98.2.3. işçinin xərclərinin əvəzi ödənildiyi halda - ödənən vəsaitin məbləği; 98.2.4. işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda həmin borcun və ya öhdəliyin məbləği; 98.2.5. işəgötürən tərəfindən ödənilən sığorta haqları. 98.2.6 hər hansı digər halda - normativ hüquqi aktlarda başqa qiymətləndirmə metodu göstərilmirsə, bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq müəyyən edilən dəyər; 98.2.7. işəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada geri qaytarılmadıqda – həmin vəsaitin məbləği. Qanunvericiliyin tələblərindən göründüyü kimi işçinin muzdlu işindən verginin hesablanması və ödənilməsi işəgötürənin səlahiyyətlərinə aiddir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xəzər Hövzə Qəza-xialsetmə Xidmətinə qarşı əmək haqqından tutulan məbləğin geri qaytarılması tələbinə dair iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2-1(103)-2693/2022 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək İddiaçı iddia tələbi mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi dövrdə dövlət qulluqçusu statusu və hərbi rütbəsi olmamışdır, hazırki mübahisə publik hüquq sahəsinə aid hüquq münasibətindən irəli gəlmədiyindən iddiaya inzibati icraat qaydasında deyil, mülki icraat qaydasında cavabdehin hüquqi ünvanı üzrə ümumi məhkəmə tərəfindən baxılmalı idi. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi üzrə cavabdeh qismində qeyd olunmuş inzibati orqan cavabdehlik daşımadığından, bununla da həmin inzibati orqan tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halları müəyyən edilmədiyindən iddianın mümkünlük şərtləri ödənilmir. Ona görə də İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-10040/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10040/2022
06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver