Məhkəmə qərarları › İş №2-1(112)-10041/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10041/2022

28.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10041/2022 28.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2017-ci il tarixdə təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdeh AR ƏƏSMN tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci ildə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 2-ci dərəcəli əllik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti 5 il olaraq müəyyən edilmişdir. Yəni iddiaçı xx.xx.2022-ci ildə yenidən qiymətləndirilmədən keçməli idi. Lakin iddiaçıya təyin edilmiş əlillik 21 fevral 2021-ci il tarixdən dayandırılmışdır. İddiaçıya əlillik təyinatı zamanı diaqnoz bölməsində “Kəllədaxili travma keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət, postravmatik ensefalopatiya. Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri BQDÇ İİ kəllədaxili hiperternziya və tez-tez təkrarlanan diensefal krizlərlə. Essensial (birincili) hiperternziya. Hipertoniya xəstəliyi İİ m, böyrək daşı xəstəliyi, xroniki prostatit” qeyd olunmuşdur. İddiaçı daha sonra müxtəlif vaxtlarda tibbi müayinələrdən keçmiş və ona qoyulmuş diaqnoz bir-biri ilə eynilik təşkil etmişdir. Yuxarıda sadalanan hallardan göründüyü kimi şəxsə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik Əlillik Altsistemində etibarsız hesab edilmişdir. Bununla bağlı cavabdeh orqana müraciət etmiş və müraciəti təmin edilməmişdir. İddiaçı hesab edir ki, vaxtında kifayət qədər zəruri tibbi yoxlamalardan keçmiş və ona 5 il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Həmçinin hesab edir ki, cavabdeh bu hərəkət və hərəkətsizliyi ilə sosial təminat hüququnu pozmuşdur. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən iddiaçıya qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar ilə eynilik təşkil edir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Cavabdeh inzibati orqanın hərəkətləri əsassız və qanunsuz olduğundan iddiaçının əlilliyinin etibarsız hesab edilməsinə yönəlmiş hərəkətlər də qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Dəmir Yol Xəstəxanasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Kəllədaxili travma, Kəllədaxili travmanın nəticələri, keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya. tez-tez təkrarlanan epileptik tutmalarla Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, BQDÇ İİ, qabarıq asteno-nevrotik sindrom Onurğanın osteoxondrozu, Boyun fəqərələrinin osteoxondrozu Diffuz kistoz mastopatiya, Süd vəzinin proliferasiyaedici fibroz-kistoz mastopatiyası; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Dəmir Yol Xəstəxanasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Kəllədaxili travma, Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət, postravmatik ensefalopatiya. BQDÇ İİ, kəllədaxili hipertenziya və tez-tez təkrarlanan diensefal krizlərlə. Hipertoniya xəstəliyi İİ m, böyrək daşı xəstəliyi, xroniki prostatit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir” səbəbi ilə imtina verilmişdir. Bakı Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə Bilavasitə tabe olan 1 nömrəli Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın...; Diaqnozun mətni: Başın travmalarının nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət (xx.xx.2001). Baş beyin silkələnməsi. Posttravmatik ensefalopatiya. Kəllə daxili hipertenziya. Posttravmatik epilepsiya. tez-tez təkrarlanan generalizə olunmuş tonikoklonik qıcolmalarla (ayda 6-10 dəfə) Üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi. Keçirilmiş poliradikulopatiyadan sonrakı vəziyyət. C3-C4,C4-C5,C5-C6,C6-C7,Th2-Th3,Th3-Th4,L5- S1 fəqərəarası disklərdə protruziyalar, L3-L4,L4-L5 fəqərəarası diskin yırtığı. Boyun və bel osteoxondrozu. Diskogen radikulopatiya, davamlı kökcük ağrı sindromu, tez-tez baş verən residivlərlə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir” səbəbi ilə imtina verilmişdir. X7-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilərək, 77 nəfərin rəsmiləşdirilmiş göndərişlərdə stasionar və ambulator müalicə müddətlərinə dair məlumatlarla Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş aparılmış xəstəlik vərəqələri arasında uyğunsuzluqlar mövcud olduğu qeyd edilmişdir. Həmçinin stasionar və ambulator müalicə tarixlərində həmin şəxslərə əmək haqqı ödənilmişdir ki, bu da vətəndaşa rəsmiləşdirilmiş göndərişdə qeyd olunan məlumatların saxtalaşdırılması və əlillik təyinatı üçün əsas götürülmüş stasionar müalicə faktının təhrif edilməsidir. Bunun əsasında Agentlik tərəfindən göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən (50-ci sıra), xx.xx.2021-ci il tarixdə “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, iddiaçıya xx.xx.2017-ci ildə təyin olunmuş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu xx.xx.2021-ci il tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinə əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: - İddiaçı əlillik vəziyyətinə Bakı Dəmir Yol Xəstəxanasının xx.xx.2017-ci il tarixli 4083003AACEP saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Kəllədaxili travma, Kəllədaxili travmanın nəticələri, keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya. teztez təkrarlanan epileptik tutmalarla Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, BQDÇ İİ, qabarıq asteno-nevrotik sindrom Onurğanın osteoxondrozu, Boyun fəqərələrinin osteoxondrozu Diffuz kistoz mastopatiya, Süd vəzinin proliferasiyaedici fibroz-kistoz mastopatiyası; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9)” səbəbi ilə növbəti müayinə tarixi xx.xx.2022-ci il olmaqla beş il müddətinə əlillik dərəcəsi verilmişdir. - İddiaçı əlillik vəziyyətinə Bakı Dəmir Yol Xəstəxanasının xx.xx.2017-ci il tarixli 4083003AACFU saylı göndərişi əsasında eyni tarixdə baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Kəllədaxili travma, Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət, postravmatik ensefalopatiya. BQDÇ İİ, kəllədaxili hipertenziya və tez-tez təkrarlanan diensefal krizlərlə. Hipertoniya xəstəliyi İİ m, böyrək daşı xəstəliyi, xroniki prostatit; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9)” səbəbi ilə növbəti müayinə tarixi xx.xx.2022-ci il olmaqla beş il müddətinə əlillik dərəcəsi verilmişdir. - İddiaçı əlillik vəziyyətinə Bakı Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinə Bilavasitə tabe olan 1 nömrəli Poliklinikasının xx.xx.2021-ci il tarixli 4399003AAAUD saylı göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın...; Diaqnozun mətni: Başın travmalarının nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət (xx.xx.2001). Baş beyin silkələnməsi. Posttravmatik ensefalopatiya. Kəllə daxili hipertenziya. Posttravmatik epilepsiya. tez-tez təkrarlanan generalizə olunmuş tonikoklonik qıcolmalarla (ayda 6-10 dəfə) Üzvi (travmatik mənşəli) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi. Keçirilmiş poliradikulopatiyadan sonrakı vəziyyət. C3-C4,C4-C5,C5-C6,C6-C7,Th2-Th3,Th3-Th4,L5- S1 fəqərəarası disklərdə protruziyalar, L3-L4,L4-L5 fəqərəarası diskin yırtığı. Boyun və bel osteoxondrozu. Diskogen radikulopatiya, davamlı kökcük ağrı sindromu, tez-tez baş verən residivlərlə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Tibbi Sosial Ekspertiza və X3 çıxarışdan görünür ki, 14.06.201-ci il tarixdə sistemə işlənmiş əlillik təyinatı xx.xx.2021-ci il tarixdə etibarsız hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X4 Fuad Teyyub oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubda bildirilmişdir ki, sizə Mərkəzi Filial tərəfindən 14 iyun 2017-ci il tarixindən hərbi qulluqçu kimi “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilib. Eyni zamanda bildirilir ki, sizin əlillik dərəcənizin “X6”ndə 20 fevral 2021-ci il tarixindən etibarsız hesab edilməsi ilə əlaqədar pensiya ödənişiniz 1 aprel 2021-ci il tarixindən dayandırılıb. Qeyd olunanlara əsasən xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dovr ərzində sizə ödənilmiş 55798,50 manat məbləğində vəsait əlilliyinizin etibarsız sayılması ilə əlaqədar artıq ödənilmiş vəsait kimi qaytarılmalıdır. Buna görə də sizə artıq ödənilmiş 55798,50 manat məbləğində vəsaiti könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınız xahiş edilir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X4 Fuad Teyyub oğluna ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 8 noyabr 2017-ci il tarixli 107 nömrəli məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə uyğun qaydada sizə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən 14 iyun 2017-ci il tarixindən “hərbi xidmət vəzifələrini yerinə yetirilməsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinizin 80 faizi miqdarında əmək pensiya təyin edilməklə ödənilmişdir. Sizin əlillik dərəcəniz “X6”ndə etibarsız hesab edilmişdir. Bununla əlaqədar pensiya ödənişiniz qanunvericiliyin tələblərinə görə 31 mart 2021-ci il tarixinədən dayandırılmışdır. Qeyd olunanlara əsasən xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində sizə ödənilmiş 55798,50 manat məbləğində vəsait əlilliyinizin etibarsız sayılması ilə əlaqədar artıq ödənilmiş vəsait kimi qaytarılmalıdır. Buna görə də sizə artıq ödənilmiş vəsaiti könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınız xahiş edilir. Əks halda qanunvericiliyə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, Bakı Dəmir Yol Xəstəxanasının xx.xx.2017-ci il tarixli 4083003AACFU saylı göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilərək ona həmin tarixdən 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9)” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Növbəti müayinə tarixi xx.xx.2022-ci il olmasına baxmayaraq cavabdeh orqan iddiaçıya təyin olunmuş əlillik təyinatını xx.xx.2021-ci il tarixdə etibarsız hesab etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin əllillik dərəcəsinin təyinatının etibarsız hesab edilməsi ilə bağlı hərəkətlərinin qanunsuzluğunu mübahisələndirir və əlillik təyinatının bərpa olunmasını inzibati məhkəmə icraatında xahiş edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. İddiaçıya əlillik dərəcəsinin təyinatı zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -21.1-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə görə qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə işin hallarını inzibati orqanın inzibati icraat haqqında qanunvericiliyin prosessual qaydası baxımından qiymətləndirərək bu nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının adına rəsmiləşdirilmiş göndərişin onu təqdim edən tibb müəssisəsi tərəfindən ləğv edilmədiyi və ya etibarsız hesab edilmədiyi halda əlillik təyinatını etibarsız hesab etməsi yuxarıda qeyd olunan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələbinə uyğun olmamışdır. Belə ki, qeyd edilən qanunvericiliyin müddəaları əlillik təyinatını şübhə altına alan əsaslı faktlar aşkar olunduğu halda əlillik təyinatını aparan orqana əlilliyi olan şəxsin təkrar müayinəyə cəlb etməsi vəzifəsini müəyyən etmiş, yalnız bundan sonra əlillik təyinatının etibarlı olub-olmamasını müəyyən etmək, əlillik dərəcəsinin təyin edilməsi barədə qərarın dəyişdirilməsi və ya ləğv edilməsi imkanını tanımışdır. Təqdim edilmiş inzibati icraat materiallarında iddiaçının əyani müayinəyə dəvət edilməsi barədə bildiriş, həmin bildirişin iddiaçıya göndərilməsi barədə sübut (poçt qəbzi və s.) və ya həmin inzibati icraatda iddiaçının iştirakını təsdiq edən hallara rast gəlinməmişdir. Bundan əlavə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. -58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya əlillik təyin edilməsi barədə inzibati akt iddiaçı üçün əlverişli inzibati aktdır və iddiaçını belə bir əlverişli inzibati aktın nəticələrindən məhrum edən və ya məhdudlaşdıran, onun hüquqi vəziyyətini dəyişdirə biləcək istənilən tədbir də məhz öz hüquqi formasına görə inzibati aktın qəbulu ilə həyata keçirilməlidir. Başqa sözlə, əlverişli inzibati aktın icrası hər hansı faktiki xarakterli hərəkətlə deyil, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparılmış inzibati icraatın nəticəsi kimi qəbul edilən inzibati aktla ləğv edilə və ya dəyişdirilə bilər. İş üzrə müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə hər hansı qərar qəbul olunmadan əlilliyi etibarsız hesab etmişdir. Halbuki, cavabdehin rəhbər tutduğu sahə qanunvericiliyinə aid olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın yuxarıda qeyd edilən 2.4, 3.7, həmçinin 4.9-cu bəndlərində də cavabdeh orqan tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəblərini göstərməklə məhz qərarın qəbul edilməsi vurğulanmışdır. “Əlilliyin qiymətləndirilməsi Qaydası”na Əlavədə cavabdeh tərəfindən qəbul ediləcək qərarın forması göstərilmiş və bu qərar forması əlilliyin qiymətləndirilməsinin bütün nəticələrinə aid olan forma kimi nəzərdə tutulmuşdur. Beləliklə, hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iş üzrə sübutların toplanılması, iddiaçının iştirakının təmin edilməsi tələblərinə riayət etməyərək yekunda inzibati icraatın nəticəsi olaraq qərar formasında inzibati akt qəbul etməmiş, qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirməkdə hərəkətsizlik göstərmiş, prosessual tələblərə riayət etmədən iddiaçı barəsində təyin edilmiş əlilliyi etibarsız hesab etmişdir. Belə olan halda cavabdehin iddiaçının əlillik təyinatının X6ndə etibarsız hesab edilməsi ilə bağlı hərəkətləri qanunsuz hesab olunmaqla əlillik təyinatı bərpa edilməlidir (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). Məhkəmə iddiaçının əlillik dərəcəsinin bərpa edilməsi nəticəsinə gələrkən həm də o halı nəzərə alır ki, iddiaçının növbəti əlillik təyinatı xx.xx.2022-ci il tarixdə olduğu halda xx.xx.2021-ci il tarixdən etibarsız hesab edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıdan əlillik dərəcəsi etibarsız hesab edildiyinə görə xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ödənilmiş 55798,50 manat məbləğində vəsaitin artıq ödənilmiş vəsait kimi geri qaytarılması tələb edilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının əlillik dərəcəsi etibarsız hesab edildiyi xx.xx.2021-ci il tarixdən bərpa edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2017-ci il tarixdən təyin olunmuş əlillik dərəcəsinin etibarsız hesab edildiyi xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar