Məhkəmə qərarları › İş №2-1(112)-1008/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1008/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1008/2022 05.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «iddiaçı barəsində məhdudiyyətin ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «iddiaçı barəsində məhdudiyyətin ləğv edilməsi və kompensasiyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) Azərbaycan Respublikası vətəndaşıdır, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. İddiaçı işi ilə bağlı mütəmadi olaraq Azərbaycan Respublikasının Dövlət sərhədini keçməli olur. 2021-ci ilin 6 aprel və 25 aprel tarixlərində iddiaçı işi ilə əlaqədar Azərbaycan Respublikasının hüdudlarını tərk etməli olduğundan, Bakı Hava Limanından təyyarə vasitəsilə uçmalı idi. Lakin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Bakı Hava Limanında fəaliyyət göstərən qurumu tərəfindən onun sərhədi keçməyinə maneə yaradılmış, o, uçuşa buraxılmamış və geri qaytarılmışdır. Bunun səbəbinin ona izah olunmasından imtina edilmiş və yalnız şifahi olaraq bildirilmişdir ki, bu Daxili İşlər Nazirliyinin göstərişidir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Bakı Hava Limanında fəaliyyət göstərən qurumunun vəzifəli şəxsləri özbaşınalıq edərək vəzifə səlahiyyətlərindən suiistifadə etmişlər. Eyni zamanda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri tərəfindən belə bir göstəriş verilmişdirsə, bu hallar insan hüquq və azadlıqlarının birbaşa kobud pozulması ilə bağlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məktubla müraciət olunsa da, həmin sorğuya hal-hazıradək cavab verilməmişdir. Şifahi formada telefon vasitəsilə Nazirliyin əməkdaşı məlumat vermişdir ki, sorğu aidiyyəti üzrə göndərilmişdir. Halbuki, Səbail Rayon Polis İdarəsinin 13 aprel 2021-ci il tarixli məktubuna əsasən iddiaçının üzərindən ölkədən "Çıxışı qadağandır" statusun çıxarılması nəzərdə tutulmuşdur. Belə olan halda, vətəndaşın hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması məqsədilə barəsində tətbiq edilmiş "Çıxış qadağandır" statusunun deaktivləşdirilməsi (aktiv statusunun dəyişdirilməsi) zərurəti yaranmışdır. Lakin cinayətprosessual qanunvericilklə bu halda belə məcburiyyət tədbirinin tətbiq edilməsi məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında baxılan məsələlər sırasında olmadığından hazırki məhdudiyyət onu tətbiq etmiş polis orqanı tərəfindən aradan qaldırılmalıdır. Yuxarıda qeyd edildiyi kimi, bu məqsədlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müvafiq məktub verilmiş, lakin həmin orqan məktuba cavab verməmişdir. Hesab edilir ki, bu hal Azərbaycan Respublikasi Konstitusiyasının müdafiəsi altında olan vətəndaşın hüquq və azadlıqlarının pozulmasına dəlalət edir və Azərbaycan Respublikasi Qanunlarının kobud şəkildə pozulması ilə müşahidə olunur. Belə ki, Azərbaycan Respublikasi Prezidentinin 22 aprel 2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” X1-Axtarış Sistemi haqqında Əsasnamənin 8.1.12-ci bəndinə əsasən axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən, Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılan şəxslər haqqında məlumatların sərhədkeçməyə məhdudiyyət siyahısına daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. İddiaçı hesab edir ki, iddiaçının barəsində saxla statusunun götürülməsindən əsassız imtina edilmişdir, bu imtina iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında təsbit edilmiş hüquqların pozulması ilə müşayiət olunmuşdur. Odur ki, onun barəsində "çıxış qadağandır" aktiv statusunun dəyişdirilməsi üçün tədbir görülməsi cavabdeh təşkilata həvalə edilməlidir. Göstərilənlərə və İPM-in 2.2.2, 33.1, 33.2, 33.3, 34.1, 45-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “«İnzibati haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair" 6 oktyabr 2012-ci il tarixli Qərarına əsaslanaraq, iddiaçının barəsində "çıxış qadağandır" aktiv statusunun ləğv edilməsi vəzifəsinin cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi, kompensasiya şəklində cavabdehlərdən müştərək qaydada 100.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İşin məhkəmə icraatında iddiaçı yazılı ərizə təqdim edərək, iddia tələbi ilkin tələblə eyni formada saxlanılmaqla Azərbycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin cavabdeh kimi işə cəlb olunmasını xahiş etmişdir. Məhkəmənin 9 dekabr 2021-ci il tarixli qərardadı ilə Azərbycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi inzibati məhkəmə icraatına cavabdeh qismində cəlb olunmuşdur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin qərardadı ilə iddia “kompensasiyanın ödənilməsi” hissəsində və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə münasibətdə mümkün sayılmamışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehlər (nümayəndələri) gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 20 noyabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - "xxxx" ASC-nin külli miqdarda pul vəsaitinin fiziki və hüquqi şəxslər tərəfindən ələ keçirilməsi ilə bağlı cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MTK-nın direktoru olmaqla MTK-nın banka 1.512.971 ABŞ dolları kredit borcu vardır. Hazırda "xxxx" MTK-nın vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 6 dekabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Hüquqi şəxsin qeydiyyat qovluğuna əsasən İddiaçı 9 iyun 2005-ci il tarixdən 23 may 2012-ci il tarixədək Kooperativin sədri olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 30-cu maddəsinə görə mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“Giriş-çıxış və qeydiyyat” X1-axtarış sistemi haqqında» Əsasnamənin 2-ci bəndinə görə “Giriş-çıxış və qeydiyyat" X1-axtarış sistemi – xüsusi təyinatlı dövlət informasiya resursudur. Sistemin əsas təyinatı hüquq mühafizə və digər aidiyyəti dövlət orqanlarının səlahiyyətləri çərçivəsində fəaliyyətinin informasiya təminatından, aşağıdakı məsələlər ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsindən ibarətdir: (2.4) ölkəyə gəlişinə və ölkədən gedişinə məhdudiyyət qoyulan və ya axtarışda olan şəxslər, nəqliyyat vasitələri üzrə siyahıların aparılması, etibarsız sərhədkeçmə sənədləri üzrə yoxlamanın aparılması. Əsasnamənin 8.1-ci bəndinə görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Sistem çərçivəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən vəzifələr aşağıdakılardır: - (8.1.12) axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi. Əsasnamənin 8.4-cü bəndinə görə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən Sistem çərçivəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən vəzifələr aşağıdakılardır: - (8.4.4) axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin onun ölkədən gedişinə məhdudiyyət qoyulması ilə bağlı hərəkətlərini mübahisələndirir. Cavabdeh kimi iki inzibati orqan çıxış etsə də, mübahisə predmetini onların hər birinin iddiaçıya münasibətdə hərəkətləri təşkil edir. Qeyd olunmalıdır ki, işdə olan sənədlər, o cümlədən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəməyə ünvanlanmış 20 noyabr 2021-ci il tarixli məktubunda müvafiq cinayət işinin istintaqı zamanı iddiaçının rəhbəri olduğu qurumun (hüquqi şəxsin) "xxxx" ASC-yə 1.512.971 ABŞ dolları kredit borcunun olduğu nəlum olmuşdur. Hazırkı məhkəmə icraatında iddiaçı özü də bu halı təkzib etməmişdir. Belə olan halda, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin onun ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı hərəkətləri qanuna zidd qiymətləndirilə bilməz. Digər cavabdeh Azərbaycan Respublikası Sərhəd Xidmətinin hərəkətlərinə gəldikdə isə, “Giriş-çıxış və qeydiyyat" X1-axtarış sisteminə İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsi tərəfindən müvafiq məlumat daxil olduğundan, iddiaçının ölkə hüdudlarından çıxışına cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin də məhdudiyyət qoyması qanunsuz sayılmamalıdır. Belə olan halda, məhkəmə İddiaçı iddiasının əsassız olması qənaətinə gəlir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «iddiaçı barəsində məhdudiyyətin ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «iddiaçı barəsində məhdudiyyətin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar