Məhkəmə qərarları › İş №2-1(112)-10049/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10049/2021

21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10049/2021 21.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin kursantlığından xaric edilməsinə dair 29.06.2021-ci il tarixli 158 nöməli əmrin qanunsuz hesab edilməklə, ləğv edilməsi və həmin məktəbə bərpa edilməsinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2003-cü ildə doğulmuşdur və rəsmi olaraq Ağdam rayonundan məcburi köçkün statusu vardır. Valideynləri Ağdam rayonunun Əliağalı kəndindən məcburi köçkündürlər və ünvan 1 ünvanında məcburi köçkün kimi məskunlaşıb yaşayırlar. C.Naxçıvanski adına Hərbi Liseyə test üsulu ilə imtahan verərək qəbul olmuşdur. Liseyi oxuduğu 3 (üç) il ərzində daim nizam-intizam qaydalarına riayət etmişdir. Çavuş seçilmişdir. Vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir. İmtahanlarını müvəffəqiyyətlə vermişdir. Komandirləri və tağım yoldaşları ilə yüksək səviyyəli münasibətdə olmuşdur. Liseyi bitirdikdən sonra, 2020-ci ilin avqust ayında Bakı şəhərindəki Heydər Əliyev adına Ali Hərbi Məktəbin 1-ci kursuna qəbul olunmuşdur. Qəbul olunarkən idman normativlərini tam yerinə yetirmişdir. Məktəbdən xaric olunmasını qanunsuz hesab etdiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə bərpa olunmaq və təhsili davam etdirmək istəyir. İddia tələbini əsaslı və qanuni hesab edir. Belə ki, o bu məktəbdə təhsil aldığı təxminən 1 il ərzində heç bir Nizamnamə pozuntusuna yol verilməmişdir, təhsildə və təlimdə həmişə müvəffəqiyətləri olmuşdur, fiziki cəhətdən tam sağlamdır. Zabit olmaq üçün ali hərbi təhsil almağa onu heç kim məcbur etməyib, özü bu şərəfli peşəni- Azərbaycan ordusunun zabiti olmaq peşəsini seçmişdir. Həmin Ali Hərbi Məktəbə daxil olanadək təhsil aldığı C.Naxçıvanski adına Hərbi Litseydə də davranışı və təhsili həmişə nümunəvi olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin 16 sentyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz olunaraq, İPMnin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 16 sentyabr 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya dair yazılı mülahizəsi (etiraz) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 08 iyul 2021-ci il taixli 1650 saylı məktubunda qeyd olunmuşdur ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 1-ci kursunda təhsil almış sabiq kursant İddiaçı Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 9.16.3-cü yarımbəndinə əsasən təhsildə müvəffəqiyyətsizliyinə görə məktəbdən xaric olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən məktəbdən xaric olunan kursantlar bir daha hərbi məktəbə bərpa olunmur. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsindən (şəxsiyyət vəsiqəsi üzrə məlumatlardan) müəyyən olunur ki, xx.xx.2003-cü ildə Ağdam rayonu, Əliağalı kəndində doğulmuş İddiaçı Ağdam rayonu, Əliağalı kəndində qeydiyyatdadır. Məhkəmə hesab edir ki, iddiaçının şəxsiyyət vəsiqəsi üzrə qeydiyat və yaşayış ünvanı Ağdam rayonu olduğundan işə aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Ağdam rayonu Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 izahat verərək işin aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar