Məhkəmə qərarları › İş №2-1(112)-10040/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10040/2023

21.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10040/2023 21.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsə qarşı “əmək haqqından tutulan gəlir vergisinin qaytarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İ Qarabağ Müharibəsinin veteranı olmağı nəzərə alınaraq, əmək haqqından tutulan gəlir vergisinin qaytarılması barədə məcburetmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək haqqından gəlir vergisinin tutulması barədə cavabdehə müraciət etmişdir. 07 aprel 2023-cü il tarixdə müraciətinə cavab olaraq bildirmişdirlər ki, vergi güzəştinin tətbiqi ilə bağlı müvafiq sənəd tərəfindən mühasibatlığa xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. 2022-ci ilin avqust ayından etibarən əmək haqqı ödənilən zaman, Vergi Məcəlləsinin 102.2.7-ci (qanunvericilikdə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərə) maddəsinə uyğun olaraq muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirə 400 manat məbləğində vergi güzəşti tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirə 400 manat məbləğində vergi güzəşti tətbiq edilmiş və 2023-cü ilin mart ayına olan əmək haqqının ödəniş cədvəlində yenidən hesablama aparılaraq geri qaytarılmışdır. Qeyd: Vergi Məcəlləsinin 102.8-ci maddəsinə xx.xx.2022-ci il tarixdən edilmiş dəyişikliyə uyğun olaraq əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. İ Qarabağ Müharibəsinin veteranıdır. Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış PHŞ-6-1/2-M-72-21-561/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, vergi güzəştinin tətbiqi ilə bağlı müvafiq sənəd tərəfindən mühasibatlığa xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. 2022-ci ilin avqust ayından etibarən əmək haqqı ödənilən zaman, Vergi Məcəlləsinin 102.2.7-ci (qanunvericilikdə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərə) maddəsinə uyğun olaraq muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinizə 400 manat məbləğində vergi güzəşti tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək olan dövr üçün muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinizə 400 manat məbləğində vergi güzəşti tətbiq edilmiş və 2023-cü ilin mart ayına olan əmək haqqının ödəniş cədvəlində yenidən hesablama aparılaraq geri qaytarılmışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildirilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifat siyahısında mövcud olmadığı və hazırkı iddia tələbi ilə bağlı çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsinin müvafiq tələb ilə mülki məhkəmə icraatı qaydasında səlahiyyətli ümumi məhkəməyə müraciət edilməsi olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdehlə aralarında olan əmək müqaviləsinə əsasən həkim vəzifəsində çalışır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifat siyahısında mövcud deyildir. İddiaçının əmək müqaviləsinə əsasən həkim vəzifəsində çalışdığını bildirmişdir. Bununla bağlı məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək cavabdeh qismində göstərilən “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda nəzərdə tutulmadığı, mübahisənin mülki xarakterli olduğu, iddiaçı ilə işəgötürəni arasındakı əmək münasibətlərindən irəli gəldiyi, hazırkı iddia tələbi ilə bağlı çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsinin müvafiq tələb ilə mülki məhkəmə icraatı qaydasında səlahiyyətli ümumi məhkəməyə müraciət edilməsi olduğu izah olunmuşdur. Lakin iddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən olmadığından, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İddiaçıya qanuna müvafiq qaydada və tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar