Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1005/2021 18.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı «iddiaçının mənzil uçotuna götürülməsi və mənzil kirayə haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə (bundan sonra – Nərimanov RİH) qarşı «iddiaçının mənzil növbəsinə götürülməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı ehtiyyata buraxılmış hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə mənzil uçotıına alınmaqla ona mənzil kirayə haqqının ödənilməsi ilə bağlı Bakı şəhəri Nərimanov RİH-ə müraciət etmişdir. Bakı səhəri Nərimanov RİH-in 17 aprel 2020-ci il tarixli H-42-068 saylı məktubunda AR Mənzil Məcəlləsinə, «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununa və AR Nazirlər Kabinetinin müvafiq qərarına istinad edilməklə sadalanan normaların ona (iddiaçıya) şamil olunmadığı ehtimal edilərək onun mənzil növbəsinə götürülməsindən imtina olunmuşdur. Yerli icra hakimiyyəti orqanı ərizəyə imtina cavabı verərkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 26 fevral 2020-ci il tarixli arayışına əsasən bir neçə il əvvəl onun mülkiyyətində daşınmaz əmlak olduğunu qeyd etmişdir. «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun və AR Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının tələblərinə uyğun olaraq, onun (iddiaçının) istefaya və ya ehtiyyata buraxılmiş hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan vətəndaş kimi yerli icra hakimiyyəti tərəfindən qeydiyyata alınmaqdan imtina edilməsi qanuna ziddir. AR Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinə qeyd olunur ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ixtisarına görə ehtiyyata və istefaya buraxilmiş və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalniz nağdsız şəkildə Nazirlər Kabinetinin sözügedən qərarın 1.1, 1.2 və 1.3cü bəndlərində göstətilən qaydada kompensasiya ödənilir. AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsinin 21 fevral 2020-ci il tarixli 228 saylı arayışından məlum olur ki, İddiaçı 1 avqust 1992-ci il tarixdən 31 iyul 1996-cı il tarixədək X6 Hərbi Məktəbində müdavim (dörd il) və 31 iyul 1996-cı il tarixdən 10 iyun 2008-ci il tarixədək (on iki il), ümumilikdə 16 il zabit qismində xidmət etmişdir. Silahlı Qüvvələrdə 16 il zabit kimi xidmət etdiyi nəzərə alındıqda, AR Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərar ona şamil edilməlidir. Bundan başqa, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 26 fevral 2020-ci il tarixli arayışına əsasən: 1) Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, 13 saylı evin 42 saylı mənzili 10 fevarl 2014-cü il tarixdə onun (iddiaçının) mülkiyyətinə verilmiş, 10 aprel 2015-ci il tarixdə özgəninkiləşdirilmişdir; 2) Bakı şəhəri Nəsimi rayonu, A.Mustafayev küçəsi, 29 saylı evin 47 saylı mənzili onun mülkiyyətinə verilmiş, 26 noyabr 2024-cü il tarixdə özgəninkiləşdirilmişdir; 3) Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 26 saylı evin 77 saylı mənzili onun mülkiyyətində olmuş və 16 noyabr 2014-cü il tarixdə özgəninkiləşdirilmişdir. Arayışdan aydın olur ki, 10 aprel 2015-ci il tarixdən sonra onun mülkiyyətində mənzil olmamış, bu da Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinadən mənzil növbəsinə götürülmə məsələsinə baxılma üçün əsas yaradır. «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bakı şəhəri Nərimanov bələdiyyəsinin 13 fevarl 2020-ci il tarixli 04/043 saylı arayışından məlum olur ki, həmin bələdiyyə tərəfindən onun mülkiyyətinə torpaq sahəsi ayrılmamışdır. Eyni zamanda, AR Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin 17 fevral 2020-ci il tarixli 657 nömrəli arayışı təsdiq edir ki, o, xidmət etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamış və mənzil növbəsinə götürülməmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Nərimanov RİH tərəfindən onun hüquqları pozulmuşdur və qanunvericiliyə uyğun olaraq bununla bağlı məhkəmə mübahisəsi yaranmışdır. Hal-hazırda o, 2 azyaşlı uşağı ilə ünvan 1 ünvanında kirayə yaşayır. Göstərilənlərə və İPM-in 33, 38, 45-ci maddələrinə, «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun müddəalarına və AR Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının tələblərinə əsaslanaraq, iddiaçının iki azyaşlı övladı ilə birlikdə mənzil uçotuna götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərzə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının mənzil uçotuna götürülməsi və mənzil kirayə haqqının ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə (mənzil hüququ) görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz, Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. AR Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: (53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə, (53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə, (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. «Hərbi vəzifə və hərbi xidmət haqqında» AR Qanununun 28.1-ci maddəsinə görə həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: müddətli həqiqi hərbi xidmət, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti, müddətdən artıq həqiqi hərbi xidmət, gizirlərin və miçmanların həqiqi hərbi xidməti, zabitlərin həqiqi hərbi xidməti. «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 12-ci maddəsinə görə AR Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, AR Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. AR Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci hissəsində nəzərdə tutulur ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1 Bakı şəhərində – 150 manat. Həmin qərarın 2-ci hisdsəsindəmüəyyən edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyrinormativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RİH-in H-42-68 nömrəli 17 aprel 2020-ci il tarixli məkrubundan görünür ki, həmin inzibati orqan iddiaçının hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsindən imtinasını onun hərbi xidmətdən “cinayət törətdiyinə görə” tərxis olunması, əvvəllər mülkiyyətində olmuş yaşayış sahəsinin özgəninkiləşdirilməsi və hal-hazırda qohumuna məxsus 84,1 kv.m ölçüdə mənzildə qeydiyyatda olması ilə əsaslandırmışdır. Məhkəmə ilk növbədə vurğulayır ki, İddiaçı 15 ildən artıq (1992 – 1996-cı illərdə hərbi məktəbdə təhsil dövrü də daxil olmaqla 1992 – 2008-ci illərdə) hərbi xidmət keçmiş hərbi qulluqçu kimi «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 12-ci maddəsində nəzərdə tutulan hərbi qulluqşçuların sırasına daxil edilməsi və onun mülkiyyətiundə yaşayış sahəsinin və (və ya) torpaq sahəsinin olmaması işin mübahisəsiz hallarına aiddir. Məhkəmə qeyd edir ki, iddiaçının əvvəllər (6 il əvvəl) mükiyyətində yaşayış sahəsinin olması, hansı ünvanda qeydiyyatda olması və həmin ünvandakı yaşayış sahəsinin hansı ölçüdə olması onun hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısına daxil edilməsinə təsir edə bilməz. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmçinin, iddiaçının hərbi xidmətdən tərxis olunmasının əsası da (cinayət törətməyə görə məhkum olunması) onun «Hərbi qulluqçuların statusu haqqında» AR Qanunun 12-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş hüququnu məhdudlaşdıra bilməz. Digər tərəfdən nəzərə alınmalıdır ki, işdə olan müvafiq müqviləyə əsasən iddiaçı kirayədə yaşayır və həmin müqavilə hazırda da qüvvədədir (mübahisələndirilməmiş, ləğv olunmamış, etibarsız sayılmamışdır). Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh Bakı şəhəri Nərimanov RİH-in 17 aprel 2020-ci il tarixli imtina məktubunda göstərdiyi dəlillər iddiaçının 15 ildən artlq hərbi xidmət keçmiş hərbi qulluqçu (zabit) kimi 3 nəfər ailə tərkibi ilə mənzil uçotuna götürülməsindən imtina üçün əsas ola bilməz. Odur ki, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 68-ci məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi 3 nəfər ailə tərkibi (özü, iki övladı) mənzil növbəsinə götürülməsi və müraciət etdiyi tarixdən müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün xərclərin ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov RİH-in üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi 3 nəfər ailə tərkibi (özü, iki övladı) mənzil növbəsinə götürülməsi və müraciət etdiyi tarixdən müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün xərclərin ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov RİH-in üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1005/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1005/2021
18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver