Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10048/2021 17.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Əlisafa oğlunun Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qarşı “əmrin ləğvi və məktəbə bərpa” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qafarov X2 Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qarşı “əmrin ləğvi və məktəbə bərpa” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, məktəbdə təhsil aldığı ildə heç bir nizamnamə pozuntusuna yol verməmiş, onun təhsildə təlimdə müvəffətiqətləri olmuşdur. Bu səbəbdən də, əmr ləğv edilməli və məktəbə bərpa edilməlidir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, kursant İddiaçı tədris ilinin İ yarımilində Fiziki hazırlıq və idman fənni üzrə keçirilən aralıq qiymətləndirməin, İ kəsr qiymətləndirmənin, İİ kəsr qiymətləndirmənin və Şans qiymətləndirmənin nəticələrinə əsasən “qeyri-kafi” qiymətlər almışdır. Bununla əlaqədar Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Hərbi Təhsil İdarəsinin məktubu ilə kursant İddiaçı məktəb rəisinin əmri ilə hərbi-təhsil müəssisəsinin deyişən heyətinin siyahından çıxarılmış və müddətli hərbi xidmət keçmək üçün xidmət yeri təyin olunanadək Madditexniki təminat taboruna göndərilmişdir. Lakin məktəbdən xaric edilmiş kursantların valideyinlərinin çoxsaylı şikayətləri nəticəsində Təhsil İdarəsi rəisinin məktubu ilə COVİD- 19 pandemiyasının yayılması ilə əlaqədar müəyyən məhdudiyyətlərin yaranması kursantların fiziki hazırlığına mənfi təsir göstərdiyindən keçid balına çox yaxın nəticə əldə etmiş kursantlar, o cümlədən İddiaçı imtahandan keçmiş hesab olunmuş və Məktəb rəisinin əmri ilə hərbi-təhsil müəssisəsində bərpa edilmişdir. Lakin, sonradan məktəb rəisinin əmri ilə onun yuxarıda qeyd olunan əmri ləğv edilmiş və kursant İddiaçı xidmətini davam etdirmək üçün hərbi hissəyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia növü mübahisələndirmə haqqında iddia növünə aid olması iddianın müddət ilə bağlı mümkünlük şərtlərinin ödəyib-ödəməməsində mühim xarakter daşıyır. Belə ki, iddiaçı tərəfindən əmrin mübahisələndirilməsi ilə bağlı prosessual müddət ötürülmüş, lakin İPM-nin 24-cü maddəsinin tələbləri əsasında prosessual müddət məhkəmə tərəfindən bərpa edilmişdir. Digər tərəfdən məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, hazırki iddia tələbi üzrə çıxış edən cavabdeh hüquqi şəxs hesab olunsa da, bu hal hazırki iddia tələbinin mümkün sayılmamasına əsas vermir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Göründüyü kimi nəinki dövlət qurumlarının, hətta hüquqi şəxslərin inzibati orqan qismində çıxış etməsi istisna olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V bölməsindən də göründüyü kimi hüquqi şəxslərin inzibati orqan kimi çıxış etməsi istisna edilməmişdir. Lakin, sadalanan qanunvericilik aktlarında hüquqi şəxslərin inzibati orqan qismində çıxış etməsi onun inzibati akt qəbul etməyə səlahiyyətli olub-olmamasından asılı edilmişdir. Belə ki, qanuna əsasən yalnız inzibati akt qəbul etmək səlahiyyətinə malik olan hüquqi şəxslər inzibati orqan qismində çıxış edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt dedikdə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri başa düşülür. Hazırkı üzrə cavabdeh isə inzibati akt, yəni ümumi (publik) hüquq sahəsinə aid olan, başqa sözlə desək, hərbi xidmət keçmə, zabit heyətinin formalaşdırılmasına aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri barədə akt qəbul etmək səlahiyyətinə malik olan hüquqi şəxs hesab edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi mümkün iddiadır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi»nin: -1.1-ci bəndinə əsasən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (bundan sonra – Məktəb) ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir; -6.1-ci bəndinə əsasən Məktəbdə tədris işi bu Nizamnaməyə və müdafiə naziri tərəfindən təsdiq edilən “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında Təlimat”a əsasən təşkil olunur və aparılır. -6.4-cü bəndinə əsasən Məktəbdə təhsil əyani formada, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil olunur və Azərbaycan dilində aparılır. -6.6-cı bəndinə əsasən Məktəbə qəbul olunana qədər qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılmamış və ya çağırılmış, lakin qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət müddətini tam keçməmiş kursantlar (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilənlər istisna olmaqla) Məktəbdən xaric edildikdə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. -9.1-ci bəndinə əsasən Məktəbin dəyişən heyəti Məktəbdə təhsil alan kursantlar, dinləyicilər, həmçinin tədris prosesini təmin edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularıdır. -9.2-ci bəndinə əsasən kursantlar – Məktəbdə ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş və əyani formada təhsil alan, həqiqi hərbi xidmət keçən vətəndaşlardır. -9.16.3-cü bəndinə əsasən təhsilalanlar Məktəbdən yəhsildə müvəffəqiyyətsizliyinə görə xaric edilirlər. -10.4.1-ci bəndinə əsasən dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək, biliklərini artırmaq və dərinləşdirmək Məktəbin dəyişən heyətinin vəzifələrinə aiddir. “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında Təlimat”ının: -2.5.6-cı bəndinə əsasən fiziki hazırlıq istisna olmaqla, konkret fənn (fənn modulu) üzrə toplanmış balın yekun miqdarına görə təhsilalanların biliyi aşağıdakı kimi qiymətləndirilir: 51 baldan "qeyri-kafi" F 51-60 bal “qənaətbəxş” E 61-70 bal “kafi" D 71-80 bal "yaxşı" C 81-90 bal "cox yaxşı" В 91-100 bal “əla” A Fiziki hazırlıq üzrə qiymətləndirmə “Azərbaycan Respublikası Silahlı Qüvvələrində fiziki hazırlıq və idman Təlimnaməsi” nə uyğun olaraq həyata keçirilir və qiymətləndirmə əsasən praktiki tapşırıqların yerinə yetirilməsinə görə aparılır. -2.5.7-ci bəndinə əsasən cari və aralıq qiymətləndirmənin nəticələrinə görə təhsilalanın hər hansı bir fənn üzrə yekun qiymətləndirilməsi 51 baldan aşağı olarsa (fiziki hazırlıq fənni üzrə 60 baldan aşağı olarsa), onun bu fəndən akademik borcu olur və kəsir imtahanına qalır. Kəsir imtahanları xüsusi təyinatlı ali təhsil müəssisəsi rəisinin əmri ilə 2 (iki) həftə müddətində (qış imtahan sessiyası üçün - təhsilalanların ehtiyat həftəsində və qış tətili dövründə, yay imtahan sessiyası üçün isə - təhsilalanların məzuniyyətinin ilk iki həftəsində) təşkil olunur və keçirilir. Təhsilalanlar üçün xüsusi təyinatlı ali təhsil müəssisəsində 2 (iki) dəfə kəsir imtahanlarının keçirilməsi təşkil olunur. -2.5.8-ci bəndinə əsasən kəsir imtahanlarının nəticələrinə əsasən 2 (iki) və daha çox fəndən akademik borcu qalan təhsilalanlar “təhsildə müvəffəqiyyətsizliyə” görə xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilirlər. -2.5.9-cu bəndinə əsasən kəsir imtahanlarının nəticələrinə əsasən 1 (bir) fəndən akademik borcu qalan təhsilalanlar isə xüsusi təyinatlı ali təhsil müəssisəsinin tabe olduğu rəisin müvafiq icazəsindən sonra təkrar kəsir imtahanlarına buraxılırlar. Təkrar kəsir imtahanının nəticəsinə görə yekun qiymət 51 baldan aşağı olduqda (fiziki hazırlıq fənni üzrə 60 baldan aşağı olduqda) təhsilalanlar “təhsildə müvəffəqiyyətsizliyə” görə xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun: -28.1.2-ci maddəsinə əsasən hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti - həqiqi hərbi xidmətin növü hesab olunur. -28.3-cü maddəsinə əsasən hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. -28.4-cü maddəsinə əsasən müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilən şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar. Şərh olunan qanunvericiliyin müddəalarına görə xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsilalanlar kursantlar hesab olunur. Kursantların fiziki hazırlıq üzrə qiymətləndirməsi və qiymətləndirməyə əsasən praktiki tapşırıqların yerinə yetirilməsi Təlimat əsasında həyata keçirilir ki, bu zaman cari və aralıq qiymətləndirmənin nəticələrinə görə təhsilalanın hər hansı bir fənn üzrə yekun qiymətləndirilməsi 51 baldan aşağı olduğu halda, onlar kəsir imtahanına qalırlar. Əlbəttə bu zaman kursantlara təkrar kəsir imtahanından keçmək şansı verilir. “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında Təlimat”a və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına görə kəsir imtahanlarının nəticələrinə əsasən 2 (iki) və daha çox fəndən akademik borcu qalan təhsilalanlar “təhsildə müvəffəqiyyətsizliyə” görə xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilirlər və müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. İşin faktiki hallarından və məhkəmə sorğusu zamanı təqdim olunmuş əmrlərin surətindən göründüyü kimi, Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 4-cü kursant taborunun 15-ci kursant bölüyünün kursantı olmuşdur. 2021-ci il Tədris ilinin İ yarımilində Fiziki hazırlıq və idman fənni üzrə keçirilən aralıq, İ Kəsr, İİ Kəsr və Şans qiymətləndirmənin nəticələrindən görünür ki, İddiaçı hər dörd qiymətləndirmənin sonunda “qeyri-kafi” olaraq qiymətləndirilmişdir. Düzdür təkzib olunmaz haldır ki, iddiaçı ilkin olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Rəisinin əmri ilə kurslardan xaric edilmiş, lakin sonradan Döyüş Hazırlıq və Hərbi Təhsil Baş İdarəsi Hərbi Təhsil İdarəsinin məktubu əsasında COVİD-19 pandemiyası ilə əlaqədar olaraq keçid balına çox yaxın nəticə əldə etmiş kursant hesab olunduğundan, o xüsusi təyinatlı ali təhsil müəssisəsinə bərpa olunmuşdur. Lakin, nəzərə alınmalıdır ki, sonranan Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin 18.06.2021-ci il tarixli məktubu əsasında qəbul edilmiş müvafiq əmrlərlər əsasında İddiaçı Məktəbin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmasına əmr edilmişdir. Göründüyü kimi, iddiaçının xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilməsi onun təhsildə olan müvəffəqiyyətsizliyi ilə bağlı olmuşdur ki, bu zaman iddiaçıya kəsr imtahanlarında iştirak etməsi hüququ verilmiş, lakin o, həmin hüquqdan istifadə edərkən “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında Təlimat”ında nəzərdə tutulmuş konkret fənn üzrə toplanmış balın yekun miqdarına görə “qeyri-kafi” olaraq qiymətləndirilmişdir. Belə olan halda isə, sözügedən Təlimatın 2.5.9-cu maddəsinin, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi»nin müddəaları əsasında iddiaçı “təhsil müvəffəqiyyətsizliyə”nə görə xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilmişdir. Əlavə olaraq məhkəmə onu da bildirir ki, iddiaçının təhsil müvəffəqətsizliyi dedikdə, onu 7 №-li çalışma (turnik) fənni üzrə müəyyən edilmiş balın toplanmaması başa düşülür ki, həmin balın həddi müvafiq olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin diskresion səlahiyyətləri çərçivəsində müəyyən edilir. Nəzərə alınmalıdır ki, hər dörd imtahanda 7 №-li çalışma (turnik) fənni üzrə müəyyən edilmiş balın toplanmaması iddiaçının “təhsil müvəffəqiyyətsizliyə”nə görə xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilməsinə səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının fiziki hazırlıq üzrə qiymətləndirmə zamanı icra olunan fiziki tapşırıqlar üzrə normanın ödəyib-ödəməməsini qiymətləndirmək cavabdehin diskresion səlahiyyətlərinə aid edilir. İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə nəzər yetirdikdə, hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırki işdə söhbət xüsusi kateqoriya şəxs olan müddətli hərbi qulluqçudan (kursantdan) gedir. Onların dövlət təhsil standartına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək, biliklərini artırmaq və dərinləşdirmək vəzifələri vardır. Ona görə ki, hərbi xidmət və bunun əsasında hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşların təhsil alması xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Məhkəmə hesab edir ki, işin faktiki halları nəzərə alındığında hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir ki, bu da müvafiq olaraq yuxarıda səciyyələnmiş bütün hallarda öz əksini tapmışdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə uyğun olaraq mübahisələndirilən inzibati akt, hazırkı halda cavabdehin əmrinin qəbul edilməsinin zəruri edən faktiki şərtin mövcudluğu cavabdeh tərəfindən sübut edilmişdir ki, faktiki şərtin sübut edilməsi həmin inzibati aktın məhkəmə qaydasında ləğvini istisna edən hal kimi qiymətləndirilir. Adıçəkilən maddənin tələbindən görünür ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-10048/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10048/2021
17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver