Məhkəmə qərarları › İş №2-1(112)-1008/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1008/2021

30.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1008/2021 30.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi ilə Niyazlı Gülay Rəhim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə qarşı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1042A saylı bağ sahəsinə dair mülkiyyət hüququnun qeydiyyatını təsdiq təsdiq edən çıxarışın və bağ sahəsinin sərhədlərini təsdiq edən sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu. Nardaran bağ massivi ünvanında yerləşən 1042A saylı bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin nizamnaməsi əsasında fəaliyyət göstərən X1 və İstismarı Birliyi tərəfindən 23 oktyabr 1995-ci il tarixli, 25981 saylı icarə müqaviləsi əsasında İddiaçı Hadi oğlunun istifadəsinə verilmişdir. İddiaçı ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə torpağa dair mülkiyyət hüququnu təsdiq edən bağ sahəsinin planın və ölçünün tərtib edilməsi, ünvan və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı müraciət etmişdir. Həmin müraciəti əsasında **********51 nömrəli, 10.04.2020-ci il tarixli imtina məktubu ilə cavab verilərək bildirilmişdir ki, müraciətdə göstərilən bağ sahəsinin yerləşməsi idarənin arxivində mövcud olan bağlar bölgüsünə dair sxematik xəritədə aşkar edilmədiyindən və bağ sahəsinə dair arxiv cizgisi olmadığından ərizənin icrası mümkün deyil. İddiaçı imtinanı qanunsuz və əsassız hesab edərək, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsindən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur, lakin cavabdeh tərəfindən məhkəməyə iddiaya etiraz daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 1042A saylı bağ sahəsi onun özünün istifadəsinə ayrılmış, yanındakı 1049A nömrəli bağ sahəsi onun arvadı X4, 1049 nömrəli bağ sahəsi isə arvadının qardaşı X2 istifadəsinə ayrılmışdır. Fuad Şixəliyevin sağlığında üç bağ sahəsi bir hasarın içində birləşdirilmişdir. Hal-hazırda bağ sahələrdən istifadə olunur, aralarında hər hansı bir mübahisə yoxdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında cavabdehin imtina məktubunda göstərilən məzmunda izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; -Bakı şəhər İcra Hakimiyyətinin X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış bağın icarəyə verilməsi haqqında 23 oktyabr 1995-ci il tarixli 25981 saylı müqavilənin surətindən müəyyən olunur ki, Birlik tərəfindən Nardaran qəsəbəsində 0,12 ha torpaq sahəsindən ibarət 1042A nömrəli bağ sahəsi 20 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. - ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış 10 aprel 2020-ci il tarixli **********51 saylı cavab məktubunda bildirilmişdir ki, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1042A saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 06.03.2020-ci il tarixli ərizəsinə baxılmış, göstərilən bağ sahəsinin yerləşməsi İdarənin arxivində mövcud olan bağların bölgüsünə dair sxematik xəritəsi və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. - Məhkəmənin sorğusuna cavab olaraq ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi 27.11.2020-ci il tarixli məktubla Sabunçu rayonu, Nardaran bağ massivindəki bağ sahələrinin bölgüsünə dair sxematik xəritənin surətini təqdim edərək, 1042A saylı bağ sahəsinə dair arxiv cizgisinin İdarənin arxivində aşkar edilmədiyi bildirilmişdir. Məhkəmə tərəfindən 16 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən 1042A saylı bağ sahəsinə yerində müayinə aparılan zaman müəyyən edilmişdir ki, 1042A, 1049 və 1049A saylı bağ sahələri ümumi hasara alınıb, bir mənzərə (landşaft) dizayna malik olan vahid bağ sahəsi kimi istifadə olunur, 1042A və 1049 saylı bağ sahələrinin küçəyə çıxışları var, 1049 saylı bağ sahəsinin hissəsində üç mərtəbəli ev, 1042A saylı bağ sahəsinə aid hissəsində hovuz mövcuddur, 1049A saylı bağ sahəsinə aid hissəsində bağça salınmış, bağ sahələri qonşu evlər ilə üç tərəfdən əhatə olunur. Torpaq sahəsinin ümumi sahəsi təxmini 3600 kv.m təşkil edir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Bakı Şəhər İcra Hakimiyyətinin X1 və İstismarı Birliyi tərəfindən 23 oktyabr 1995-ci il tarixli, 25981 saylı müqavilə əsasında, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən, 1042A saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh bağ sahəsinin yerləşməsinin ərazinin sxematik xəritəsi və arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi səbəbi ilə müraciəti təmin etməmişdir. Məhkəmə cavabdehin dəlilini əsaslı hesab etmir. Belə ki, iddiaçı təqdim etdiyi hüquqmüəyyənedici sənədlər əsasında istifadəsində olan 1200 kv.m torpaq sahəsindən ibarət 1042A saylı bağ sahəsinə dair plan və ölçü sənədinin tərtib edilməsi və çıxarış verilməsini bəyan etmişdir. Həmin torpaq sahələrinin bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olub-olmamasının iddiaçıya heç bir aidiyyəti yoxdur və həmin halın aradan qaldırılması iddiaçının yox, qeydiyyat orqanı kimi məhz cavabdehin səlahiyyətlərinə aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsində xüsusi olaraq qeyd edilmişdir ki, hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi qaydasında aparılır. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Qeyd olunan maddələrin məzmunundan müəyyən olunur ki, torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından biri bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən qərarı və orderləri hesab olunur. İş materiallarından məlum olur ki, qeyd olunan torpaq sahəsi 22.05.2007-ci ilədək vətəndaşlara bağ torpaq sahələri ayırmaq səlahiyyəti olmuş Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan X1 və İstismarı Birliyi ilə iddiaçının 23 oktyabr 1995-ci ildə bağladığı 1042A saylı bağın icarəyə verilməsi haqqında müqavilə əsasında iddiaçıya ayrılmış və iddiaçı tərəfindən hər hansı formada qanunsuzluğa yol verilməmişdir. İddiaçı isə qanuni əsaslarla ona ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş ki, həmin sahəyə dair hüquqla bağlı hər hansı bir mübahisələndirilən hal aşkar olunmamışdır. Bundan əlavə, «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Torpaq islahatı haqqında» Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşin şərh edilən hallarından müəyyən olunur ki, iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Hazırki iş üzrə də, Bakı Şəhər İcra Hakimiyyətinin X1 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış bağın icarəyə verilməsi haqqında 23 oktyabr 1995-ci il tarixli 25981 saylı müqavilə yuxarıda qeyd edilən Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə araşdırması zamanı göstərilən halların heç birisi hazırki iş üzrə müəyyən edilməmiş, iddia ərizəsinə etirazda isə imtinaya əsas olan hallar əsaslandırılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1., 3.0.11. və 3.0.23-cü bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçıya ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, habelə həmin torpaq sahələrinə dair plan və ölçü sənədinin tərtib edilməsi və iddiaçının adına müvafiq dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçıların ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq torpaq sahəsi üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun “Mötəbərlik prezumpsiyası” adlanan 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.1 və 19.2-ci bənd). İş materiallarından görünür ki, bağ sahəsinin iddiaçıya ayrılmasına dair 23 oktyabr 1995-ci il tarixli 25981 saylı bağın icarəyə verilməsi haqqında müqavilə hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1042A saylı bağ sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və bağ sahəsinin sərhədlərini təsdiq edən sənədin verilməsi vəzifəsi cavabdeh ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən 1042A saylı bağ sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və bağ sahəsinin sərhədlərini təsdiq edən sənədin verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Araz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar