Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10081/2021 20.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, iddiаçı İddiaçı iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “Sumqayıt şəhəri, Yaşma bağları, Ulduz B/Y 359-da yerləşən fərdi yaşayış evinin elektrik təchizatı şəbəkəsinə qoşulması” tələbinə dair mübahisənin aidiyyətin müəyyən edilməsi məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən еtdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı Sumqayıt şəhəri, Yaşma bağları, Ulduz B/Y 359-da yerləşən fərdi yaşayış evinin elektrik təchizatı şəbəkəsinə qoşulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Yaşma bağları, Ulduz B/Y 359-da yerləşən fərdi yaşayış evinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün 30.04.2021-ci il tarixdə “ASAN” xidmət mərkəzinə müraciət etmişdir. Lakin yaşayış evinin 35/10 k/v-lik “Şirvan” yarımstansiyasından qidalanan 10 k/v-lik “Yaşma” HEVX-nin mühafizə zonasında yerləşməsi səbəbi ilə fərdi yaşayış evinin elektrik təchizatı şəbəkəsinə qoşulmasından imtina edilmişdir. İddiaçı fərdi yaşayış evinin elektrik təchizatı şəbəkəsinə qoşulmasına köməklik göstərilməsi üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinə müraciət etmişdir. Agentlik tərəfindən iddiaçının ərizəsi əsasında əraziyə baxış keçirilmiş, həmin ərazidə “Yaşma” HEVX-dən 3-4 metr məsafədə yerləşən digər fərdi yaşayış evlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən fərdi yaşayış evinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün təkrar olaraq "xxxx" ASC-yə müraciət edilsə də, cavabdehin Agentliyə ünvanlanmış məktubunda tikinti obyektinin elektrik təchizatı şəbəkəsinə qoşulmasının yolverilməz olduğu bildirilmişdir. İddiaçı cavabdehin bu hərəkətini qanunsuz və əsassız hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin 2.2.3cü bəndinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında yaranmış inzibati mübahisə Sumqayıt şəhərində yerləşən daşınmaz əmlakla bağlıdır. Belə olan halda tərəflər arasında olan hazırkı mübahisənin aidiyyəti İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsinin 8.1.1-ci bəndinə uyğun tənzimlənir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində göstərilmişdir: “İnzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur.” Məhkəmə-Hüquq Şurasının 4 nömrəli, 01.01.2020 tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə qərarına əsasən Sumqayıt şəhəri Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, hazırkı mübahisə ilə bağlı iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “Sumqayıt şəhəri, Yaşma bağları, Ulduz B/Y 359-da yerləşən fərdi yaşayış evinin elektrik təchizatı şəbəkəsinə qoşulması” barədə iddia ərizəsi üzrə inzibati iş ərazi aidiyyəti üzrə baхılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-10081/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10081/2021
20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver