Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10040/2024 29.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “yenilənmiş məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “yenilənmiş məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Poltava Ali Hərbi Rabitə Komandanlıq Məktəbində kursant kimi təhsil aldığı dövrün günə-gün hesablanaarq yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Fililına göndərilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1986-1988-ci illərdə SSRİ Ordusunda əsgər kimi müddətli həqiqi hərbi xidmət keçmişdir, bu fakt elə cavabdehin özü tərəfindən şəxsi işinə istinadən təsdiq edilmiş əmək kitabçasında qeyd olunmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubunda öz qanunsuz imtinasını “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 28 4-cü maddəsi ilə əlaqələndirməyə cəhd göstərir. Həmin maddəyə əsasən, müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən (18 yaşmadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilən şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar. Cavabdehin imtinası tamamilə qanunsuz bir mövqedir. Çünki, 1989-1993-cü illərdə Poltava Ali Hərbi Rabitə Komandanlıq Məktəbində kursant kimi təhsil almış və həmin ali hərbi məktəbdən nə müvəffəqiyyətsizliyə, nə təhsilini davam etdirmək istəmədiyinə, nə də intizamsızlığa görə xaric edilməmişdir. 1993-cü ildə ölkədə 1-ci Qarabağ müharibəsi gedirdi. Ölkə rəhbərliyi Respubikadan kənarda təhsil alan kursantlara, xidmət keçən zabitlərə müraciət edərək Vətənə qayıtmağı və doğma torpaqların müdafiəsinə quşulmaq üçün çağırışlar edirdi. İddiaçı da məzuniyyətdə olarkən həmin çağırışa qoşularaq Azərbaycan Respublikasının Daxili Qoşunlarının sıralarına yazılaraq xidmətə başlamışdır. İddiaçı hərbi məktəbdən xaric olunaraq əsgər kimi hər hansı hərbi hissəyə müddətli həqiqi hərbi xidmət keçməyə göndərilməmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, X4 verilmiş 198 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, sabiq hərbi qulluqçu İddiaçı daxili qoşunların komandanının xx.xx.1993-cü il tarixli 93 nömrəli ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 11 nömrəli əmrilə Poltava Ali Hərbi Rabitə Komandirləri məktəbinin 4-cü kursundan gəlmiş hesab edilərək 26 yanvar 1993-cü il tarixdən hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilməklə Daxili Qoşunların Baş İdarəsinin dayaq rabitə qovşağının texniki hissə üzrə müavini-mühəndis vəzifəsinə təyin edilmişdir; N saylı hərbi hissə komandirinin xx.xx.1993cü il tarixli 95 nömrəli əmrilə daxili işlər orqanlarında zabit heyətinin hərbi xidmətkeçmə Əsasnaməsinə uyğun olaraq 03 mart 1993-cü il tarixdən ilkin zabit “leytenant” hərbi rütbəsi verilmişdir; Daxili işlər nazirinin xx.xx.2016-cı il tarixli Ə2104ş/h-001-16 nömrəli əmrinə əsasən daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2016-cı il tarixli 110 nömrəli n/h üzrə əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən DQBİ-nin Qərargahında rabitə və AİS şöbəsinin rəisi vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaqla qeydiyyata alınmaq üçün SHXÇDX-nin Bakı şəhəri Sabunçu rayon İdarəsinə göndərilmişdir. Xidmət illəri xx.xx.2016-cı il tarixə qədər: təqvimlə-26 il 07 ay 23 gün; güzəştlə-04 il 05 ay 03 gün; ümumi xidmət illəri-31 il 00 ay 26 gün təşkil edir. Arxiv materiallarında olan Bakı Rabitə Kollecinin 18 nömrəli xx.xx.2002-ci il tarixli arayışından məlum olur ki, İddiaçı 29 dekabr 2001-ci il tarixdə 221 saylı əmrə əsasən Dövlət imtahanını müvəffəqiyyətlə verib “Elektrik rabitəsi” kiçik mütəxəssis ixtisası almışdır (Diplom AB-İİ № 077423). Azərbaycan Texniki Universteti tərəfindən verilmiş B № 024620 nömrəli xx.xx.2008-ci il tarixli diplomdan məlum olur ki, İddiaçı Telekommunikasiya, rabitə qovşaqları və kommunikasiya sistemləri ixtisası üzrə ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. X5 İddiaçı Poltava Ali Hərbi Rabitə Komandirləri məktəbinin 4-cü kursundan gəlmiş hesab edilməsi barədə məlumatlar mövcud olsa da, onun qeyd olunan məktəbi bitirməsi barədə diplom və s. sənədlər aşkar edilməmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (23 dekabr 2011-ci il № 274-İVQ) 28.4-cü maddəsinə əsasən müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən kursantların xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla xidmət müddətinə hesablanır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, etirazın dəlillərinə uyğun izahat vermiş, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan məhkəmə baxışında tədqiq edilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsində hərbi qeydiyyatda olan xx.xx.1968-ci il təvəllüdlü ehtiyatda olan polkovnik İddiaçı 1-ci nüsxə şəxsi işindəki məlumata əsasən o, xx.xx.1993-cü il tarixdən xx.xx.2016cı il tarixədək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikası daxili işlər nazirinin xx.xx.2016-cı i! tarixli müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə (öz arzusu ilə) ehtiyata tərxis olunmuşdur. Ehtiyatda olan polkovnik İddiaçı 2-ci nüsxə şəxsi işindən müddətli həqiqi hərbi xidmət keçməsi barədə məlumatın və ya müddətli həqiqi hərbi xidməti haqqında hərbi biletinin (əsgər hərbi bileti) SHXÇDX-nin Sabunçu rayon idarəsinə göndərilməsi üçün xx.xx.2024cü il tarixli 3-43-70/2-1192/24 nömrəli məktubla AR DİN-in X6 və Büdcə İdarəsinə müraciət olunmuşdur. Həmin qurumdan daxil olan xx.xx.2024-cü il tarixli 3-13-14-1/2-958/24 nömrəli məktubda İddiaçı 2-ci nüsxə şəxsi işində müddətli həqiqi hərbi xidməti barədə hər hansı məlumatın və hərbi biletin aşkar edilmədiyi qeyd olunmuşdur. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; ... 22.4. hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir;
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
“Hərbi vəzifə və hərbi xidmət haqqında“ Azərbaycan Respublikasının Qanunu: 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Maddə 28. Həqiqi hərbi xidmətin növləri 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 28.2. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər. 28.3. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. 28.4. Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilən şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş hallarına əsasən, iddiaçının xidmət keçdiyi orqan olan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi tərəfindən xidmət illəri hesablanarkən 1989-1993-cü illərdə Poltava Ali Hərbi Rabitə Komandanlıq Məktəbində kursant kimi təhsil müddəti günə-gün deyil, hər 4 günü 1 gün sayılmaqla həqiqi hərbi xidmət müddətinə hesablanmışdır. Cavabdeh mövqeyini “Hərbi vəzifə və hərbi xidmət haqqında“ Azərbaycan Respublikasının Qanunun 28.4-cü maddəsi ilə əsaslandırmışdır. Həmin maddəyə əsasən, müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilən şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar. İddiaçının sözügedən xüsusi təyinatlı ali təhsil müəssisəsini bitirməməsi işin mübahisəsiz halıdır. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən həmin müddətin hər 4 günü 1 gün sayılmaqla həqiqi hərbi xidmət müddətinə hesablanması və hazırda həmin müddətin günə gün olmaqla xidmət müddətinə daxil edilməklə yenilənmiş məlumat vərəqəsinin tərtib edilməsindən imtina etməsi qanuni və əsaslı olmuşdur. İş materiallarından göründüyü kimi, iddiaçının ali təhsil müəssisəsindən geri çağırılmasına dair mötəbər dəlillərə istinad edilməmiş və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən iddianın əsaslılığı qənaətinə gəlmək mümkün deyildir. Digər tərəfdən iddiaçının daha əvvəl müddətli həqiqi hərbi xidmət keçməsi və daha sonra ona “leytenant” hərbi rütbəsinin verilməsi də, qeyd edilən maddənin tətbiqini istisna etmir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Odur ki, iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “yenilənmiş məlumat vərəqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov