Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10053/2024 01.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MMC) “torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Tibb Universitetinin “Şəfa” bağçılıq - yoldaşlıq təsərrüfatı tərəfindən Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən sahəsi 500 kv.m olan, 132 nömrəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 132 saylı bağ sahəsi iddiaçıya Tibb Universitetinin “Şəfa” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən verilmişdir, verildiyi vaxtdan onun və ailəsinin daimi istifadəsindədir. Bağ sahəsinin dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Müraciətinə xx.xx.2024-cü il tarixli **********93 nömrəli məktubla bildirilmişdir ki, hasarlanma düzgün aparılmadığından sahənin 132 saylı torpaq sahəsinin ərazisinə uyğun olub-olmamasının müəyyən etmək mümkün olmadığı bildirilmişdir. Cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur.
3. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, qeyd olunan torpaq sahəsi “Şəfa” bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən ayrılmış, lakin bununla əlaqədar üzvlük kitabçası və ya protokoldan çıxarış deyil, order təqdim edilmişdir. Bundan başqa, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi “Tibb Universiteti” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktı daxilində yerləşir. Həmçinin təqdim olunmuş bölgü sxeminə uyğun hasarlanma aparılmadığından “132” saylı torpaq sahəsinin ərazisi olub-olmamasının müəyyən etmək mümkün olmamışdır. O cümlədən bildiririk ki, qeyd olunan torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixli Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 6971 saylı müqavilə bağlanılmışdır.
4. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur.
5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə işə onların nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
II. İddianın geri götürülmüş sayılması
6. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
7. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
8. İş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri və sms xəbərdarlıq göndərilmiş, lakin iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirakını təmin etməmişdir.
9. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.
10. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarının: ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
11. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
12. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
13. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
14. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
15. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
16. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddiaçı münasibətdə iddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva