Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1007/2021 12.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X2rşı (üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi) “ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Təhsildə X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukraynanın “Xarkov Milli Avtomobil-Yol Universiteti” tərəfindən verilmiş B17 №230931 nömrəli ali təhsil haqqında əldə etdiyi bakalavr diplomu tam qanuni əsaslarla alındığından, ölkəmizdə qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisasın tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiya) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Ələkbər-zadə Faiq Zakir oğlu iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ali təhsil almaq üçün 2012-ci il tarixdə öz sənədlərini Ukrayna Respublikasında yerləşən “Xarkov Milli Avtomobil-Nəqliyyat Universiteti”nin İqtisadiyyat ixtisası üzrə fakültəsinə vermiş və 2017-ci ildə həmin fakültəni bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir. Sonra iddiaçı xx xxxx 2017-ci il tarixli B17 №230931 nömrəli bakalvr diplomu almış və ölkəyə qayıtmışdır. Ölkəyə qayıtdıqdan sonra iddiaçı diplom üzrə ixtisasının ölkəmizdə tanınması və ekvivaletliyinin müəyyən edilməsi üçün sənədlərini Azərbaycan Respublikası Təhsil Nazirliyinin ləğv olunmuş Nostrifikasiya və Akkreditasiya İdarəsinə təqdim etmişdir. Keçirilən araşdırmadan sonra iddiaçıya xx.xx.2019-cu il tarixli 71-532/04ANİ saylı məktubla diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsindən imtina olunmuş, imtina onunla əsaslandırılmışdır ki, guya iddiaçı təhsil müddətində qeyd edilən ölkədə olmamışdır. Ləğv olunmuş Akkreditasiya və Nostrifikasiya İdarəsinin öz imtinasında qeyd etdiyi halın əsassızlığını sübuta yetirmək üçün vəkil sorğusu vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinə müraciət edilmiş və iddiaçının hansı tarixlərdə, hansı istiqamət üzrə ölkə sərhədini keçməsi barədə məlumatın verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2019-cu il tarixli 33/6670 nömrəli arayışında iddiaçının ölkə sərhədini keçməsi barədə məlumatlar qeyd edilmişdir. Bu arayış əldə edildikdən sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edilmiş, Akkreditasiya və Nostrifıkasiya İdarəsinin imtinasının ləğv edilməsi nazirlikdən xahiş edilmişdir. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”nə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Bu səbəbdən də ərizə baxılması üçün cavabdehə göndərilmişdir. Hazırki iş üzrə cavabdehin iddiaçının ərizəsinə verdiyi xx xxxxxx 2020-ci il tarixli 71-1654/4-TKTA nömrəli məktubu ilə yenidən xahişi rədd edilmiş və bu zaman ləğv edilən Akkreditasiya və Nostrifikasiya İdarəsinin qərarına əsaslanılmışdır. Lakin cavabdeh düzgün nəticəyə gəlməmiş və heç bir əsas olmadan iddiaçının konstitusion hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində qeyd edilir ki, Xarkov Milli Avtomobil-Nəqliyyat Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur. İddiaçının qiyabi təhsil aldığı müddət aşağıdakı kimidir: İ il - 7 gün, İİ il - 7 gün, İİİ il - 9 gün, İV il - 8 gün, V il - 16 gün. Rəyə əsasən qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Göründüyü kimi, Ukraynanın qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Qeyd olunanlar əsasında iddiaçının adına Xarkov Milli Avtomobil-Nəqliyyat Universiteti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, B17 230931 nömrəli nömrəli bakalavr diplomu üzrə ixtisasının ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələbinə ziddir. İddiaçıya məxsus olan diplomun tanınmasına heç bir hüquqi əsas yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Xarkov Milli Avtomobil və Yol Universiteti tərəfindən xx xxxx 2017-ci ildə verilmiş B17 №230931 nömrəli bakalavr diplomunun Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2017-ci ildə Xarkov Milli Avtomobil və Yol Universitetinin bakalavr dərəcəsinin tam kursunu bitirmiş, ixtisas sahəsi üzrə X4 iqtisadiyyatı ixtisasını əldə etmişdir. Diplom Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.2018-ci il tarixdə № A-3781-18 nömrəsi ilə apostil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elektron qaydada İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd edilir: Ali təhsil sənədlərinizin araşdırılması zamanı müəyyən edilmişdir ki, Ukraynanın Xarkov Milli Avtomobil-Yol Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında Siz həmin ölkədə qısa müddət ərzində olduğunuzdan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyiniz qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentlıyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən, Ukraynanın Xarkov Milli Avtomobil-Yol Universiteti tərəfindən Sizin adınıza verilmiş B17 №230931 nömrəli xx.xx.2017-ci il tarixli diplom üzrə aldığınız ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, Sizin 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, diplom üzrə ixtisasın tanınması və ekvivalentliyin müəyyən edilməsi barədə müraciətinin təmin edilməsindən imitina edilmişdir. İş materiallarında olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilmiş qeydiyyat vərəqəsindən görünür ki, Hüseynova X5 Xarkov Milli Avtomobil-Yol Universitetində iqtisadiyyat ixtisası üzrə qiyabi olaraq 2012-2017-ci illərdə Bakalavriat təhsil səviyyəsində təhsil almışdır, İddiaçı həmin ölkədə 1-ci tədris ilində - 7 gün; 2-ci tədris ilində - 7 gün; 3-cü tədris ilində - 9 gün; 4-cü tədris ilində - 8 gün; 5-ci tədris ilində 16 gün olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd keçmə məlumatlarından görünür ki, İddiaçı barəsində xx.xx.2013-cü il tarixdə Heydər Əliyev adına X6 - Xarkov çıxış, xx.xx.2013-cı il tarixdə Heydər Əliyev adına X6 – İstanbul giriş (07 gün), xx.xx.2014-cı il tarixdə Heydər Əliyev adına X6 - Xarkov çıxış və xx.xx.2014-ci il tarixdə Heydər Əliyev adına X6 - Xarkov giriş (07 gün), xx.xx.2015-ci il tarixdə Heydər Əliyev adına X6 - Kiyev çıxış və xx.xx.2015-ci il tarixdə Heydər Əliyev adına X6 – Kiyev giriş (09 gün), xx.xx.2016-ci il tarixdə Heydər Əliyev adına X6 - Kiyev çıxış və xx.xx.2016-ci il tarixdə Heydər Əliyev adına X6 - Kiyev giriş (08 gün), xx.xx.2017ci il tarixdə Heydər Əliyev adına X6 – Kiyev çıxış və xx.xx.2017-ci il tarixdə Heydər Əliyev adına X6 - Kiyev giriş (16 gün) məlumatları qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 907 nömrəli Fərmana əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizaminaməsinin: 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; 2.2.2-ci bəndinə əsasən Agentliyin fəaliyyət istiqamətlərindən biri xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirməkdir; 3.1-ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin aşağıdakı vəzifələri vardır: 3.1.4. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək; 3.1.8. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür; 1.3-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir; 1.4-cü bəndinə əsasən isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir; 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; 2.4-cü bəndinə əsasən ərizəçi tərəfindən təqdim olunan sənədlərə bir qayda olaraq, bütün lazımi sənədlər təqdim olunduğu gündən başlayaraq 1 ay müddətində baxılır; 2.5-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasın tanınmasından imtina olunduğu halda, imtinaya əsas olan səbəblər yazılı şəkildə ərizəçiyə izah edilir; 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra); 3.3-cü bəndinə əsasən təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmimetodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır; 3.4-cü bəndinə əsasən ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi; 3.5-ci bəndinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Ərizəçinin ekspertiza materialları ilə tanış olmaq hüququ vardır; 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş»in: 1-ci maddəsinə əsasən bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir; 5-ci maddəsinə əsasən Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir; 6-cı maddəsinə əsasən Bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barədə” Azərbaycan Respublikasının xx xxxx 2004-cü il tarixli Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Həmin Konvensiyanın: 1-ci maddəsinə əsasən bu Konvensiya Razılığa gələn Dövlətlərdən birinin ərazisində edilmiş və Razılığa gələn digər Dövlətin ərazisində təqdim olunmalı rəsmi sənədlərə tətbiq edilir. Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsnə bərabər tutulan rəsmi sənədlər (qeydlər); 2-ci maddəsinə əsasən Razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür; 3-cü maddəsinə əsasən imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz; 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Lakin şəhadətnamə onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. Eyni zamanda onda qeyd edilmiş bəndlər ikinci dildə də izah edilə bilər. Şəhadətnamənin "Apostille (Convention de la Haye du x xxxxxxx 1961)" adlı başlığı fransız dilində göstərilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Xarkov Milli Avtomobil və Yol Universitetinin bakalavr dərəcəsinin tam kursunu bitirmiş və bu barədə ona xx xxxx 2017ci ildə B17 №230931 nömrəli bakalavr diplomu verilmişdir. İddiaçı həmin diplom üzrə ixtisasın tanınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsinin qeyri-mümkün olması əsas gətirilməklə cavabdeh tərəfindən müraciət təmin edilməmiş, imtina cavabı verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya verilmiş Ukraynanın Xarkov Milli Avtomobil və Yol Universitetinin xx.xx.2017-ci il tarixli, B17 №230931 nömrəli diplomuna (təhsil sənədinə) xx.xx.2018-ci il tarixdə apostil möhürü vurulmaqla, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Cavabdeh imtinasını və etirazını iddiaçının qısa müddət ərzində müvafiq ölkədə olması ilə əsaslandırsa da, tələb olunan müddətin nə qədər olması və həmin müddətin qarşılığında iddiaçının qısa müddətdə müvafiq ölkədə olmasını əsaslandırmamış, həmçinin iddiaçının diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirib-yetirməməsini konkret olaraq müəyyən etməmiş, yalnız iddiaçının qısa müddətdə həmin ölkədə olmasını qeyd etməklə tədris yükünü yerinə yetirməsinin qeyrimümkünlüyünü ehtimal olaraq irəli sürmüşdür. Lakin iddiaçıya verilmiş bakalavr diplomunda iddiaçının bakalavr dərəcəsinin tam kursunu bitirməsi qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan diplom üzrə ixtisasının tanınması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi məqsədi ilə cavabdeh tərəfindən inzibati icraat yenidən aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı qızına Ukraynanın Xarkov Milli Avtomobil və Yol Universiteti tərəfindən xx xxxx 2017-ci ildə verilmiş B17 №230931 nömrəli diplom üzrə ixtisasın tanınması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi məqsədilə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1007/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1007/2021
12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver