Məhkəmə qərarları › İş №2-1(112)-1009/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1009/2021

01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1009/2021 01.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X1 (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 10/9R; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hüquq idarəsinin cavabdeh qismində işlər üzrə şöbəsinin hüquqşünası) iştirakı ilə, iddiaçı - İddiaçı Firmasının cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı Firması cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 29 aprel 2020-ci il tarixli Qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 20.08.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin 06.05.2021-ci il tarixli qərardadı ilə iddiaçının “cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 03 apel 2020-ci il tarixli “İnzibati aktın ləğv edilməsi” haqqında qərarının, 28.07.2020-ci il tarixli **********801000 saylı qərarının, 28.08.2020-ci il tarixli **********567900 saylı “Tələbin icraya yönəldilməsi” barədə qərarının, 29 aprel 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarının ləğv edilməsi, və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı Firmasına hesablanmış 57.372,06 manat borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi, 28.07.2020-ci il tarixli və 28.08.2020-ci il tarixli qərarlarla hesablanmı 64.857,34 manat borcun da iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi”nə dair iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 01.09.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və cavabdehin ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı Firması dövlət büdcəsinə olan vergiləri və digər ödənişləri vaxtlı- vaxtında ödəmiş, öz qanuni fəaliyyəti ilə digər müəssisələrə hər zaman nümunə olmuş, öz fəaliyyəti zamanı hər zaman qanunun tələblərini rəhbər tutmuş, heç bir qanuna zidd hərəkətlərə yol verməmişdir. İddiaçı Firması cavabdeh Azərbaycan Respublikasın Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hüquqi varis Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı firmasının şəxsi hesab vərəqəsinə bərpa edilmiş və hesablanmış 57.372.06 manat məbləğində vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 223/2019 saylı, 11 fevral 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı firmasının şəxsi hesab vərəqəsinə bərpa edilmiş və hesablanmış 57372.06 (əlli yeddi min üç yüz yetmiş iki manat 6 qəpik) manat məbləğində vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1823/2019 saylı, 02 avqust 2019cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-223/2019 saylı, 11 fevral 2019-cu il tarixli qərarı dəyişdirimədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3409/2019 saylı, 10.12.2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-1823/2019 saylı iş üzrə 02 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, məhkəmə qərarı öz qanuni qüvvəsini almışdır. Bununla belə, Bakı İnzibati Məhkəməsi tərəfindən 21 fevral 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət olunaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-223/2019 saylı, 11 fevral 2019-cu il tarixli qərarının 13 mart 2020-ci il tarixədək icra olunması göstərilmişdir. Lakin məhkəmə qərarı icra olunmadığından Bakı İnzibati Məhkəməsi tərəfindən təkrarən 27 aprel 2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət olunaraq bildirilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-223/2019 saylı, 11 fevral 2019-cu il tarixli qərarının icra edilməsi üçün təyin edilmiş müddətin başa çatmasına baxmayaraq müvafiq qərarın icrası istiqamətində tədbirlər görülməmiş, qərar icra olunmadığı halda AR İPM-nin tələblərinə uyğun olaraq 50.000 manatadək cərimə olunması barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 30.03.2020-ci il tarixli müraciətə baxılması barədə məktubuna əsasən, “İnzibati aktın təmin edilməsi haqqında” qərara əsasən 2014-cü ilin mənfəət vergisi üzrə kameral vergi yoxlması ilə hesablanmış 156780,85 manat vergi məbləği saxlanılmaqla, 01.01.2017-ci il tarixə 57372,06 manat faiz borcu ləğv edilmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərara əsasən 57372,06 manat faiz borcu hesablanmışdır. İddiaçı Firmasının şəxsi hesab vərəqəsindən də görünür ki, 29 aprel 2020-ci il tarixdə vergi borcunun 57.372.06 manat məbləğində azalması aparılmışdır. Lakin həmin gündə də yenidən heç bir əsas olmadan yeni qərarla hesablama aparılaraq həmin vergi borcu şəxsi vərəqəyə işlənmişdir. Vergi borcunun yenidən hesablanmasına əsas olmuş qərar İddiaçı Firmasına təqdim edilməmiş, Firmanın şəxsi elektron kabinetinə yerləşdirilməmişdir. AR Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə, Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Göründüyü kimi, vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilərkən AR Vergi Məcəlləsinin 37-ci maddəsinin tələbləri pozulmuş, qanunvericilikdə göstərilmiş müddətə riayət edilməmiş, bununla da əsassız olaraq vergi borcu hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanm ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.1-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik vergitutmanm ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Həmin Məcəllənin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.3-cü maddəsinə əsasən hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneəçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən , yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinin tələbinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 54.0.2-ci maddəsinə görə vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsiri olmadıqda o, məsuliyyət daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublkası Vergi Məcəlləsinin 94.0.1-ci maddəsinə əsasən vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür.Qanunvericiliyin (qanun, qanun qüvvəli aktların) tələblərinə riayət edilmədən tərtib edilmiş sənədin hüquqi nəticələri ola bilməz. Yuxarıda qeyd olunan maddi hüquq normalarına və işin faktiki hallarına əsaslanaraq hesab edirlər ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, 02.05.2016-cı il tarixdə cəmiyyətin 2014-cü ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 156780,85 manat vergi məbləğinə görə 01.01.2017-ci il tarixə 57372,06 manat faiz borcu hesablanmışdır. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun icrası məqsədilə cəmiyyətin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan faizlər üzrə 83923,88 manat borcu 14 yanvar 2017-ci il tarixdə qeyd-şərtsiz silinmişdir. Bundan sonra Ali Məhkəmənin 02.05.2018-ci il tarixli qərarına əsasən müəssisəyə 02.05.2016-cı il tarixdə hesablanmış MV/2014 üzrə 156.780,85 manat vergilər 11 06.2018-ci il tarixdə şəxsi hesab vərəqədən azaldılarkən ŞHV-nin texniki xüsusiyyətindən asılı olaraq texniki xəta baş vermiş (faiz borcunun daha əvvəl silindiyi nəzərə alınmamış) və nəticədə borc məbləği 156780,85 manat əvəzinə 218967,71 manat, yəni 62186,86 daha artıq azaldılmışdır. Qeyd olunan texniki səhvin düzəldilməsi məqsədilə Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsinin 06.07.2018-ci il tarixli **********625400 saylı xidməti məruzəsinə əsasən 23.07.2018-ci il tarixdə düzəliş edilərək 156780,85 manat məbləğin azalması zamanı artıq silinmiş 57372,06 manat məbləğ müəssisənin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Bununla əlaqədar iddiaçı "xxxx" Firması (VÖEN: **********) cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, hesablanmış cəmi 57372,06 vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.02.2019-cu il tarixli 2-1(82)-223/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 02.08.2019-cu il tarixli 2-1(103)-1823/2019 saylı qərarı ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-1823/2019 saylı 02.08.2019-cu il tarixli qərarından Baş İdarə tərəfindən kassasiya şikayəti verilmişdir. Ali Məhkəmənin 10.12.2019-cu il tarixli 2-1(102)-3409/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, apelyasiya instansiyasının 02.08.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmə qərarın əsaslandırılmasına dair bildirir ki, 23.07.2018-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsində “AR 30.12.2016-cı il tarixli 474-VQ nömrəli Qanunu (f) dürüstləşmə" adı ilə vergi ödəyicisinin hesabına 57.372,06 manat məbləğində borc bərpa edilərkən, Vergi Məcəlləsinin 3.7-ci və “İnzibati icraat haqqında” AR qanununun 21, 28, 38, 61 maddələrinin tələblərinə zidd olaraq, bu barədə cavabdeh inzibati orqan tərəfindən hər hansı inzibati akt(qərar) qəbul edilməmiş və vergi ödəyicisi həmin vergi borcunun müəyyən edilməsi əsaslarına qarşı müdafiə olunmaq hüququndan məhrum olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, 02.05.2016-cı il tarixdə cəmiyyətin 2014-cü ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 156780,85 manat vergi məbləğinə görə 01.01.2017-ci il tarixə 57372,06 manat faiz borcu hesablanmışdır. İş materiallarından görünür ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun icrası məqsədilə cəmiyyətin 2017ci ilin 1 yanvar tarixinə mövcud olan faizlər üzrə 83923,88 manat borcu 14 yanvar 2017-ci il tarixdə qeyd-şərtsiz silinmişdir. İş materiallarından görünür ki, Ali Məhkəmənin 02.05.2018-ci il tarixli qərarına əsasən müəssisəyə 02.05.2016-cı il tarixdə hesablanmış MV/2014 üzrə 156.780,85 manat vergilər 11 06.2018-ci il tarixdə şəxsi hesab vərəqədən azaldılarkən ŞHV-nin texniki xüsusiyyətindən asılı olaraq texniki xəta baş vermiş (faiz borcunun daha əvvəl silindiyi nəzərə alınmamış) və nəticədə borc məbləği 156780,85 manat əvəzinə 218967,71 manat, yəni 62186,86 daha artıq azaldılmışdır. Qeyd olunan texniki səhvin düzəldilməsi məqsədilə Vergi öhdəliklərinin icrasına nəzarət baş idarəsinin 06.07.2018-ci il tarixli **********625400 saylı xidməti məruzəsinə əsasən 23.07.2018-ci il tarixdə düzəliş edilərək 156780,85 manat məbləğin azalması zamanı artıq silinmiş 57372,06 manat məbləğ müəssisənin şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Bununla əlaqədar iddiaçı "xxxx" Firması (VÖEN: **********) cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, hesablanmış cəmi 57372,06 vergi borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11.02.2019-cu il tarixli 2-1(82)-223/2019 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1823/2019 saylı 02.08.2019-cu il tarixli qərarından Baş İdarə tərəfindən kassasiya şikayəti verilmişdir. İş materiallarından görünür ki, Ali Məhkəmənin 10.12.2019-cu il tarixli 2-1(102)- 3409/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, apelyasiya instansiyasının 02.08.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarından görünür ki, Ali Məhkəmə qərarın əsaslandırılmasına dair bildirir ki, 23.07.2018-ci il tarixdə iddiaçının şəxsi hesab vərəqəsində “AR 30.12.2016-cı il tarixli 474-VQ nömrəli Qanunu (f) dürüstləşmə" adı ilə vergi ödəyicisinin hesabına 57.372,06 manat məbləğində borc bərpa edilərkən, Vergi Məcəlləsinin 3.7-ci və “İnzibati İcraat haqqında” AR qanununun 21, 28, 38, 61 maddələrinin tələblərinə zidd olaraq, bu barədə cavabdeh inzibati orqan tərəfindən hər hansı inzibati akt(qərar) qəbul edilməmiş və vergi ödəyicisi həmin vergi borcunun müəyyən edilməsi əsaslarına qarşı müdafiə olunmaq hüququndan məhrum olunmuşdur. İş materiallarından görünür ki, Ali Məhkəmənin qərarının icrası məqsədi ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 03.04.2020-ci il tarixli **********871100 nömrəli “İnzibati aktın təmin edilməsi haqqında" Qərara əsasən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “İnzibati aktın ləğv edilməsi haqqında" Qərara əsasən "xxxx" Firmasına (VÖEN: **********) 2014-cü ilin mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış 156780,85 manat vergi məbləği saxlanılmaqla, 01.01.2017-ci il tarixə 57372,06 manat faiz borcu ləğv edilmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” Qərara əsasən 57372,06 manat faiz borcu hesablanmışdır. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən vergi ödəyicilərinin vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinin tələbinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 94-cü maddəsinə əsasən Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə görə inzibati orqan fiziki və ya hüquqi şəxslərin ərizəsi, özünün təşəbbüsü, habelə inzibati aktdan şikayət verildiyi halda inzibati icraata başlamalı (28-ci maddə), bu barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli (21-ci maddə), maraqlı şəxsi inzibati icraat materialları ilə tanış etməli (38-ci maddə), yazılı formada qəbul edilmiş inzibati aktı əsaslandırmalı (61-ci maddə), inzibati aktda həmin akta qarşı mümkün müdafiə vasitələrini əks etdirməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, iddiaçıya 02 may 2016-cı il tarixli **********197500 saylı qərar üzrə yaranmış borca hesablanmış 57372,06 manat məbləğində faiz borcu həm məhkəmə qərarı, həm də “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmini məqsədilə texniki səhvə yol verilməklə təkrarən silindiyi üçün şəxsi hesab vərəqəsində dürüstləşmə aparılaraq bərpa edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən vergi və inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından mübahisələndirilən inzibati akt əsaslıdır və ləğv oluna bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Firması cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 03 apel 2020-ci il tarixli “İnzibati aktın ləğv edilməsi” haqqında qərarının, 28.07.2020-ci il tarixli **********801000 saylı qərarının, 28.08.2020-ci il tarixli **********567900 saylı “Tələbin icraya yönəldilməsi” barədə qərarının, 29 aprel 2020ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərarının ləğv edilməsi, və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı Firmasına hesablanmış 57.372,06 manat borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi, 28.07.2020-ci il tarixli və 28.08.2020-ci il tarixli qərarlarla hesablanmı 64.857,34 manat borcun da iddiaçının şəxsi hesab vərəqəsindən silinməsinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar