Məhkəmə qərarları › İş №2-1(112)-10047/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10047/2024

27.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10047/2024 27.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nümayəndəsi X17, üçüncü şəxs X9 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı X20 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının X13 elmlər doktoru elmi dərəcəsi verilməsinə dair xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ya bu öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçıların əsaslandırması: İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlar həm N.Tusi adına X2 rəhbərliyinə, həmçinin BED 3.05 X6 və həm də cavabdeh Ali Attestasiya Komissiyasına çoxsaylı müxtəlif şikayətlər yazmışlar. Həmin şikayətlərində sözügedən bu doktorluq dissertasiya işlərinin qapalı keçirilməsindən, BED 3.05 X3 tərkibinin əksəriyyətinin ixtisasçılar olmamasından, doktorluq dissertasiyası iddiaçısı X10 təqdim etdiyi “doktorluq dissertasiya” işinin avtoreferatının plagiat olmasından, bu avtoreferatda çoxlu sayda elmi səhv və qüsurların mövcudluğundan, hətta olduqca çoxlu sayda orfoqrafik səhvlərin olmasından bəhs ediblər. Doktorluq dissertasiyası iddiaçısı Z.A.Səmədovun bu “doktorluq dissertasiya” işinin ilkin müzakirəsi 15 aprel 2021-ci il tarixdə Bakı Dövlət Universitetində keçirilmişdir. O, özünün “doktorluq dissertasiya” işini isə 18 noyabr 2022-ci il tarixində müdafiəyə təqdim etmişdir. Həmin vaxtdan onun müdafiəsinədək 1 il 7 ay vaxt keçmişdir. Halbuki, bu məsələ ilkin müzakirə seminarından başlayaraq ən geci 1 il müddətinə həll olunub başa çatmalıydı. Deməli bu sözügedən müdafiə ilə bağlı ciddi prosedur pozuntusu da baş vermişdir. İşin müdafiəyə təqdim olunmasının bu qədər gecikməsi isə haqlı şikayətlər ilə bağlı olmuşdur. Belə ki, AAK rəhbərliyi ilə N.Tusi adına X2 baş direktoru arasında onlardan xəbərsiz aparılan yazışmalardan aydın görünür ki, şikayətləri haqlı və əsaslı olduğundan işin müdafiəyə təqdim edilməsi olduqca çox gecikdirilmişdir. AAK-ın Aparat Rəhbərinin N.Tusi adına X2 baş direktoruna göndərdiyi 06 dekabr 2021-ci il tarixli, 04/06- 6/147 saylı məktubundan görünür ki, onlar və başqa alimlər tərəfindən birbaşa və bilavasitə cavabdeh Ali Attestasiya Komissiyasına 2021-ci ilin noyabr ayında 4 müxtəlif tarixli şikayət məktubları daxil olmuşdur. Bununla əlaqədar AAK-ın rəhbərliyi tərəfindən N.Tusi adına X1 cavablar istənilmişdir. Odur ki, N.Tusi adına X2 rəhbərliyi AAK rəhbərliyinə cavabında iradları əsasında dissertasiya işlərinin müvəqqəti təxirə salındığını, onların iradlarının aradan qaldırılması ilə bağlı işlər görüldüyünü, xarici mütəxəssislərin dəvət olunmasının nəzərdən keçirildiyini qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-33-1100/2-011337/2023 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X18 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri üçüncü şəxs X12 təqdim olunaraq iddiaya qarşı öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə təqdim etmək təklif olunmuşdur. xx.xx.2024-cü il tarixdə üçüncü şəxs X9 iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi. Cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-33-1100/2-011337/2023 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) onunla əsaslandırılmışdır ki, İddiaçı2, X14 və X15 tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində müraciətlər daxil olmuşdur. Müraciətlərdə AMEA N.Tusi adına X7 nəzdində fəaliyyət göstərən BED 3.05 X3 mövcud qaydalara uyğun fəaliyyət göstərmədiyi iddia edilmişdir. Məsələnin araşdırılması məqsədilə Komissiya X2 Baş direktoruna xx.xx.2021-ci il tarixli 04/06-6/147 nömrəli məktubla müraciət etmişdir. Qeyd olunan məsələ X2 Baş direktoru tərəfindən araşdırılmış və dissertasiyaların müdafiəsi müvəqqəti təxirə salınmışdır. Bununla bağlı AMEA ŞAR-ın 17 dekabr 2021-ci il tarixli 32/168 nömrəli məktubu Komissiyaya daxil olmuşdur. Eyni zamanda iddiaçıların müraciətləri nəzərə alınmış və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 18 mart 2022-ci il tarixli Qərarı ilə BED 3.05 X3 yenilənmiş tərkibi təsdiq edilmiş və onun səlahiyyət müddəti 01 noyabr 2022-ci il tarixinədək uzadılmışdır. Yeni tərkibdə X8, Almaniya, Gürcüstan və Ukraynadan alimlər şuraya cəlb edilmişdir və həmin illərdə xüsusi karantin rejimini də nəzərə almaqla, Şura üzvlərinin müdafiəyə onlayn formatda iştirakı təmin edilmişdir. Komissiyaya daxil olmuş xx.xx.2022-ci il tarixli kollektiv müraciətdə Canməmməd Rüstəmovun dissertasiya işinin müdafiəsində qüsurlar olduğu ilə bağlı məsələnin araşdırılması məqsədilə müdafiənin təxirə salınması ilə bağlı məlumat İddiaçı1 Komissiyanın 31 may 2022-ci il tarixli 04/06- 7/78 nömrəli məktubu ilə bildirilmişdir. Elmi seminarın qapalı şəkildə keçirilməsi iddiasının araşdırılması məqsədilə AMEA ŞAR-a Komissiya tərəfindən xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. AMEA ŞAR-ın Baş direktoru Namiq Cəlilovun xx.xx.2022-ci il tarixli 32/97 (S) nömrəli məktubu məsələnin araşdırıldığı, xüsusi karantin rejiminin tətbiq edilməsi nəticəsində və şuranın tərkibində xarici alimlərin olduğunu nəzərə almaqla texniki imkanların məhdud olmasından Şuranın iclasının Bakı şəhərində keçirildiyi bildirilmişdir və bununla bağlı məlumatların İddiaçı1, İddiaçı2 və X11 bildirdiyini qeyd etmişdir. C.N.Rüstəmovun doktorluq dissertasiyası ilə əlaqədar Komissiyaya daxil olmuş xx.xx.2022-ci il tarixli iradlar N.Cəlilovun xx.xx.2022-ci il tarixli 32/196 (Ş) nömrəli məktubu ilə araşdırılmış və iradlara cavab təqdim edilmişdir. Yuxarıda qeyd olunanlardan da məlum olur ki, Komissiya iddiaçıların hər bir müraciətini ətraflı şəkildə araşdırmış və zəruri hüquqi addımlar həyata keçirilmişdir. İddiaçının iddia ərizəsində özünün də qeyd etdiyi kimi, 12 iyun 2023-cü il tarixli şikayəti bu iddia ərizəsi ilə əlaqəsi olmamışdır və sadəcə şikayətinin baxılmasının nəticəsi ilə bağlı məlumat əldə etməkdən ibarətdir. Komissiya öz səlahiyyətləri çərçivəsində, iddiaçıya zəruri məlumatı vermişdir. Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 10.2-ci bəndinin tələblərinə müvafiq olaraq Komissiyanın elmi dərəcələr verilməsi, nostrifikasiya və təkrar attestasiya, elmi dərəcədən məhrumetmə (elmi dərəcənin bərpası) ilə bağlı qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya və ya məhkəməyə şikayət verə bilərlər. Əsasnamənin müvafiq bəndində də qeyd edilmişdir ki, şikayəti iddiaçılar və digər maraqlı şəxslər edə bilər. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 2.0.3-cü bəndinə əsasən maraqlı şəxs dedikdə inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs anlaşılır. Vətəndaşların iddia ərizələrindən də aşkar şəkildə görmək mümkündür ki, X12 elmlər doktoru elmi dərəcəsi verilməsində İddiaçı2 və İddiaçı1 hüquqlarına və maraqlarına birbaşa təsir etmir və təsir edə bilməz. Bunun nəticəsində həmin şəxslərin maraqlı şəxslər kimi qeyd olunması mümkünsüzdür. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının iddiaçı X12 elmi dərəcənin verilməsi barədə qəbul etdiyi qərar onun diskresion səlahiyyətləri çərçivəsində qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən “diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi” kimi təsbit edilmişdir. Yuxarıda qeyd olunanlarla yanaşı müvafiq Əsasnamənin 10.2-ci bəndinə müvafiq olaraq Komissiyanın elmi dərəcələr verilməsi ilə bağlı qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya və ya məhkəməyə şikayət verə bilərlər. İPM-nin 38.1 -ci maddəsinin tələbinə görə elmi dərəcələr ilə bağlı inzibati aktlara münasibətdə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Lakin göründüyü kimi iddiaçılar Komissiyanın Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarını məhkəmə qaydasında yuxarıda qeyd olunan iddia müddəti keçdikdən sonra mübahisələndirmişdir. Qeyd olunanlar nəzərə alınmaqla iddia müddətinin axımının dayandırılması üçün heç bir əsas müəyyən edilmədiyindən iddia tələbinin mümkün sayılmaması xahiş olunmuşdur. Üçüncü şəxs X20 məhkəməyə təqdim etdiyi iddia tələbinə dair yazılı mülahizəsində iddiaçıların iddiasının əsassız olduğunu göstərmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmasını xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nümayəndəsi X21 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Üçüncü şəxs X20 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İşin halları: Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının doktorantı X9 2108.01 - “Astrofizika, ulduz astronomiyası” ixtisasında "A-G X19 fundamental parametrləri və kimyəvi tərkibi" mövzusunda Astronomiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi haqqında “Rəy”i barəsində tərtib edilmiş Bakı Dövlət Universiteti Fizika fakültəsinin Astrofizika, Nəzəri fizika kafedralarının və AMEA-nın X2 əməkdaşlarının iştirakı ilə genişləndirilmiş 2021-ci il 15 aprel tarixli 01 saylı birgə iclas protokolundan çıxarışda göstərilmişdir ki; Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının doktorantı X9 Astronomiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “A-G X19 fundamental parametrləri və kimyəvi tərkibi” mövzusunda dissertasiya işi tamamlanmış elmi-tədqiqat işidir, müstəqil elmi işdir, dissertasiyada A-G X19 kimyəvi təkamül nəzəriyyəsinin doğruluğu probleminin həlli müşahidə verilənləri əsasında təmin edilmişdir. Dissertasiya işi Bakı Dövlət Universitetinin Astrofizika kafedrasında və AMEA X4 yerinə yetirilib. Dissertasiya işi 2108.01- “Astrofizika, ulduz astronomiyası” ixtisasına tam uyğundur. X9 mövzuya dair çap olunmuş elmi əsərləri dissertasiya işinin materiallarını və məzmununu tam və geniş şəkildə əhatə edir; X9 Astronomiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “A-G X19 fundamental parametrləri və kimyəvi tərkibi” mövzusunda dissertasiya işi mövzusunun aktuallığına, məqsədinin elmi və praktiki əhəmiyyətinə, məzmununa, alınmış nəticələrin dəqiq və dürüstlüyünə, elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi 2108.01- “Astrofizika, ulduz astronomiyası” ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini Dissertasiya Şurasında müdafiəyə təqdim etmək olar. xx.xx.2021-ci il tarixdə tərtib edilmiş “Antiplagiat komissiyası tərərindən Oxşarlıq Hesabatının təhlili”nə dair № 53/2021 saylı protokolda göstərilmişdir ki, X9 müəllifi olduğu “A-G X19 Fundamental Parametrləri və Kimyəvi tərkibi”nə dair elmlər doktoru dissertasiyası işində aşkar edilmiş alınmalar qanunidir və plagiat hesab olunmur. Oxşarlıq səviyyəsi mümkün həddi keçmir. İş müstəqildir. AMEA N.Tusi adına X2 “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin böyük elmi işçisi, Bakı Dövlət Universiteti “Astrofizika” kafedrasının dosenti, X9 2108.01 - "Astrofizika və ulduz astronomiyası" ixtisası üzrə Astronomiya elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "A-G X19 fundamental parametrləri və kimyəvi tərkibi" mövzusunda dissertasiya işinə dair “Rəyi” barəsində tərtib edilmiş AMEA N.Tusi adına X2 nəzdində fəaliyyət göstərən BED 3.05 X3 Elmi Seminarının 26 aprel 2022-ci il tarixli 02 saylı iclas protokolundan çıxarışda göstərilmişdir ki, X9 Astronomiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "A-G X19 fundamental parametrləri və kimyəvi tərkibi" mövzusunda dissertasiya işi mövzusunun aktuallığına, məqsədinin elmi və praktiki əhəmiyyətinə, məzmununa, alınmış nəticələrin dəqiq və dürüstlüyünə, elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi 2108.01- “Astrofizika və ulduz astronomiyası” ixtisası üzrə elmlər doktoru elmi dərəcəsi almağa layiqdir. Bu iş ŞAR nəzdində fəaliyyət göstərən BED 3.05 X5 müdafiəyə buraxıla bilər. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Reyasət Heyətinin xx.xx.2023-cü il tarixli iclasının protokolundan çıxarışdan müəyyən olunur ki, X12 2108.01 - “Astrofizika və ulduz astronomiyası” ixtisasında astronomiya elmləri doktoru elmi dərəcəsi və diplomu verilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli, 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında” Əsasnamənin: - 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra - Komissiya) Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Komissiya öz fəaliyyətində qanunilik, obyektivlik, şəffaflıq və peşəkar etik normalara əməl edilməsi prinsiplərini əsas tutmaqla, qərarların qəbulunda müstəqildir. Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir. - 2.0-ci bəndinə əsasən komissiyanın vəzifələri aşağıdakılardır: 2.0.1. elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi dərəcələr (fəlsəfə doktoru, elmlər doktoru) və elmi adlar (dosent, professor) verilməsi barədə vəsatətləri əsasında elmi dərəcə və elmi adlar verilməsini təmin etmək; ... 2.0.7. Azərbaycan Respublikasında elmi dərəcə və elmi ad almış şəxslərə dövlət sənədləri (diplomlar, attestatlar) vermək. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli, 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin: - 1.2-ci bəndinə əsasən elmi dərəcələri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na uyğun olaraq elm sahələri üzrə Komissiya verir. - 1.3-cü bəndinə əsasən fəlsəfə doktoru elmi dərəcəsi magistr (rezident) elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir. - 1.4-cü bəndinə əsasən elmlər doktoru elmi dərəcəsi fəlsəfə doktoru elmi dərəcəsi və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir. - 2.2-ci bəndinə əsasən dissertasiyaların mövzuları müvafiq elm sahələri üzrə yüksəkixtisaslı elmi kadr hazırlamaq səlahiyyəti olan (doktoranturası olan) elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarında hər bir iddiaçı üçün ayrılıqda müəyyən edilir. - 3.1-ci bəndinə əsasən fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq, aşağıdakı tələblərdən birinə cavab verməlidir:3.1.1. dissertasiyada müvafiq elm sahəsində böyük əhəmiyyət kəsb edən problemin yeni həlli təklif olunmalıdır;3.1.2. böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhi verilməlidir. - 3.2-ci bəndinə əsasən elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq, aşağıdakı tələblərdən birinə cavab verməlidir:3.2.1. dissertasiya işi böyük əhəmiyyət kəsb edən yeni elmi problemin həllini təmin etməlidir; 3.2.2. dissertasiya işində müvafiq elm sahəsinin perspektiv inkişafı üçün mühüm elmi nailiyyət hesab edilə bilən əsaslandırılmış yeni nəzəri müddəalar irəli sürülməli və işlənib hazırlanmalıdır;3.2.3. elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən, texniki-iqtisadi cəhətdən əsaslandırılmış yeni texniki və texnoloji işləmələrin həlli verilməlidir. - 3.3-cü bəndinə əsasən dissertasiya iddiaçının şəxsən özünün yazdığı və müdafiə üçün irəli sürdüyü elmi müddəaların və nəticələrin məcmusunu əhatə edən tamamlanmış elmi tədqiqat işidir. - 3.4-cü bəndinə əsasən dissertasiyanın daxili vəhdəti olmalı, iddiaçının elmə verdiyi töhfəni əks etdirməlidir. - 3.5-ci bəndinə əsasən dissertasiyanın məzmununda aşağıdakılar əks olunmalıdır: 3.5.1. tədqiqatın aktuallığı, obyekti, məqsəd və vəzifələrinin müəyyən olunduğu elmi məsələnin (problemin) əsaslandırılmış qoyuluşu verilməlidir; 3.5.2. tədqiqat mövzusu üzrə elmi ədəbiyyatın, o cümlədən xarici elmi informasiya mənbələrinin analitik icmalı verilməlidir; 3.5.3. müdafiəyə çıxarılan elmi müddəalar dəqiq göstərilməlidir; 3.5.4. iddiaçının təklif etdiyi elmi yeniliklər ciddi əsaslandırılmalı, mövcud faktlarla və elmi baxışlarla müqayisədə tənqidi qiymətləndirilməlidir; 3.5.5. dissertasiyanın ayrı-ayrı hissələri üzrə əldə edilmiş nəticələrin izahlı təqdimatı verilməlidir; 3.5.6. əsas elmi yenilikləri göstərməklə və onların əhəmiyyətini əsaslandırmaqla dissertasiyanın yekun nəticələri təqdim edilməlidir; 3.5.7. əldə edilmiş elmi nəticələrin istifadəsinə və tətbiqinə dair tövsiyələr verilməlidir; 3.5.8. tətbiqi əhəmiyyəti olan dissertasiyada iddiaçının aldığı elmi nəticələrin praktikada tətbiqi barədə məlumat, nəzəri əhəmiyyəti olan dissertasiyada isə elmi nəticələrin tətbiqi ilə əlaqədar tövsiyələr göstərilməlidir; 3.5.9. istifadə olunmuş ədəbiyyat siyahısı iddiaçının dissertasiyanın əsas nəticələrini əks etdirən nəşr olunmuş elmi əsərləri də daxil edilməklə verilməlidir. - 3.6-cı bəndinə əsasən iddiaçı özünün fəlsəfə doktoru dissertasiyasının ən çoxu beşdə bir hissəsindən elmlər doktoru dissertasiyasında istifadə edə bilər. - 4.1-ci bəndinə əsasən dissertasiya şuralarını vahid sistem əsasında, uyğun ixtisaslar üzrə elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin müxtəlif sahələrində daim elmi araşdırmalar aparan, yüksəkixtisaslı elmi kadr potensialı olan mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində onların vəsatəti əsasında fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Komissiya yaradır. - 5.1-ci bəndinə əsasən dissertasiya işi, iddiaçının seçiminə uyğun olaraq, onun yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilata, ali təhsil müəssisəsinə ilkin müzakirəyə təqdim edilir. - 5.2-ci bəndinə əsasən dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində iddiaçının rəsmi müraciət tarixindən etibarən üç aydan gec olmayaraq dissertasiyanın ilkin müzakirəsi keçirilir və iddiaçıya bir aydan gec olmayaraq müzakirənin keçirildiyi iclasın geniş protokolu və dissertasiya haqqında rəy verilir. - 5.6-cı bəndinə əsasən dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində ilkin müzakirənin nəticəsində verilən geniş protokol və rəylə birlikdə dissertasiya işi, Komissiyanın müəyyən etdiyi siyahı üzrə digər sənədlər həmin müəssisə və təşkilat, ali təhsil müəssisəsinin vəsatəti ilə müvafiq ixtisas üzrə fəaliyyət göstərən dissertasiya şuralarının hər hansı birinə müdafiə üçün təqdim edilir. - 6.1-ci bəndinə əsasən fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə Komissiyanın Kollegiyasında, elmlər doktoru elmi dərəcəsinin verilməsi məsələsinə baxılır və qərar qəbul edilir. - 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. - 6.3-cü bəndinə əsasən Komissiya dissertasiya və sənədlərin bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğu üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün öz nəzdində müxtəlif elm sahələri üzrə ekspert şuraları yaradır. - 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. İPM: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

İddianın növü, mümkünlüyü və buna dair məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir. İlk olaraq, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün prosessual məcəllələrdə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, məhkəmə icraatında prosessual qaydaları tənzim edir. Prosessual məcəllələr məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, məhkəmələr tərəfindən icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir. Prosessual qanunun normaları məhkəmə icraatının gedişatını, həmçinin prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı) Məhkəmə qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyrimüəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. İPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran amillər nəzərdə tutulmuşdur. Bu qəbil məhdudlaşdırıcı tədbirlərdən biri də iddianın məhkəmə tərəfindən mümkün sayılmasıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. İddia qaldırmaq səlahiyyətinin mövcudluğundan o vaxt bəhs oluna bilər ki, inzibati akt və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulma imkanı olsun. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Beləliklə, inzibati prosessual qanunvericilik məhkəmələrdən tələb edir ki, onlar ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlasınlar. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Bunun əksinə olaraq, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Məhz bu kontekstdə iddia ərizəsinə münasibətdə qeyd edilməlidir ki, iddia ərizəsinin dəlilləri əsassızdır. Belə ki, məhkəmə qaydasında baxılan iddia tələbi hüquq və ya qanunla qorunan mənafeyin müdafiəsi və yaxud təsdiq edilməsi məqsədi ilə irəli sürülməli, iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsi ilə pozulmuş hüququn bərpası təmin edilməlidir. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan onun hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız o hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun. Göründüyü kimi, iddiaçıların iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıların Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının X13 elmlər doktoru elmi dərəcəsi verilməsinə dair xx.xx.2023cü il tarixli qərarının ləğv edilməsinə dair iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olması halının müəyyən edilməsi mümkün olmamışdır, başqa sözlə desək bu iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ mövcud deyildir. Eyni zamanda məhkəmə subyektiv hüquqa anlayış verərək qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi). İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçıların subyektiv hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı) Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Bununla yanaşı, məhkəmə iddia ərizəsinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, elmi dərəcələrin verilməsi ilə bağlı səlahiyyətlərin məzmunu baxımından dissertasiya işinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq elmi dərəcənin verilməsini fərqləndirmək lazımdır. Fərqləndirmə dissertasiya işinin yuxarıda istinad olunan normalarda təsbit olunmuş kriteriyalara və tələblərə uyğunluğunun müəyyən olunması və müəyyən olunmuş nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, dissertasiya işinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir. İnzibati orqan tərəfindən qiymətləndirmə azadlığına əsasən qəbul edilmiş qərarlar, xüsusən də elmi işlərin qiymətləndiriməsi nəticələrinə dair qəbul olunmuş qərarlar məhkəmə tərəfindən yalnız məhdud çərçivədə yoxlanıla bilər. Bu zaman məhkəmənin səlahiyyəti, bir tərəfdən, dissertasiya işinin qiymətləndirilməsi metodikası və meyarlarına, digər tərəfdən bərabər yanaşma prinsipinin tələblərinə riayət olunmasının yoxlanılması ilə məhdudlaşır. Başqa sözlə, məhkəmə inzibati orqan tərəfindən qiymətləndirmə azadlığına əsasən qəbul edilmiş qərarı yalnız qeyd olunan göstəricilər baxımından yoxlamağa haqlıdır. Elmi dərəcənin verilməsi isə dissertasiya işinin qiymətləndirilməsi nəticələrinə bağlıdır. Bu mənada cavabdeh tərəfindən elmi dərəcə qiymətləndirmə nəticələrinin şəxsə elmi dərəcənin verilməsi üçün yuxarıda istinad olunan normalarla tələb olunan kriteriyalara və tələblərə uyğunluğunun müəyyən olunduğu təqdirdə verilir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qiymətləndirmə azadlığını qüsurlu həyata keçirdiyi, qiymətləndirmə kriteriyalarına və metodikasına, eləcə də bərabər yanaşma prinsipinin tələblərinə riayət etmədiyi müəyyən olunmamışdır. İddiaçılar tərəfindən də mübahisələndirilən qərarın qəbulu zamanı yol verilmiş pozuntularla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, o mümkün iddia kimi qəbul edilə bilməz. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı:

İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı X20 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar