Məhkəmə qərarları › İş №2-1(112)-10054/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10054/2025

20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10054/2025 20.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli 6/387 №-li qərarına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 2 iyun 1988-ci il tarixli 195 №-li qərarına və Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli 6/333 №-li qərarına uyğun olaraq İddiaçı Goradil massivində 102 №-li BTK nəzdində bağ sahəsi ayrılmışdır. Həmin qərara əsasən Goradil bağlar sahəsində 194 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1456 bağ sahəsinin İddiaçı ayrılmasına dair B/S saylı order verilmişdir. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən, ümumi ərazidə hasarlanma idarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamış, bu səbəbdən göstərilmiş ərazinin hansı torpaq sahəsinə aid olduğunu təyin etmək mümkün olmamışdır. Həmçinin göstərilən torpaq sahəsinin yaxınlığından orta təzyiqli qaz xəttinin keçdiyi müəyyən olunmuşdur. Əlavə olaraq, təqdim edilmiş sənədlərdə XDS İK-nın qərarının tarix və nömrəsində uyğunsuzluq mövcuddur. Belə ki, orderdə istinad olunan XDS İK-nın qərarının nömrəsi 6/318, tarixi xx.xx.1991-ci il, Dövlət Arxivinin Bakı filialının məktubuna əlavə edilmiş müvafiq qərarın arxiv çıxarışında isə qərarın nömrəsi 6/387, tarixi xx.xx.1991-ci il kimi qeyd edilmişdir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goradil bağ massivində yerləşən 1546 №-li 0,12 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdiirilmişdir). İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 1456 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 1 saylı Bakı Ərazi idarəsinə müraciət edilmiş və müraciət ********** saylı qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixində tərəfindən edilmiş müraciətlə bağlı müvafiq araşdırılma aparılmış və əsassız səbəblər gətirilərək xx.xx.2025-ci il tarixli 3X1-3-30/2-R0469-X/2024X********** nömrəli məktubla hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. 23 aprel 1991 -ci il tarixli Bakı ərizəsi ilə bağ sahəsi almaq üçün Bakı Şəhəri X3 İcraiyyə komitəsinə müraciət etmişdir. Bu müraciəti əsasında məsələyə Deputatları Sovetinin İcraiyyə komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən baxılmış və xx.xx.1991-ci il tarixli 139 nömrəli cavab məktubu ilə qeydiyyata götürülməsi və növbə əsasında bağ sahəsi ilə təmin olunacağı barədə məlumat verilmişdir. Bundan sonra Bakı Şəhəri X3 İcraiyyə komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfimdən mənə Goradil bağlar sahəsindəki 194 №-li kooperativdə B/C №-li Order Bakı Şəhəri X3 İcraiyyə komitəsinin 25 may 1991-ci il tarixli 6/318 №-li qərarı ilə mənə Goradil bağlar sahəsində 194№-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1456 nömrəli bağ ayrılmışdır. 22 dekabr 1991-ci il tarixində bağ evinin tikintisi barədə podrat müqaviləsi imzalanmış və bu əsasda bağ evinin tikintisi həyata keçirilmişdir. 1 sayli Bakı Ərazi İdarəsinnin imtina məktubundakı qənaətləri təmamilə əsassızdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 21 may 1991-ci il tarixli 6/387 №-li qərarına əsasən İddiaçı Goradil massivində 194 №-li BTK nəzdində bağ sahəsi ayrılmışdır. Həmin qərara əsasən Goradil bağlar sahəsində 194 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1456 bağ sahəsinin İddiaçı ayrılmasına dair B/S saylı order verilmişdir. İddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun tanınması və bu barədə çıxarışın verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi onun adına olan Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarını və X1 və İstismarı Birliyinin orderini təqdim edir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) təqdim edilmiş sənədlər surətdir; 2) elektron kadastr məlumatlarına əsasən, ümumi ərazidə hasarlanma idarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır; 3) göstərilən torpaq sahəsinin yaxınlığından orta təzyiqli qaz xəttinin keçdiyi müəyyən olunmuşdur; 4) təqdim edilmiş sənədlərdə XDS İK-nın qərarının tarix və nömrəsində uyğunsuzluq mövcuddur. Belə ki, orderdə istinad olunan XDS İK-nın qərarının nömrəsi 6/318, tarixi xx.xx.1991-ci il, Dövlət Arxivinin Bakı filialının məktubuna əlavə edilmiş müvafiq qərarın arxiv çıxarışında isə qərarın nömrəsi 6/387, tarixi xx.xx.1991-ci il kimi qeyd edilmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, 1-ci halla bağlı məhkəmə qeyd edir ki, iş matereallarında olan hüquqmüəyyənedici sənədin mötəbərliyinin yoxlamaq üçün məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə Dövlət Arxivinin Bakı Filialına müvafiq sorğu göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixli məktub və ona əlavə edilmiş Bakıl şəhər XDS İK-nin (indiki BŞİH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 6/387 saylı qərarının təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. Həmçinin iddiaçının təqdim etditi sənədləri cavabdehin arxivində mövcuddur və arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir. Beləliklə iddiaçının hüquqmüəyyənedici sənədə malik olması işin mübahisələndirilməyən halıdır. 2-ci halla bağlı məhkəmə qeyd edir ki, elektron kadastr məlumatlarına əsasən, ümumi ərazidə hasarlanma idarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamısı iddiaçının müracətini təmin etməkdən imtina üçün əsas deyildir. Belə ki, iddia predmeti olan bağların yerləşdiyi BTK-nın sxematik xəritəsi tələb edilmişdir. Sxematik xəritədən müəyyən edilir ki, 1456 nömrəli bağ BTK-nın sxematik xəritəsində əks olunmamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, BTK-lar yardılarkən ilkin olaraq ayrılmış bağ sahələrinin sxematik xəritələri çəkilmiş və ilkin bağ sahələrinin nömrələri həmin xəritədə əkıs olunmuşdur. Lakin sonradan BTK-ya yeni üzvlərin qəbul edilməsi və yeni torpaq sahələrinin ayrılması baş verərkən sxematik xəritələr təzələnməmişdir. Bu isə iddiaçının məsuliyyət sferasına aid deyil. İddiaçı order təqdim edir və həmin orderdə bağın nömrəsi göstərilmişdir. Həmçinin cavabdehin mütəxəssiləri tərəfindən torpaq sahəsinin müayinəsi aparılmış, torpaq sahəsinin dəqiq yerləşməsi koordinatları müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, həmin uyğunsuzluqların mövcud olması iddiaçının təqsiri üzündən baş verə bilməz. Cavabdeh inzibati orqanın əsasnaməsinə uyğun olaraq həmin orqan adıçəkilən bağ sahəsinə dair mülkiyyət hüquqlarının təsdiqi barədə reyestrdən çıxarış tərtib edərkən mövcud olan uyğunsuzluqları aradan qaldırmalıdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, torpaq sahəsinin yerləşməsində hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. 3-cü halla bağlı məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsi 1996-cı ildə ayrılmış, qaz xəttlərinin mühafizə zonasını müəyyən edən “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” qaydaları iddiaçıya torpaq ayrılandan sonra, yəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmişdir. Normadan göründüyü kimi, torpaq sahəsinin mühafizə sonasında yerləşməsi torpağa mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyil və torpaq mülkiyyətçilərinə həmin mühafizə zonası üçün müəyyən edilmiş qaydalara əməl etməklə sahiblik və istifadə etmək öhdəliyi müəyyən edir. Bundan başqa cavabdehin imtina məktubunda istinad edilən “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” qaydalarının 2.7-ci bəndinin hazırkı işə aidiyyatı yoxdur. Belə ki, imtina məktubundan göründüyü kimi, torpaq sahəsindən orta təyziqli açıq qaz xətti keçir. Qaydaların istinad edilən bəndi isə, orta təyziqli qaz xəttinin deyil, magistral qaz kəmərinin mühafizə zonasını tənzimləyir. Belə ki, Qaydaların 2-ci bölməsinin (Magistral boru kəmərlərinin mühafizəsi) 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Qaydaların 3.2-ci bəndinə əsasən şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ərazisindəki, həmçinin sənaye, kənd təsərrüfatı, kommunal və məişət istehlakçılarının qaz kəmərləri, nəql edilən qazın təzyiqindən asılı olaraq: aşağı təzyiqli (0,05 kqq/sm2-ə, yaxud 500 daPa qədər), orta təzyiqli (0,05-dən 3 kqq/sm2-ə qədər, yaxud 500 daPa-dan 0,3 Pa-ya qədər) və yüksək təzyiqli (3 kqq/sm2-dən, yaxud 0,3 Pa-dan artıq) qaz kəmərlərinə ayrılır. Qaydaların 3.3-cü bəndinə əsasən qazın yüksək təzyiqli şəhər magistral qaz kəmərindən orta və aşağı təzyiqli paylaşdırıcı qaz kəmərlərinə və orta təzyiqli qaz kəmərlərindən aşağı təzyiqli qaz kəmərlərinə verilməsi, qaz tənzimləyici məntəqələr (QTM), yaxud qaz tənzimləyici qurğular (QTQ) vasitəsilə həyata keçirilir. Qaydaların 3.30-cü bəndinə əsasən alçaq və orta təzyiqli qaz kəmərlərini, oda davamlığı İV dərəcədən aşağı olmayan yaşayış və ictimai binaların xarici divarları boyu, hər cür təzyiqli qaz kəmərlərinin isə ayrı qoyulmuş yanmayan dirəklərin (dayaqların) üzəri ilə çəkmək olar. Qaydalardan göründüyü kimi, mühafizə zonası magistral qaz kəmərləri üçün müəyyən edilir. Baxılan işdə isə, torpaq sahəsindən magistral qaz kəməri deyil, orta təyziqli qaz xətti keçir. Bundan başqa Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. 4-cü halla bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərdə XDS İK-nın qərarının tarix və nömrəsində uyğunsuzluq mövcuddur. Belə ki, orderdə istinad olunan XDS İK-nın qərarının nömrəsi 6/318, tarixi xx.xx.1991ci il, Dövlət Arxivinin Bakı filialının məktubuna əlavə edilmiş müvafiq qərarın arxiv çıxarışında isə qərarın nömrəsi 6/387, tarixi xx.xx.1991-ci il kimi qeyd edilmməsi iddiaçının sferasına aid olan məsələ deyil. İddiaçının hüquqmüəyyənedici sənədlərə malik olması işin mübahisələndirilməyən halıdır. Bakı şəhər XDS İK-nın 25 may 1991-ci il tarixli 6/387 nömrəli qərarın və orderin məzmunundan görünür ki, həmin sənədlər iddiaçı barəsində olmaqla, iddia olunan torpaq sahəsi haqqındadır. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Goradil bağ massivində yerləşən 1546 №-li, 0,12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar