Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10071/2022 16.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kirayə pulunun ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona vurulmuş ziyanın – 115000 (bir yüz on beş min) manat ödədəyi kirayə pulunun ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin özərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, İİ qrup əmək əlilidir. 26 ildir Xətai rayon İcra Hakimiyyətində güzəştli siyahıda mənzil növbəsindədir, 66 yaşı var. Xətai Polis İdarəsinin inzibati binasına qeydiyyatdadır, rəsmi və faktiki olaraq Azərbaycanda sığınacaq yeri yoxdur. Himayəsində məskunlaşdırılmamış Ermənistandan qaçqın anası, oğlu, gəlini, iki nəvəsi olduğu halda, növbədə ailə tərkibi bir nəfər kimi göstərilmişdir, əmək əlili olduğu halda növbədə ümumi əlil kimi göstərilmişdir, növbəlilik hüququ da pozulub. Ali təhsil aldıqdan sonra vətənə qayıtmaq mümkün olmadığından, özü də məskunlaşdırılmamış ermənistanlı qaçqındır. 2001-ci il Prezident Fərmanına görə həmin il məskunlaşdırılmalı idi. Həmin fərmana əməl olunmayıb, ermənistanlı qaçqınlara dövlət tərəfindən mənzil verilməyib. 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 39-cu maddəsinə görə əmək əlili olduğundan onlara növbədənkənar mənzil verilməli idi. Mənzil Məcəlləsinin 48.1 və 56.2 maddələrinə görə də mənzillə təmin olunmalı idik. Onlara 4 otaqlı, təmirli və əmlakla təchiz olunmuş mənzil verilməli, yaxud 160.000 (bir yüz altmış min) manat dəyəri Xətai rayon İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən, yaxud Konstitusiyanın 68-ci maddəsinə görə dövlət büdcəsindən ödənilməlidir. Vaxtında, 2001-ci ildən mənzillə təmin olunmadığından indiyə kimi borc hesabına kirayədə yaşamağa məcbur olmuşdur. Həmin borcları qaytarmaq lazımdır. Nazirlər Kabineti və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin müxtəlif yerlərində 1- 2 mərtəbəli mənzillər sökdürülmüş, həmin mənzillərin sakinlərinə yeni mənzillər verilmiş, bəzi hallarda mənzil verilənə kimi aylıq 500 manat kirayə pulu ödənilmişdir.
3. İddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçı Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının M-707 saylı, xx.xx.1997-ci il tarixli Sərəncamına əsasən 1 nəfər (tək özü) yaşayış yeri İİ qrup əlil kimi güzəştli mənzil növbəsindədir. Bildirilmişdir ki, qüvvədə olan mənzil qanunvericiliyinə əsasən yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət mənzil fondudan növbəlilik əsasında mənzil sahələri verilə bilər.
4. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən görünür ki, iddiaçının Bakı İnzibati Məhkəməsində 86 iddia ərizəsi vardır.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2656/2021 saylı iş üzrə 17 fevral 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kirayə pulunun ödənilməsi” tələbi üzrə iddiası mümkün sayılmamışdır (hakim A.Abdullayeva).
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8670/2021 saylı iş üzrə 28 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kirayə pulunun ödənilməsi” tələbi üzrə iddiası mümkün sayılmamışdır (hakim E.Əliyev).
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2061/2022 saylı iş üzrə 31 yanvar 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbi üzrə iddiasını geri götürmüşdür.
8. Eyni tələblə bağlı iddiaçı yenidən məhkəməyə müraciət etmiş və 2-1(112)-7856/2022 saylı iş üzrə 06 iyun 2022-ci il tarixli qərardadı ilə iddiasını geri götürmüşdür.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7869/2022 saylı iş üzrə 28 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzillə təmin olunma” tələbi üzrə iddiasını geri götürmüşdür.
10. Məhkəmənin mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
II. İddianın mümkünlüyü
11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
13. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
14. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
16. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsində iddiası olmuşdur və məhkəmənin 28 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim E.Əliyev). Qərardad onunla əsaslandırılmışdır ki, iş materiallarında olan cavabdeh Xətai rayon İcra Hakimiyyətinin iddiaçının müraciətinə verilən xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, iddiaçının müraciəti ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı deyil, yaşayış sahəsinin yaxşılaşdırılması ilə bağlıdır. Beləliklə məhkəmə qeyd etmişdir ki, iddiaçının “iddiaçıya vurulmuş ziyanın – 115.000 manat izafi ödədiyi kirayə pulunun ödənilməsi” barədə iddia tələbi ilə əvvəlcə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciətinin olması iş materialları ilə öz təsdiqini tapmamışdır.
17. Qeyd edilən tələbə riayət edilmiş olması iş materialları ilə müəyyən edilmir.
18. İPM-nin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
19. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəməyə müraciət etmək hüququ mütləq hüquq olmadığından həmin hüququn məhdudlaşdırılması hazırki işdə olduğu kimi məhkəməyə müraciət etmə hüququndan sui-istifadə edildiyi halda yol veriləndir. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
21. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva