Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10048/2024 19.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehin nümayəndəsi X9, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Prezidenti X11 Komissiyasına qarşı (3-cü şəxs: X8) qərarın ləğv olunması barədə inzibati işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Prezidenti X11 Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Prezidenti X11 Komissiyasının X6 Elmlər doktoru elmi dərəcəsi verilməsinə dair xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ya bu öhdəliyin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, N.Tusi adına X1 doktorluq dissertasiyasına buraxılmış X4 dissertasiya işinin avtoreferatı iddiaçılar da daxil olmaqla mütəxəssislərin müzakirəsinə buraxılmışdı. İddiaçılar müvafiq rəylər yazıb çoxsaylı nöqsanları, qüsurları, səhvləri və həmin işin başdan-ayağa plagiat olmasını təsdiq edən sübutları, həmçinin çoxsaylı prosedur pozuntularını həm N.Tusi adına X2 nəzdində yaradılmış BED 3.05 X3, həm də Azərbaycan Respublikası Prezidenti X11 Komissiyasına rəsmi qaydada göndərmişdirlər. Lakin maraqlı tərəf kimi iddiaçıların çoxsaylı ərizə və şikayətləri nəzərə alınmamışdır. 2023-cii ilin iyun ayında X4 doktorluq dissertasiya işi Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilmişdir. Lakin buna dair hər hansı rəsmi sübut yoxdur. Elmi Dərəcələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin verilməsi qaydası haqqında” Əsasnamənin - 10.1-ci bəndinə görə Dissertasiya şuralarının qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya şikayət verə bilərlər. Ona görə də xx.xx.2023-cü il tarixdə Azərpoçt vasitəsilə iddiaçılar - İddiaçı1 və İddiaçı2 müddəti ötürməyərək Azərbaycan Respublikası Prezidenti X11 Komissiyasına (AAK) şikayət ərizəsi göndərilmiş. İddiaçılar AAK-a şikayət edərək X5 verilmiş əsassız elmlər doktoru elmi dərəcəsinin ləğv edilməsini əsaslandırılmış qaydada xahiş etmişdirlər. Lakin cavabdeh Ali Attestasiya Komissiyası edilən rəsmi müraciətlə bağlı iddiaçılara uzun müddət (səkkiz ay) cavab verməmişdir. Dəfələrlə AAK-a telefonla zənglər edilsə də müraciətə məhəl qoyulmamışdır. Bu isə “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası qanununun maddələrinin cavabdeh Ali Attestasiya Komissiyası tərəfindən kobud surətdə pozulduğunun göstəricisidir. Ali Attestasiya Komissiyasının iddiaçıya göndərdiyi 27 mart 2024-cti il tarixli, 3- 50/2-M-4-171/2024 saylı rəsmi cavabında yazılmışdır ki, Fizika və Astronomiya üzrə Ekspert Şurasının tövsiyyələri nəzərə alınaraq AAK-ın Rəyasət Heyətinin xx.xx.2023- ci il tarixli qərarı ilə X6 astronomiya elmi üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir. Cavabdeh Ali Attestasiya Komissiyasının bu qərarının iddiaçılara verildiyi 28 mart 2024-cti il tarixdən - maraqlı tərəf kimi qanunla müəyyən edilmiş qaydada iki ay müddətində - yəni 28 may 2024-cti il tarixinədək onların məhkəməyə şikayət etmək hüququ yaranmışdır. Lakin 28 may tarixi qeyri iş günü olduğundan 29 may 2024-ci il tarixi məhkəməyə sonuncu müraciətetmə müddətidir. İddiaçılar hesab edir ki, prosessual müddət ötürülmüşsə, bu üzürlü hesab olunaraq bərpa edilməlidir. Çünki, cavabdeh Ali Attestasiya Komissiyası iddiaçılara ünvanladığı rəsmi şikayətinə 8 (səkkiz) aydan sonra və özü də bununla bağlı Bakı İnzibati Məhkəməsinə şikayət etdikdən sonra cavab vermişdir. Qeyd olunanlara əsasən iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etdilər. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Prezidenti X11 Komissiyası iddia tələbinə münasibətdə təqdim etdiyi yazılı etiraz ilə bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 10.2-ci bəndinin tələblərinə müvafiq olaraq Komissiyanın elmi dərəcələr verilməsi, nostrifikasiya və təkrar attestasiya, elmi dərəcədən məhrumetmə (elmi dərəcənin bərpası) ilə bağlı qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya və ya məhkəməyə şikayət verə bilərlər. Əsasnamənin müvafiq bəndində də qeyd edilmişdir ki, şikayəti iddiaçılar və digər maraqlı şəxslər edə bilər. Azərbaycan Respublikasının "İnzibati icraat haqqında” Qanununun 2.0.3-cü bəndinə əsasən maraqlı şəxs dedikdə inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs anlaşılır. Vətəndaşların iddia ərizələrindən də aşkar şəkildə görmək mümkündür ki, X5 elmlər doktoru elmi dərəcəsi verilməsində İddiaçı2 və İddiaçı1 hüquqlarına və maraqlarına birbaşa təsir etmir və təsir edə bilməz. Bunun nəticəsində həmin şəxslərin maraqlı şəxslər kimi qeyd olunması mümkünsüzdür. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti X11 Komissiyasının iddiaçı X5 elmi dərəcənin verilməsi barədə qəbul etdiyi qərar onun diskresion səlahiyyətləri çərçivəsində qəbul olunmuşdur. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən "diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi” kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 73.3.1-ci maddəsinə əsasən məhkəmə, bir qayda olaraq, inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda qeyd olunanlarla yanaşı bir daha qeyd olunur ki, müvafiq Əsasnamənin 10.2-ci bəndinə müvafiq olaraq Komissiyanın elmi dərəcələr verilməsi ilə bağlı qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya və ya məhkəməyə şikayət verə bilərlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinin tələbinə görə elmi dərəcələr ilə bağlı inzibati aktlara münasibətdə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Lakin göründüyü kimi iddiaçılar X7 xx.xx.2023-cü il tarixli qərarını məhkəmə qaydasında yuxarıda qeyd olunan iddia müddəti keçdikdən sonra mübahisələndirmişdir. Halbuki, "İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinin tələbində nəzərdə tutulur ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi ilə müəyyən olunan iddia müddəti (məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər) buraxılmışdır. Belə olan halda, İnzibati Prosessual Məcəllənin 22.2-ci maddəsinin tələbi baxımından Mülki Prossesual Məcəllənin 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin maddə üzrə İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009- cu il tarixli 177 nömrəli Fərmanına əsasən 38.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti, "qurum” dedikdə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin apellyasiya şuraları nəzərdə tutulur. Qeyd olunanlar nəzərə alınmaqla iddia müddətinin axımının dayandırılması üçün heç bir əsas müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Üçüncü şəxs iddia tələbinə münasibətdə təqdim etdiyi yazılı etirazla bildirmişdir ki, iddia ərizəsindədə qaldırılan iddialar qeyri qanunidir. Ona görə ki, elmi dərəcələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin verilməsi qaydası haqqında” Əsasnamənin 10.1-ci bəndinə görə Dissertasiya Şuralarının qərarlarından iddiaçılar və maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya şikayət verə bilərlər. İddiaçı2 və İddiaçı1 maraqlı şəxslər olmadıqları üçün və eləcə də onlar iki ay prosesual müddəti ötürdüklərinə görə onların iddialarının hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən üçüncü şəxs iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbinin mümkün sayılmasını və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin hüquqi əsasının olmadığını bildirərək iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyrimüəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. İPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran amillər nəzərdə tutulmuşdur. Bu qəbil məhdudlaşdırıcı tədbirlərdən biri də iddianın məhkəmə tərəfindən mümkün sayılmasıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. İddia qaldırmaq səlahiyyətinin mövcudluğundan o vaxt bəhs oluna bilər ki, inzibati akt və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulma imkanı olsun. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Məhz bu kontekstdə iddia ərizəsinə münasibətdə qeyd edilməlidir ki, iddia ərizəsinin dəlilləri əsassızdır. Belə ki, məhkəmə qaydasında baxılan iddia tələbi hüquq və ya qanunla qorunan mənafeyin müdafiəsi və yaxud təsdiq edilməsi məqsədi ilə irəli sürülməli, iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsi ilə pozulmuş hüququn bərpası təmin edilməlidir. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan onun hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız o hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun. Göründüyü kimi, iddiaçıların iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük şərtlərini yoxlamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıların Azərbaycan Respublikası Prezidenti X11 Komissiyasının X6 elmlər doktoru elmi dərəcəsi verilməsinə dair xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsinə dair iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olması halının müəyyən edilməsi mümkün olmamışdır, başqa sözlə desək bu iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ mövcud deyildir. Eyni zamanda məhkəmə subyektiv hüquqa anlayış verərək qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati- Prosessual Məcəllənin 1.1-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçıların subyektiv hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı) Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Bununla yanaşı, məhkəmə iddia ərizəsinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, elmi dərəcələrin verilməsi ilə bağlı səlahiyyətlərin məzmunu baxımından dissertasiya işinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq elmi dərəcənin verilməsini fərqləndirmək lazımdır. Fərqləndirmə dissertasiya işinin yuxarıda istinad olunan normalarda təsbit olunmuş kriteriyalara və tələblərə uyğunluğunun müəyyən olunması və müəyyən olunmuş nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, dissertasiya işinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir. İnzibati orqan tərəfindən qiymətləndirmə azadlığına əsasən qəbul edilmiş qərarlar, xüsusən də elmi işlərin qiymətləndiriməsi nəticələrinə dair qəbul olunmuş qərarlar məhkəmə tərəfindən yalnız məhdud çərçivədə yoxlanıla bilər. Bu zaman məhkəmənin səlahiyyəti, bir tərəfdən, dissertasiya işinin qiymətləndirilməsi metodikası və meyarlarına, digər tərəfdən bərabər yanaşma prinsipinin tələblərinə riayət olunmasının yoxlanılması ilə məhdudlaşır. Başqa sözlə, məhkəmə inzibati orqan tərəfindən qiymətləndirmə azadlığına əsasən qəbul edilmiş qərarı yalnız qeyd olunan göstəricilər baxımından yoxlamağa haqlıdır. Elmi dərəcənin verilməsi isə dissertasiya işinin qiymətləndirilməsi nəticələrinə bağlıdır. Bu mənada cavabdeh tərəfindən elmi dərəcə qiymətləndirmə nəticələrinin şəxsə elmi dərəcənin verilməsi üçün yuxarıda istinad olunan normalarla tələb olunan kriteriyalara və tələblərə uyğunluğunun müəyyən olunduğu təqdirdə verilir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qiymətləndirmə azadlığını qüsurlu həyata keçirdiyi, qiymətləndirmə kriteriyalarına və metodikasına, eləcə də bərabər yanaşma prinsipinin tələblərinə riayət etmədiyi müəyyən olunmamışdır. İddiaçılar tərəfindən də mübahisələndirilən qərarın qəbulu zamanı yol verilmiş pozuntularla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, o mümkün iddia kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prossessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına şikayət verilə bilər.
Hakim Aygün Abdullayeva