Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1005/2024 16.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X5 bağlar sahəsindəki 194 saylı Kooperativinin 13 dekabr 1991-ci il tarixli, 130 №-li qərarına əsasən İddiaçı Bəhman oğluna Bakı şəhəri, Sabunçu rayonu, Göradil bağlar massivində ayrılmış sahəsi 0,12 ha olan 1414 b saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və İddiaçı adına müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılır ki, Goradil bağ massivində yerləşən torpaq sahəsi iddiaçıya ayrılmışdır.İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş imtinanı əsassız sayır və onun hüquqlarının pozulmasına səbəb olduğunu bildir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əksini tapmamışdır. Bundan əlavə, İdarənin arxiv məlumatına əsasən eyni X4 nəznində eyn bağ nömrəsinə dair digər fiziki şəxsin adına order mövcuddur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Bakı ŞİH-nin 13 dekabr 1991-ci il tarixli, 130 saylı Sərəncamından görünür ki, 194 №-li BTK Goradil bağ massivində İddiaçı Bəhman oğluna bağ sahəsi ayrılmışdır. 59 №-li orderin əslindən görünür ki, Bakı ŞİH-nin 13 dekabr 1991-ci il tarixli, 130 saylı Sərəncamına əsasən sahəsi 0,12 ha olan 1414 b nömrəli bağ sahəsi İddiaçı Bəhman oğluna ayrılmışdır. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, göstərilən torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əksini tapmamışdır. Bundan əlavə, İdarənin arxiv məlumatına əsasən eyni X4 nəznində eyni bağ nömrəsinə dair digər fiziki şəxsin adına order mövcuddur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan 66 №-li orderdən görünür ki, Bakı ŞİH-nin 13 mart 1992-ci il tarixli, 378 saylı Sərəncamına əsasən sahəsi 0,12 ha olan 1414 b nömrəli bağ sahəsi X3 ayrılmışdır. 2 saylı Bakı İnzibati-İqisadi Məhkəməsinin 27 sentyabr 2011-ci il tarixli, 2inz(82)- 351/2011 icra vərəqəsindən görünür ki, iddiaçı X1 2005-ci ildən istifadəsində olan Bakı şəhəri, Göradil qəsəbəsi, bağ massivində yerləşən 1414b saylı bağ sahəsinə cizginin verilməsi ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tapşırılması qərara alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, məhkəmədən Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X5 bağlar sahəsindəki 194 saylı Kooperativinin 13 dekabr 1991-ci il tarixli, 130 №-li qərarına əsasən İddiaçı Bəhman oğluna ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Göradil bağlar massivində ayrılmış sahəsi 0,12 ha olan 1414 b saylı torpaq sahəsi üzərində 1 tikili mövcuddur və faktiki olaraq iddiaçının istifadəsindədir. Bakı şəhəri, Sabunçu rayonu, Göradil bağlar massivi, 1414 b saylı torpaq sahəsinin yerləşməsi Xəritə 1-də göstərilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr İş materiallarından da göründüyü kimi iddiaçı adıçəkilən maddədə göstərilən hüquqmüəyyənedici sənəd qismində yerli icra hakimiyyəti orqanının sərəncamına və X4 tərəfindən verilmiş orderə malik olmuşdur. İşin faktiki hallarından isə görünür ki, cavabdeh həmin sənəd mövcud olmasına baxmayaraq müraciətin təminindən imtinanı onunla əsaslandırır ki, göstərilən torpaq sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə aşkar olnmamış, eyni zamanda eyni nömrəli bağ sahəsinə dair başqa şəxsin adına order mövcud olmuşdur. Məhkəmə hesab edir ki, həmin imtina dəlilləri şəxsin mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina əsası qismində çıxış edə bilməz. Belə ki, adıçəkilən Qanunun: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret halları qanunvericiliklə təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İlkin olaraq, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncam, eləcə də həmin sərəncam əsasında tərtib edilmiş order inzibati orqan tərəfindən tərtib edilmiş, təsdiq edilmişdir, hal-hazırda qüvvədədir, hər hansı inzibati orqan tərəfindən ləğv edilməmiş, qüvvədən salınmamış, dəyişdirilməmiş, etibarsız hesab edilməmişdir. Odur ki, həmin sənədlərin etibarlılığı və hüquqi nəticələrinin mövcudluğu bütün şəxs və inzibati orqanlar üçün məcburidir. Qeyd edilməlidir ki, X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı adıçəkilən sənədləri nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmişdir. Lakin, məhkəmə hesab edir ki, sərəncam və həmin sərəncam əsasında verilmiş orderin qüvvədə olması ilə yanaşı, cavabdehin imtina əsaslarının da formal olması barədə aşağıdakılar qeyd edilməlidir. Belə ki, cavabdeh eyni nömrəli bağ sahəsinə dair digər fiziki şəxsin adına orderin mövcudluğuna istinad etmiş, lakin inzibati orqan kimi öz səlahiyyətləri çərçivəsində hər iki bağ sahəsinin üst-üstə düşüb-düşməməsi halını araşdırmaqa zərurət görməməşdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Doğrudur ki, 1414b nömrəli bağ sahəsinə dair iddiaçı ilə yanaşı həmçinin X2 adına order mövcuddur. Hər iki orderə nəzər yetirdikdə görünür ki, həmin orderlər fərqli sərəncamlar əsasında tərtib edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının istifadəsində olan 1414 b nömrəli bağ sahəsi ilə digər şəxsin adına tərtib olunmuş order əsasında ayrılmış torpaq sahəsinin üst-üstə düşməsi halı müəyyən olunmur. İlk növbədə ona görə ki, iddiaçının istifadəsində olan torpaq sahəsinə münasibətdə artıq qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur ki, həmin qərar ilə məhkəmə 1414b nömrəli bağ sahəsinin iddiaçının istifadəsində olduğunu təsdiq edərək, həmin bağ sahəsinə dair yerləşmə cizgisinin verilməsini qərara almışdır. Göründüyü kimi həmin bağ sahəsinə dair qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur ki, bu qərar məcburi xarakter daşıyır. Başqa sözlə desək həmin qərar iddiaçıya ayrılmış 1414b nömrəli bağ sahəsinin onun istifadəsində olduğunu və hər hansı şəxs ilə üst-üstə düşmədiyinin göstəricisidir. Eyni zamanda məhkəmə icraatı zamanı əldə olunmuş mütəxəssis rəyi ilə iddia olunan torpaq sahəsinin iddiaçının istifadəsində olduğu müəyyən olunur. Göründüyü kimi cavabdeh inzibati orqan imtina əsası kimi 1414b saylı bağ sahəsinin digər fiziki şəxsin adına order ilə ayrıldığını bildirsə də, 1414b nömrə altında olan bağ sahələrinin dislokasiya baxımından fərqli olduğunu, iddiaçının və həmin şəxsin bağ sahələrinə münasibətdə fərqli sənədlərə malik olduğunu nəzərə almamış, bununla da iddiaçının daşınmaz əmlaka münasibətdə yaranmış mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Hazırki mübahisə ilə oxşar xarakter mübahisə kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1416/2022 saylı qərarı əsas gətirilməlidir. Belə ki, hazırki işdə olduğu kimi həmin mübahisə də eyni nömrə altında olan bağ sahəsinin ayrı-ayrı şəxslərə ayrıldığı ilə bağlıdır. Bu zaman kassasiya instansiya məhkəməsi iddiaçıya ayrılan sənədlərin qüvvədə olduğunu, üçüncü şəxsin etirazının olmadığı nəzərə almış, bununla da vətəndaşın torpaq sahəsinə münasibətdə qeydə alınan hüquqların əsaslı olduğunu hesab etmişdir. Məhkəmə cavabdehin imtina əsası kimi qeyd etdiyi digər hala (bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi) münasibətdə isə qeyd edir ki, inzibati məhkəmə təcrübəsində bağ sahəsi üzərində vətəndaşın mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı mübahisələr üzrə “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi” əsası cavabdeh inzibati orqanın tez-tez rastlanan imtina əsaslardan biridir. Əlbəttə mövcud məhkəmə təcrübəsi bu qəbildə olan mübahisələrdə bağ sahələrinin “sxematik xəritə ilə uyğunsuzluq təşkil etmə” əsasının vətəndaşların ziyanına şərh edilməməsi kimi qiymətləndirir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Bəhs edilən maddələrin normalarından aydın olur ki, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1690/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Şikayətin əsas dəlili ondan ibarətdir ki, göstərilən bağ sahəsinin sxematik xəritəyə əsasən 3865 saylı bağın bir hissəsinə və bağlararası yola düşməsi həmin bağ sahəsinə mülkiyyət hüququnun iddiaçının adına qeydə alınmasını mümkünsüz edir. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, iddiaçı ona ayrılmış sahəsi 0,25 ha olan 3996 saylı bağ torpaq sahəsinin sərhədlərini naturada ayırmışdır. İddiaçının mübahisəli bağ sahəsindən istifadəsi üçüncü şəxslərin hüquqlarını pozmur, naturada özünə ayrılmış torpaq sahəsindən istifadə edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia olunan bağ sahəsi Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X8 ilə iddiaçı arasında imzalanmış bağ sahəsinin istifadəyə verilməsi haqqında 14959 nömrəli 19 avqust 1967-ci il tarixli, 18 iyun 1982-ci il tarixli və Bakı şəhər Soveti İcraiyyə Komitəsi Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçı arasında imzalanmış bağ sahəsinin istifadəyə verilməsi haqqında 14959 nömrəli 16 sentyabr 1983-cü il tarixli müqaviləyə əsasən iddiaçının istifadəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.7-ci maddəsinin tələbinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır.” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1415/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020 -cu il tarixli qərarında qeyd olunmuşdur ki, “hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.” Bu mövqeyi həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2826/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019 -cu il tarixli qərarında da nümayiş olunmuşdur. Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi” göstərilsə də, bu istiqamətdə cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X5 bağlar sahəsindəki 194 saylı Kooperativinin 13 dekabr 1991-ci il tarixli, 130 №-li qərarına əsasən İddiaçı Bəhman oğluna Bakı şəhəri, Sabunçu rayonu, Göradil bağlar massivində ayrılmış sahəsi 0,12 ha olan 1414 b saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və İddiaçı adına müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1005/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1005/2024
16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver