Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1006/2023 24.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 23 iyul 2021-ci il tarixdən 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2-ci qrup əlildir. Əlillik müddəti bitəndən sonra yenidən qiymətləndirmə zamanı dəfələrlə onu müayinə və müalicələrə yollayaraq incidiblər. İllər boyunca epikrizlərində yazılanlar əlillik meyarlarına uyğun olmasına baxmayaraq, onu yenidən müayinələrə yolladıqda müayinələrdən keçmiş, xx.xx.2022-ci il tarixdə xəstəxanaya qəbul olunmuş, xx.xx.2022-ci il tarixdə xəstəxanadan çıxdıqdan sonra 1923 saylı nömrəyə zəng etdikdə bilmişdir ki, 17 fevral 2022-ci il tarixdə ona əlavə müayinə və müalicə tövsiyə olunmuşdur. Onun nömrəsi səhv qeyd olunduğundan ona heç bir mesaj gəlməmişdir. Onlayn növbə götürərək 11 aprel 2022-ci il tarixdə cavabdehin ünvanına getsə də, onu gözlədərək yola salmışlar. Ertəsi gün nümayəndə yollayaraq 17 fevral tarixində olan cavabı almışdır. O, tövsiyə olunan əlavə müayinə və müalicəni almışdır və diaqnozu əlillik meyarlarına uyğundur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyətinə Bakı 5 nömrəli şəhər poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik ilə əlaqədar əlillik; X1: İX Sinif- Qan dövranı sistemi xəstəlikləri => 10-15- Qan təzyiqnin yüksək olması ilə səciyyələnən xəstəliklər => 11- Ürəyin hipertenziv xəstəliyi- başlıca olaraq ürəyin zədələnməsi ilə gedən...;) Diaqnozun mətni: Hipertoniya İİ dərəcə, hipertonik krizlərlə. Beyin qan dövranı fəqərələrinin osteoxondrozu. Servikalgiya; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəncə çatışmazlığı səbəbi ilə beş il müddətinə əlilllik dərəcəsi verilmişdir. 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2766003AAD5S nömrəli göndərişdən görünür ki, Poliklinika tərəfindən iddiaçıya G46.8 serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (160-170) Hipertonik ensefalopiya 2-ci mərh. Veretbrobazilyar qan dövranı xroniki çatışmazlığı tez-tez təkrarlanan vegeto-vestibulyar paraksizmlərlə, kordinator pozulmalarla. Hərəkətin və yerişin pozulması. Naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə diaqnozu qoyulmuşdur (ağırlaşma – F04 alkoqol və ya digər psixoaktiv maddələr tərəfindən törədilməyən üzvi amnestik sindrom naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə). Bu göndəriş əsasında xx.xx.2021-ci il tarixdə aparılmış müayinədən sonra iddiaçıya əlillik təyin edilməsindən imtina edilmiş və səbəb kimi ixtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyac olması göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:
1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.
2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.
3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İş materiallarından müəyyən olunur ki, Bakı 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyətinin müəyyənləşdirilməsi üçün müayinə aparılmış və xx.xx.2016-ci il tarixdə ümumi xəstəlik; ürəyin hipertenziv xəstəliyi səbəbi ilə 5 il müddətinə 2-ci qrup əlillik təyin edilmiş və növbəti müayinə tarixi xx.xx.2021-ci il göstərilmişdir. 5 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli göndərişlərdən görünür ki, Poliklinika tərəfindən iddiaçıya G46.8 serebrovaskulyar xəstəliklərdə baş beynin digər damar mənşəli sindromları (160-170) Hipertonik ensefalopiya 2-ci mərh. Veretbrobazilyar qan dövranı xroniki çatışmazlığı tez-tez təkrarlanan vegeto-vestibulyar paraksizmlərlə, kordinator pozulmalarla. Hərəkətin və yerişin pozulması. Naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə diaqnozu qoyulmuşdur (ağırlaşma – F04 alkoqol və ya digər psixoaktiv maddələr tərəfindən törədilməyən üzvi amnestik sindrom naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə). Həmin göndərişlər əsasında xx.xx.2021-ci il və xx.xx.2021ci il tarixlərdə aparılmış müayinədən sonra iddiaçıya əlillik təyin edilməsindən imtina edilmiş və səbəb kimi müvafiq olaraq diaqnostik müayinələrin tam aparılmaması, əlavə müayinə və ixtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyac olması göstərilmişdir. İddiaçı yuxarıda qeyd edilən qərarları mübahisələndirməklə əlilliyinin bərpa olunması, yəni ona ikinci dərəcə əlillik təyin edilməsı barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddiaçının hazırda mövcud olan xəstəlik və qüsurlarının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğu nəzərə alınaraq xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ekspertlərinə həvalə edilərək ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. xx.xx.1968-ci il təvəllüdlü İddiaçı canlı müayinə olmaqla Bakı 5 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 2766003AAD5S nömrəli göndərişdə İddiaçı qoyulmuş diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu?
2. Həmin diaqnoz və İddiaçı hazırkı sağlamlıq vəziyyəti ona əlilliyinin müəyyən edilməsinə imkan verirmi?
3. xx.xx.1968-ci il təvəllüdlü İddiaçı hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur (canlı müayinə olunmaqla) və həmin xəstəlik və qüsurlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sində göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü?
4. İddiaçı aldığı stasionar müalicə müddəti ona 2766003AAD5S nömrəli göndərişdə göstərilən diaqnozun qoyulması üçün kifayətdirmi?
5. İddiaçı bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) mümkündürmü? Əgər mümkündürsə, bu bərpa müalicələri nədən ibarət olmalıdır? Məhkəmənin həmin 2-1(112)-7909/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının icrası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ekspertləri tərəfindən İddiaçı əyani müayinə olunmaqla ekspertiza keçirilmiş və tərtib edilmiş T 332/2022 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə qərara alınmışdır ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində doldurulmuş 2766003AAD5S nömrəli göndərişdə qeyd edilən “serebrovaskulyar xəstəliklərdə baş beyinin digər damar mənşəli beyin sindromları (160-170), hipertonik ensefalopatiya İİ mərhələ, veretbrobazilyar qan dövranı xroniki çatışmazlığı, tez-tez təkrarlanan vegetovestibülyar paroksizmlərlə, koordinator pozulmalarla, hərəkətin və yerişin pozulması, naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə, alkoqol və ya digər psixoaktiv maddələr tərəfindən törədilməyən üzvi amnestik sindrom, naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə, hipertonik ensefalopatiya İİ mərhələ” diaqnoz onun stasionarda müalicəsi zamanı kliniki, laborator-instumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Həmin diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona 413 nömrəli qərar ilə təsdiq edilmiş Əsasnamənin meyarlarını aid etmək mümkün olmamışdır. Əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar xəstə vaxtaşırı müvafiq dərman preparatları qəbul etdiyindən xəstəlik kəskinləşdikdə vəziyyətinin ağırlığından asılı olaraq müvafiq ixtisas sahəsi üzrə (nevropatoloqa) müraciət edə bilər. Göründüyü kimi, ekspert yalnız məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadındakı 3cü sualı cavablandırmış, həmin suala da tam cavab verməmişdir. Belə ki, ekspert rəyində xx.xx.1968-ci il təvəllüdlü İddiaçı hazırda hansı xəstəlik və qüsurlar aşkar olunması ümumiyyətlə müəyyən olunmamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7909/2022 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ekspertlərinə həvalə edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. xx.xx.1968-ci il təvəllüdlü İddiaçı canlı müayinə olmaqla Bakı 5 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 2766003AAD5S nömrəli göndərişdə İddiaçı qoyulmuş diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu?
2. xx.xx.1968-ci il təvəllüdlü İddiaçı hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur (canlı müayinə olunmaqla) və həmin xəstəliyin beynəlxalq təsnifat kodu nədir?
3. İddiaçı aldığı stasionar müalicə müddəti ona 2766003AAD5S nömrəli göndərişdə göstərilən diaqnozun qoyulması üçün kifayətdirmi?
4. İddiaçı bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) mümkündürmü? Əgər mümkündürsə, bu bərpa müalicələri nədən ibarət olmalıdır? Məhkəmənin həmin 2-1(112)-7909/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının icrası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ekspertləri tərəfindən İddiaçı əyani müayinə olunmaqla ekspertiza keçirilmiş və tərtib edilmiş T 259/2023 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə qərara alınmışdır ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində doldurulmuş 2766003AAD5S nömrəli göndərişdə qeyd edilən “Vİ sinif - sinir sisteminin xəstəlikləri => G40-G47-epizodik və paroksizmal pozğunluqlar => G46*-serebrovaskulyar xəstəliklərdə damar mənşəli beyin sindromları (160- 170)=>G46.8*, serebrovaskulyar. Diaqnozun mətni: serebrovaskulyar xəstəliklərdə baş beyinin digər damar mənşəli beyin sindromları (160-170), hipertonik ensefalopatiya 2-ci mərh. veretbrobazilyar qan dövranı xroniki çatışmazlığı, tez-tez təkrarlanan vegetovestibülyar paroksizmlərlə, koordinator pozulmalarla, hərəkətin və yerişin pozulması, naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə, alkoqol və ya digər psixoaktiv maddələr tərəfindən törədilməyən üzvi amnestik sindrom, naməlum mənşəli amnestik sindrom, yaddaş və idrakın enməsi ilə, hipertonik ensefalopiya İİ-ci mərhələ” diaqnoz onun stasionarda müalicəsi zamanı kliniki, laborator-instumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Tibbi sənədlərdə göstərilənlər həmin diaqnozun qoyulması üçün yetərlidir. Vətəndaş İddiaçınm hazırda əziyyət çəkdiyi yuxarıda qeyd edilən xəstəliklərin bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) mümkün deyildir. Belə ki, bu cür xəstələr sahə poliklinikasında nevroloqun daimi dispanser nəzarətində olmalıdırlar. Göründüyü kimi, sonuncu ekspert rəyi ilə iddiaçı barəsində verilmiş göndərişdə təsbit olunmuş diaqnozun düzgünlüyü öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya imtina verilən tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sinin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: -2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9). İstinad olunan normadan görünür ki, beynəlxalq statistik təsnifat kodu G46.8 olan xəstəliklər ikinci dərəcə əlilliyin təyini üçün əsas olmuş, 5 nömrəli Birləşmiş şəhər xəstəxanasında tərtib edilmiş son iki göndərişdə - xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli göndərişlərdə iddiaçının xəstəliyinin G46.8 təsnifat koduna uyğun gəldiyi müəyyən edilmiş, ekspert isə həmin diaqnozun iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğunu təsdiq etmişdir. Cavabdeh iddiaçıya imtina cavabı verərkən hazırkı diaqnozunun ağırlaşmalarını təsdiq edən diaqnostik müayinələrin dəqiqləşdirilməsi, əlavə müayinəyə ehtiyacın olması barədə tibb müəssisəsinə göstəriş versə də, hansı diaqnostik müayinələrin, əlavə müalicənin zəruri olmasını qeyd etməmiş, bununla da imtinasını əsaslandırmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən: - 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. - 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Göründüyü kimi, qanunverici göndərişdə qeyd olunmalı məlumatları müəyyən etsə də, bu məlumatlar ümumi xarakter daşımaqla, hər bir xəstəliyə münasibətdə konkretləşdirilməmişdir. Buna görə də şəxsə əlillik təyin etmək səlahiyyəti olan Agentlik əgər tərtib edilmiş göndərişi natmam qəbul edirsə, apardığı inzibati icraat çərçivəsində hansı məlumatların əskik olmasını dəqiq göstərməli, zəruri göstərişləri verməlidir ki, aşkar olunan çatışmazlıqlar qısa müddət ərzində aradan qaldırıla bilsin. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyəti onun tələbinin əsaslı olduğu qənaətinə gəlmək üçün əsasdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-i n 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Habelə İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçı 23 iyul 2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova