Məhkəmə qərarları › İş №2-1(112)-10057/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10057/2024

12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10057/2024 12.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən İddiaçı adına verilmiş ДИС ******* nömrəli, xx.xx.2007-ci il tarixli bakalvr diplomunun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2001-2006-cı illərdə Dağıstan Dövlət Universitetinin Bakı Filialında təhsil almışdır. İddiaçıya xx.xx.2007-ci il tarixində ДИС ******* nömrəli ali təhsil haqqında diplom verilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda Rusiya Federasiyası Maxaçkala şəhəri, Dağıstan Dövlət Universiteti ( Bakı Filialı) tərəfindən verilmiş "Hüquqşünaslıq" sahəsi üzrə ДИС ******* nömrəli bakalavr diplomunun Azərbaycan Respublikasında tanınmasından və bu haqda şəhadətnamənin verilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti Baş Nazirin müavini E.Əfəndiyevin Rusiya Federasiyası Hökumət sədrinin birinci müavini cənab B.Axmedova ünvanladığı 6 Mart 1996-cı ildə N-ll 4-50 saylı məktuba əsasən RF Dağıstan Dövlət Universitetinin Azərbaycan Respublikasında Bakı Filialının fəaliyyət göstərməsinə razılıq vermişdir, xx.xx.1999-cu ildən xx.xx.2007-ci ilədək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin balansında olan ali məktəblər siyahısında fəaliyyət göstərmişdir. Rusiya Federasiyası qanunlarına əsasən Rusiya Federasiyasının xarici ölkələrdə fəaliyyət göstərən Universitetlərində təhsil alan tələbələrə verilən diplomlarda "Filial " sözü yazılmır. Həmin tələbələrə verilən “BCB” seriyalı diplomlar “ДИС” seriyalı diplomla əvəz olunur. Rusiya Federasiyası Maxaçkala şəhəri Dağıstan Dövlət Universiteti (Bakı Filialı) tərəfindən verilmiş “Hüquqşünaslıq” sahəsi üzrə ДИС ******* nömrəli bakalavr diplomu xx.xx.2010-cu il tarixində Rusiya Federasiyası Moskva şəhərində xx.xx.1961-ci il Haaqa Konvensiyasına əsasən APOSTİL olunmuş və nəticə etibarilə bütün dünyada keçərli olduğu halda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi həmin ali təhsil müəssisəsi tərəfindən verilən diplomlar üzrə ixtisasların ölkə ərazisində tanınmasını mümkün hesab etməmişdir. Əlavə olaraq 1 Saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007- ci il tarixli, 2398/4- 489-2006 saylı qətnaməsi ilə “Dağıstan Dövlət Universitetinin Bakı Filialı”nın fəaliyyətinin dayandırılması və bununla yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikası Konsititusiyasının 42-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuşdur ki, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu baxımdan cavabdeh müəssisənin qanunsuz fəaliyyət göstərməsi orada təhsil alan şəxslərin təhsil hüququnun pozulması ilə nəticələnə bilməz. Ona görə də cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqları qanunauyğun olaraq qorunmalıdır. Cavabdeh müəssisədə hal-hazırda təhsil alıb və bu barədə müvafiq sənəd almış tələbələrin təhsil sənədlərinin də etibarsız hesab edilməsi qanunauyğun hesab edilə və bu barədə olan iddia tələbi təmin oluna bilməz. Bundan başqa Məhkəmə qərara alaraq cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələrini Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə etmişdir. Yuxarıda qeyd olunanlardan əlavə olaraq digər keçirilən məhkəmə prosesləri zamanı “çıxarılmış qərar” dəyişdirilmədən saxlanılmışdır. Hətta 2007-cil ilə qədər təhsil almış tələbələrin (ləğv olunmuş təhsil müəssisələrinin) diplomları Ali Məhkəmə praktikasında tanınmışdır. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyinə görə təhsil müəssisəsinin fəaliyyətinin dayandırıldığı dövrə qədər məzun olmuş şəxslərə və onlara verilmiş diplomlara münasibətdə məhkəmə qətnaməsi ilə həmin dövrə aid diplomların etibarsız sayılmasının rədd olunduğu nəzərə alınmalıdır, məhz bu nöqteyi nəzərdən onlara verilmiş diplomlar üzrə onların ixtisasları tanınmalı və müvafiq şəhadətnamə verilməlidir. Bununla bağlı nəzərə almaq lazımdır ki, təhsil müəssisəsinin fəaliyyətinin qanunauyğunluğunu təmin etmək tələbə və məzunların deyil, təhsil siyasətini həyata keçirən və bu sahəyə məsul olan müvafiq dövlət qurumlarının məsuliyyət sferasına aiddir. Şəxs uzun müddət fəaliyyət göstərən təhsil müəssisəsinin bu fəaliyyətinin dövlət tərəfindən qadağan olunmadığına və bunun üzərində dövlət tərəfindən həmin fəaliyyətin leqal sayıldığına inanmış, onun davranışına etimad göstərmiş və həmin təhsil müəssisəsinə daxil olmuş, orada təhsil almışdır. Cavabdeh bunları və Ali Məhkəmənin oxşar işləri üzrə formalaşmış hüquqi mövqeyini nəzərə almağa və ona uyğun davranmağa borcludur.

3. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, xarici ali təhsil müəssisələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən yalnız aşağıda qeyd olunan filialları tərəfindən (göstərilən illər ərzində) verilən diplomlar üzrə alınan ixtisaslar ölkə ərazisində tanınır: - X4 Universiteti (xx.xx.2007-ci il - xx.xx.2010-cu illər ərzində); - Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində). 2006 cı ildən Akademiya Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təsisçiliyi ilə “Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası” adı ilə müstəqil ali təhsil müəssisəsi kimi fəaliyyət göstərir; - M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (fəaliyyətə başladığı tarixdən (xx.xx.2009-cu ildən) etibarən); - İ.M.Seçenov adına X3 Tibb Universiteti (fəaliyyətə başladığı tarixdən (xx.xx.2015-ci ildən) etibarən) Əlavə olaraq bildirilir ki, vətəndaşlar onlara verilmiş imtina qərarından inzibati və ya məhkəmə qaydasında şikayət verə bilərlər.

4. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilən yazılı vəsatətdə qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə X1rşı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş “Hüquqşünaslıq” ixtisası üzrə əldə etdiyi kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması üçün qərar çıxarılması barədə məcburetmə haqqında iddia qaldırmışdır. Cavabdeh hesab edir ki, iddiaçının iddia tələbi Azərbaycan Respublikası İnzibati Porsessual Məcəlləsinin 38.2-ci bəndinə əsasən məhkəmə tərəfindən mümkünsüz hesab edilməlidir. Sözügedən normada qeyd olunur ki, Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşin faktiki halında, İddiaçı xarici diplomunun tanınması üçün cavabdeh quruma müraciət etmiş, aparılmış inzibati icraatın nəticəsində xx.xx.2014-cü il tarixli əmrlə onun müraciəti barədə imtina qərarı verilmişdir. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” qanunun 62.2-ci maddəsinə əsasən “Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İnzibati orqanın xx.xx.2014-cü il tarixli qərarı iddiaçıya məxsus və iddiaçının inzibati orqana müraciət etdiyi elektron ünvanına həmin tarixdə yerləşdirilmişdir. Buna qarşılıq iddiaçı xx.xx.2024-cü ildə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Halbuki, İPM-in müvafiq tələbinə əsasən bununla bağlı ən geci xx.xx.2014-cü il tarixinə qədər məhkəməyə müraciət olunmalı idi. Bundan əlavə olaraq iddiaçı cavabdeh orqana müraciət edərək Bakı filialları ilə bağlı sorğu vermişdir. Cavabeh orqan bu müraciəti cavablandırmış və Azərbaycan Respublikasında tanınan filiallar barədə məlumat verilmişdir. Hazırkı məsələdə iddiaçı bu məktubu imtina aktı kimi qəbul edərək ötürülmüş iddia müddətini bərpa etmək istəmişdir. Lakin məktub məlumat xarakterlidir və inzibati akt kimi dəyərləndirilə bilməz. Odur ki, cavabdeh orqan İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə X1rşı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş “Hüquqşünaslıq” ixtisası üzrə əldə etdiyi ali təhsilə dair kvalifikasiyanın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir.

5. Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş ДИС ******* nömrəli Diploma əsasən Dövlət attestasiya komissiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı “Hüquqşünaslıq” istiqaməti üzrə Hüquqşünas ixtisas dərəcəsi verilmişdir.

6. Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş ДИС ******* nömrəli Diploma Əlavəyə əsasən İddiaçı (xx.xx.1984-cü il təvəllüdlü) 2001-ci ildə Dağıstan Dövlət Universitetinə qəbul olmuşdur (əyani forma), 2007-ci ildə Dağıstan Dövlət Universitetində təhsilini başa çatdırmışdır (əyani forma). Təhsilin əyani forma üzrə normativ müddəti: 5 (beş) il İstiqamət/ixtisas: Hüquqşünaslıq İxtisaslaşma: Cinayət hüququ Təcrübə: İstehsalat təcrübəsi, 12 həftə. Məqbul Yekun dövlət imtahanı:

1. Dövlət və hüquq nəzəriyyəsi, qənaətbəxş

2. Cinatət hüququ, qənaətbəxş “Mütəşəkkil cinayətkarlıq” mövzusuna buraxılış ixtisas işinin yerinə yetirilməsi və müdafiəsi, 15 həftə, qənaətbəxş Haxırki diplom təhsil və ixtisas səviyyəsinə müvafiq peşə fəaliyyətinə hüquq verir.

7. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın mümkünlüyü

8. Cavabdeh iddiaçının müraciətinə hələ 2014-cü ildə imtina verildiyini bildirsə də, nə həmin imtinanı, nə də onun iddiaçıya təqdim edilməsini təsdiq edən sübutlatı məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçının müraciəti üzrə mahiyyəti üzrə aparılmış araşdırma barədə məlumat yoxdur

9. İş materiallarında olan imtina xx.xx.2024-cü il tarixlidir və iddiaçının təhsil aldığı təhsil müəssisənin diplomunun Agentlik tərəfindən tanınmaması bəyan edilmişdir.

10. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

11. Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli ДИС ******* nömrəli Diploma əsasən, Dövlət attestasiya komissiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı “Hüquqşünaslıq” istiqaməti üzrə Hüquqşünas ixtisas dərəcəsi verilmişdir.

12. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən onun adına verilmiş ДИС ******* nömrəli bakalvr diplomunun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminat Agentliyinin üzərinə qoyuımasını tələb etmişdir.

13. Məhkəmə iddia tələbinə qiymət verməzdən öncə, iddiaçının aldığı təhsilin ölkə ərazisində tanınması üçün hansı əsasların olmasına münasibət bildirir. Təhsil hüququnun və həmin hüququn həyata keçirilməsi aşağdaki qanunvericilik normaları ilə tənzimlənir.

14. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. -27.4-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir; -29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; -44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

15. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

16. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya disertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.

17. Qüvvədən düşmüş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır.

18. Qüvvədən düşmüş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”: - 1.1-ci bənd. Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. - 1.6-cı bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

19. Məhkəmənin hazırkı iş üzrə mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-1471/2023 nömrəli iş üzrə qəbul etdiyi qərara əsaslanır: - Qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyət göstərdiyi üçün onun fəaliyyəti dayandırılmışdır. - 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağısan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən - təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması hissəsində təmin olunmuş, iddia tələbi qalan hissədə - “Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir və həmin müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsi vəzifəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunmuşdur. - Qeyd olunmalıdır ki, qətnamə ilə Dağıstan Dövlət Universitetinin Bakı Filialında təhsilini hər hansı səbəbdən başa vurmamış (o cümlədən müvafiq tədris kursunu müvəffəqiyyətlə başa vurmadan təkrar həmin kursda saxlanılmış) tələbələrin Filialın fəaliyyətinin dayandırılmasına qədər olan dövrdəki təhsilləri qanuni sayılmış, onların yarımçıq qalmış həmin təhsil bazasında təhsillərini (bir neçə ay, 1 il, 1 il yarım və s.) davam etdirmək hüququ tanınmışdır. - Həmçinin təhsil müəssisəsinin fəaliyyətinin dayandırıldığı dövrə qədər məzun olmuş şəxslərə və onlara verilmiş diplomlara münasibətdə məhkəmə qətnaməsi ilə həmin dövrə aid diplomların etibarsız sayılmasının rədd olunduğu nəzərə alınmalıdır. Belə ki, iddia həmin hissədə rədd olunmaqla həmin məhkəmə qətnaməsi ilə qeyd olunan diplomlar etibarlı sayılmış və onların etibarlılıq statusu təsbit edilmişdir. Bu baxımdan cavabdeh həmin diplomların tanınması ilə bağlı müraciətlərə baxarkən qüvvədə olan həmin məhkəmə qətnaməsini nəzərə almalı idi. - Bununla bağlı nəzərə almaq lazımdır ki, təhsil müəssisənin fəaliyyətinin qanunauyğunluğunu təmin etmək tələbə və məzunların deyil, təhsil siyasətini həyata keçirən və bu sahəyə məsul olan müvafiq dövlət qurumlarının məsuliyyət sferasına aiddir. Şəxs uzun müddət fəaliyyət göstərən təhsil müəssisəsinin bu fəaliyyətinin dövlət tərəfindən qadağan olunmadığına və bunun üzərindən dövlət tərəfindən həmin fəaliyyətin leqal sayıldığına inanmış, onun davranışına etimad göstərmiş və həmin təhsil müəssisəsinə daxil olmuş, orada təhsil almışdır.

20. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, hazırki iş üzrə İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universitetini təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması barədə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsi qəbul edilənədək bitirmişdir. Belə ki, Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş ДИС ******* nömrəli Diploma əsasən Dövlət attestasiya komissiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı “Hüquqşünaslıq” istiqaməti üzrə Hüquqşünas ixtisas dərəcəsi verilmişdir.

21. Odur ki, xx.xx.2007-ci il tarixində təhsilini başa vuraraq “Hüquqşünaslıq” istiqaməti üzrə Hüquqşünas ixtisas dərəcəsi almış iddiaçı təhsil müəssisəsinin fəaliyyətinin dayandırıldığı dövrə qədər aldığı diplom üzrə ixtisasının tanınmasını və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsini tələb etməkdə haqlı sayılmalı, cavabdehin bundan imtinası iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

22. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

23. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

24. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş ДИС ******* nömrəli bakalavr diplomu üzrə aldığı “hüquqşünaslıq” ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında Şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar