Məhkəmə qərarları › İş №2-1(112)-10057/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10057/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10057/2022 20.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN” xidmət X1rşı “soyadın dəyişdirilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN” xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, soyadının “Mirməmmədli”dən dəyişdirilərək "Mirmanafov" yazılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsinə əsasən cavabdeh əsl cavabdeh 6 saylı Bakı “ASAN” xidmət X3 ilə əvəz edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı xx.xx.1988-ci ildə Ağdam rayonunda anadan olmuş, 1993-cü ildə ailə üzvləri ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Qeyd edir ki, əvvəlki soyadı "Məmmədov" olmuşdur. xx.xx.2022-ci ildə soyadının dəyişdirilərək "Mirmmədli" yazılması barədə 6 saylı Bakı Asan Xidmət mərkəzinin Qeydiyyat şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Rəsmi ərizəsi təmin olunaraq "Məmmədov" soyadı dəyişdirilərək "Mirməmmədli" yazılmışdır. Hazırda iddiaçıya verilmiş şəxsiyyət vəsiqəsində soyadı "Mirməmmədli" göstərilmişdir. Xüsusi ilə qeyd edir ki, soyadının yenidən dəyişdirilərək mərhum babasının soyadı olan "Mirmanafov" yazılması barədə aidiyyatı üzrə cavabdeh 6 saylı Bakı Asan xidmət mərkəzinin Qeydiyyat şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən 26 may 2022-ci il tarixli №xx/xx-1594 saylı məktubu ilə bundan imtina olunaraq aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bu səbəbdən də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Yasamal rayon qeydiyyat şöbəsinə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi təklif olunsa da, etiraz məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh 6 saylı Bakı «ASAN» Xidmət X3nin nümayəndəsi məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq, icra edilərək məhkəməyə göndərilmiş İddiaçı barədə tələbnamədən görünür ki, onun cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən şəxs kimi cəlb edilib – edilməməsi barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - AZ-İV seriyalı, 646222 nömrəli, xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə doğulmuş, soyadı “Mirməmmədli” kimi göstərilmişdir. - 6 saylı Bakı «ASAN» Xidmət X3nin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, xx/xx- 1594 nömrəli cavab məktubunda bildirilmişdir ki, “6 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə ünvanladığınız soyadınızın “Mirməmmədli”-dən “Mirmanafov”-a dəyişməyiniz barədə ərizənizə baxılmışdır. Məlum olmuşdur ki, 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən.xx.xx.2022-ci il tarixli 23№li Soyadın, adın və ata adın dəyişdirilməsi haqqında akt qeydinə əsasən soyadınız “Məmmədov”-dan “Mirməmmədli”-yə dəyişdirilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edlmiş “Adın,ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları"-nın 6.3 bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24- 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Bu səbəbdən soyadınızın “Mirməmmədli”-dən “Mirmanafova” dəyişdirilməsi barədə ərizənizi təmin edə bilmirik. Bununla bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur.” - İddiaçıya məxsus AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının soyadı “Mirməmmədli”dir. Məhkəmə qeyd edir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.5ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Göründüyü kimi, iddiaçı soyadının dəyişdirilməsini tələb etməsinə baxmayaraq, iş üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndində qeyd edilən istisna haları, 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallardan hər hansı biri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddiaçı isə tələbinin əsası kimi heç bir səbəb göstərməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh 6 saylı Bakı “ASAN” Xidmət X1rşı “soyadın dəyişdirilməsi barədə” barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilməsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar