Məhkəmə qərarları › İş №2-1(112)-1005/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1005/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1005/2022 02.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 15.08.1978-ci ildən 06.10.2005-ci ildə kimi Neft-Kimya Sənaye Nazirliyində (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə) işlədiyi illər onun sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək təqaüdünün təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 65 yaşının tamam olduğu vaxtdan, yəni 13.01.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Gürcüstan Respublikası Bolnisi rayonu Darbaz kəndində anadan olmuşdur. Hal-hazırda Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev 12V, mənzil 160 da öz ailə isə birlikdə yaşayır. O, 1973ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur 1978-ci ildə Avtomobil və avtomobil təsərrüfatı ixtisası üzrə tam kursu bitirmişdir. Politexnik İnstitutunu bititdikdən sonra 15.08.1978-ci ildə oxuduğu ixtisas üzrə o vaxtki Neft-Kimya Sənaye Nazirliyinin avtomobil nəqliyyat müəsisəsinə işə qəbul olunmuşdur. 26.01.1979-cu ildə həmin Nefl- Kimya Sənaye Nazirliyinin texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə keçirilmişdir. (26.01.1979-cu il Əmr №2). 02.01.1980-ci ildə həmin müəssisənin Təhlükəsizlik üzrə baş mühəndis-texnik vəzifəsinə keçirilmişdir. (04.03.1980-ci il Əmr №37). 26.04.1982-ci ildə həmin müəssisənin İstismar şöbəsinə rəis müavini vəzifəsinə keçirilmişdir (26.04.1982-ci il Əmr №56). 02.01.1986-cı ildə isə həmin İstismar şöbəsinə rəis vəsifəsinə keçirilmişdir (31.01.1986-cı il Əmr №35). 01.05.1988-ci ildə həmin müəssisədə 1 saylı Avtomobil dəstəsinə rəis vəzifəsinə keçirilmişdir (16.05.1988-ci il Əmr №127). 01.05.1988-ci ildən 06.10.2005-ci ilə kimi Neft-Kimya Sənaye Nazirliyinin 1 saylı Avtomobil dəstəsində rəis vəzifəsində işləmişdir. 1990-ci illərdə Neft-Kimya Sənaye Nazirliyi ləğv ediləndən sonra işlədiyi müəsisənin tabeçiliyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verildi. 06.10.2005-ci ildə isə öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur (06.10.2005-ci il Əmr №20). 02.01.2006-cı ildə "xxxx" MMC-nə şırımaçan təyin olunmuşdur. (02.01.2006-cı il Əmr 01/k). 19.08.2011-ci ildə "xxxx" MMC-dən öz xahişinə əsasən tutuduğu vəzifədən azad edilmişdir. (19.08.2011-ci il Əmr № 13). İlk dəfə ona əmək kitabçası 21.08.1978-ci il tarixdə açılmışdır. Hal-hazırda onun 65 yaşı var. 27.01.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafıə Fondunun Bakı şəhəri Xətai rayonu nümayəndəliyinə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunması üçün sənədlər təqdim etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 07.04.2021-ci il tarixli, **********2 saylı yaşa görə pensiya təyinatından imtina haqqında məktubla ona imtina edilərək bildirilmişdir ki, 21.08.1978-ci il tarixində tərtib edilmiş NT-İ N ******* saylı əmək kitabçası və əyani təhsil haqqında diplomunun surətlərinə əsasən onun sığorta stajı 01.01.2006-cı il tarixinədək 18 il 2 ay təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, X3 və araşdırma şöbəsinin 27.01.2021-ci il tarixli xidməti məruzəsinə əsasən 15.08.1978-ci il tarixdən 06.10.2005-ci il tarixinədək işlədiyi "xxxx" ASC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrün araşdırılması mümkün olmamış və bu dövr sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh min bir bəhanə gətirərək yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Bu səbəbdən də hesab etmişdir ki, onun 65 yaşı tamam olduğuna görə ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyui tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü 13.01.2021-ci il tarixdə (65 yaş) pensiya yaşına çatmışdır. Cavabdeh tərəfin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməsinə səbəb olan hallar aşağıdakılardır: İddiaçının 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajının olmaması; 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması; 15.08.1978-ci il tarixindən 06.10.2005-ci il tarixinədək işlədiyi müəssisənin arxiv sənədlərinin saxlanılmaması. İş materiallarına əlavə edilmiş 29.07.2021-ci il tarixli **********2 nömrəli məktubun məzmunundan aydın olur ki, sığortaedən "xxxx" MMC tərəfindən 2009-2010-cu illər üzrə rüblük “Məcburi dövlət sosial sığortası üzrə hesabat”lara (Forma B1) uyğun olaraq illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) təqdim edilmədiyindən vətəndaşın xeyrinə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi qeydə alınmamışdır. Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində sığortaedən "xxxx" MMC-nin 2011-ci il üzrə rübluk “Məcburi dövlət sosial sığortası üzrə hesabatı (Forma B1) və ona uyğun təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında” məlumatı (Forma B3) aşkar olunmamışdır. Milli Arxiv İdarəsinin 15 iyul 2021-ci il tarixli, 4/1351 məktubunun məzmunundan aydın olur ki, Neft-Kimya Sənayesi Nazirliyinin avtomobil nəqliyyatı müəssisəsinin ("xxxx" ASC) arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinin 15 iyul 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Neft- Kimya Sənayesi Nazirliyinin avtomobil nəqliyyatı müəssisəsinin ("xxxx" ASC) sənədləri saxlanılmadığından İddiaçı işləməsi barədə hər hansı bir sənədin təqdim olunması imkan xaricindədir. Beləliklə əmək kitabçasında qeyd olunan illərin qarşılıqlı yoxlanılmasını keçirmək imkan xaricindədir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. - İddiaçı məxsus 003850 №-li, 01.07.1978-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1973-cü ildə Azərbaycan Politexnik İnstituna daxil olmuş və 1978-ci ildə avtomobul və avtomobil təsərrüfatı ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 23 iyun 1978-ci il tarixli qərarı ilə ona mühəndis-mexanik ixtisası verilmişdir (4 il 09 ay 23 gün). - İddiaçıya məxsus əmək kitabçasının tərcümə edilmiş və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 15.08.1978-ci ildən 06.10.2005-ci ilə qədər Neft və Kimya Sənayəsi Nazirliyinin Nəqliyyat Kontorunda 4-cü dərəcəri çilingər, texniki təhlükəsizlik üzrə mühəndis, texniki təhlükəsizlik üzrə baş mühəndis, istismar şöbəsinin rəis müavini, istismar şöbəsinin rəis və 1 saylı a/d-nın rəisi (27 il 1 ay 22 gün), 02.01.2006-cı il tarixdən 19.08.2011-ci il tarixədək "xxxx"-də şırımaçan (5 il 7 ay 18 gün) vəzifələrində işləmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********950200 №-li, 21.06.2021-ci il tarixli məktubdan görünür ki, Ədliyyə Naziriliyindən təhvil alınmış “Xətai Nəqliyyat’’ ASC-nın qeydiyyat qovluğuna əsasən 05.04 2006-ci il tarıxli ümumi yığıncağın qərarı ilə hüquqi şəxs ləğv edilmiş, lakin vergi uçot baza məlumatlarından çıxarılması təmin edilməmişdir. - Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 29.11.2004-cü ildə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin məhkəməyə ünvanlanmış **********000200 №-li, 12.08.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC (VÖEN **********) 28.01.2005-ci il tarixdə 0205-A6-843 nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt Bölgə Şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır və hal hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 4/1351 №-li, 15.07.2021-ci il tarixli məktubundan görünür ki, sorğuda qeyd olunan Neft-Kimya Sənayesi Nazirliyinin avtomobil nəqliyyatı müəssisəsinin ("xxxx" ASC-nin) arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - “SOCAR”-ın **********30020123X00045 №-li, 15.07.2021-ci il tarixli məktubundan görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində sorğuda qeyd etdiyi Neft-Kimya Sənaye Nazirliyinin avtomobil nəqliyyatı müəssisəsinin ("xxxx" ASC) sənədləri saxlanılmadığından İddiaçı işləməsi barədə hər hansı bir sənədin təqdim olunması imkan xaricindədir. - “SOCAR” tərəfindən məhkəməyə ünvanlanmış **********60040033B00329 №-li, 29.07.2021-ci il tarixli məktubdan görünür ki, X4 idarəedilməsinin səmərəliliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 10.01.1994-cü il tarixli 50 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni strukturunun təsdiq edilməsi ilə əlaqədar, ARDNŞ-nin 28.01.1994-cü il tarixli 13 nömrəli əmrinə əsasən fərdi struktur vahidi hüquqi ilə Avtonəqliyyat kontoru (keçmiş Neftkimyasənaye Nazirliyinin Nəqliyyat kontoru) birbaşa Şirkətə tabe edilmişdir. “ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24.01 2003-cü il tarixli 844 nömrəli Fərmanının icrası barədə ARDNŞ-nin 31.03.2003-cü il tarixli 25 nömrəli əmrınə əsasən, özəlləşdirməyə açıq elan edilmiş Avtonəqliyyat kontoru özəlləşdirilənədək səhmdar cəmiyyətə çevrilmişdir. Məlumat üçün bildirilmişdir ki, ARDNŞ-nin ünvan 2 ünvanında yerləşən Avtonəqliyyat kontoru öz fəaliyyətini dayandırdıqdan sonra həmin ərazi əvvəlcə “Xətai nəqliyyat servis" ASC tərəfindən özəlləşdırilmiş, 2006-cı il tarıxində isə "xxxx" MMC-nin istifadəsinə keçmişdir. Qeyd olunan müəssisənin arxiv sənədləri SOCAR-ın Baş ofisınin Mərkəzi Arxivində saxlanılmadığından hər hansı bir məlumatın təqdim olunması mümkün olmamışdır. - "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən məhkəməyə ünvanlanmış 0110/21 №-li, 01.10.2021-ci il tarixli məktubdan görünür ki, 2006-cı ildə ARDNŞ-nin ünvan 3 ünvanında yerləşən Avtonəqliyyat kontoru özəlləşdirildikdən sonra arxiv sənədləri "xxxx" MTK-ya təhvil verilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********52 №-li, 23.11.2021-ci il tarixli və **********75 №-li, 07.12.2021-ci il tarixli məktublardan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 28.03.2003-cü il tarixli, 87 nömrəli sərəncamına əsasən Dövlət Neft Şirkətinin Avtonəqliyyat kontorunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri 27.10.2003-cü il tarixinə tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Məlumat üçün bildirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri Avtonəqliyyat kontoru olan işçilərin siyahısında İddiaçı (15.08.1978-ci il tarixindən) 1 nömrəli avtodəstənin rəisi vəzifəsində işlədiyi qeyd edilmişdir. - Filial tərəfindən iddiaçıya ünvanlanmış 07.04.2021-ci il tarixli, **********2 №-li məktubdan görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə daxil olmuş 27.01.2021-ci il tarixli ərizəsinə və ona əlavə edilmiş sənədlərə Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi 21.08.1978-ci il tarixində tərtib edilmiş MT-İ № ******* saylı əmək kitabçasının və əyani təhsil haqqında diplomunun surətlərinə əsasən onun sığorta stajı 01.01.2006-cı il tarixinədək 18 il 2 ay təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. X3 və araşdırma şöbəsinin 27.01.2021-ci il tarixli xidməti məruzəsinə əsasən 15.08.1978-ci il tarixindən 06.10.2005-ci il tarixinədək işlədiyi "xxxx" ASC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrün araşdırılması mümkün olmamış və bu dövr sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. "Andreyeva Latviyaya qarşı" işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir; - 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya 65 il yaşa çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasını iddiaçının əmək kitabçasının və əyani təhsil haqqında diplomunun surətlərinə əsasən sığorta stajının 01.01.2006-cı il tarixinədək 18 il 2 ay təşkil etməklə tələb olunan müddətdən (25 ildən) az olması, eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, X3 və araşdırma şöbəsinin 27.01.2021-ci il tarixli xidməti məruzəsinə əsasən 15.08.1978-ci il tarixindən 06.10.2005-ci il tarixinədək işlədiyi "xxxx" ASC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrün araşdırılmasının mümkün olmaması ilə bağlı həmin dövrün sığorta stajına daxil edilməməsi ilə əsaslandırmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının sığorta stajının təhsil müddəti və əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixinədək 18 il 2 ay təşkil etdiyini qəbul edir. Cavabdeh inzibati orqanın qəbul etmədiyi dövr iddiaçının əmək kitabçasında qeyd edilmiş 15.08.1978-ci il tarixindən 06.10.2005-ci il tarixinədək işlədiyi dövrlərdir. Məhkəmə qeyd edir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranır ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki işdə iddiaçının əmək kitabçasında əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Əmək kitabçasındakı qeydləri şübhə altına alan halların mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın iddiaçının 15.08.1978-ci il tarixindən 06.10.2005-ci il tarixinədək işlədiyi "xxxx" ASC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrün sığorta stajına daxil edilməməsi barədə gətirdiyi dəlili əsaslı hesab etmir. Bundan əlavə iddiaçının 15.08.1978-ci il tarixindən 06.10.2005-ci il tarixinədək işlədiyi "xxxx" ASC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmaması iddiaçının iradəsindən asılı olan hal deyildir və bu hal iddiaçının pensiya təminatı hüququnu məhdudlaşdıra bilməz. Eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri Avtonəqliyyat kontoru olan işçilərin siyahısında İddiaçı (15.08.1978-ci il tarixindən) 1 nömrəli avtodəstənin rəisi vəzifəsində işlədiyi qeyd edilmişdir. Eləcə də oxşar tələblə bağlı işlər üzrə formalaşmış Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, iddiaçının 15.08.1978-ci il tarixindən 06.10.2005-ci il tarixinədək işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı təhsil müddəti, əmək kitabçasında qeyd edilən işlədiyi müddətlər nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək artıq 31 il 11 ay 15 gün sığorta stajı mövcuddur. Bundan başqa «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. - 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. - 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək hesab edir ki, İddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq sığorta stajına malik olduğu halda ona 65 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı 65 yaşının tamam olduğu vaxtdan, yəni 13.01.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu vaxtdan, yəni 13.01.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar