Məhkəmə qərarları › İş №2-1(112)-10080/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10080/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10080/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının (bundan sonra mətndə Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı) nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1973-1978-ci il tarixlərində Ç.İldırım adına Azərbaycan Politexnik İnstitunda ali təhsil müddətinin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilərək, yenidən hesablanması və onun əsasında pensiyanın məbləğinin müəyyən edilməsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə müraciət edərək, pensiyanın təyin edilməsi zamanı yol verilən yanlışlığın aradan qaldırılması, arada qalan fərqin yenidən hesablanması və onun əsasında pensiyanın məbləğinin müəyyən edilməsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il təvəllüdlüdür. Hal hazırda 67 yaşı var. Ona xx.xx.2017-ci ildə Fondun Sabunçu rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin ediləndə onun 1973-1978-ci il tarixlərində Ç.İldırım adına Azərbaycan Politexnik İnstitunda ali təhsil müddəti güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablananda nəzərə alınmamışdır. Bu səbəbdən tərəfindən cavabdehə ali təhsil müddətinin güzəştli şərtlərlə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilərək “yenidən hesablanması” ilə bağlı rəsmi müraciət etmişdir. Həmçinin əmək pensiyası təyin edildikdə məbləğ 177 manat olmuş, sonradan 10 manat qalxmışdır, 187 manatla yaşamaq mümkün olmadığından məcbur qalaraq yenidən AR Dövlət Neft Şirkətinə müraciət edərək mühəndis kimi işə başlamışdır, 800 manat əmək haqqı almışdır. 3 il işlədikdən sonra pensiyasına AR Dövlət Neft Şirkətində işlədiyi müddət nəzərə alınmaqla 130 manat əlavə edilmişdir. Belə ki, 33 il stajına görə 187 manat pensiya aldığı halda 3 il staja görə 130 manat əlavə edilmişdir. Buna görə də hesab edir ki, həm təhsil müddəti sosial sığorta stajına daxil edilməli, eyni zamanda qeyd etdiyi hal aydınlaşdırılmalıdır. Cavabdeh rəsmi müraciətinə xx.xx.2023-cü il tarixində imtina edilmişdir, eyni zamanda imtina birlikdə əmək pensiyasının 33 manat artırılması ilə bağlı mesaj gəlmişdir. Hazırda 400 manat pensiya alır. Yenə də bu onu qane etmir. Hesab edir ki, əmək pensiyasının yenidən hesabılanmalıdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş; xx.xx.2023-cü il tarixli, 3-17-1/2-126628/2023 №-li iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, onun xx.xx.2021-ci tarixdəki müraciətinə əsasən cavabdeh orqanın xx.xx.2021-ci il tarixli, **********6 nömrəli inzibati aktı ilə pensiya yenidən hesablanmışdır. Daha sonra İddiaçı xx.xx.2023-cü il tarixdə ona təyin edilmiş pensiyanın yenidən hesablanması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə iddiaçının pensiyasının yenidən hesablanmasından xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə- 84198/2023 nömrəli məktubla imtina etmişdir. İmtinada bildirilmişdir ki, hazırda qüvvədə olan qanunvericilikdə ali təhsil müddətinin staja daxil edilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Cavabdehin imtinası qanunidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsinə əsasən Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərə daxildir: Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə kişilərin 12 il 6 ay güzəştli sosial sığorta stajı olmalıdır; Həmin Qanunun 7-ci maddəsind nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla pensiya almaq üçün müraciət etmək hüququ yaranmalıdır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdər başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinir 175 nömrəli Qərarının 4.1.1-ci yarımbəndinə əsasən xx.xx.2006-cı il tarixədək olan dövr üzrə sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bı sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əməl müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əməl kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədləriı mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlə arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan aktı əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya sözügedən Qanunun 9.1-ci maddəsinə uyğun olaraq xx.xx.2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının müraciətinə uyğun olaraq onun əmək pensiyası xx.xx.2021-ci il tarixdə yenidən hesablanmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə bir daha müraciət edərək cavabdeh orqandan xahiş etmişdir ki, ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablansın. Cavabdeh orqan bildirmişdir ki, cari qanunvericilikdə ali təhsil dövrünün staja daxil edilməsi ilə bağlı hər hansı müddəa yoxdur, qüvvədən düşmüş qanunvericiliyin, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiq edilməsi üçün isə heç bir əsas yoxdur. Belə ki iddiaçıya pensiya təyinatı cari qanunvericiliklə, yəni “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi ilə aparılmışdır. Əgər iddiaçıya təyin edilən cari qanunvericilikdə və eləcə də ona uyğun olaraq qəbul edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 175 nömrəli Qərarında ali təhsilin sosial sığorta stajına daxil edilməsiylə bağlı hər hanı bir norma nəzərdə tutulmamışdırsa, ali təhsilin staja daxil edilməsi üçün hər hansı qanuni əsasın olmadığı görünür. xx.xx.2023-cü il tarixli, 3-17-1/2-16834/2023 №-li iddiaya dair etiraza əlavədə göstərilmişdir ki, iddiaçının ilk olaraq verdiyi iddia ərizəsindən aydın olur ki, o ali təhsil dövrünün staja daxil edilməsini məhkəmədən xahiş etmişdir. Buna uyğun olaraq cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-17-1/2-126628/2023 nömrəli etirazında bildirmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə uyğun olaraq xx.xx.2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının müraciətinə uyğun olaraq onun əmək pensiyası xx.xx.2021-ci il tarixdə yenidən hesablanmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə bir daha müraciət edərək cavabdeh orqandan xahiş etmişdir ki, ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablansın. Cavabdeh orqan bildirmişdir ki, cari qanunvericilikdə ali təhsil dövrünün staja daxil edilməsi ilə bağlı hər hansı müddəa mövcud deyil, qüvvədən düşmüş qanunvericiliyin, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiq edilməsi üçün isə heç bir əsas yoxdur. Daha sonra iddiaçı məhkəmə iclasında iddia ərizəsinə əlavə təqdim edərək onun pensiyasının səhv hesablanmış olduğu və pensiya məbləğinin 170 manat artmalı olduğunu iddia etmişdir. İddiaçıya xx.xx.2017-ci il tarixli 182 nömrəli qərarla 177.75 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyinatı zamanı bütün dövrlər (26 il 04 ay 10 gün ümumi iş stajı və 12 il 08 ay 20 gün iş stajı) nəzərə alınmış, ali təhsil dövrü isə (xx.xx.1973-xx.xx.1978) qanunvericiliyin tələblərinə uyğun olaraq staja daxil edilməmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə iddiaçının əmək pensiyasının məbləği yenidən hesablanmış və pensiya məbləği 306.77 manat, xx.xx.2023-cü il tarixdə isə bu məbləğ 400.37 manat müəyyən edilmişdir. İddiaçıya pensiya məbləği Qanunun müddəalarına müvafiq şəkildə təyin edilmiş və dəfələrlə yenidən hesablanmışdır. Bununla yanaşı, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddənin tətbiqinə də toxunmuşdur. Qanunun 45-ci maddəsinin ikinci cümləsi ilə bağlı məsələ 13 may 2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununun keçid müddəalarında nəzərdə tutulmuşdur. Belə ki həmin müddəa qüvvədə olarkən iddiaçının pensiyası təyin ediləndə və yenidən hesablananda maddə əvvəlki redaksiyada tətbiq edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinin tələblərinin ona tətbiq edilməklə pensiyasının yenidən hesablanmalı olduğunu bildirərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialın nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək və tərəflərindən verilmiş yazılı etiraza (etiraza əlavəyə) uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1956-cı il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddia ona cavab verməli olan orqana qarşı qaldırılmışdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları. İş materiallarında olan: AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1957-ci ildə doğulmuş İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8A inzibati binada qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğusuna əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-130725/2023 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş (175261 №-li pensiya işi) pensiya işinə dair materiallarda olan: Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli, 182 №-li Qərarın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli, № **********6 Qərarın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 37.3.1 maddəsinə əsasən (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün) xx.xx.2021-ci il tarixdən yenidən hesablanmışdır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, № 3-17-1/3-3-7582/2023 Qərarın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 (işdənçıxma) əksikvermə səbəbi ilə yenidən hesablanmış və yenidən hesablanmış pensiya məbləği 400 manat, 37 qəpik olmuşdur. İddiaçının müraciətinə cavab olaraq inzibati orqan tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-84198/2023 saylı cavab məktubunda bildirilmişdir ki, ona 03 iyul 2017ci il tarixindən Fondun Sabunçu rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində nəzərdə tutulmuşdur. Qanunun qeyd olunan maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunda ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən, ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizəsində göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.6-cı maddəsinə əsasən, fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7-ci maddəsinə əsasən, fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.9-cu maddəsinə əsasən, fərdi hesabın yığım hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 1.0.10-cu maddəsinə əsasən, pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 1.0.14. gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir; 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; …. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1.( 01 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyası) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. …. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. …. Maddə 45. Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti. 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan redaksiyasına əsasən əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır”. 01 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. “İnzibati icraat haqqında” Qanun; Maddə 1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. …. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. …. Maddə 58.1 İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinin tələblərinin ona tətbiq edilməklə, pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının 530-VİQD №li xx.xx.2022-ci il tarixli ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanununda göstərilmişdir ki; 1.11. 45-ci maddənin ikinci cümləsi çıxarılsın. Maddə 2. Keçid müddəaları. 2.2. Bu Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. İş materiallarından da müəyyən olunduğu kimi, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olaraq qeyd olunan müddəa qüvvədə olarkən iddiaçıya pensiyası təyin edilərkən və yenidən hesablandıqda maddə əvvəlki redaksiyada tətbiq edilmişdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərər alaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiyanın yenidən hesablanması” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar