Məhkəmə qərarları › İş №2-1(112)-10052/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10052/2024

23.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10052/2024 23.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində 0,12 ha torpaq sahəsi üzərində hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyesterində qeydiyyata alınması və ona mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı Bələdiyyəsi ilə aralarında bağlanmış “Torpağın icarəyə verilməsi haqqında” 05 avqust 2005-ci il tarixli icarə müqaviləsinə əsasən Bələdiyyə ərazisində yerləşən və Bələdiyyəyə məxsus 1200 kv.metr torpaq sahəsi bağ sahəsi salmaq üçün hüquqi varisi olduğu anası X3 verilmişdir. Anası, Tamilla Süleymanova xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Bundan sonra o, bağ sahəsi ilə məşğul olmuşdur. Yəni o, həmin torpaq sahəsini abadlaşdırmışdır. Həmin sahəni daş hasara almışdır. Torpaq sahəsində çoxlu sayda meyvə ağacları əkmiş və bağ sahəsinə külli miqdarda maliyyə vəsaiti sərf etmişdir. İcarə müqaviləsində nəzərdə tutulan bütün ödənişləri ödəyir. Hazırda torpağın icarə müqaviləsi davam edir. Vergini və torpağın icarə haqqını vaxtında ödəyir. Qeyd edilənlərə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahişi ilə AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin DƏDKR X8 1 saylı ərazi idarəsinə müraciət etmişdir. Həmin qurumun xx.xx.2024-cü il tarixli məktubu ilə onun qanuni xahişinin icrasından əsassız olaraq imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, cavabdeh inzibati orqan isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, gəlmədikləri barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Kürdəxanı Bələdiyyə mülkiyyətində olan (yaşayış və qeyri-yaşayış) torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli, 234 №-li “icarə müqavilə”sinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Kürdəxanı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04 saylı ümumi iclasının qərarına əsasən 1200 kv.metr torpaq sahəsi bağçılıq məqsədilə X2 icarəyə verilmişdir. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ № 779440 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X4 xx.xx.2015-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin 12 ayının 15 günündə 601 № ilə qeyd edilmişdir. Tətbiq edilən hüquq, iddianın mümkünlüyü və buna dair məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə iddia ərizəsini və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 .Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Nəzərə almaq lazımdır ki, işə baxan məhkəmə ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırmanı aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1- ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd). İPM- in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4cü bənd). İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd). İşin faktiki hallarından görünür ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması və həmin hüquqi təsdiq edən çıxarışın verilməsindən ibarətdir. Belə ki, iddiaçı məhkəmədən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasına dair müraciət edərkən, Kürdəxanı Bələdiyyəsi ilə X4 arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 234 №-li torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə istinad edilmişdir. İddiaçı iddia ərizəsində X2 onun anası və qanuni varisi olmasına istina etsə də, məhkəməyə bununla bağlı müvafiq təsdiqedici sənədlər təqdim edilməmişdir. Məhkəmə bu mövqeydən çıxış edərək qeyd etmək istəyir ki, Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Beləliklə, məhkəmə qanunvericiliyinin müddəalarını, eləcə də işin hallarını nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsi ilə müraciət etmə hüququ X2 qanuni varisinə məxsusdur. İş materialları ilə isə İddiaçı X2 qanuni varisi olması barədə təsdiqedici sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəmə həm də onu qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsindən iddiaçı qismində X4 qeyd edilsə də, iddia ərizəsi onun etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən imzalanmışdır. İddia ərizəsinə X6 tərəfindən isə İddiaçı öz hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək səlahiyyətlərinin həyata keçirilməsinə əsas verən etibarnamə əlavə edilmişdir. Bununla məhkəmə qeyd edir ki, səlahiyyətli nümayəndə iddia tələbini imzalamaq, vətəndaşı təmsil etmək hüququna malikdir. Səlahiyyətli şəxs dedikdə, iddiaçının özü, nümayəndəsi başa düşülür. Səlahiyyətli şəxs anlayışı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 74.2-ci maddəsindən əlavə, MPMin 69.2-ci maddəsi ilə də tənzimlənir. Belə ki, MPM-in 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 73.2-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, sosial xidmət müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir. 74.1-ci maddəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi,məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, səlahiyyətli nümayəndə iddia tələbini imzalamaq və məhkəmədə iddiaçının pozulmuş hüquqlarının bərpası üçün müraciət etmək üçün bu hüquqa malik olmalıdır. Belə ki, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil ola bilər ki, X1 Nazlı Yuzef qızının yaxın qohumu olması barədə sübut məhkəməyə təqdim edilməmişdir. X6 isə iddiaçını məhkəmədə təmsil etməyə və iddia ərizəsi imzalamaq səlahiyyəti olmadan bu hüquqları həyata keçirmişdir. Göründüyü kimi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddia ilə bağlı tələb olunan mümkünlük şərtinin mövcudluğu müəyyən edilməmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Lakin hazırki halda məhkəmə hesab edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən yol verilmiş xətaların (iddiaçının adından məhkəməyə müraciət olunması və onun adından iddia ərizəsinin imzalaması ayrı-ayrı şəxslər tərəfindən icra olunmuşdur) aradan qaldırılması İPM-nin 13-cü maddəsinə əsasən yardım edilməsi yolu mümkün deyil. Bununla yanaşı iddiaçıya izah olunur ki, qərardadda qeyd olunmuş iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən yol verilmiş xətalar aradan qaldırılmaqla, yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 8-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir (8.1.). Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir (8.2.). Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir (8.3.). İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar