Məhkəmə qərarları › İş №2-1(112)-1005/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1005/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1005/2023 04.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə müəssisəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla əlillik dərəcəsinin təyin edilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun ikinci dərəcəli əlilliliyinin təsdiq edilərək, ona ikinci dərəcə əlillik dərəcəsinin təyin olunması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 06 may 2016-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə əsasən hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcə əlilliyə görə təminat xərclərinin 55 faizi miqdarında əmək pensiyası təyin edilməklə 31 may 2021-ci il tarixədək ödənilmişdir. Sonuncu pensiya ödənişi 497,88 (dörd yüz doxsan yeddi manat, 88 qəpik) manat təşkil etmişdir. Bundan sonra Agentlik tərəfindən ona təyin edilmiş “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyinin etibarlılıq müdəti 6 may 2021-ci il tarixədək olduğu üçün pensiya ödənişi 1 iyun 2021-ci il tarixdən dayandırılmışdır. O, əlillik dərəcəsinin təkrar təyin edilməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə əsasən bütün prosedurları görmüşdür. Bu, onun Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə ünvanladığı müraciətə cavab olaraq 13 yanvar 2022-ci il tarixli məktubunda göstərilmişdir. xx.xx.2022-ci il tarixli 20/02- 89 saylı məktubda göstərilmişdir ki, əlillik dərəcəsinin təyin edilməsi məqsədilə 2021-ci ilin aprel-may ayları ərzində müalicə müəssisəsində müayinələrdən keçirilmişdir və sağlamlıq durumu qiymətləndirilmişdir. Müayinənin və müalicənin nəticələri Agentliyin sisteminin elektron məlumat bazasına daxil edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, məhkəmənin 12 may 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Müalicə müəssisəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmmuş iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Tibb İdarəsinin xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Keçirilmiş acıq kəllə-beyin travmasının qalıq əlamətləri. Keçirilmiş acıq kəllə-beyin travması nəticəsində tez-tez təkrarlanan epileptiform tutmalar. Kəskin astenonevrotik vəziyyət; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri. Kəllədaxili travmaların nəticələri, generalize olunmuş epileptik qıcolma; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: 2006-2018-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, instrumental müayinələr ətraflı qeyd olunsun” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə müəssisəsi iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edlmiş cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə müəssisəsi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş, cavabdeh Agentliyin nümayəndəsi X7 izahatında iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddiaçı xəstəliyə görə əlillik dərəcəsinin təyin edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın “məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı xx.xx.1982-ci il təvəllüdlü İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabd eh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən verilmiş 160 №-li Xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, 1982-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı ildə DİN-in Bakı Metropolitenində PŞ-nin göndərişinə əsasən şəhadətləndirilərkən onda (XBT 10) F07.9 “Keçirilmiş açıq kəllə-beyin travması nəticəsində tez-tez təkrarlanan epileptiform tutmalar. Kəskin asteno-nevrotik vəziyyət” diqanozu və travmanın DİO-da xidmət keçmə dövründə alındığı müəyyən olunmuş, XHKnın xidmətə yararlılıq haqqında qərarına əsasən DİN-in 25 saylı xx.xx.2022-ci il tarixli əmrinin Xəstəliklər cədvəlinin İİ qrafasının 14b maddəsinə əsasən DİO-da Xidmətə yararsız hesab olunmuşdur. Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli xxxxxxx0001 №-li qərarının surətindən müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdə keçirilmiş açıq kəllə-beyin travmasının qalıq əlamətləri. Keçirilmiş açıq kəllə-beyin travması nəticəsində tez-ez təkrarlanan epileptiform tutmalar. Kəskin asteno-nevrotik vəziyyət diaqnozu ilə ikinci dərəcə əlilllik təyin olunmuşdur. Növbəti müayinə tarixi xx.xx.2021-ci il qeyd olunmuşdur. Əlilliyin müəyyən olunması meyarı kimi: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegeqativ və hərəki-koordinator funksiyasının pozuntuları ilə müşaiyət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı CÇMnin TSH tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tibbi arayışda məhkum İddiaçı xx.xx.2020-ci il tarixdən 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi, istintaq təcridxanasında olarkən Epilepsiya diaqnozu ilə qeydiyyata götürüldüyü, 9 saylı cəzaşəkmə müəssisəsində olduğu müddət ərzində mütəmadi olaraq KBT-nin qalıq əlamətləri, generalizə olunmuş qıcolma sindromu, xroniki qastrit qalıq əlamətləri, presbiopiya diaqnozları ilə stasionar və ambulator müalicə kurslarına cəlb olunduğu, halhazırda da səhhətin həkim nəzarətində saxlanıldığı və ambulator müalicəsinin davam etdirildiyi qeyd olunmuşdur. İddiaçı əlillik dərəcəsinin təyin olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Müalicə müəssisəsi tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 4449003AABEH №li Forma 088-də görünür ki, o,müəssisədə xx.xx.2021-ci il tarixdən qeydiyyatdadır, Onda müəyyən olunan xəstəliklər: a) əsas diaqnoz- T90.5 Kəllədaxili travmaların nəticələri....; b) ağırlaşma – T90.5 Kəllədaxili travmaların nəticələri generalizə olunmuş epileptik qıcolma; c) yanaşı xəstəliklər H52.4 Presbiopiya OU. xroniki qastritdir. TSEK-ə göndərilməsi üçün əsas əlillik müddətinin qurtarması-yenidən baxmaq. Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının xx.xx.2021-cı il tarixli xxxxxxx0002 №-li qərarının surətindən müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı aid Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Müalicə müəssisəsi tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 4449003AABEH №li Forma 088 əsasında (“X1: XİX sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri =>T90-T98-Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri=>T90-Başın.... Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri. Kəlləsaxili travmaların nəticələri, generalizə olunmuş epileptik qıcolma.) aparılmış əlilliyin qiymətləndirilməsinə dair aşağıdakı nəticəyə gəlinmişdir: - İmtina: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimim rəyi: 2006-2018-ci illər ərzində əsas xəstəlik üzrə aldığı stasionar müalicələr, instrumental müayinələr ətraflı qeyd olunsun. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 164/2023 saylı (ekspertizanın başlanma tarixi 23 yanvar 2023-cü il, başa çatma tarixi 29 mart 2023-cü il) rəydən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı Birliyin Təkrari ekspertizalar şöbəsində TSEK-in ekspertləri ilə birgə müayinədən keçrilmiş və ekspertlər aşağıda qeyd olunan nəticəyə gəlmişlər:

1. İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinin Müalicə müəssisəsi tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 4449003AABEH №-li Forma 088 göndərişində qeyd edilmiş “Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Kəllədaxili travmaların nəticələri, generalizə olunmuş epileptik qıcolma” diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Şəxsin TSEK-də müayinəsi zamanı ekspertlər tərəfindən əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır.

2. İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı M.Hüseynov adına Bakı 3 nömrəli Şəhər Poliklinikasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli 275000AAF9A saylı Forma 088 göndərişində qeyd edilmiş diaqnozu təsdiq edən instrumental müayinələrin nəticələri olmadığından hazırda diaqnozun təsdiq və inkarı barədə fikir söyləmək mümkün olmadı. Lakin həmin diaqnozu təsdiq edən (MRT, EEQ-monitorinqlə, xəstəliyi ilə əlaqədar qəbul etdiyi dərman preparatlarının qanda ümumi miqdarının təyin) aparılmaqla əlillik vəziyyətinin təyini tibb müəssisəsində yeni forma 088 doldurulmaqla dəyərləndirilə bilər.

Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1-ci hissəsinə əsasən Əlilliyin ağırlığından asılı olaraq birinci, ikinci və üçüncü dərəcəli əlillik təyin edilir. Orqanizmin üzv və sistemlərinin funksiyalarının davamsız, dönər morfoloji dəyişmələri və pozulmaları zamanı müalicənin və görülən reabilitasiya tədbirlərinin səmərəliliyinə, sağlamlıq vəziyyətinə və sosial uyğunlaşma vəziyyətinə nəzarət etmək məqsədilə birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilir. Birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci və 2-ci hissələrindən göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmiş, o cümlədən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK (tibbi-sosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-ci bəndinə əsasən, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə və “Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışı təmin edilir. - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X6 (bundan sonra — TSERAS) ötürülür; - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERAS-a daxil edir. Göstərilmiş tələblərin ümumiləşdirilmiş nəticəsinə görə, şəxsin əlillik dərəcəsi TSEK və müəyyən edilmiş hallarda TSEK-in funksiyalarını həyata keçirən Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti müəyyən edir. İlk əvvəl şəxsin əlilliyin qiymətləndirilməsi üçün müvafi dövlət səhiyyə müəssisəsi göndəriş tərtib etməli və onu “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil etməlidir. - 4.25-ci bəndinə əsasən araşdırma şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. - 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş, "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Qaydaların 2.2-ci bəndinə göstərilmişdir ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarına uyğun olaraq əlilliyin müddətsiz təyin edilməsinə əsas verə bilən tibbi göstərişlərin olduğu hallarda göndərişlər sadələşdirilmiş qaydada (əlavə müayinələr, xəstəlik tarixindən çıxarışlar (epikrizlər), funksional diaqnostik müayinələr tələb edilmədən) verilir. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na göstərilmişdir ki, əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir (bənd 1.1). Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur (bənd 1.2.). İşin araşdırılan hallarından da göründüyü kimi, iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün tibb müəssisəsi tərəfindən göndərilmiş göndərişə əsasən cavabdeh inzibati orqanın müvafiq Komissiyası tərəfindən aparılmış qiymətləndirmə nəticəsində əlillik dərəcəsinin təyinindən imtina edilmiş, diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə iddiaçıya əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəydə isə göstərilmişdir ki, İddiaçı TSEK-də müayinəsi zamanı ekspertlər tərəfindən əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi ilə əlaqədar hər hansı bir qeydiyyat aparılmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə “Əlilliyin müəyyən olunması meyarları” nəzərə alınmaqla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar